Heydər Əliyev
Azərbaycanın müstəqil xarici siyasətinin
memarıdır
Hər
xalqın öz həyat yolu var. O, tarixi zamanda
formalaşır. Elə insanlar var ki, mənsub olduqları
xalqın tarixi təkamülünə məzmun verirlər. Fəaliyyətləri
ilə həyat yolunun qaranlıqlarına işıq
saçır, milyonlara öndərlik edirlər. Həmin
insanlar tarixi şəxsiyyətdirlər. Onlar yalnız bir
xalqa deyil, bütövlükdə bəşər tarixinə
mənsubdurlar. Azərbaycanın böyük oğlu, görkəmli
dövlət xadimi, ulu öndər Heydər Əliyev məhz
bu cür şəxsiyyətlərdəndir. O, həm də əvəzedilməz
lider idi.
Liderlik xüsusi istedad və qabiliyyət
tələb edir. Milyonlarla insana rəhbərlik etmək
üçün qüdrətli tarixi şəxsiyyət olmaq
gərəkdir. Burada son dərəcə yüksək məsuliyyət
tələb olunur. Heydər Əliyev qüdrəti XX əsr
kimi mürəkkəb bir yüzildə Azərbaycanın
ümummilli lideri olmaq imkanı yaratdı. Sözün həqiqi
mənasında o, müasir Azərbaycanın tarixi təkamülünə
dinamika verdi. Ulu öndər müstəqil Azərbaycan
dövlətçiliyinin qurucusu, siması və hərəkətverici
qüvvəsidir. Bu məqamda tarixi şəxsiyyət kimi Heydər
Əliyev fenomeninin əsas cəhəti ifadə olunub.
Ümummilli liderin bütün həyat fəaliyyəti
müstəqil Azərbaycan dövlətinin təşəkkül
etməsinə köklənmişdi. Sovet dövründə,
zamanın tələbinə uyğun olaraq bu, xüsusi məzmun
və forma kəsb edirdi. Ulu öndər ustalıqla,
SSRİ-nin rəhbərliyini şübhəyə salmadan millətin
inkişafına xidmət edən addımlar atırdı. O,
Azərbaycanın müstəqil olacağını öncədən
görürdü. Həmin mərhələnin daha
ağrısız və uğurlu keçməsi
üçün xüsusi planlarını həyata
keçirirdi. Respublikanın sosial-mədəni və iqtisadi
inkişafı naminə gecə-gündüz
çalışırdı. Bunun sayəsində Azərbaycan
SSRİ-də qabaqcıl respublikalardan birinə çevrildi.
Azərbaycanı bütün dünya tanıdı.
Dövlət quruculuğu mürəkkəb
prosesdir. Onun müxtəlif aspektləri mövcuddur. Bundan
başqa, XX əsrin 90-cı illərində qlobal miqyasda
çətin və mahiyyəti tam aydın olmayan geosiyasi
proseslər gedirdi. Müstəqilliyini yeni əldə etmiş
resbuplikaların düzgün inkişaf yolu seçməsi
böyük siyasi müdriklik, zəngin təcrübə və
strateji təfəkkür tələb edirdi. Həyat göstərdi
ki, Heydər Əliyev həmin keyfiyyətlərə malik olan
nadir şəxsiyyətdir. Azərbaycanın müstəqil
dövlət kimi bütün sahələrdə əldə
etdiyi uğurlar bu fikri tam təsdiq edir. Dünyanın
inkişaf etmiş ölkələri belə böhrandan əziyyət
çəkdiyi bir zamanda, ölkəmiz böyük nailiyyətlər
qazanır. İqtisadiyyat inkişaf edir, cəmiyyətin
bütün sahələri üzrə islahatlar davamlı həyata
keçirilir, demokratik təsisatlar daha da möhkəmlənir.
Bütün bunlar Heydər Əliyevin işləyib
hazırladığı dövlət quruculuğu konsepsiyası
əsasında reallaşdırılır.
Müstəqil dövlət
quruculuğundan danışarkən ölkənin xarici siyasət
kursuna nəzər salmamaq mümkün deyildir. Müasir tarixi
dövrdə xarici siyasətin daxili siyasətin davamı
olması xüsusi məzmun və məna kəsb edir. Qlobal
miqyasda baş verən sürətli geosiyasi dəyişikliklər
suverenlik məsələsini daha da aktuallaşdırır.
Dövlətin suverenliyinin təmini strateji aspektdə prinsipial
əhəmiyyət daşıyır. Həmin müstəvidə
müstəqil dövlət quruculuğu ilə suverenliyin təmini
məsələsinin bir-birini tamamlaması son dərəcə
vacib vəzifəyə çevrilir. Şübhəsiz, xarici
siyasət kursu bu kontekstdə əsas funksiyalardan birini yerinə
yetirməlidir.
Heydər Əliyev mürəkkəb
qlobal və regional vəziyyətin mövcudluğu, ölkə
daxilində destruktiv qüvvələrin fəallaşdığı
bir şəraitdə elmi olaraq əsaslandırılmış
xarici siyasət kursu müəyyənləşdirə bildi.
Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi
töhfə idi. Ulu öndər ölkənin xarici siyasətinin
bütün əsas istiqamətlərini müəyyənləşdirdi.
Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin
məzmunu və məqsədini dəqiqləşdirdi. Onun
konkret tövsiyələri və tapşırıqları əsasında
xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə
edildi.
Ulu öndərin müəyyən etdiyi
xarici siyasət hər şeydən əvvəl
dünyanın bütün dövlətləri ilə bərabər
hüquqlu surətdə faydalı əlaqələr qurmaq və
inkişaf etdirmək məqsədini daşıyır. Eyni
zamanda, bu əlaqələrdən iki aspektdə faydalanmaq
lazım gəlir. Onlardan biri Azərbaycan Respublikasının
beynəlxalq mövqelərini möhkəmləndirməkdən
ibarətdir. İkinci aspekt isə respublikanın
iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf
etdirməkdir. Buna görə Azərbaycanın xarici siyasəti
sülhsevər mahiyyətlidir. O, ilk növbədə,
dövlət müstəqilliyinin möhkəmləndirilməsi
işinə xidmət edir. Bütün bunları nəzərə
alaraq, Heydər Əliyev Azərbaycan dövlətinin xarici
siyasətinin başlıca prinsiplərini müəyyənləşdirdi.
Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
* beynəlxalq hüquq normaları ilə
tənzimlənən dövlətlərarası münasibətlərə
hörmət etmək;
* bütün dövlətlərin
suveren hüquqlarına hörmətlə yanaşmaq;
* bütün mübahisəli məsələləri
sülh və danışıqlar yolu ilə həll etmək;
* qarşılıqlı surətdə
faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq
qurmaq;
* dövlətlərarası əlaqələrə
mane olan hər cür məhdudiyyətləri aradan
qaldırmaq.
Bunlardan əlavə, Azərbaycanın
xarici siyasəti dünya təcrübəsinin bütün
nailiyyətlərini və sivil beynəlxalq normaları
özündə əks etdirir. Bir daha vurğulamaq istərdim
ki, Heydər Əliyev olduqca mürəkkəb bir şəraitdə,
ölkənin əvvəlki rəhbərlərinin yarıtmaz
fəaliyyətinin meydana çıxardığı mənfi
tendensiyaların baş alıb getdiyi vaxtda xarici siyasət
kursunu formalaşdırırdı. 1991-1992-ci illərdə Azərbaycana
rəhbərlik edən şəxslərin beynəlxalq,
regional və dövlətlərarası münasibətlərlə
bağlı verdikləri məsuliyyətsiz bəyanatlar ölkənin
beynəlxalq nüfuzuna olduqca mənfi təsir göstərmişdi.
Yaxın qonşularımızdan Rusiya, İran və Mərkəzi
Asiya respublikaları ilə münasibətlər gərginləşmişdi.
Yaranmış bu ağır vəziyyətdən ölkəni
xilas etmək lazım idi. Bu istiqamətdə atılan ilk
addımlardan biri kimi Azərbaycanın Müstəqil Dövlətlər
Birliyinə (MDB) daxil olmasını göstərmək olar.
Paralel olaraq, keçmiş sovet respublikaları ilə
birbaşa ikitərəfli əlaqələrin möhkəmləndirilməsi
istiqamətində ardıcıl iş aparılırdı. Gərgin
fəaliyyət nəticəsində 1993-cü ilin sonuna qədər
Mərkəzi Asiya respublikaları ilə əlaqələrin
köklü surətdə yenidən qurulması
üçün yeni forma və vasitələr tapıldı.
MDB-yə üzv dövlətlərlə iqtisadi münasibətlər
inkişaf etdirildi, Gürcüstan, Özbəkistan, Ukrayna və
Moldova ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin
yaradılması öz müsbət nəticələrini
verdi.
Bununla da xarici siyasət kursunda MDB
ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi
və inkişaf etdirilməsi layiqli yerini tutdu. Bu, Azərbaycanın
müstəqilliyi və suverenliyi baxımından çox əhəmiyyətli
məsələ idi. Çünki uzun tarixi əlaqələri
olan bir geosiyasi məkandan ölkənin qəfil qopması
dövlətçiliyə ciddi zərbə vura bilərdi. Hətta
cəmiyyətin parçalanması təhlükəsi
mövcud idi. Proseslərin bu cür mənfi istiqamətdə
davam etməsinin qarşısını Heydər Əliyevin
müəyyənləşdirdiyi xarici siyasət kursu aldı.
Burada təbii ki, Ermənistanın Azərbaycan
torpaqlarının bir hissəsini işğal etməsi məsələsini
ayrıca qiymətləndirmək gərəkdir.
Onu demək lazımdır ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinin xarici siyasət kursunda mərkəzi yer tutması təsadüfi
deyil. Məhz Heydər Əliyevin səyləri sayəsində
Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsi xarici siyasətin prioriteti kimi qəbul edildi. Bunun səbəbi
aydındır. Ərazi bütövlüyünün təmin
edilməsi dövlətin müstəqilliyinin və
suverenliyinin əsas göstəricilərindən biridir. Məsələnin
digər tərəfi Heydər Əliyevin siyasi kursunun
bütünlükdə regionun inkişaf perspektivinə istiqamətlənməsi
ilə bağlıdır. Müasir tarixi şəraitdə
dünyadan təcrid edilməyə xidmət edən siyasət
kursunun heç bir perspektivi yoxdur. Bu mənada Azərbaycanın
inkişafı region miqyasında inteqrasiya prosesi ilə sıx
bağlıdır. Öz növbəsində Cənubi Qafqaz
da dünya siyasi və iqtisadi məkanına inteqrasiya
olunmalıdır. Lakin bu prosesin qarşısını kəsən
ən böyük maneə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir.
Bütün bunlar sübut edir ki, ərazi
bütövlüyünün təmin olunması yalnız Azərbaycanın
inkişafı üçün deyil, həm də ümumilikdə
regional inteqrasiyanın baş tutmasının təməl
şərtlərindən biridir. Problemin bu aspektdə ölkənin
xarici siyasət kursunda yer alması şübhəsiz ki, ulu
öndər Heydər Əliyevin tarixi xidmətidir.
1993-cü ilin yayına qədər Azərbaycanın
xarici siyasətində həqiqi yerini tutmamış başqa
bir məsələ Türkiyə ilə münasibətlərin
lazımi səviyyədə və məzmunda qurulmaması
idi. Heydər Əliyev Türkiyəyə münasibətdə
xarici siyasət kursunda ciddi dəyişikliklər etdi. Bundan
sonra faktik olaraq, Azərbaycan-Türkiyə münasibətlərində
keyfiyyətcə yeni bir mərhələ başladı.
Hazırda Türkiyə Azərbaycanın ən etibarlı
siyasi müttəfiqidir. Eyni zamanda, qardaş ölkə bərabərhüquqlu
iqtisadi tərəfdaşdır. Əminliklə demək olar
ki, indi Azərbaycan-Türkiyə münasibətləri
bölgədə və dünyada sülhün bərqərar
olması, təhlükəsizliyin təmin edilməsi işinə
öz töhfəsini verir.
Heydər Əliyev qonşu İranla
mehriban qonşuluq prinsipləri əsasında ikitərəfli
siyasi, iqtisadi, mədəni münasibətlər yaratmağa
nail oldu. İki ölkə arasındakı əlaqələr
qarşılıqlı faydalı əməkdaşlıq prinsipi
üzrə inkişaf edir. İqtisadi və mədəni sahələrdə
əlaqələr getdikcə genişlənir.
Azərbaycanın xarici siyasətində
ABŞ, Avropa və Uzaq Şərq istiqamətləri
xüsusi yer tutur. Amerika Birləşmiş Ştatları,
Britaniya, Çin, Yaponiya, Fransa, Almaniya, İtaliya kimi iri
dövlətlərlə münasibətlərin bərabərhüquqlu
tərəfdaşlıq və qarşılıqlı
hörmət əsasında qurulmasında ümummilli liderin
müstəsna rolu olmuşdur. 1993-cü ilin sonundan
başlayaraq həmin aspektdə ardıcıl və intensiv
iş aparılmışdır. Enerji sahəsində əməkdaşlığın
sağlam təməllər üzərində qurulması Azərbaycan-ABŞ
əlaqələrinə xüsusi təkan vermişdir. İki
ölkə arasında münasibətlərin tənzimlənməsi
ilə bağlı ayrıca sənəd imzalanıb.
Amerika ilə Azərbaycan arasında
müdafiə və hərbi əlaqələri,
investisiyaların təşviqi və qorunması, ticarət və
kapital qoyuluşu, banklararası və digər sahələrdə
əməkdaşlığı nəzərdə tutan
hökumətlərarası müqavilələr mövcuddur.
İki ölkənin tərəfdaşlıq münasibətlərinin
genişləndirilməsi haqqında imzalanmış xüsusi
sənəd Amerika iş adamlarının ölkəmizdə
fəaliyyət göstərmələri üçün əlverişli
şərait yaradılmasının hüquqi bazasını təşkil
edir. Bunlar Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsinə, milli təhlükəsizliyinin
təmin olunmasına və sosial-iqtisadi tərəqqisinə
xidmət edir.
Azərbaycanın xarici siyasətində
Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa
İttifaqına üzv olan böyük və nüfuzlu
dövlətlərlə qarşılıqlı əməkdaşlıq
daim inkişaf etdirilir. Böyük Britaniya, Fransa, Almaniya,
İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və
digər Avropa ölkələri ilə müxtəlif sahələrə
aid sazişlər imzalanmışdır. Bu prosesin əsasını
ulu öndər Heydər Əliyev qoymuşdur.
Onun Avropa ölkələrinə hər
bir səfəri zamanı çox mühüm sazişlər
bağlanırdı. Heydər Əliyev hər bir sənəddə
Azərbaycanın dövlət maraqlarının ciddi surətdə
nəzərə alınmasına nail olurdu. Avropa
İttifaqı ilə münasibətlərin sağlam təməl
əsasında qurulmasının nəticəsidir ki, ölkə
hazırda bu təşkilatın bir çox proqramlarında
aktiv iştirak edir. Azərbaycan Avropa İttifaqının
mühüm tərəfdaşı kimi qəbul olunur.
Heydər Əliyevin siyasətçi
kimi uzaqgörənliyini keçən əsrin 90-cı illərində
Uzaq Şərq ölkələri ilə sıx əlaqələr
qurmaq üçün ciddi addımlar atması təsdiq edir.
Ulu öndərin Çin Xalq Respublikasına etdiyi səfər
bu aspektdə tarixi əhəmiyyət daşıyır. Həmçinin
ümummilli lider Yaponiya ilə qarşılıqlı
faydalı əməkdaşlığa böyük diqqət
yetirirdi. Həmin dövrdə çoxlarının dərk edə
bilmədiyi məqamları çox gözəl başa
düşən Heydər Əliyev, bununla faktik olaraq, Azərbaycanın
tarazlaşmış xarici siyasətinin özülünü
qoyurdu. Bu gün qlobal miqyasda cərəyan edən geosiyasi
hadisələr ulu öndərin hər şeyi öncədən
gördüyünü tam sübut edir.
Hazırda Azərbaycanın
dünyanın 176 dövləti ilə diplomatik münasibətləri
vardır. Ölkəmizdə 81 diplomatik nümayəndəlik
və konsulluq fəaliyyət göstərir. Öz növbəsində
Azərbaycanın 62 ölkədə səfirliyi, 5 baş
konsulluğu və 10 daimi nümayəndəlikləri
mövcuddur. Lakin bunlar son hədd deyil. Azərbaycan xarici
dövlətlərlə diplomatik münasibətlərini
genişləndirir, yeni səfirliklər açır. Heydər
Əliyev ölkənin xarici siyasət kursunu son dərəcə
çevik prinsiplər üzərində qurduğundan Azərbaycan
diplomatiyası durmadan fəallığını
artırır. İndi Azərbaycan mötəbər beynəlxalq
təşkilatların üzvüdür və orada çox
aktiv fəaliyyət göstərir. Avropa Şurasında,
İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin
Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında,
YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın
xüsusi yeri vardır. Ölkəmiz Avropa
İttifaqının TRASEKA, “Yeni Qonşuluq”, “Şərq tərəfdaşlığı”
kimi proqramlarının aktiv iştirakçısıdır.
Bütün bunlara görə Azərbaycan ulu öndər Heydər
Əliyevə borcludur.
Burada mən çox vacib bir məqamın
üzərində dayanmaq istərdim. Xarici siyasətdə
varislik son dərəcə böyük əhəmiyyət kəsb
edir. Postsovet məkanı ölkələrinin təcrübəsi
göstərir ki, varisliyi qoruya bilməyən dövlətlər
olduqca çətin vəziyyətə düşürlər.
Azərbaycanda isə siyasi varislik yüksək səviyyədə
təmin olunmuşdur. Məhz bu səbəbdən xarici siyasət
sahəsində davamlı olaraq nailiyyətlər əldə
edilir. Heydər Əliyevin xarici siyasəti öz bəhrələrini
verir. Beynəlxalq əməkdaşlıq, mədəniyyət,
siyasət, terrorla mübarizə, idman və başqa sahələrdə
Azərbaycanın qazandığı uğurlar dostları
sevindirir, bəzilərində isə qısqanclıq hissi
oyadır.
Ölkəmiz beynəlxalq enerji layihələrində
fəal iştirak edir. Bunun regional və qlobal miqyasda baş
verən geosiyasi proseslərə təsirini görməmək
mümkün deyil. İndi Azərbaycan özü Trans-Anadolu
qaz kəməri (TANAP) adlı enerji layihəsinin təşəbbüskarıdır.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri
neçə ildir ki, fəaliyyətdədir. “Cənub
axını” və “Nabukko” layihələrinin taleyi rəsmi
Bakının bu məsələlərdə tutacağı
mövqedən xeyli dərəcədə asılıdır.
Azərbaycanın enerji daşıyıcıları bir
neçə istiqamət üzrə ixrac edilir. Bu cür
diversifikasiya ölkənin geosiyasi vəziyyətinə
müsbət təsir edir, onun rəqabətədavamlılığını
artırır. Eyni zamanda, dünyanı bürüyən
böhrandan qorunmaq imkanı yaradır. Azərbaycana hər
hansı dövlətin təzyiq etməsi mümkün deyil.
Bakı müstəqil xarici siyasət yeritmək
üçün lazım olan bütün şəraiti
yaratmışdır.
Azərbaycanın mədəniyyət
sahəsində əldə etdiyi nailiyyətlər qürur
hissi oyadır. Ölkəmizin təmsilçiləri
“Avroviziya” mahnı müsabiqəsində qalib gəldilər.
Bu qələbə səsverənlərin rəyi əsasında
baş tutdu. Bundan sonra həmin beynəlxalq müasbiqənin
Bakıda keçirilməsi haqqında qərar qəbul edildi.
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsi Bakıda
uğurla keçirildi. Məlumdur ki, bu tədbirə qara
yaxmaq, Azərbaycana qarşı şər-böhtan atmaq və
ölkənin mənfi obrazını yaratmaq istəyən dairələr
oldu. Lakin Azərbaycan bütün bu təxribatların
qarşısını alaraq, “Avroviziya”nı yüksək səviyyədə
təşkil edə bildi.
Burada Heydər Əliyev Fondunun Azərbaycan
mədəniyyətini dünyada tanıtdırmaqla
bağlı gördüyü işləri mütləq
vurğulamaq gərəkdir. MDB məkanında, Avropada,
ABŞ-da və digər regionlarda milli mədəniyyətimizin
təbliği istiqamətində geniş işlər
görülür. Fransada bununla əlaqəli böyük bir
tədbirin keçirilməsi çox sevindiricidir. Bunlar
böyük qələbədir.
Şübhəsiz, Azərbaycanın BMT
Təhlükəsizlik Şurasına üzv seçilməsi
xarici siyasətin ən böyük qələbələrindən
biridir. Bu prosesdə ölkəmiz dünyanın ən
qüdrətli dövlətləri ilə mübarizə
aparmalı oldu və qalib gəldi. Tarixdə ilk dəfə
olaraq Azərbaycanın dövlət başçısı
BMT TŞ-nin iclasına sədrlik etdi. Təbii ki, burada ölkə
rəhbərliyinin düşünülmüş xarici siyasət
kursunu qətiyyətlə həyata keçirməsi əsas
rol oynadı.
Beynəlxalq terrorla mübarizədə
Azərbaycanın aktiv iştirakını mütləq
vurğulamaq gərəkdir. Bu barədə dünyanın
böyük dövlətləri açıq
danışırlar. Azərbaycan əsgərləri BMT-nin
himayəsi ilə həyata keçirilən sülhməramlı
əməliyyatların daimi iştirakçısıdır.
Kosovo, İraq, Əfqanıstan və başqa qaynar nöqtələrdə
əsgərlərimiz layiqincə sülhün keşiyində
durmuşlar və mükafatlandırılmışlar.
Ümummilli liderin ordunun formalaşması və daha peşəkar
səviyyəyə qalxması ilə bağlı
başladığı işlər indi müvəffəqiyyətlə
davam etdirilir. Azərbaycan xarici siyasət kursunun sülhsevərliyini
terrorla mübarizədə göstərdiyi təşəbbüslərdə
tam sübut etmişdir. Erməni terrorundan əziyyət
çəkən Azərbaycan dünyanın heç bir
ölkəsində buna oxşar hadisələrin baş verməsini
istəmədiyini nümayiş etdirmişdir. Təəssüf
ki, hələlik Azərbaycanın bu humanizmliyi və
sülhsevərliyinə böyük dövlətlər
lazımi səviyyədə qiymət verməyiblər. Onlar
Ermənistanın təcavüzkar siyasətinin
qarşısını almaq məsələsində qətiyyətli
davranmırlar. Bu haqda açıq danışmaq zəruridir.
Lakin Azərbaycan torpaqlarının bir qarışını
belə kimsəyə güzəştə getməyəcək
və bu istiqamətdə başladığı mübarizəni
inamla davam etdirəcək.
Müasir
dövrdə idman dünya miqyasında böyük əhəmiyyət
kəsb edən sahədir. Hər hansı bir ölkənin
qüdrəti həm də onun bu sferada əldə etdiyi
nailiyyətlərilə ölçülür. ABŞ, Çin, Rusiya və digər böyük
dövlətlərin idman sahəsində qazandıqları
uğurlar onların dünya miqyasında nüfuzunu daha da
artırmışdır. İndi müəyyən mənada
böyük dövlətlər idman yarışlarına həm
də nüfuz uğrunda rəqabət meydanı kimi
baxırlar. Azərbaycanın son illər bu istiqamətdə əldə
etdiyi nailiyyətlər olduqca təqdirəlayiqdir. İndi
ölkəmizin idmançıları bir sıra Avropa, Asiya və
dünya yarışlarında fəxri kürsünün ən
yüksək pilləsinə qalxırlar.
Eyni
zamanda, Azərbaycan mötəbər beynəlxalq idman
yarışlarının keçirildiyi ölkədir. Bu
aspektdə Avropa Olimpiya Komitəsinin ilk Avropa olimpiya
oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərar qəbul etməsi tarixi əhəmiyyət
daşıyır. Yüksək səviyyəli beynəlxalq
idman yarışlarını Cənubi Qafqazda Azərbaycandan
başqa heç bir dövlət keçirmək qüdrətində
deyil. Əminik ki, ölkəmiz bu istiqamətdə daha
böyük uğurlara imza atacaq.
Artıq
Azərbaycanın bir neçə nüfuzlu beynəlxalq tədbirə
ev sahibliyi edəcəyi məlumdur. Bu sırada Davos
İqtisadi Forumu və Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu kimi tədbirlərin xüsusi yeri vardır. Bunlar
ölkəmizin beynəlxalq miqyasda nüfuzunun sürətlə
artdığını təsdiq edən faktlardır. Eyni
zamanda, düşünülmüş, elmi əsaslandırılmış
xarici siyasət kursunun həyata keçirildiyinin təsdiqidir.
Bu yerdə onu vurğulamaq lazımdır ki, müasir dövrdə
müstəqil xarici siyasət daxili siyasətin məntiqi
davamıdır. Sosial, iqtisadi və mədəni sahələrdə
əldə edilən nailiyyətlər bu fikrin
düzgünlüyünü nümayiş etdirir.
Azərbaycan liberal prinsiplərə əsaslanan
iqtisadi modelini yaratmışdır. Əhalinin sosial rifahının
yaxşılaşdırılması sahəsində
böyük irəliləyişlər əldə edilib.
Yoxsulluğun azaldılması istiqamətində
çox ciddi proqramlar həyata keçirilib. Azərbaycan enerji və ərzaq təhlükəsizliyi
problemlərini həll edib. Dünya
İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətədavamlılıq
hesabatında” Azərbaycan dünyanın 144 ölkəsi
arasında 46-cı yeri tutur. Bu, ölkənin
MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik
olduğunu göstərir. Azərbaycan
kredit reytinqinin səviyyəsinə görə MDB məkanında
ilk yerlərdən birini tutur. Beynəlxalq
reytinq agentlikləri Azərbaycanın reytinqini investisiya səviyyəsində
saxlamaqda davam edirlər. Burada bəzi rəqəmləri
xatırlamaq yerinə düşər.
2003-2011-ci illərdə ölkəmizdə
ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz olub. Qeyri-neft sektoru 10,7%
böyüyüb. Həmin müddətdə Azərbaycanın
strateji valyuta ehtiyatları 25,3 dəfə
artıb. Dövlət büdcəsi isə 16,6
dəfə böyüyüb. Nominal əmək haqqı 5,9 dəfə artıb. Yoxsulluğun səviyyəsi
44,7%-dən 7,6%-ə enib. Hazırda
ölkəmizdə hər 100 nəfərdən 65-i internet
istifadəçisidir. 2020-ci ildə
ölkədə adambaşına düşən gəliri 13
min ABŞ dollarına çatdırmaq
planlaşdırılıb.
Digər sahələrdəki nailiyyətləri
ifadə edən rəqəmləri də göstərmək
olar. Azərbaycanda islahatlar
sistemli şəkildə aparılır. Bu proses indi
özünün növbəti mərhələsinə qədəm
qoyur. Təbii ki, bunu bütün dünya diqqətlə
izləyir. Təəssüf hissi ilə
qeyd etmək istərdim ki, bəzi dairələr Azərbaycanın
əldə etdiyi uğurlara qısqanclıqla
yanaşırlar. Ancaq Azərbaycan
yalnız özünü təqdim edir, onun başqa niyyəti
yoxdur. Biz yalnız ölkəmizin deyil,
bütövlükdə regionun inkişafını
düşünürük. Xarici siyasət
kursunda bu məqam ciddi yer tutur.
Azərbaycan hər bir dövlətə
böyük hörmətlə yanaşır.
Bakı kimsənin hüququnu tapdalamır.
Bununla yanaşı, özünə
qarşı da eyni münasibətin göstərilməsini tələb
etməyə haqqı vardır. Heydər Əliyevin
müstəqil və demokratik dövlət quruculuğu kursunu
qətiyyətlə həyata keçirən ölkə rəhbərliyinin
bundan sonra da milli maraqlara uyğun olan mövqedə
olacağına heç kəsin şübhəsi
olmamalıdır.
Azərbaycana qarşı bəzi dairələrin
təxribatları davam edir. Ölkəmizin müstəqil xarici siyasət yeritməsi
onları qıcıqlandırır. Bütün
sahələrdə inkişafın getməsini, müstəqil
dövlətçilik xəttindən kənara
çıxılmamasını və beynəlxalq aləmdə
ölkənin nüfuzunun durmadan artmasını bədxahların
gözləri götürmür. Son
zamanlar bu istiqamətdə həmin dairələrin bir qədər
də fəallaşdığı müşahidə edilir.
Lakin bütün bunlar heç bir nəticə
verməyəcək. Azərbaycan dövləti
öz maraqlarını qorumaq üçün bütün
imkanlara malikdir. Prezident İlham Əliyevin
qətiyyətli və düşünülmüş
addımları ölkənin daha sürətlə inkişaf
etməsinin təminatıdır. O cümlədən,
xarici siyasət kursu ulu öndərin müəyyən etdiyi xətt
üzrə dönmədən davam etdiriləcəkdir. Azərbaycan kiçik dövlət olsa da, beynəlxalq
və dövlətlərarası münasibətlərə təsir
edərək öz maraqlarını müdafiə edə
bilir. Avropa Şurası Parlament
Assambleyasında Azərbaycanla bağlı
hazırlanmış əsassız hesabatın qəbul edilməməsi
bunun nümunələrindən biridir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
istiqamətində ölkə rəhbərliyinin
gördüyü işlər mütləq öz müsbət
bəhrəsini verəcəkdir.
Artıq dünyanın bütün
böyük dövlətləri Ermənistanı
işğalçı ölkə kimi tanıyır.
Beynəlxalq təşkilatlar bununla bağlı
çoxlu sayda sənədlər qəbul ediblər. İndi rəsmi İrəvan əvvəlki kimi fəallıq
göstərə bilmir. Azərbaycan
diplomatiyasının tutarlı arqumentləri
qarşısında ermənilər aciz vəziyyətə
düşüblər. Bakının ədalətli
mövqedə dayanması və haqqını tərəddüsüz
tələb etməsi tamamilə normaldır.
Düşünürəm ki, bu proses getdikcə daha sürətlə
aparılacaqdır. Ulu öndərin dövlətçilik
fəlsəfəsi bütün çalarları və incəlikləri
ilə inkişaf etdiriləcəkdir. Azərbaycan
rəhbərliyi diplomatiyanın ən son nailiyyətlərindən
bəhrələnərək, öz haqlı mövqeyini daha
böyük inamla dünyaya təqdim edəcəkdir.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycan
dünyaya günəş kimi doğacaqdır” fikri tam
reallaşacaq. Dünya birliyi müstəqil,
qüdrətli və demokratik Azərbaycan dövlətini
örnək göstərəcək. Ölkəmizin
taleyi etibarlı əllərdədir.
Novruz Məmmədov,
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının
rəhbərinin müavini,
Prezident
Administrasiyasının Xarici
əlaqələr
şöbəsinin müdiri
İki
sahil.- 2013.- 11 may.- S.11-12.