YAP ağacəkmə aksiyası keçirdi

 

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi ki, çağırışa partiyanın fəallarının belə yüksək səviyyədə cavab verməsi Heydər Əliyevin xatirəsinə hörmətin və diqqətin göstəricisidir

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu,  dahi şəxsiyyət Heydər   Əliyevin anadan olmasının 90 illik yubileyi paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olunur. Keçirilən silsilə tədbirlərdə ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri  geniş təhlil olunur, Heydər Əliyev irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanır.

 

Bütün tədbirlərdə səsləndirilən fikirlərdən ümumi nəticə bu olur ki, ümummilli liderin şah əsəri olan Azərbaycan onun ideyaları əsasında günbəgün möhkəmlənir, inkişaf edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, bir sözlə, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınaraq, inkişafın Azərbaycan modelinin mövcudluğunu dünyaya nümayiş  etdirir. 22 illik  müstəqillik tarixinə malik olan ölkəmizin uğurları fonunda hazırlanan və dövlət başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıdakı on illikdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamasına xidmət edir. Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən bu uğurlar dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündə də öz təsdiqini tapır. Ulu öndərin 90 illik yubileyinin yüksək əhval-ruhiyyədə keçirilməsi də bu sevgi və ehtiramdan qaynaqlanır.

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı Yeni Azərbaycan Partiyasının yubiley tədbirləri silsilə xarakter alıb. Mayın 9-da  Yeni Azərbaycan Partiyası və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət İqtisadi Universitetinin Nərimanov rayonundakı filialının ətrafında keçirilən  ağacəkmə aksiyası da yubileylə bağlı təşkil olunan tədbirlərdəndir. 

Təbii ki, bu da təsadüfi deyil. Bir məqamı  xüsusi qeyd etməliyik ki, sovetlər birliyinə xas olan ümumi meyillərə baxmayaraq, Azərbaycanda ekoloji  məsələlərin həlli işinə  1970-80-ci illərdə böyük diqqət göstərilirdi. Bu gün  Bakının ətrafında gördüyümüz  ağaclar, meşəliklər, yaşıllıq  zolaqları  ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun şəxsi iştirakı ilə salınmışdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev  ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına  təminat yaradan mütərəqqi texnologiyaya malik  yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir.

Bu məqamı açıqlamasında xüsusi vurğulayan  YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı  Əli Əhmədov bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar keçirilən tədbirlər sırasına ağacəkmə kampaniyasının  daxil edilməsi də bu amillə bağlıdır. “Partiyanın  təşkil etdiyi aksiyalar sırasında Bakı şəhərində yaşıllaşdırmaya dəstək verilməsi önəmli yer tutur.  YAP dəfələrlə Bakının müxtəlif zonalarında ağaclar əkib. Məmnunluqla  demək istəyirəm ki, əkilən ağacların böyük əksəriyyəti o zonaların yaşıllığına əhəmiyyətli töhfə verirlər. Bu gün də ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar  Bakının Nərimanov rayonunun bu sahəsində  ağacəkmə kampaniyasını həyata keçiririk. Gördüyünüz kimi, bu yaşıllıq zonasının formalaşmasına Yeni Azərbaycan Partiyası bundan əvvəl də keçirdiyi aksiya ilə dəstək vermişdir. Həmin aksiyaların davamı olaraq bu gün gerçəkləşdirdiyimiz aksiyada partiya fəallarının iştirakı ilə yüzlərlə  ağac əkiləcək. Güman edirəm ki, bu, ağacəkmə aksiyası istiqamətində həyata keçirdiyimiz sonuncu aksiya olmayacaq. Gələcəkdə də bu kampaniyalar davamlı olacaq. Bütövlükdə Yeni Azərbaycan Partiyası öz missiyasını ölkənin ictimai-siyasi həyatında iştirak etməklə başa çatmış hesab etmir. YAP siyasi həyatda yüksək mövqe tutmaqla yanaşı, eyni zamanda ölkəmizin ictimai həyatında çox müxtəlif aksiyaların keçirilməsində təşəbbüsçü olur, quruculuq, yaradıcılıq işlərinə dəstək verir. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının geniş və çoxşaxəli fəaliyyət  göstərməsindən xəbər verir. Güman edirəm ki, bu gün  yaşıllıqların  genişləndirilməsi məqsədilə əkliən ağaclar Bakıda ekologiyanın təmizlənməsinə dəstək olacaq. Bundan sonra da bu işlər davamlı olacaq. Ümumilikdə Yeni Azərbaycan Partiyasının fəaliyyət məramı, prinsipləri bundan ibarətdir.”

Ə.Əhmədov bildirdi ki,  bu aksiya   partiya fəallarının  respublikada həyata keçirilən yaşıllaşdırma tədbirlərinə  töhfəsidir.  “Bir neçə ildən sonra bu ağaclar böyüyəcək,  paytaxt Bakının ekologiyasının qorunmasına, ekoloji tarazlığın təmin edilməsinə öz töhfəsini verəcək. Beləliklə də, Bakı şəhərində həyata keçirilən yaşıllıq, ekoloji sağlamlıq kampaniyasına dəstək vermiş olacağıq. Çağırışa partiyanın fəallarının belə  yüksək səviyyədə cavab verməsi Heydər Əliyevin xatirəsinə hörmətin və diqqətin göstəricilərindəndir.”

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini  Bahar Muradova qeyd etdi  ki, bayram tədbirləri silsilə xarakter alıb. “Yaşıllaşdırma kampaniyasına dəstək olmaq partiyanın fəaliyyətində aparıcı istiqamətlərdən birini təşkil edir. Əlamətdar günlərdə Yeni Azərbaycan Partiyası hər zaman belə təşəbbüslərlə çıxış edir.  Ətraf mühit, yaşıllaşdırma, abadlıq işlərində iştirak etmək hər bir partiya üzvünə böyük zövq verir. Yaşadığımız şəhərin, yaratdığımız Azərbaycan dövlətinin həyatında hərtərəfli iştirak etmək istəyirik. Bu gün çox gözəl bir gündür. Yüzlərlə gənc, partiya fəalı burada ağacəkmə kampaniyasında fəal iştirak edir.  Nəzərə alsaq ki, bu tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunur, burda əkilən ağaclar Heydər Əliyevin ideyalarının  bundan sonra da cücərib,  qol-budaq atmasının bir rəmzi mənası kimi qəbul oluna bilər. Bayram ərəfəsində belə bir tədbirdə iştirak etməkdə özümü çox xoşbəxt hiss edirəm.  Düşünürəm ki, bu, eyni zamanda bir nümunə, cəmiyyətə mesajdır- Biz ətraf mühit və onun təmizliyi üçün  maksimum səylər göstərməliyik. Əlbəttə, bu gün əkilən ağaclar  müəyyən müddətdən sonra  bu sahənin yaşıllığının genişlənməsinə töhfə olacaq. Bizim də istədiyimiz budur ki, Azərbaycan adlı ağac həmişə böyüsün, bar-bəhər versin, onun kölgəsi hər birimizə bəs etsin.”

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı qeyd etdi ki, ulu öndər Heydər Əliyev hər zaman ölkədə yaşıllığın genişləndirilməsinə, ekologiyanın qorunmasına  diqqət göstərirdi. Həmişə olduğu kimi, bu gün də onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu ənənəyə sadiq olaraq, yaşıllaşdırma kampaniyasına dəstək olur, yaşıllıq zolaqlarının genişləndirilməsinə öz töhfəsini verir.

Tədbirin iştirakçıları arasında gənclərin daha çoxluq təşkil etdiyini nəzərə alıb,  YAP Gənclər Birliyinin sədri Seymur Orucovun fikirlərini öyrənmək istədik.  S.Orucov  bildirdi ki,  dahi şəxsiyyət Heydər Əliyev, eyni zamanda onun yaradıcısı Yeni Azərbaycan Partiyası  daim  gənclərə diqqət və qayğı göstərib. Bugünkü tədbirdə 300-dən artıq gəncin iştirakı bir daha bu reallığı təsdiqləyir ki,  Azərbaycan gəncləri Heydər Əliyev ideyalarına sadiqdir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşir. Bugünkü tədbirin iştirakçıları arasında    gənclərin çoxluq təşkil etməsi bir daha bu həqiqəti də  təsdiqləyir ki, Azərbaycan gəncliyi ölkəmizin daha da qüdrətlənməsinə, çiçəklənməsinə, müasirləşməsinə, böyük yaşıllıqlar məkanına çevrilməsinə xidmət edən siyasəti dəstəkləməklə yanaşı, əldə olunan  uğurlara  öz töhfəsini verməyə çalışır.  Əminik ki, aksiyalar davamlı olacaq.”

Göründüyü kimi, hər bir tədbir öz mahiyyəti baxımından fərqli olsa da, ümumi rəy ondan ibarətdir ki, Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycanı qarşıda daha möhtəşəm, biri-birindən əhəmiyyətli uğurlar gözləyir. Keçirilən tədbirlərin mövzu müxtəlifliyi eyni zamanda onun təsdiqidir ki, hərtərəfli inkişaf dövlət siyasətinin əsasını təşkil edir. Ayrı-ayrı sahələrin inkişafı istiqamətində atılan addımların ümumi məqsədi budur- Azərbaycan daha da qüdrətlənsin, möhkəmlənsin, inkişaf etsin, dünyanın inkişaf etmiş ölkələri sırasında addımlasın. Bunun üçün zəruri olan baza dövlətimizin uğurlu siyasəti nəticəsində yaradılıb.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2013.- 11 may.- S.13.