Heydər Əliyev
Azərbaycan xalqına Tanrı qismətidir
Müstəqilliyi
Azərbaycan xalqı üçün ən böyük milli
sərvət olaraq dəyərləndirilən ulu öndər
Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə
qayıdışından sonra xalqın sosial rifahının
yüksəldilməsi, məşğulluğun təmin edilməsi,
xüsusən də əhalinin aztəminatlı təbəqəsinin
maraqlarının qorunması istiqamətində mühüm
addımlar atıldı
Azərbaycan xalqı tarixlər boyu
qüdrətli sərkərdələr, görkəmli
dövlət, elm və mədəniyyət
xadimləri az yetirməyib. Bu şəxsiyyətlərin hər
biri öz sahəsində xalqa
baş
ucalığı gətirsə
də, milli qürur mənbəyi kimi tanınsa da, tariximizə
qəhrəmanlıq səhifələri yazsa da ümummilli
lider zirvəsinə yüksəlməmiş, Azərbaycanı
geniş mənada şöhrətləndirə bilməmişdir.
Bu mənada, Heydər Əliyev Azərbaycan tarixinin bir səhifəsi, bir fəsli deyil,
tariximizin özüdür, xalqımıza baş
ucalığı gətirən,
onu şöhrətləndirən bir şəxsiyyətdir.
Bununla bağlı müasir dünyanın görkəmli
dövlət başçılarının dediyi fikirlər
belə bir məcrada birləşir ki, Heydər Əliyev Azərbaycan
xalqına tanrı qismətidir, onun
kimi rəhbəri olan xalqın fəxr etməyə,
qürur duymağa haqqı var. Müstəqil Azərbaycan
dövlətinin təşəkkülü və
inkişafı ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Heydər Əliyev son dərəcə
mürəkkəb və ziddiyyətli tarixi məqamlarda ən
düzgün çıxış yolu tapmağa qadir dahi
şəxsiyyət idi. Onun nəhəng dövlətçilik
təcrübəsi və fitri idarəçilik qabiliyyəti
Azərbaycanı 1993-cü ilin dəhşətli vətəndaş
müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsindən
xilas etdi. Dağılmaqda və böhran məngənəsində
olan ölkə iqtisadiyyatını qısa müddətdə
dirçəldə bildi və Azərbaycanı Cənubi
Qafqazın lider dövlətinə çevirdi.
Dövlət müstəqilliyinin bərpasından
sonra Azərbaycan Respublikasında demokratik dövlət
quruculuğu və sərbəst bazar münasibətlərinə
əsaslanan müstəqil milli iqtisadiyyatın
formalaşdırılması məqsədilə ictimai-siyasi və
sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə
çevrildi. Bu dövrdən etibarən hökumət
qarşısında: dövlət müstəqilliyinin möhkəmləndirilməsi;
demokratik, hüquqi-dünyəvi dövlət qurulması;
bazar iqtisadi sisteminə keçid; ölkənin ərazi
bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin
və sosial-iqtisadi rifahının
yaxşılaşdırılması və s. bu kimi bir
çox ciddi və taleyüklü vəzifələr qoyuldu.
90-cı illərinin ikinci
yarısında ümummilli lider Heydər Əliyevin gərgin
səyləri nəticəsində Azərbaycanda mövcud olan
ictimai-siyasi durum normal məcraya düşdü və
iqtisadiyyatda irəliləyiş meylləri yarandı. Bunun nəticəsi
kimi isə ölkədə sosial sistemin köklü surətdə
yenilənməsi və daha doğrusu, yeni milli modelin
yaradılması məsələsi gündəmə gəldi.
Aydın məsələdir ki, yeni model bu və ya digər
spesifik cəhətlərlə yanaşı sosial sferada
yüksək nəticələr əldə etmiş
qabaqcıl ölkələrin ən son təcrübəsini də
özündə birləşdirməliydi. O dönəmlərdə
bu cür addım atmaq üçün həqiqətən də
böyük cürət lazım idi. Bu isə ilk növbədə
öz ölkəsinin parlaq gələcəyinə inamla baxan
Heydər Əliyev nikbinliyindən qaynaqlanırdı. O
inanırdı ki, zaman ötəcək və biz ən
irimiqyaslı sosial layihələri gerçəkləşdirmək
iqtidarında olacağıq.
Müstəqilliyi Azərbaycan xalqı
üçün ən böyük milli sərvət olaraq dəyərləndirən
ulu öndər Heydər Əliyev xalqın istəyi ilə
hakimiyyətə qayıdışından sonra respublikanı
genişmiqyaslı problemlərdən, təhlükələrdən,
o cümlədən sosial-iqtisadi çətinliklər məngənəsindən
xilas etdi. Onun səyi nəticəsində sarsılmaz
özül üzərində bərqərar edilən möhkəm
daxili sabitlik, vətəndaş müharibəsinin
qarşısının alınması, xaos və anarxiyaya son
qoyulması fonunda qarşıda duran ən mühüm vəzifələrdən
biri də xalqın sosial
rifahının yüksəldilməsi, məşğulluğun
təmin edilməsi, xüsusən də əhalinin aztəminatlı
təbəqəsinin maraqlarının qorunması idi.
Özü də bütün bunlar ölkə
iqtisadiyyatında idarəetmə və istehsal nizamına yeni
yanaşma kontekstində reallaşdırılmalı, təsərrüfatın
70 il ərzində formalaşmış idarəçilik
metodunu tamam fərqli üsullar əvəz etməli idi.
Zamanının lideri olan, hadisələrin inkişaf
axarını qabaqlayaraq ona pozitiv təsir göstərən
Heydər Əliyev bu missiyanı da uğurla yerinə yetirdi.
Sosialyönümlülük prinsipini
daim əsas götürən ulu öndər Heydər Əliyevin
bu istiqamətdə dəqiq düşünülmüş,
qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni
zamanda ölkə və cəmiyyət reallıqlarını
nəzərə alan məqsədyönlü siyasəti bəhrə
verdi. Bazar münasibətləri əsasında formalaşan
sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas
strategiya kimi müəyyən edən ümummilli liderin həyata
keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti
diqqəti xüsusi cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin
dayanıqlı xarakter daşıması, ölkənin
iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl
və dünya təcrübəsində uğurla sınaqdan
çıxmış normativ hüquqi bazaya söykənməsi
idi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə
formalaşmaqda olan sosial müdafiə modeli artıq dövlət
quruculuğu fəlsəfəsində aparıcı elementlərdən
biri, ümumi siyasətin mühüm tərkib hissəsi
olmaqla cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın
rifahının yüksəldilməsinə, onların sosial
müdafiəsi və layiqli həyat səviyyəsinin təmin
olunmasına, habelə şəxsiyyətin azad inkişafı
üçün bərabər imkanların yaradılmasına
xidmət edirdi. 1995-ci ildə ümumxalq səsverməsi ilə
qəbul olunan ilk milli Konstitusiyamız iqtisadiyyatın
inkişafının müxtəlif mülkiyyət növlərinə
əsaslanaraq xalqın rifahının yüksəldilməsinə
xidmət edirdi.
Dövlətin diqqət mərkəzində
olan sosial siyasəti özündə əks etdirən
Konstitusiyanın 16-cı maddəsinin 1-ci bəndində qeyd
olunur ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi
və layiqli həyat səviyyəsinin qayğısına
qalır. Bununla, bütün inkişaf etmiş dövlətlərdə
olduğu kimi, Azərbaycanda da iqtisadiyyat fərdin və şəxsin
maddi, sosial, mənəvi tələbatlarının ödənilməsinə
istiqamətləndirilməli idi. Sosial sahədə
qanunvericilik aktlarının qabaqcıl tələblərə
uyğunlaşdırılması, həmçinin bu sahədə
atılan digər addımlar keçid dövründə
ölkəmizin sosial transformasiya prosesinin uğurla
reallaşması ilə nəticələndi. Bu
uğurları şərtləndirən əsas amillərdən
biri də Azərbaycanın inkişaf yolunda öz hədəflərini
düzgün müəyyən etməsi, bazar münasibətlərinə
rəvac verən, sahibkarlığı və
çoxmülkiyyətçiliyi dəstəkləyən,
sosial müstəvidə hər kəsin layiqli həyat səviyyəsini
təmin etməyi öhdəsinə götürən bir
dövlət ideyasının mövcudluğu idi. Ulu öndərin
rəhbərliyi ilə 1993-2003-cü illərdə əhalinin
sosial problemləri ön plana çəkilmiş,
çoxsaylı yeni iş yerləri yaradılmış,
maaşlar, pensiyalar, digər sosial müavinətlər
vaxtaşırı artırılmış, əlillərə,
müharibə veteranlarına, sənət adamlarına, alimlərə,
hətta tələbələrə xüsusi prezident təqaüdləri
təyin edildi. Təkcə bir faktı qeyd etmək kifayətdir
ki, ulu öndərin respublikaya rəhbərlik etdiyi 10 il ərzində
ölkədə sosial sahədə inkişafın təmin
olunmasına xidmət edən 60-dan artıq sənəd
imzalanmışdır. Pensiya və müavinətlərin
artırılması, əlillər və şəhid ailələri
üçün mənzil tikintisi, əlillərin minik
avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə
təmin olunması, onların tibbi-sosial reabilitasiyası, bərpa-müalicə
və protez xidmətinin təkmilləşdirilməsi, bu sahədə
xidmət şəbəkəsinin bütün bölgələr
üzrə genişləndirilməsi, aktiv məşğulluq
tədbirlərinin həyata keçirilməsi, işçi
hüquqlarının təkmilləşdirilməsi və sair
istiqamətlərdə tədbirlər məhz ulu öndərin
təşəbbüsü və xeyir-duası ilə
başlanaraq ənənəvi xarakter aldı.
Beləliklə, ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycanda əhalinin məşğulluq
səviyyəsi davamlı olaraq yüksəlməyə
başladı, sosial müdafiə sahələrində konkret
və məqsədyönlü işlərin görülməsini
nəzərdə tutan və
çevik xarakter alan sosial siyasət kursunun etibarlı əsası
qoyuldu. Bu siyasət iqtisadi tərəqqidən irəli gələn
imkanların, ilk növbədə, əhalinin maddi vəziyyətinin
yaxşılaşdırılmasına yönəldilməsi,
daim güclənən iqtisadi təməl üzərində
inkişaf etdirilməsi prinsipinə söykənir.
2003-cü ildən etibarən ölkəmiz
üçün milli inkişafın zamanın
çağırışlarına uyğun yeni mərhələsi
başlanmış, Azərbaycan öz tərəqqisinin daha
sürətli mərhələsinə adladı, iqtisadi
strukturun intensiv formalaşması prosesinə start verildi. Ulu
öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət
də məhz Azərbaycanın iqtisadi-sosial
inkişafının təminatına, əhalinin sosial
müdafiəsi sahəsində tarixi nailiyyətlərin əldə
edilməsinə zəmin yaradır.
Orxan Vahidoğlu
İki sahil.- 2013.- 14 may.- S.25.