Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı
və Azərbaycanın hərbi-geostrateji maraqları
1992-ci ildə keçmiş SSRİ-nin
mövcud olduğu Avrasiyanın əhəmiyyətli geosiyasi məkanlarına
hər hansı xarici və kənar güc mərkəzlərinin
daxil olmasının qarşısını almaq
üçün Rusiya bəzi keçmiş sovet
respublikalarının iştirakı ilə Kollektiv Təhlükəsizlik
Müqaviləsi adlanan (1) (KTM) hərbi
blok yaratmış və hazırda onu daha da genişləndirmək
kursu yürüdür.
Yarandığı gündən KTM-in və onun əsas himayədarı
olan Rusiyanın Cənubi Qafqaz və Xəzər-Qara dəniz
hövzəsindəki regional təhlükəsizlik siyasətinin
əsasında bölgə ölkələrini hərbi-təhlükəsizlik
sahəsində NATO və Qərbin təsirindən qorumaq,
onları vahid hərbi-strateji çətir altında
saxlamaqdan ibarətdir. Əvvəllər özünü daha
çox müxtəlif bəyanatlar
verməklə təsdiq etdirməyə çalışan və
üzv ölkələrin təhlükəsizliyini təmin
etmək anlamında heç bir təşkilati strukturu və
yaxud hüquqi səlahiyyəti olmayan KTM, 2003-cü ilin
oktyabrından konkret hərbi-siyasi blok adı ilə
çıxış edir. Həmin il oktyabrın 7-də
MDB-nin Kişinyov sammitində Rusiya, Belarus, Ermənistan,
Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri
Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTM) Kollektiv
Təhlükəsizlik Təşkilatına (KTT) çevrilməsi
və onun “vahid təhlükəsizlik qüvvələrinin”
yaradılması haqda müqavilə imzaladılar.
Rusiyalı bəzi politoloqlar fəaliyyət
göstərdiyi 18 il ərzində postsovet regionunda səmərəli kollektiv təhlükəsizlik strukturuna
çevrilə bilməmiş KTM-in
KTT ilə əvəz olunmasını müsbət hadisə
kimi xarakterizə edərək, onu “Avrasiya hərbi-siyasi
blokunun yaradılması” kimi təqdim edirlər. Lakin müstəqil
ekspertlərin fikrincə, KTT-nin
bugünkü fəaliyyəti nə üzv dövlətləri
tam qane edir, nə səmərəli bir təşkilat kimi digər
ölkələr üçün cəlbedicidir, nə də
əksər postsovet ölkələrinin vahid təhlükəsizlik
maraqlarına cavab verir. Məsələn, Cənubi Qafqaz və
Qara dəniz ətrafı ölkələrindən yalnız
Ermənistanın blokda təmsil olunmasına, KTT-nin tərkibindəki
əksər ölkələrin Rusiya ilə mövcud geosiyasi
və geoiqtisadi münasibətlərinə, təşkilat
daxilindəki real vəziyyətə nəzər salan
politoloqlar KTT-ni vahid bir təhlükəsizlik bloku kimi qəbul
etmirlər. Təşkilatın əsas üzvləri olan
Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tacikistan və Ermənistan
arasındakı həqiqi dostluq münasibətləri, hərbi
maraqların tarazlığı
və ortaq təminatı məsələsi də bir çox
müstəqil ekspertlərdə ciddi şübhə
doğurur. Onların fikrincə, təşkilata üzv olan
ölkələr arasındakı bütün sahələr
üzrə mövcud olan
geosiyasi, hərbi və iqtisadi ziddiyyətləri gizlətmək
mümkün deyildir. Məsələn, Rusiya ilə Belarusun
münasibətləri ciddi hərbi-geostrateji müttəfiqlik
və tərəfdaşlıqdan çox uzaqdır. Yaxud Orta
Asiya ölkələrinin, Belarus və
Qırğızıstanın, Rusiya və Tacikistanın,
Rusiya və Özbəkistanın ikitərəfli münasibətlərinin
mövcud vəziyyətini, Özbəkistan, Tacikistan, Qırğızıstan
arasındakı mübahisəli müxtəlif etnik məsələləri
və s. faktları mütəxəssislər KTT-nin ciddi problemlər
yaşamasının göstəricisi hesab edirlər (2).
Rəsmi Moskva son zamanlar Ukrayna, Azərbaycan,
Moldova və Gürcüstanın da bu blokda təmsil
olunmasına çalışır. Lakin adı çəkilən
hər bir ölkənin bloka qoşulmamasının öz səbəbi
mövcuddur. Azərbaycan Respublikasını KTT-yə
qoşmaq istiqamətində göstərilən sonuncu cəhd
2004-cü ilin payızında - MDB dövlət
başçılarının Astanada keçirilən
sammitində baş vermişdir. Lakin rəsmi Bakı Ermənistanla
Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi
həll edilməyənə və
ölkənin pozulmuş ərazi bütövlüyü bərpa
olunmayana qədər özünün regional təhlükəsizlik
məsələləri ilə bağlı mövqeyində hər
hansı dəyişiklik etməyə, hansısa hərbi bloka
qoşulmağa heç bir əsas olmadığını bəyan
edərək, KTT-yə
qoşulmaqdan imtina etmişdir.
Cənubi Qafqazın digər ölkəsi
- Gürcüstan da dəfələrlə bu hərbi-siyasi
bloka üzv olmaq niyyətində olmadığını bildirərək, əksinə, öz ərazisindəki
Rusiya hərbi bazalarının ölkədən
çıxarılması tələbi ilə
çıxış etmiş və sonrakı illərdə
buna nail olmuşdur.
O ki qaldı Moldova və Ukraynaya, birincidə
hələ kimin və hansı qüvvələrin gələcəkdə
ölkənin siyasi taleyini həll edəcəyi qaranlıq
qalır. Ukraynada isə sonuncu hakimiyyət dəyişikliyindən
sonra bu dövlətin Rusiya ilə geosiyasi münasibətlərini
hərtərəfli şəkildə
yaxşılaşdırmasına, NATO-ya üzv olmaq fikrindən
rəsmi şəkildə imtina etməsinə baxmayaraq, Xarici
İşlər Nazirliyi “Kiyevin yaxın zamanlarda hər
hansı hərbi bloka
qoşulmaq fikrində olmadığını” bəyan edərək, KTT-yə
üzv olmaq fikrindən uzaq olduğunu bildirmişdir. Bundan başqa, KTT-nin rəsmi
üzvü olan Özbəkistan da neçə illərdir ki,
prezident səviyyəsində KTT-nin sammitlərini boykot edir. Bu
da təşkilatın “vahid hərbi-strateji blok olması”
fikrini şübhə altına alır.
KTT-nin 2010-cu ilin dekabrında Moskvada
keçirilən son sammitində Özbəkistan prezidentinin
çox ciddi narazılığı və səsləndirdiyi
bəyanat göstərdi ki,
hazırda KTT-yə üzv
dövlətlər arasında mövcud olan ziddiyyətli və
ayırıcı məqamlar onları birləşdirən və
hərbi-geostrateji müttəfiq kimi bir-birinə bağlayan məqamlardan
çoxdur. Rusiya son zamanlar çalışır ki, qurumun nizamnaməsinə bəzi dəyişikliklər
edərək onu digər üzv dövlətlərin daxili
münaqişələrini həll etmək
üçün “operativ hərbi
təşkilat”a çevirsin və lazım gələndə
KTT-nin ümumi hərbi missiyasından istifadə edərək,
üzv dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və daxili sabitliyi ilə
bağlı yerli və xarici təhlükələrin
qarşısını alsın. Məlumatlara görə,
Özbəkistan prezidenti İslam Kərimov Moskva sammitində
təşkilatın nizamnaməsinə olunan dəyişikliyə etiraz edərək
bildirmişdir ki, KTT-nin əsas vəzifəsi heç də
MDB, yaxud KTT çərçivəsində mövcud olan
ölkələrarası və ölkədaxili ziddiyyətləri, münaqişələri nizamlamaq
deyil, üzv ölkələri xarici təhlükələrdən
qorumaqdan ibarətdir. Özbəkistan prezidenti öz ölkəsinin
yeni nizamnamə dəyişikliyinə və KTT çərçivəsində
yaradılacaq hər hansı “operativ kollektiv müdaxilə”
qurumuna qoşulmayacağı haqqında ciddi bəyanat
vermişdir (3). Lakin Özbəkistan və başqa KTT üzvlərinin
etirazına baxmayaraq, KTT-yə postsovet məkanında daxili və
ölkələrarası münaqişələrə de-yure
müdaxilə etmək səlahiyyəti verən dəyişikliklər
qəbul edilmişdir. Mütəxəssislərin fikrincə,
Rusiya NATO təcrübəsindən istifadə edərək,
KTT-ni regionun vahid hərbi-strateji
təşkilatına çevirmək, bölgədə
baş verən əksər hərbi, strateji, siyasi və s.
hadisələri öz nəzarəti altında saxlamaq istəyir.
Lakin onların fikrincə,
* üzv ölkələrin hərbi
gücünün, hərbi-geostrateji maraqlarının və
bu təşkilata təsir etmə imkanlarının tamamilə
fərqli olmasından;
* MDB-nin digər üzv ölkələrinin
ayrı-ayrı səbəblərdən (hərənin öz
səbəbi var) bu təşkilatda iştirakdan imtina etməsindən;
* üzv ölkələrin hərbi-siyasi
liderlik anlamında vahid məqsədlərinin olmaması və
fərqli vəzifələrə xidmət etməsi səbəbindən
və s. Rusiya de-fakto bu məqsədlərinə nail ola bilmir.
Əlbəttə, Rusiya KTT-ni gücləndirmək və onun idarəçiliyini
əlində saxlamaqla, həm də
hərbi-geostrateji plan kimi Avrasiyada NATO-nun mövqelərinin zəiflədilməsini
və öz təsirinin gücləndirilməsini də təmin etmək istəyir. Bundan
başqa, regionda qərblə
texnologiya, iqtisadi və investisiya baxımından tam yarışa
bilməyən Moskva heç olmazsa, hərbi-siyasi sahədə
bölgədəki üstünlüyünü qorumağa
çalışır. Bəzi mütəxəssislər
hesab edir ki, əgər ABŞ nə zamansa yenidən, hər
hansı postsovet ölkəsini öz hərbi-strateji təsiri
altına salmağa cəhd göstərsə, o zaman Rusiya yerli ictimai-siyasi və digər dairələri
də işə qoşmaqla, ona
sərf edən hakimiyyəti, idarəçilik rejimini
müdafiə etmək və yaxud əleyhinə
çıxmaqla məqsədlərinə nail olmaq
üçün hərəkətə keçəcəkdir.
KTT-nin gələcək inkişafı və
davamlı mövcudluğu ilə bağlı hazırda ortada
hər hansı ciddi bir konsepsiya
və strategiyaya mövcud deyildir. Bunu
qurumun ayrı-ayrı dövrlərdə Ukrayna, Azərbaycan,
Gürcüstan, Özbəkistan, Moldova, Belarus və başqa
postsovet ölkələri ilə bağlı
reallaşdırdığı ziddiyyətli geosiyasətin məzmunu
və nəticələri də
sübut edir. Məsələn, adıçəkilən bu
ölkələrdən biri və yaxud hamısı nə
zamansa yenidən Qərbə, yaxud onun hərbi strukturlarına
üz tutsa, KTT-nin hansı
addımları atacağı, yaxud Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi həll olunandan
sonra təşkilatın Qafqazda bu iki ölkəyə
münasibətinin daha hansı manevrlər üzərində
reallaşacağı və s. bu kimi məsələlər nə
KTT-nin, nə də ki, Rusiyanın hazırkı hərbi-geostrateji
planlarında öz əksini tapmamışdır.
Hazırda Rusiya əksər postsovet
ölkələrini KTT-yə qoşmaq və onların NATO-ya
meyillənməsini önləmək üçün ciddi tədbirlər
görür. Qərbin ikili standartlara söykənən tələblərinə
o qədər də ciddi reaksiya vermədən, Rusiya Avrasiyanın məqsədəuyğun
hesab etdiyi bütün bölgələrində, bütün məqbul vasitələrlə
“öz həyati maraqlarını” qorumaqda və geosiyasi təsir
mexanizmlərini saxlamaqda davam edir. Son illərdə bu ölkənin
bəzi siyasi dairələrinin dilindən “böyük ölkələrin
regional maraq dairələrinin və geosiyasi təsir
zonalarının” tanınması və qorunması, belə
demək mümkünsə,
planetar məkanların “Jirinovski sxemi üzrə,
müxtəlif iri dövlətlərin təsir və maraq dairələrinə
bölünməsi”, kiçik ölkələrin
hüquqlarının nəzərə alınmaması
hesabına “böyüklərin təhlükəsizlik
maraqlarının dönməz şəkildə təmin edilməsi”
və s. kimi beynəlxalq
hüquqa zidd çağırışlar səslənməkdədir.
Bir faktı qeyd etmək lazımdır ki, “dünyanın maraq
dairələri üzrə faktiki olaraq yenidən bölünməsini”
rəsmən bəyan edən və
“planetin yeni təhlükəsizlik
memarlığı” adlanan belə
geostrateji plan və mülahizələrə, rəqib hərbi
bloklara və ölkələrə meyil göstərən
dövlətləri və xalqları müxtəlif iqtisadi,
siyasi, sosial və s. təzyiq vasitələri ilə
sıxışdırmaq cəhdinə bütün
böyük ölkələrin timsalında rast gəlmək
mümkündür. Tədqiqatçıların fikrincə,
son zamanlar bir çox kiçik ölkələrin
regiondakı müstəqil geosiyasi amil kimi
çıxış etməsinə mane olan əsas səbəblər
onların böyük ölkələrdən strateji sahələr
üzrə - təhlükəsizlik, enerji, iqtisadi, ərzaq və
s. asılılığı hesab olunur.
Regional təhlükəsizlik müstəvisində məxsusi
mənafeləri və iddiaları ilə təmsil olunan
Azərbaycan özünün bütün geosiyasi məkan xarakteristikası,
iqtisadi, siyasi və hüquqi varlığı ilə nəinki
təkcə Cənubi Qafqazın, Xəzər-Qara dəniz
hövzəsinin, həm də Avrasiyanın,
bütövlükdə qlobal dünyanın mühüm
geosiyasi, geoiqtisadi və hərbi-geostrateji hədəflərindən
biri kimi çıxış edirdi. Onun beynəlxalq və
regional təhlükəsizliyindən, milli maraqlarının
qorunmasından və milli təhlükəsizliyinin təmin
olunmasından bəhs edərkən
Prezident Heydər Əliyev
bildirmişdir ki, bir dövlət olaraq Azərbaycanın
milli maraqları və təhlükəsizliyi
beynəlxalq aləmin, Avropanın, Xəzər-Qara dəniz
hövzəsi və Cənubi Qafqazın təhlükəsizliyindən, dünyanın və regionun
ümumi maraqlarından ayrıca,
təcrid olunmuş şəkildə təmin oluna bilməz (4).
Bütün bunlar göstərir ki, Azərbaycanın beynəlxalq,
regional və milli təhlükəsizlik maraqlarının
öyrənilməsi və təmin olunması vəzifəsi
yerli tədqiqatçılardan həm də
bütövlükdə beynəlxalq və regional geosiyasi, hərbi-geostrateji
və s. məsələlərin geniş şəkildə araşdırılmasını tələb
edir.
Təhlükəsizlik maraqları
çərçivəsindən yanaşdıqda, birmənalı
şəkildə təsdiq etmək olar ki, Azərbaycanın
milli mənafeləri Rusiya ilə rəqiblik deyil, əksinə, bərabərhüquqlu,
qarşılıqlı-faydalı və strateji tərəfdaşlıq
münasibətlərinin yaradılması və
inkişafını tələb edir. Xüsusən 2001-ci ildən
etibarən, iki ölkənin prezidentləri arasında yaranan
qarşılıqlı münasibətlərin yüksək
siyasi səviyyəsi müvafiq olaraq dövlətlərarası
əlaqələrin bütün sahələrində hərtərəfli əməkdaşlığın və
tərəfdaşlığın inkişafını şərtləndirir.
Təhlükəsizlik sahəsində regional əməkdaşlığın
möhkəmləndirilməsi, iki dövlət arasında
transsərhəd təhlükəsizliyi, transmilli cinayətkarlığa
qarşı birgə mübarizə, Xəzər dənizi və
və müştərək quru sərhədlərin təhlükəsizliyi
və mühafizəsi, Qəbələ RLS-in istifadəsi kimi
məsələlərdə tərəfdaşlıq proseslərinin
dərinləşdirilməsi hər iki ölkənin
qarşılıqlı mənafelərinə xidmət edir.
Bundan başqa, təhlükəsizlik sahəsində çoxtərəfli
regional münasibətlərin yaradılması, həm Rusiya,
həm də digər bölgə ölkələri ilə sivil ticarət-iqtisadi, investisiya,
elmi, mədəni və digər
əlaqələrin qurulması Azərbaycanın milli təhlükəsizlik
maraqlarına tam cavab verir.
Hazırda Cənubi Qafqazda bitərəf
təhlükəsizlik siyasəti yürüdən Azərbaycan həm Rusiya və KTT, həm də
ABŞ və NATO ilə tərəfdaşlıq münasibətləri
saxlamağa çalışır. Bu sahədə Rusiya ilə
yaranan yeganə problem onun Cənubi Qafqazda Ermənistan kimi
militarist bir ölkəyə göstərdiyi hərtərəfli
hərbi yardımla bağlıdır. Bəzi mütəxəssislərin
fikrinə görə,
Rusiyanın hazırkı təhlükəsizlik
maraqları “Dağlıq Qarabağı nə Ermənistana
vermək, nə də Azərbaycana qaytarmaq” məqsədinə
uyğundur. Çünki Moskva bu münaqişədən bəhrələnərək
hər iki ölkənin beynəlxalq
fəaliyyətini və regional siyasətini öz təsiri
altında saxlamaq istəyir. Onların fikrincə, Cənubi
Qafqaz respublikalarındakı mövcud ziddiyyətlərin və
münaqişəli halların birdəfəlik həll edilməsi
və bu regionda əbədi sülhün bərqərar
olması Rusiyanın regional təhlükəsizlik siyasətinin
uzunmüddətli məqsədlərinə qətiyyən
cavab vermir (5).
Cənubi Qafqazın Rusiya modeli ilə
planlaşdırılan təhlükəsizlik sistemində Azərbaycanı
qane etməyən əsas cəhət məhz Rusiyanın bölgədə
hamını qane edəcək səmərəli
kollektiv təhlükəsizlik mexanizmlərinin
yaradılması əvəzinə, Ermənistanla kollektiv təhlükəsizlik
və hərbi-strateji müttəfiqlik çərçivəsində
Azərbaycanın suveren dövlət hüquqlarına, milli təhlükəsizlik
maraqlarına və Cənubi Qafqazın regional güc tarazlığına mənfi təsir
göstərən bəzi addımları hesab oluna bilər.
Azərbaycanın, əsasında
Rusiya və onun yaratdığı Kollektiv Təhlükəsizlik
Təşkilatı dayanan MDB təhlükəsizlik sisteminə
qoşulmaqdan imtina etməsinin səbəbi də, ilk növbədə,
məhz bu məsələ ilə bağlıdır. Rusiya ilə
Ermənistan arasında 1995-ci ildə imzalanmış “hərbi-strateji
tərəfdaşlıq haqqında” müqaviləyə
uyğun olaraq, Rusiya Ermənistanda öz hərbi-geostrateji
maraqlarını və təhlükəsizliyini təmin etmək
məqsədilə “25 il
müddətinə 102-ci hərbi bazasını saxlamaq və onunla
razılaşdırılmış,
əlaqələndirilmiş birgə regional təhlükəsizlik,
xarici siyasət fəaliyyəti yürütmək” haqqında
“dövlətlərarası razılığa gəlmişdir”. Mütəxəssislər bu
sazişi əslində siyasi, iqtisadi, hərbi gücü və
vəziyyəti heç də “bərabərhüquqlu və
qarşılıqlı təhlükəsizlik” müqaviləsi
imzalamağa imkan verməyən, qeyri-bərabər statuslu iki
ölkənin “təhlükəsizlik imitasiyası”, Qərbin
Cənubi Qafqazda hərbi-geostrateji maraqlarının artması
və bölgə ölkələrinin
NATO-ya həvəs göstərməsi fonunda Rusiyanın “forpostu”
olmaqdan başqa heç bir ciddi potensial nümayiş etdirmək
qabiliyyəti olmayan Ermənistanın “xarici və təhlükəsizlik
maraqlarını müdafiə etmək” adı altında
öz suveren dövlət hüquqlarını birtərəfli
qaydada güzəştə getməsi
kimi qiymətləndirirlər. Onların fikrinə görə,
Cənubi Qafqazda Rusiyanın Ermənistana güclü iqtisadi və
hərbi yardım göstərməsi, onun
işğalçı ordusunu təmənnasız
silahlandırması, bir tərəfdən
işğalçı ölkənin
siyasi rəhbərliyini Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllindən
yayındırır, danışıqlarda qeyri-konstruktivliyə təşviq edir, digər tərəfdənsə
Azərbaycanın beynəlxalq təhlükəsizlik siyasətinə,
regional hərbi-geostrateji seçiminə fərqli təsir
göstərir. Odur ki, Dağlıq Qarabağ münaqişəsi
hazırda həm Ermənistana, həm də Azərbaycana təsir
göstərmək üçün Rusiyanın əlində
ciddi bir mexanizmdir.
Əlbəttə,
torpaqlarının bir qismi Ermənistanın
işğalı altında olan Azərbaycan ATƏT-in Minsk
qrupunun həmsədr dövlətlərindən biri kimi,
Dağlıq Qarabağ münaqişəsi ətrafında
sülhyaratma proseslərinə cəlb edilmiş Rusiyanın rəqib
ölkə ilə “hərbi-strateji tərəfdaşlığına”,
bu ölkədə xüsusi hərbi baza saxlamasına və
işğalçı erməni ordusunu təmənnasız
silah-sursatla təmin etməsinə biganə qala bilməz. Odur
ki, Azərbaycan rəsmiləri bu sazişə etiraz edərək
Rusiyanın Cənubi Qafqazdakı regional təhlükəsizlik
sahəsindəki fəaliyyətinin “bitərəf qalmaq
öhdəliyi” ilə bir araya
sığmadığını bildirmiş, bu məsələni
beynəlxalq aləmin diqqətinə
çatdırmışdır.
Rusiya Cənubi Qafqazda
yürütdüyü təhlükəsizlik siyasətini və
Ermənistan kimi işğalçı dövlətə
göstərdiyi hərbi dəstəyi onunla izah etməyə
çalışır ki, guya Ermənistanda yerləşən
və ona məxsus 102-ci hərbi
baza bu ölkəni müdafiə etmək, yaxud hər
hansı bölgə dövlətinin təhlükəsizliyini
təhdid etmək deyil, yalnız Rusiyanın bölgədəki
“hərbi-geostrateji” maraqlarını təmin etmək məqsədilə
saxlanılır. Hətta öz mövqeyinin
inandırıcı görünməsi üçün
Rusiyanın bəzi siyasi və
hərbi dairələri eyni məzmunlu müqaviləni Azərbaycan
və Gürcüstanla da imzalamağa, onlarla da hərbi-strateji
müttəfiqlik münasibətləri yaratmağa hazır
olduqlarını bəyan edirlər.
Azərbaycan rəsmiləri dəfələrlə
bəyan etmişlər ki, onların ölkəsi Rusiya və
KTT ilə hər hansı ikitərəfli və çoxtərəfli
əməkdaşlığın, hərbi-strateji tərəfdaşlığın
əleyhinə deyil. Azərbaycanın Rusiya və KTT ilə əməkdaşlığına
bilavasitə təsir göstərən ən əsas məsələ
onun pozulmuş ərazi bütövlüyünün bərpası,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli
sahəsindəki fəaliyyətlə
bağlıdır. Azərbaycanın torpaqlarını açıq-aşkar işğal
edən, Cənubi Qafqazda qonşu ölkələrə
qarşı ərazi iddiası irəli sürən, sabit millətlərarası
və dövlətlərarası regional mühiti pozan,
işğalçı və militarist Ermənistanın hərəkətlərinə
beynəlxalq hüquqa əsaslanan prinsipial münasibət
bildirmək istəməyən, əksinə,
işğalçı ölkə ilə hərbi müttəfiqlik
edən, Qafqazda mövcud olan digər
region ölkələrinin siyasi-hərbi təhlükəsizliyinə,
ərazi bütövlüyünə və regional sülhə təminat verməyən qurum və
ona himayədarlıq edən ölkə ilə strateji tərəfdaşlıq
etmək bu gün üçün mümkün
görünmür. Azərbaycan
Rusiyanın rəhbərliyi altında yaradılan
Kollektiv Təhlükəsizlik Təşkilatı ilə əməkdaşlığın
əksər üzv ölkələrin
təhlükəsizlik və xarici siyasət suverenliyinin təmin
olunmasına maneçilik törətmək deyil, köməklik göstərmək
istiqamətində olmasını arzulayır. Əslində bəhs
olunan Rusiya-Ermənistan hərbi
müttəfiqlik müqaviləsindən bir az keçməmiş
Rusiyanın erməni ordusuna bir
milyard dollar dəyərində “təmənnasız” hərbi
texnika, silah-sursat bağışlaması ətrafında
yaranmış beynəlxalq hay-küy də göstərdi ki,
bu ölkənin Cənubi Qafqazdakı hərbi-strateji fəaliyyəti
hələ də anlaşılmaz olaraq qalır. Odur ki, Azərbaycan
öz regional təhlükəsizliyi ilə bağlı həm
Rusiya, həm ABŞ, NATO və
Türkiyə, həm də digər müvafiq strukturlarla,
ayrı-ayrı maraqlı ölkələrlə fərdi tərəfdaşlıq
siyasətini davam etdirir.
Rusiya
ilə münasibətdə Azərbaycanın
həyata keçirdiyi regional təhlükəsizlik siyasəti
ona əsaslanır ki, bu ölkə
bölgədə həlledici söz sahibidir və bu gün
onu Azərbaycanın maraqlarına uyğun siyasət
yürütməyə məcbur etmək mümkün deyilsə, deməli, bu
ölkənin mövcud siyasətinin verdiyi imkanlardan maksimum bəhrələnərək,
Azərbaycanın milli, regional və beynəlxalq təhlükəsizlik
sahəsində qarşıda duran digər milli vəzifələri
həyata keçirmək lazımdır. Regional
təhlükəsizlik sahəsində Rusiya ilə Azərbaycanın
üst-üstə düşən maraqları sırasında
əsasən, onların müştərək sərhədlərə
malik olması və həmsərhəd bölgələrdə
sabitliyin qorunması, hər ikisinin etnik separatizmdən əziyyət
çəkməsi, bir-birinə
sabitliklə bağlı yardım etməsi və
s. göstərilir. Hər iki ölkə həm də ortaq təhlükəsizlik təhdidləri
ilə - terror təhlükəsi, ekstremizm, radikal islam təmayülləri,
mütəşəkkil cinayətkarlıq, narkotik
qaçaqmalçılığı və silah alveri kimi
problemlərə qarşı da birgə mübarizə
maraqlarına malikdir. Bu sahədə hər iki ölkənin
təhlükəsizlik orqanları
sıx və səmərəli əməkdaşlıq
edirlər.
Rusiya Cənubi
Qafqazda Azərbaycanın NATO və Türkiyə ilə istənilən
hərbi-geostrateji əlaqələrini, əməkdaşlıq
cəhdlərini ciddi qısqanclıqla qarşılayır. Bu
ölkə bütün Qafqaza,
o cümlədən də Azərbaycanın suveren ərazisinə “öz
milli təhlükəsizlik
zonası” kimi baxır və bu əraziyə hər hansı kənar
dövlətin hərbi-geosiyasi
nüfuzunu qəbul etmir. Bu da iki ölkənin təhlükəsizlik
siyasətinin üst-üstə düşməyən məqamları
sırasına daxildir. Azərbaycan dövləti
bütün bunları nəzərə alaraq NATO-ya
üzvlük haqqında indiyə qədər heç bir bəyanat verməmişdir və
onunla yalnız Rusiyanın
özünün də həyata keçirdiyi “hərbi-geostrateji
əməkdaşlıq” əlaqələri
yaratmışdır. Azərbaycan eyni zamanda, Rusiyaya və
onun yaratdığı KTT-yə də indiyə qədər
“üzvlük formasında” münasibətlərə deyil,
yalnız “hərbi təhlükəsizlik sahəsində bərabərhüquqlu
əməkdaşlıq” etməyə müsbət cavab
vermişdir.
Lakin
bir faktı da qeyd etmək lazımdır ki, 1992-2000-ci illərdəkindən
fərqli olaraq Rusiyanın Cənubi Qafqazdakı bugünkü
regional təhlükəsizlik siyasətində və Azərbaycanla
hərbi-geostrateji münasibətlərində müsbətə
doğru ciddi dəyişikliklər hiss olunmaqdadır. Məsələn,
indiyədək dəfələrlə sınaqdan
keçirilmiş “etnik münaqişələr” taktikasına
yanaşmada Rusiyanın mövqeyindəki müsbət dəyişikliklər
hələ 1994-cü ildən - Çeçenistan
münaqişəsi alovlanandan
hiss olunmağa başlamışdır. Həmin
il Rusiya Prezidenti Boris Yeltsinin Federasiya Şurasındakı
çıxışında verdiyi “Rusiya sərhədləri
yaxınlığındakı münaqişə ocaqları,
MDB ölkələrindəki iqtisadi və dövlətçilik
böhranları Rusiya üçün real təhlükədir”
bəyanatı bundan xəbər verirdi. Lakin bu sahədə
ciddi dəyişikliklər daha çox Vladimir Putinin prezident
seçilməsi və ali hakimiyyətə gəlməsindən
sonra baş vermişdir. Bəzi mütəxəssislər hesab edirlər
ki, istənilən halda, Rusiyanın regional proseslərə və
Cənubi Qafqazın təhlükəsizlik problemlərinə
yanaşması əsrlər boyu bu ölkədə
formalaşmış “parçala, hökm sür” strategiyasından
kənara çıxmır. Onların fikrincə, Dağlıq Qarabağ
münaqişəsi yaranan vaxtdan
Rusiyanın açıq, yaxud gizli formada Ermənistanı
dəstəkləməsi, onun Azərbaycanla münasibətlərinə
birmənalı mənfi təsir göstərmişdir. Azərbaycan Rusiyanın belə siyasətinə
qarşı bəzən Avroatlantik strukturlarına inteqrasiya
yolunu tutmaq, öz təhlükəsizliyinin təmin
olunmasında alternativ yollar axtarmaq, ABŞ, Türkiyə və
digər NATO üzvlərinə, onların təsir imkanlarına arxalanmaq kimi
addımlar atmağa məcbur olur ki, bu da Rusiyanı qane etmir. Bundan başqa, Ermənistan Kollektiv
Təhlükəsizlik Təşkilatının
üzvü olduğundan Rusiya ilə
hərbi-strateji müttəfiqlik münasibətləri
yaradaraq öz ərazisində
bu ölkənin hərbi bazalarını yerləşdirmişdir. Rusiya Ermənistanı ucuz enerji ehtiyatları
və təmənnasız olaraq silahlarla təmin edir. Bu da Azərbaycanın
regional təhlükəsizliyinə müəyyən təhdidlər
yaradır. Rusiya həm də Azərbaycanın
Cənubi Qafqazda hərbi-strateji cəhətdən güclənməsinə, Türkiyə, ABŞ və NATO ilə təhlükəsizlik
sahəsində tərəfdaşlıq əlaqələrinin
yaranmasına qısqanclıqla
yanaşır və maneçilik törədir.
Bütün bunlar da iki ölkə arasındakı münasibətlərə
mənfi təsir göstərir (6)
Regionun
enerji təhlükəsizliyi sahəsində də Rusiyanın
Azərbaycanla tam üst-üstə düşməyən bir
çox geoiqtisadi maraqları mövcuddur. Əsas siyasəti
dünya enerji bazarında
bugünkü aparıcı mövqelərini və Xəzər
hövzəsinin enerji ehtiyatları üzərində ənənəvi
təsir mexanizmlərini qorumaq və davamlı şəkildə
saxlamaqdan ibarət olan Rusiya Cənubi Qafqaz və Xəzər hövzəsində
mövcud sahədə onunla rəqabət yaradan Azərbaycanın
enerji ixracatçısı kimi çıxış etməsindən
bir qədər narahat görünür. Rusiya həm də ABŞ, Avropa Birliyi,
Çin və başqa ölkələrin sərbəst şəkildə,
onun iradəsindən kənarda bölgəyə daxil
olmasının və Xəzər hövzəsinin zəngin
neft-qaz ehtiyatlarına çıxışının, bu məhsulların
Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə
Avropa və Asiya bazarlarına
çatdırılmasının tərəfdarı deyil. Üçüncü minillikdə
Xəzər və Orta Asiyanın enerji mənbələri
uğrunda gedən qlobal
mübarizənin tərkib hissəsi
sayılan bu prosesdə Azərbaycanın enerji təhlükəsizliyi
maraqları daha çox azad
bazar münasibətlərini təlqin edən ölkələrinki
ilə üst-üstə düşür. Mütəxəssislər
hesab edirlər ki, Xəzər hövzəsində Rusiyanın
enerji maraqları, hər şeydən əvvəl,
özünün enerji təhlükəsizliyini möhkəmləndirməyə
yönəlib və qonşu ölkələrin adekvat
maraqları ilə üst-üstə düşmür. Rusiyanın Azərbaycanla üst-üstə
düşməyən enerji və nəqliyyat təhlükəsizliyi siyasətinin əsasında Cənubi
Qafqaz və Mərkəzi Asiyanın enerji
daşıyıcılarının Avropa
istehlakçılarına birbaşa satışına,
regiondan Avropaya Rusiya ərazisindən
yan keçməklə reallaşdırılan nəqliyyat-tranzit yollarına,
neft-qaz kəmərlərinin tikintisinə münasibət məsələsi
və “kənar qüvvələrin”
Azərbaycan vasitəsilə regionun enerji və transmilli
nəqliyyat sektoruna çıxışını məhdudlaşdırmaq
xətti dayanır. Rusiyanın Xəzər
hövzəsini Avropanın enerji bazarları ilə bağlayan
köhnə ixrac kəmərlərindən əvvəlki illərdə
olduğu kimi istifadəni davam etdirmək və onun iradəsi
xaricində yeni müstəqil marşrutlar yaradılmasına
mane olmaq siyasəti Azərbaycanı və onun tərəfdaşlarını
qane etmir.
QEYDLƏR:
1. KTM 1992-ci
ilin mayında Daşkənddə MDB-yə üzv olan 6 ölkə
- Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan,
Tacikistan və Özbəkistanın
iştirakı ilə, üzv ölkələrin təhlükəsizliyini
təmin etmək məqsədilə,
kollektiv hərbi qurum kimi yaradılmışdır.
Quruma sonradan Azərbaycan (24 sentyabr 1993-cü il),
Gürcüstan (9 dekabr 1993-cü il) və Belarus (31 dekabr
1993-cü il) müşahidəçi qismində
qoşuldular. Digər MDB üzvləri - Ukrayna, Moldova və
Türkmənistan ümumiyyətlə bu qurumda iştirakdan
imtina etdilər. Bir qədər sonra, KTM-in prinsipləri, məramı və
şərtləri Azərbaycan və Gürcüstanı qane
etmədiyindən, hər iki ölkə bu təşkilatla əməkdaşlıqdan
imtina etdi, 1999-cu ildən isə qurumda müşahidəçi
qismində iştiraklarını da dayandırdı. Eyni
addımı az sonra Özbəkistan
da atdı, lakin sonradan bu dövlət yenidən KTM-ə
qayıtdı.
Əli
Həsənov,
Tarix
elmləri doktoru,
professor
İki
sahil.- 2013.- 16 may.- S.6; 11.