Laçının işğalından 21 il ötür

 

Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib

 

Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının   21-ci ildönümüdür. Düz iyirmi bir ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Azərbaycan tarixinə qara səhifə kimi daxil olmuş Laçının işğalı bütün laçınlıların qəlbində acı xatirəyə çevrilib. Laçınlılar yurd həsrəti, Vətən niskili ilə yaşayırlar. Dostlar üçün gözəlliklər diyarı, düşmənlər üçün açıla bilməyən “qara qapı” adlandırılan Laçın indi yadlara, yağılara yaylaq olub.

Qeyd edək ki, Laçın rayonu Azərbaycanın cənub-qərbində yerləşir. Şimaldan Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistanla həmsərhəddir. 1835 kvadratkilometr ərazisi olan Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar.

Laçın rayonunun Ermənistanla sərhəd kəndləri vaxtaşırı erməni silahlılarının hücumuna məruz qalsa da, əhali öz doğma torpağını mərdliklə müdafiə edirdi. Coğrafi mövqeyinə görə Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Laçın ölkədə yaranmış bu mürəkkəb ictimai-siyasi prosesin ən qaynar nöqtəsinə çevrildi. Şanlı qəhrəmanlıq tarixinə söykənən laçınlılar 2 cəbhədə - həm Ermənistanla, həm də Dağlıq Qarabağdakı erməni silahlı qüvvələri ilə mübarizə aparmaq məcburiyyətində qaldılar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib.  Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Yerli sakinlərin sözlərinə görə, Laçın işğal olunmamışdan bir gün qabaq o zamankı səriştəsiz ölkə rəhbərlərinin himyəsində olan Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib. Laçın Azərbaycanda siyasi böhranın, hakimiyyətsizliyin, AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyinin qurbanı oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün bu bəlalara son qoyuldu. Ölkə parçalanmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsi qorxusu aradan qaldırıldı. Qanunsuz silahlı qüvvələr ləğv edildi, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar oldu, atəşkəs elan olundu. Hazırda rayonun bütün icra strukturları isə Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti fəaliyyət göstərir.

Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd düşmən əlinə keçib. 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 101 məktəb, 5 məktəbdənkənar,  2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəniyyət ocağı, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Qarabağ müharibəsi cəbhələrində 260-dan çox laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib.

İşğal nəticəsində Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur. Rayonda civə, Laçın əhəngdaşı, üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, bəzək daşı, vulkan külü, Minkənd mineral su yataqları və digər minerallar var. 1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edib. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü var. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) vardır. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb.

Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar (80,05%) olub. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edib. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi.

İşğalçı erməni dövləti beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq Laçında qanunsuz məskunlaşma aparır. Bütün Azərbaycan xalqı kimi laçınlılar inanır ki, münaqişənin həlli ilə bağlı ölkə rəhbərliyinin yeritdiyi məqsədyönlü siyasət öz bəhrəsini verəcək, doğma yurdlarına qayıdacaqlar. 21 ildir ki, məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub-saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2013.- 17 may.- S.14.