“Azərbaycan-Rusiya
münasibətləri normaldır”
Novruz
Məmmədov: İstənilən hər hansı layihənin
nə vaxtsa sonu ola bilər
“Azadinform”
Azərbaycan Prezidenti Administrasiyası (PA)
rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun
Publika.Az saytına müsahibəsini təqdim
edir.
- Bu
yaxınlarda Prezident İlham
Əliyev Avstriyada rəsmi səfərdə
oldu. Bu səfərin əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyevin
Avstriyaya səfəri mühüm
əhəmiyyət kəsb edir. Bilirsiniz ki, Avstriya Avropanın mərkəzində yerləşən
nüfuzlu və inkişaf
etmiş dövlətlərdən biridir. Prezident İlham Əliyevin bu
ölkələyə səfəri bir daha onu göstərir ki, Azərbaycanın güclü
tərəfdaşları var. Bu səfər həm də iki
ölkə arasında olan münasibətlərin
daha da inkişaf
etdiyini göstərir. Azərbaycan üçün belə ölkələrlə
əməkdaşlıq etmək daha
faydalı, keyfiyyətli və uzunmüddətlidir. Bu cür dövlətlər
Azərbaycanla bütün sahələrdə
səmərəli və səmimi qarşılıqlı əməkdaşlıq
etmək istəyirlər. Bütün bunlar isə Azərbaycanı təmin edir.
Onu da qeyd edim ki,
hazırda Azərbaycanda 40-a yaxın Avstriya
şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər
Azərbaycanda həyata keçirilən çox
böyük və mühüm
layihələrin icrasında iştirak
edirlər. Bütün bunlar
isə Azərbaycan və Avstriya
arasında mövcud olan
ticarət dövriyyəsinin həcmini də artırır. Prezident İlham Əliyev Avstriyaya səfəri zamanı bu
istiqamətdə də bir sıra
görüşlər keçirib. Səfər
zamanı keçirilən bütün
görüşlərdə Azərbaycan Prezidentinə və onun rəhbərlik etdiyi
nümayəndə heyətinə çox
böyük diqqət və qayğı, isti münasibət göstərildi. Hesab edirəm ki, Prezident İlham Əliyevin
Avstriyaya səfəri zamanı keçirdiyi görüşlər gələcək
əməkdaşlığın daha da artmasına öz
töhfələrini verəcək. Bu
nöqteyi-nəzərdən mən qətiyyətlə
bildirirəm ki, bu səfər
çox əhəmiyyətli və uğurlu səfər idi. Burada xüsusi məqam isə ondan
ibarətdir ki, Avstriyanın mütəxəssisləri,
siyasi və biznes
elitası, o cümlədən digər
sahələrdə fəaliyyət göstərən
tanınmış adamlar artıq Azərbaycanı
çox yaxşı tanıyırlar və
ölkəmizlə əməkdaşlığa çox mühüm əhəmiyyət verirlər.
Avstriya Azərbaycana mədəniyyət
sahəsində də əhəmiyyət verir.
Artıq 6-7 ildir ki, Avstriyada Azərbaycanın böyük
bəstəkarı Üzeyir Hacıbəylinin
heykəli ucalıb. Bunun özü
bir daha göstərir
ki, Azərbaycan-Avstriya münasibətləri
yüksək səviyyədə inkişaf
edir.
- Bu
yaxınlarda Rusiyanın Baş naziri Dmitri Medvedev
Azərbaycan neftinin nəqlinə dair müqavilənin dayandırılmasına
sərəncam verib. Rusiya
tərəfinin bu cür
addımını iki ölkə
arasındakı münasibətlər fonunda
necə qiymətləndirmək olar?
- Burada hər iki tərəf
öz kommersiya
maraqlarını nəzərə alıb. Bu
cür addımın atılmasında Azərbaycan
və Rusiyanın mövqeyi bir-birinə uyğun gəlir. Bu, adi prosesdir, müxtəlif
ölkələr arasında əməkdaşlıqda bu cür hallar
hər gün olur.
İstənilən hər hansı layihənin nə vaxtsa sonu ola
bilər və yeni layihələrə başlamaq olar. Beləliklə,
əməkdaşlıq da davam
edir.
Bilirsiniz ki,
Bakı-Novorosiysk boru kəməri ilə neftin ixrasına 1996-cı ildən
başlanıb. Əslində, bunun
dayandırılması ilə bağlı
danışıqlar xeyli vaxt
idi ki, gedirdi.
Burada elə böyük
problem yoxdur. İldə
təqribən 2 milyon ton
neftin ixracı nə Rusiya
üçün, nə də Azərbaycan
üçün elə böyük
gəlir deyildi. Bütün
bunlara görə də bu
məsələni o qədər
böyütməyə və şişirtməyə ehtiyac yoxdur. Bütün protokollara uyğun olaraq Rusiya tərəfi qərara gəlib ki, bu istiqamətdə neftin ixracı dayandırılsın. Bunun Azərbaycan üçün
böyük problemi yoxdur. Sadəcə olaraq bu, iki ölkə
arasında gedən adi prosesdir.
Bəzi
dairələr bu addımı Azərbaycan-Rusiya
münasibətləri kimi təqdim etməyə
çalışırlar. Bu, qətiyyən
belə deyil. Azərbaycan-Rusiya münasibətləri
normaldır. Bu cür
yanlış yanaşmalar aparan
dairələr isə hesab edirəm ki, deyib-deyib dayanacaqlar.
- Strasburqda
Avropa Şurası xarici
işlər nazirlərinin sammitində Avropa
Şurası Nazirlər Komitəsinə növbəti sədrlik
Ermənistana keçib. Ermənistanın
xarici işlər naziri
Edvard Nalbandyan bəyan
edib ki, Ermənistanın
quruma sədrliyi dövründə
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı məsələ kənarda saxlanacaq.
Buna münasibətinizi bilmək olar?
- Biz bunu dəfələrlə
demişik və indi də
deyirik. Məsələ
ondadır ki, Ermənistan tərəfi
artıq neçə illərdir ki, Rusiya, ABŞ və Fransanın nümayəndələrinin
iştirakı ilə gedən Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesinə öz
töhfəsini vermək əvəzinə, bu
münaqişənin həllinə hər dəfə
müxtəlif bəhanələr gətirməklə mane olur. Ermənistan tərəfi
artıq bunu illərdir ki,
davam etdirir. Artıq biz də bunu çox yaxşı bilirik.
Ermənistan tərəfinin atdığı bu cür addımlar həm
də dünya ictimaiyyətini, ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrini və beynəlxalq təşkilatları aldatmağa yönəlib, onların
gözündən pərdə asmaq üçündür. Çünki
müxtəlif variantlar fikirləşib
ortalığa mövzu atırlar, sonra isə dünya
ictimaiyyəti və beynəlxalq təşkilatlar oturub onun ətrafında vaxt itirirlər.
Elə
sizin verdiyiniz sualla bağlı da deyə
bilərəm ki, Ermənistan tərəfinin
bu cür bəyanatlarından
belə çıxır ki,
işğalçı ölkənin nümayəndəsi sabah Avropa Şurası
Nazirlər Komitəsinə sədrlik etsə, o
zaman həmin beynəlxalq təşkilatın
fəaliyyət istiqamətini tam dəyişəcək və
sairə. Məgər Avropa Şurası
Nazirlər Komitəsinə rəhbərliyə bunun üçün gəlirlər?
Bütün bunlar
tamamilə cəfəng fikirlərdir.
Ermənistan
çox kiçik
ölkədir və dünyada gedən
proseslərə öz istədiyi kimi təsir göstərə bilməz. Hətta
göstərsə belə, bunu heç kəs qəbul etməz. Çünki bu beynəlxalq
hüququn tələblərinə də tam ziddir. Sadəcə olaraq Ermənistan tərəfi bununla
növbəti hiyləsini göstərmək və bununla diqqəti cəlb etmək istəyir. Yəqin
ki, bilirsiniz. Xarici işlər naziri Edvard Nalbandyan belə bəyanat
da verib ki, Ermənistan münaqişənin həlli
ilə bağlı ATƏT-in Minsk qrupunun təklif etdiyi 6
prinsipə imza atmağa
və razılaşmağa hazırdır. Erməni nazir riyakarcasına deyib ki, guya Azərbaycan buna razı olmur, əgər
Azərbaycan tərəfi buna razı olsa, o zaman
seçkilərə kimi münaqişə
həll edilə bilər. Bütün bunlar da Ermənistan tərəfinin
hiyləgər, riyakar bəyanatlarından
biridir. Əgər belə məqam var idisə, o zaman Ermənistan prezidenti
belə bəyanatı Azərbaycan Prezidenti
ilə görüşən zaman da edəydi. Nə üçün
görüşdən sonra etdi? Çünki
bunların bütün məqsədləri
danışıqlar prosesini pozmaq və münaqişənin həllini
yubatmaqdır. Ermənistan tərəfi elə stituasiya
yaratmaq istəyir ki,
Dağlıq Qarabağ münaqişəsi
həll olunmasın və status-kvo indiki kimi qalsın. Ermənistan
tərəfi bununla həm də Rusiya, ABŞ və Fransanın ortaya
qoyduğu mövqeyə qarşı
çıxır. Yəni, Ermənistan tərəfi ATƏT-in
Minsk qrupu ölkələrinin
“status-kvo dəyişməlidir” tələbinə
qarşı çıxır.
Ermənistan
tərəfi 2 il əvvəl Kazanda keçirilən görüş
zamanı da oxşar
addım atıb. O zaman danışıqlar
prosesi sonadək davam etdi və
sonda qərar qəbul olundu. Ancaq həmin görüşdən
yarım saat sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan
dünya birliyini çaşdıran və
danışıqların sonunda
qəbul edilmiş qərarı təhrif edən bəyanatla çıxış etdi.
Ermənistan tərəfi bu
cür riyakar addımları tez-tez edir. Ermənistanın əvvəlki və
indiki rəhbərləri
erməni xalqını
öz maraqlarına indiyədək qurban verə-verə gəlirlər.
Erməni xalqının da
ən böyük faciəsi məhz onların 200 ildən çoxdur ki, belə rəhbərlərinin
tələsinə düşməsidir.
Ermənistan rəhbərləri yaxşı bilməlidirlər
ki, bir gün
bu xalq bütün
bunlara görə öz avantürist rəhbərlərindən hesab
tələb edəcəklər.
İndi erməni xalqı öz avantürist rəhbərlərinin girovunda
qalıb.
Edvard Nalbandyanın ağlına gündə bir fikir gələn
kimi onu dünyaya bəyanat kimi göstərir.
Nalbandyanın dediyi prinsiplər
indi ortaya qoyulsun, daha sonra ona mövqe
bildirilsin. Onun söylədiyi
fikirlər tamamilə
cəfəngdir və
dünyanı aldatmağa
hesablanıb. Ancaq Ermənistan
dünyanı bir-iki gün aldada bilər, həmişə
aldada bilməyəcək.
-
İndiki məqamda prezidentlərin görüşü
üçün vacib
predmet varmı?
- Hələlik buna ehtiyac yoxdur.
Çünki Prezident görüşə
gedəndə, danışıq
üçün hər
hansı mövzu olmalıdır, hansı məsələlər ətrafında
danışmaq lazımdır
və sairə. Bunu Azərbaycan Prezidenti də bəyan edib. Hələ ki prezidentlərinin
növbəti görüşünün
baş tutması üçün hazırda
ATƏT-in Minsk qrupunun vasitəçiliyi
ilə xarici işlər nazirləri arasında görüşlər
keçirilir. Bu yaxınlarda da xarici işlər nazirlərinin növbəti
görüşü gözlənilir.
Əgər prezidentlərin görüşünə
ehtiyac yaranarsa, o zaman Azərbaycan tərəfi bu məsələyə mövqeyini
bildirəcək.
- ABŞ-ın Minsk qrupunda yeni həmsədr təyinatında gözləntiləriniz
necədir?
- Gözləyək,
ABŞ-ın Minsk qrupundakı
yeni həmsədri səlahiyyətlərinə başlasın,
o zaman bəlli olacaq ki, onun
bu münaqişə ilə bağlı məlumatı nə qədərdir və problemin həllinə necə mövqe nümayiş etdirir. Hələlik ABŞ-ın yeni
həmsədri barədə
heç bir təsəvvürümüz olmadığı
üçün bu barədə fikir söyləmək olmur.
Əlbəttə ki, biz bu prosesin irəliyə getməsinə kömək
edə bilən təmsilçinin olduğunu
istərdik.
- Aprelin 30-da Təbrizdə
AMEA Ədəbiyyat İnstitutunun
elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı
yazar Xalidə Xalid səbəbsiz yerə həbs edilib. Artıq bu məsələ
ilə bağlı Azərbaycan tərəfi də İrana nota verib. Hazırda bu istiqamətdə
aparılan danışıqların
vəziyyəti necədir?
- Artıq bu məsələ ilə bağlı rəsmi Bakı öz mövqeyini bildirib. Bununla bağlı biz narahatıq,
belə hadisələri
qəbuledilməz hesab
edirik və bu məsələ ilə əlaqədar İran tərəfinin bizə müəyyən məlumatlar verməsini istəmişik.
Biz hər zaman arzu etmişik
ki, Azərbaycanla İran
arasında daim mehriban qonşuluq, dostluq və sıx əməkdaşlıq
münasibətləri olsun.
Azərbaycan tərəfi bu
əməkdaşlığın qorunub saxlanılması və inkişafı üçün çox addımlar atıb. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə qoyduğu
təməl indi də davam etdirilir.
Bu yaxınlarda da Azərbaycan Prezidenti Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyev İrana səfər etmişdi. Özü də bu səfər İran tərəfinin təkidli dəvəti ilə reallaşmışdı. Səfər zamanı keçirilən
görüşlərdə çox yaxşı danışıqlar oldu və ətraflı fikir mübadiləsi aparıldı. Ancaq bu cür addımlar danışıqlarımızın ruhuna uyğun gəlmir. Bu addımlar hansı məqsədlərlə atılırsa
atılsın, ancaq bu heç zaman
yaxşı nəticəsini
verə bilməz.
Tezliklə bu məsələ
həll olunmalıdır
və düşünürəm
ki, belə də olacaq. Hazırda bu istiqamətdə müəyyən proseslər
gedir. İnşallah, bu proseslər
başa çatanda xəbərimiz olacaq.
Vasif Həsənli
İki
sahil.- 2013.- 17 may.- S.5.