Yeni Azərbaycan Partiyası: Zamanın tələbi, xalqın istəyi

 

YAP Qobustan rayon təşkilatının VI konfransı keçirildi

 

Mayın 18-də Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının VI konfransı keçirildi. Konfransda Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" "qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Konfrans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə qızıl gül dəstələri qoydular.

Rayonun Gənclər Mərkəzində davam etdirilən konfransı Dövlət himni səsləndirildikdən sonra giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev gündəliyə uyğun olaraq rayon təşkilatının gördüyü işlər barədə məlumat verdi. Qeyd etdi ki, hazırda YAP Qobustan rayon təşkilatı özündə 53 ilk partiya təşkilatını birləşdirməklə 2084 üzvü var. Bunlardan 579 nəfəri qadınlar, 773 nəfəri isə gənclərdir.

F.Güləliyev, həmçinin bu il ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən danışdı: "Artıq Qobustan seçiciləri öz seçimlərini ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevi dəstəkləyəcək, ona səs verməklə Azərbaycanın uğurlu gələcəyinə səs verəcəklər. Azərbaycanın son on ildə qazandığı uğurların fonunda cənab İlham Əliyevin prezident seçkilərində qələbəsi şəksizdir. Dövlət başçısının hər zaman qeyd etdiyi kimi, siyasət konkret işlər, real məsələlərdir. Xalqımız hər zaman sözlə əməl birliyini görür, dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəyə böyük inamla irəliləyir."

Milli Məclisin deputatı Ərəstun Cavadov çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən, son on ildə Heydər Əliyev siyasətinin təntənəsindən geniş bəhs etdi. Bildirdi ki, sınaqlardan şərəflə çıxan Yeni Azərbaycan Partiyası bu gün nəinki ölkənin, bölgənin əsas aparıcı siyasi təşkilatına çevrilib. YAP-ın tutduğu yol ona ümumxalq sevgisini günbəgün artırır, qələbələr partiyası kimi nüfuzunu möhkəmləndirir.

YAP Siyasi Şurasının üzvü, "İki sahil"" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, YAP Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsidir. İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi partiyalardan öndə gedir. Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur.

V.Rəhimzadə bildirdi ki, Azərbaycan gənc müstəqil dövlət olsa da, sürətlə inkişaf edir, bölgədə, dünyada yeri və rolunu möhkəmləndirir, beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilir. Ölkəmizin bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq prinsipini həyata keçirdiyi siyasətin önündə saxalması uğurların davamlılığını şərtləndirən əsas amillərdən biridir. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə stimul verir. Uğurla gerçəkləşən layihələr yeni-yeni layihələr üçün zəmin yaradır. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması da gerçəkdəşdirdiyi layihələrin nəticəsidir.

O da vurğulandı ki, iqtisadi uğurları şərtləndirən əsas amillərdən biri də siyasi islahatlar, demokratikləşmə prosesinin sürətlə həyata keçirilməsidir. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən əsas göstəricilərdən biri məhz ölkədə seçkilərin azad, şəffaf və dünya standartlarına uyğun keçirilməsidir. 1995-ci ildə Milli Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə diqqət yetirsək, ildən-ilə təkmilləşmənin şahidi olarıq. Seçkilərdə Yeni Azərbaycan Partiyasının böyük qələbələr qazanması isə xalqın bu partiyaya inamının, dəstəyinin göstəricisidir. Yeni Azərbaycan Partiyasının bütün üzvləri öz fəaliyyətləri ilə ölkəmizi gücləndirir, siyasi sistemin inkişafında fəal rol oynayırlar.

V.Rəhimzadə çıxışında bu inamı da ifadə etdi ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində böyük uğur qazanmaqla ictimai fikirdə qazandığı "uğurlar partiyası" imicini daha da möhkəmləndirəcək. Bu əminliyi şərtləndirən əsas amil partiyanın yeganə namizədi cənab İlham Əliyevin ölkəmizin uğurlu inkişafı üçün gördüyü işlər və əldə olunan uğurlardır. Uğurlarımız yeni-yeni məqsədlərə yol açmaqla yanaşı, onların gerçəkləşəcəyinə böyük inam yaradır.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərdən, əldə olunan uğurlardan danışdı. Bildirdi ki, ölkənin hərtərəfli inkişafında Bakı və Bakıətrafı qəsəbələrin, regionların inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün regionlar arasında sağlam rəqabətin getdiyi göz önündədir. Bütün rayonlarda quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bir sözlə, Azərbaycan quruculuq meydançasına çevrilib.

A.Məmmədov Prezident İlham Əliyevin bu günlərdə rayona səfərindən, görülən işlərlə yaxından tanış olmasından bəhs edərək bildirdi ki, bu səfər rayon ictimaiyyətində xoş əhval-ruhiyyə yaratdı. Atılan hər addım bu gerçəkliyi ortaya qoyur ki, dövlətin siyasətinin əsasında vətəndaş amili dayanır. "Məhz Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir ki, son illər rayonumuzda geniş sosial və infrastruktur layihələrin həyata keçirilməsinə nail olunmuş, rayonda çoxsaylı məktəb binası və inzibati binalar tikilib istifadəyə verilmişdir. Kəndlərimizə su çəkilir, bütün yaşayış məntəqələrimiz qazlaşdırılır, yollarımız asfaltlanır. Yeni iş yerləri rayon ictimaiyyətinin ixtiyarına verilir. Təkcə rayonun mərkəzində deyil, ən ucqar kəndlərimizdə belə insanların rahatlığı üçün zəruri olan işlər görülür. Bunu hər bir qobustanlı görür və dəyərləndirir."

Sonda gündəliyə uyğun olaraq Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçildi, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olundu.

 

 

İki sahil.- 2013.- 21 may.- S.13.