Azərbaycan dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib
Dövlət
başçısı İlham Əliyev Şamaxı Cümə
məscidinin əsaslı təmirdən sonra
açılış mərasimində bir daha qeyd etmişdir
ki, ölkəmizdə nə dini, nə milli zəmində
heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq
olmayıb və olmayacaqdır
“Azərbaycan
müstəqil dövlət kimi islam həmrəyliyinə də
öz töhfəsini verir. Bütün müsəlman ölkələri
ilə biz çox mehriban münasibətlər əzmindəyik.
Əslində bunu etmişik. İslam həmrəyliyinin
gücləndirilməsi üçün əməli
addımlar atırıq. Azərbaycan İslam Əməkdaşlıq
Təşkilatının fəal üzvüdür. Azərbaycan
bu təşkilatın fəaliyyəti üçün
lazımi töhfələr verir. İslam Əməkdaşlıq
Təşkilatı Azərbaycanda dini sahədə aparılan
işləri çox yüksək qiymətləndirir. Biz
çalışmalıyıq ki, bundan sonra da islam həmrəyliyini
gücləndirək, müsəlman ölkələri
arasındakı əlaqələri genişləndirək.”
Bu günlərdə Şamaxıya səfəri
çərçivəsində Cümə məscidinin əsaslı
təmirdən sonra açılış mərasimində
iştirak edən dövlət başçısı
İlham Əliyev real faktlar əsasında bu gerçəkliyi
bir daha diqqətə çatdırmışdır ki, Azərbaycan
dövləti artıq dünya xəritəsində
tolerantlıq mərkəzinə çevrilib. Qeyd edək ki,
Cümə məscidində əsaslı bərpa və yenidənqurma
işləri Heydər Əliyev Fondunun “Tolerantlığın
ünvanı: Azərbaycan” layihəsi çərçivəsində
həyata keçirilmişdir. Dövlət
başçısı İlham Əliyev 2009-cu ilin
dekabrında və 2013-cü ilin fevralında
imzaladığı sərəncamlarla milli mənəvi dəyərlərimizin
qorunmasına, dini memarlıq abidələrinin bərpasına
böyük diqqət göstərən Heydər Əliyev
Fondunun bu təşəbbüsünə dəstək
olmuş, Azərbaycan-Şərq memarlığının
incisi olan bu abidəyə ikinci həyat bəxş etmiş,
xalqımızın əsrlərlə formalaşan zəngin
irsinin və mədəniyyətinin qorunmasına, gələcək
nəsillərə ötürülməsinə töhfə
vermişdir.
Dövlət başçısı
çıxışında bu fikri də xüsusi qeyd
etmişdir ki, Azərbaycanda fəaliyyət göstərən
bütün dinlərin nümayəndələri bir ailə
kimi yaşayır və yaşayacaq. Bu əminlik də ifadə
olunmuşdur ki, ölkəmizdə nə dini, nə milli zəmində
heç vaxt heç bir qarşıdurma,
anlaşılmazlıq olmayıb və olmayacaq.
Qeyd edək ki, ötən əsrin
sonlarında sovetlər birliyinin dağılması ilə
yaranan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial,
demoqrafik sahələrdə olduğu kimi dini
dözümlülük ənənələrinin qorunması
üçün də əsil sınağa çevrildi. Bəşər
sivilizasiyasının müxtəlif mədəniyyətlərin
qorunması üçün dinlər və mədəniyyətlərarası
dialoqun yaranmasına ehtiyac artdı. Bu baxımdan tolerantlıq
və dözümlülük ənənələri ilə
tarixən zəngin olan Azərbaycan bir çox millətlərin
və dini konfessiyaların yanaşı yaşamasını təmin
edən ölkə kimi nümunə göstərildi.
1993-cü
ildə ümummilli lider
Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra
xalqlar və dinlərarası münasibətlər,
dialoqlar müasir dövrün tələblərinə
uyğunlaşdırıldı. Dövlət-din münasibətləri
modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun
qarşısında bərabərdir və eyni
statusa malikdir. Milli
Konstitusiyanın 48-ci “Vicdan
azadlığı” maddəsində qeyd olunur ki, hər kəsin
dinə münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə
bağlı əqidəsini ifadə etmək
və yaymaq hüququ
vardır. 2009-cu ildə keçirilən ümumxalq
səsverməsində Konstitusiyanın bu
maddəsinə belə bir əlavə də
edildi ki, heç kəs öz dini etiqadını və əqidəsini ifadə
etməyə (nümayiş etdirməyə),
dini mərasimləri yerinə yetirməyə
və ya dini mərasimlərdə
iştirak etməyə məcbur edilə
bilməz. Konstitusiyanın bu
maddəsinə uyğun olaraq
dini etiqad
azadlığının həyata keçirilməsi üçün münasib
şəraitin formalaşdırılması məqsədilə
yaradılan Azərbaycan Respublikasının Dini
Qurumlarla İş
üzrə Dövlət Komitəsi dini fəaliyyət
sahəsində dövlət siyasətinin həyata
keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin
müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti
orqanlarının dini qurumlarla
bağlı fəaliyyətinin əlaqələndirilməsini
təmin edir.
Azərbaycan
dünyəvi dövlətdir. Lakin
dünyəvilik dini inkar
etmək deyil, bu
dövlətin siyasi qurumunun
məzmununu müəyyən edir. Din insanların cəmiyyət
qarşısında məsuliyyətlərini daha
da artırır. Dövlətin
dinə münasibətində də siyasətin əsasını
mənəviyyatı milli sərvətin tərkib
hissəsi kimi dəyərləndirməsi
təşkil edir. İnsanın sərbəst
yaşayıb işləməsi üçün
bütün azadlıqlarının mövcud olduğu ölkəmizdə
bu münasibətlər yüksək
səviyyədə tənzimlənir. İslam
Əməkdaşlıq Təşkilatının üzvü, çoxmillətli,
çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda 11 kilsə, 6 sinaqoq
və digər dini məbədlər mövcuddur. Bakıda yerləşən,
1920-ci ildə bağlanmış Jen Mironasets, bütün
Rusiyanın Patriarxı II Aleksey tərəfindən
müqəddəs elan olunan
baş kafedral kilsəsi
milliyyətcə müsəlman olan iş adımının maddi
dəstəyi ilə bərpa olunaraq
istifadəyə verilmişdir.
Hazırda paytaxtımızda provoslavların müqəddəs
Məryəm Miladı baş kilsəsi,
katoliklər üçün müqəddəs
məbəd, yəhudilərin sinaqoqları fəaliyyət
göstərir.
Dünyanın
33 ölkəsini təmsil edən, 200-dən artıq yüksək
səviyyəli nümayəndənin iştirakı ilə Dünya dini liderlərinin
sammitinin Bakıda keçirilməsi də
Azərbaycanın tolerantlıq təcrübəsinin yüksək
dəyərləndirilməsindən irəli gəldi. Həmin sammitdə
ölkəmizin sülhsevərliyi, birgəyaşayış
qaydalarına hörməti Azərbaycan xalqına məxsus humanist və xeyirxahlıq kimi
dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda
tolerantlığın səviyyəsi yüksəkdir və məmnunluq
hissi yaradır. Azərbaycanda hər kəs
istədiyi dinə, etiqad edir,
istədiyi kimi ibadət edir.
Ölkəmizdə
dini və milli dözümlülüyün çox
böyük və şərəfli tarixinin olması Bakıda təşkil olunan sivilizasiyalararası dialoqun
gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda
da dəfələrlə səslənmişdir.
Ötən il Bakıda “XXI əsr:
ümidlər
və çağırışlar” devizi
altında keçirilən Beynəlxalq
Humanitar Forumda da dövlət başçısı İlham Əliyev bildirmişdir:
“Sivilizasiyaları, dünya
dinlərini birləşdirmək, əməkdaşlığı
dərinləşdirmək üçün
hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən
önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı,
Azərbaycanın bu sahədəki təcrübəsi
maraq doğurmazdı.”
Dünya ictimaiyyəti üçün aydın olan
həqiqət budur ki,
Azərbaycanın dinlərarası dialoqun
mərkəzinə çevrilməsi prosesi
bu gün də uğurla davam etdirilir. Milliyətindən, dinindən
asılı olmayaraq bütün
Azərbaycan vətəndaşları ölkə
iqtisadiyyatının güclənməsində iştirak edir. Azərbaycanda milli dəyərlərə
sadiqlik, ümumbəşəri dəyərlərə
hörmət meylləri respublikanın müasirləşməsinə,
modernləşməsinə xidmət göstərir. “Ölkənin
gücü təkcə onun
iqtisadi imkanları ilə ölçülmür”
söyləyən dövlət başçısı İlham Əliyev dünya
dini liderlərinin sammitində bir daha bu
fikri diqqətə
çatdırmışdır ki, bizim gücümüz
birliyimizdədir, ölkədə hökm
sürən sabitliyin möhkəmlənməsindədir,
dini və milli sülhün mövcudluğundadır. “Biz qloballaşma
deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı,
xoş niyyət və münasibətləri,
dostluğu nəzərdə tuturuq” deyə bildirən Prezident
İlham Əliyev vurğulayır ki, milli dəyərlərimizə
sadiq olmalı, qloballaşma
adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər
aşılanmamalıdır. Azərbaycan xalqı milli mənəvi dəyərlərinə
bağlı olmaqla ümumbəşəri
dəyərləri paylaşmağı da
diqqət yetirir. Dövlət
başçısı İlham Əliyev
Şamaxı Cümə məscidinin açılış mərasimində
də bu məsələyə xüsusi diqqət yönəltmişdir: “Biz bütün işləri
möhkəm təməl üzərində, dəyərlər
üzərində qururuq. Milli
mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl
üzərində müasir dövlət,
müasir Azərbaycan qururuq.”
Məlum
olduğu kimi, sovetlər
birliyi dövründə xalqımız nə
qədər məhrumiyyətlərlə, çətinliklərlə
üzləşsə belə dininə, mənəvi dəyərlərinə
sadiq qalmışdır. Müstəqillik
əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və
ehtiram güclənmişdir. İslam xalqımıza xoşbəxtlik,
inkişafı, mədəniyyət, müqəddəs dəyərlər
bəxş edib. Ümummilli
lider Heydər Əliyev ictimai-siyasi
həyatının bütün
sahələrində, o cümlədən
dövlət-din münasibətlərinin sivil
prinsiplərinə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında,
dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normaların
çevrilməsində müstəsna xidmətlər
göstərmiş, böyük siyasi irsin və dövlətçilik
təcrübəisnin təməlini qoymuşdur.
İslami qanunların haqq-ədalət yolu olduğunu bildirən ulu öndərin “Mən fəxr edirəm ki, Azərbaycan müsəlmanları öz müqəddəs dininə itaət
etmək, dini ayinlərə, qanunlara-qaydalara riayət etmək üçün indi geniş imkanlar əldə
ediblər” fikri
islami dəyərlərin tarixi, mənəvi irsin, mədəniyyətin,
milli mentalitetimizin
ayrılmaz hissəsi olduğunu bir daha sübut
edir. Ulu öndərin bu tezisinin
davamı olaraq dövlət
başçısı İlham Əliyev
Cümə məscidinin açılış mərasimində
bildirmişdir ki, islam mərhəmət dinidir.
“Çalışmalıyıq ki, əməli
addımlarla dünyada islam
dini haqqında dolğun
və ədalətli məlumatlar çatdıraq... Bəzi
hallarda qəsdən müsəlmanlar
haqqında çox yanlış təsəvvür
yaradılır. Bəzi hallarda kütləvi
informasiya vasitələri bu
məsələnin dərinləşməsində öz rolunu oynayır. Əfsuslar
olsun ki, müxtəlif
bölgələrdə vətəndaş müharibəsi gedir, qardaş qanı
axıdılır. Biz buna
imkan verə bilmərik.”
Azərbaycanda
daim diqqət yetirilən vətəndaş
birliyi, həmrəyliyi, dini,
milli məsələlərin həllində
əldə olunmuş uğurlar
tarixi sərvətimiz, nailiyyətimizdir.
Respublikamızda vicdan, demokratik
azadlıqlar güclənir, bu istiqamətdə
davam edən meyillər möhkəmlənir.
Demokratiyanın
tələblərinə uyğun olaraq insanlar üçün sərbəst
düşünmək, istədiyi dinə inanmaq
imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun
tənzimlənir. Ölkəmizdə yaranan
bu cür demokratik şəraiti yüksək qiymətləndirən
xarici qonaqlar etiraf edirlər ki, dünyada çox
az dövlət tapılar ki,
Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün
təmin olunması üçün səylər
göstərilsin, dövlət başçısı səviyyəsində
müxtəlif konfessiyaların rəhbərləri ilə
görüşlər keçirilsin,
ayrı-ayrı xalqların dini mərasimlərində
iştirakı təmin olunsun. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri
ilə görüşür, onların ehtiyac və problemlərinə maraq
göstərir, ölkədə tolerantlığın
formalaşması, milli azlıqların ictimai həyatın bütün
sahələrinə inteqrasiyası, dini, əqidə
azadlığının təmin olunması üçün
dini liderlərlə konstruktiv
mövqe nümayiş
etdirilir. Müqəddəs dini bayramlar münasibətilə
ölkəmizdə məskunlaşan müxtəlif
xalqları, icmaları təbrik edən Prezident
İlham Əliyev vurğulayır ki, yüksək əxlaqi dəyərlərə
əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli
azlıqları, öz etnik-dini
adət-ənənələrini, dil
və mədəniyyətini bu
günümüzə qədər yaşatmışlar.
Dövlət
başçısı İlham Əliyev
Cümə məscidinin açılış məraimində
Azərbaycanın bütün sahələrdə
qazandığı uğurlar fonunda diqqəti yeganə problemimiz
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə, işğal
altında olan Şuşa,
Ağdam məscidlərinə yönəldərək
bu
inamı ifadə etmişdir ki, gün gələcək biz
o məscidləri də bərpa edəcəyik.
Azərbaycan bayrağı Şuşada,
Xankəndidə, işğal olunmuş bütün torpaqlarda dalğalanacaq. O günü yaxınlaşdırmaq üçün bütün
Azərbaycan cəmiyyəti, vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi
daha da gücləndirməli,
hərtərəfli inkişaf etdirməliyik:
“Bu gün Azərbaycan
azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa
da və gələcəyə inamla baxmağa da qadirdir.”
Yeganə Əliyeva
İki sahil.- 2013.- 21 may.- S.3.