“Siyəzənneft” NQÇİ: duzçökməyə

qarşı nanotexnologiya

 

Duz çökməyə qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması neft sənayesində başlıca problemlərdəndir. Belə ki, düz çökməsi dərinlik nasoslarının, qazlift klapanlarının, mədəndaxili kommunikasiya xətlərinin vaxtından əvvəl sıradan çıxmasına, hasilat və vurucu quyuların məhsuldarlığının azalmasına səbəb olur, neftin nəqli və hazırlanması proseslərində ciddi çətinliklər yaradır.

 

Duz çökməsi kompressor, dərinlik nasosu və eləcə də elektrik dalma nasosları ilə istismar prosesində lay sularının duzluluğu və qələviliyi yüksək olduqda daha çox təsadüf olunur.

Quyuların süzgəc zonasında, qoruyucu və istismar kəmərlərinin qeyri-hamar hissələrində və qaynaq birləşmələrində, həmçinin quyuiçi avadanlıqların daxili səthində duz təbəqəsinin yaranması maye axınına böyük maneçilik törədir. Yaranmış fəsadların aradan qaldırılması əlavə xərclər tələb etməklə, vaxt və neft itkisinə səbəb olur.

Azərbaycanın bir çox neft-qaz yataqlarının ayrı-ayrı horizontları yüksək minerallaşma dərəcəsinə malik aqressiv lay suları ilə xarakterizə olunduğundan duzçökmə ilə bağlı problemin əhatə dairəsi daha genişdir. Odur ki, kollektorlarda və lift borularında yaranan duz çökmələrinin qarşısının alınması üçün müxtəlif elmi-tədqiqat institutları və elmi müəssisələr tərəfindən çoxsaylı tədqiqatlar aparılmış, onun yaranma səbəbləri və buna qarşı mübarizə üsulları öyrənilmişdir. Məlum olmuşdur ki, duzçökmə mürəkkəb hidro-termodinamik şəraitdə, çöküntülərin intensivliyinə, xarakter və tərkibinə təsir göstərən neft komponentlərinin, qaz fazası və mexaniki qarışıqların iştirakı ilə lay sularının həddindən artıq doyması zamanı baş verir.

Hazırda duz əmələgəlməsinə qarşı mübarizə məqsədilə tətbiq olunan mövcud texnoloji, fiziki və kimyəvi üsullar az səmərəli olduğundan, neft-qaz hasilatında bu problem hələlik öz həllini tapmamış və yeni texnoloji prosesin işlənilməsi istiqamətində tədqiqatların aparılmasını zəruri etmişdir.

Bu məqsədlə ARDNŞ-in Baş ofisinin “Nanotexnologiyalar” Departamenti tərəfindən “Kiçik təsir və kiçik həyəcan effekti” nəzəriyyəsi əsasında yeni metal nanohissəcik və polimer tərkibli nanosistem işlənmişdir. Bunun üçün “Azneft” İB-nin bir sıra NQÇİ-lərinin mədəndaxili kollektor xətlərində və quyuların lift borularında əmələ gələn duz çöküntülərindən götürülən nümünələrin laboratoriya şəraitində analizləri aparılmış, nəticələrə əsasən həmin duz çöküntülərinin qarşısının alınması üçün yeni nanosistem işlənmişdir. Bu nanosistem su əsaslı olub, tərkibi suda həll olan polimerlər (KMS-karboksimetilsillüloza, PAA- poliakrilamid və s. ), stexiometrik miqdardan dəfələrlə az miqdarda götürülmüş - ingibirləşmiş 20%-li xlorid turşusu məhlulu və müxtəlif metal nanohissəciklərdən ibarətdir.

Laboratoriya şəraitində alınmış yeni nanosistem duzçökmə prosesində lift borularında və kollektorlarda çökə biləcək duzları həll edir, duz kristalları əmələ gətirəcək ionları təcrid edir. Boruların daxili divarlarında adsorbsiya olunaraq qoruyucu təbəqə əmələ gətirir və aqressiv mühitin təsirini zəiflədir. Mədən-sınaq işləri “Qaraçuxur” İNM, “Bibiheybətneft” NQÇİ və “Siyəzənneft” NQÇİ-lərdə həyata keçirilmiş, yüksək səmərəlilik əldə edilmişdir.

Xüsusən “Siyəzənneft” NQÇİ-nin 1300m-lik mədəndaxili kollektorunda və 1547 saylı hasilat quyusunun lift borularında duz çökməsinin qarşısının alınması məqsədilə nanosistemin tətbiqi çox uğurlu alınmış və problemin həllinə nail olunmuşdur.

Sədan yatağında istismarda olan 1547 saylı quyuda tətbiq prosesi 60 gün davam etdirilmişdir. Tətbiqdən əvvəl çıxarılan ümumi mayedə lay suyunun duzluluğu 30,64 q/l, duza görə təmirarası müddət isə 22 gün təşkil edirdi.

Nanosistemin tətbiqindən keçən 84 gün ərzində quyuda duzlaşma ilə əlaqədar heç bir yanalma olmamışdır. Tətbiqdən əvvəl və sonra götürülmüş lay suyunun hidrokimyəvi analizinin müqayisəli təhlilindən göründüyu kimi lay suyunun tərkibində duz əmələ gətirən Mq və hidrokarbonat (HCO3-) ionlarının ekvivalent miqdarı uyğun olaraq 2,20 - dən 4,79-a və 0,77 - dən 1,07 - yə yüksəlmişdir. Nəticədə hasil olunan mayedə lay suyunun duzluluğu 31,40 q/l-ə çatmış və lift borularında duzun çökməsi məhdudlaşdırılmışdır.

2 saylı NQÇS-nin mədəndaxili maye kollektorunda duzlaşmanın qarşısını almaq və mayenin nəqlini yaxşılaşdırmaq məqsədilə 30 aprel 2013-cü il tarixində gündəlik 350 litr olmaqla nanosistemin tətbiqinə başlanılmış və proses 75 gün davam etmişdir. Tətbiq işlərinin başlanmasına qədər kollektorda duzlaşma ilə əlaqədar təzyiq 0,8 atm-dən 1,9 atm-dək qalxırdı. Bu səbəbdən ayda bir dəfə döyəcləmə və 50 m3 su ilə yumaqla təmizləmə işləri həyata keçirilirdi. Nanosistemin tətbiqi nəticəsində boruların divarlarında nanoörtük yaranmış, hidravlik müqavimət azalmış, duzçökmənin qarşısı alınmış və mayenin nəqli intensivləşmişdir.

Tətbiqin əvvəlindən keçən 6 ay müddətində kollektorda təzyiq 0,8 atm olmaqla sabit qalmış, heç bir yanalma olmamışdır. Yaranmış nanoörtük hesabına hal-hazırda təsirin effekti davam edir.

Nanosistemin təsir mexanizminin öyrənilməsi üçün boruların daxili divarlarının analizi aparılmışdır. Analiz nəticəsində müəyyən olunmuşdur ki, borunun divarları karbonatlı duzlardan tamamilə təmizlənmişdir. Borunun divarının səthinin AQM (atom qüvvət mikroskopu) vasitəsi ilə analizi zamanı borunun daxili divarlarında polimer əsaslı korroziyaya davamlı, 250-300 nm qalınlığında nanoörtüyün yaranması müəyyən olunmuşdur. Eyni zamanda, qaldırılmış quyuiçi avadanlığın, nasos kompressor borularının və ştanqların səthlərində duzun izi belə müşahidə edilməmişdir.

Beləliklə, nanosistem həm duz kristallarının ilkin inkişafı mərhələsində əmələ gələn qeyri-stabil klasterlərin böyüyərək kristal əmələ gəlməsinin qarşısını alır, həm də mövcud kristalların səthində sürüşkən təbəqənin əmələ gəlməsi nəticəsində böyüməsinə imkan vermir. Stabil kolloid məhlul yaradılmaqla hidravlik müqavimət azalır, boruların divarlarında nanoörtük əmələ gəlir və korroziyadan mühafizəyə nail olunur. Duzçökmənin məhdudlaşdırılması ilə mayenin nəqli intensivləşir. Eyni zamanda nanosistemin tətbiqilə təmirarası müddət artırılır, yanalmalarla bağlı vaxt itkisinin qarşısı alınır, əlavə xərclər və əmək məsrəfləri azaldılır. Quyuiçi avadanlığın və nəql xətlərinin istismar müddəti uzadılır.

 

Nüsrət Məmmədov

 

İki sahil.- 2013.- 15 noyabr.- S.20.