Fərhad Bədəlbəyli: “Tez-tez yuxuda görürəm ki, Şuşadayam,

narın qar yağır, atam sağdır və mən xoşbəxtəm”

 

“Bəzi insanlar pulu görəndə titrəyirlər”

 

“Hər şey yaxşıdır desəm həqiqətən uzaq olar, amma uğurlarımız da çoxdur. Bolqarıstanda beynəlxalq müsabiqədə bizimkilər 1, 2 və 3-cü yerləri tutublar. Həm pianoçularımız, həm də skripkaçılarımız. Müəllimlərimiz Fidanla Xuraman dünya səhnələrində sözlərini deyirlər, bəstəkar Arif Məlikovun 80 illiyini qeyd etdik. Burda, Üzeyir bəyin ocağında uğurlarımız çoxdur”.

Bu fikirləri APA TV-də yayımlanan “İlqar Rəsul və...” proqramının qonağı olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru  Fərhad Bədəlbəyli deyib.

 Fərhad Bədəlbəyli musiqi aləminə addım atdığı ilk illəri xatırlayıb: “50-ci illərdə qəhrəmanlarımız Baxı dinləyib valeh olan balaca oğlan uşağı  idi. O uşaq sonradan böyüyüb böyük musiqiçi olur. Bu gün təəssüflər olsun ki, qəhrəmanlarımız banditlər, əxlaqsız qızlar, serial qəhrəmanlarıdır. Mən ən böyük məktəbimi dahi Niyazinin evində keçmişəm.  Onun övladı yox idi və məni özünün oğlu hesab edirdi.  O evdə ikinci konservatoriyanı qurtarmışam.  Allah rəhmət eləsin Niyazi müəllimə, Həcər xanıma. Hər konsertdən sonra süfrə açılar, İran aşı bişirilərdi o evdə.  Rastropoviç, Şestakoviç, Raykin... Kimlər olmazdı o evdə. BizPoladla, Fidanla, Xuramanla balaca idik, onları dinləyərdik.  Maestro deyirdi ki, get mənim xətrimə bir saat futbol oyna, sonra beş saat piano çalacaqsan. O nə deyirdi, mənim üçün qanun idi. Hərdən düşüb futbol da oynayardı mənimlə, birlikdə çimərliyə gedirdik. Fəxrlə əlindən tutub gedirdim, elə bilirdim hamı ona yox, mənə baxır. Birdən qoşuldu  balıqçılara, mən də dedim axı, siz böyük adamsınız, onlar kim, siz kim? Dedi ki, sən sadə adamlarla dostluq elə, gələcək həmkarlarınla yox. Çünki həmkarlar səni satacaq, sadə adamlar isə yox.  Yaralı idi, çünki intriqalar çox idi, səviyyəsizlər Qara Qarayevin, onun, Fikrət Əmirovun arasına intriqalar salırdılar. O söz hələ də qulaqlarımdadır, ona görə də mənim çox dostlarım sadə adamlardır”.

 Fərhad Bədəlbəyli həyatda satqınlıqla üzləşdiyini deyib: “Motsart-Salyeri əhvalatı bu günvar. Sənətdə yox, amma məni də  satıblar. Bəzi insanlar pulu görəndə titrəyirlər”.

“Bədəl bəy Şuşalı maarifçi-pedaqoqÜzeyir bəyin dostu idi. Qori seminariyasını birlikdə oxumuşdular. Bir maraqlı əhvalat da olub, “Leyli və Məcnun” operasını ikinci pərdəsində Məcnunun səsi batıb, Üzeyir bəy deyib ki, Bədəl bəy, sən çıx oxu, müəllim çıxıb oxuyub. Görünür, musiqini bilibbütün məşqlərdə olub. Sovet küçəsində məktəbi vardı, orada da yığışıb teatrın işini görürdülər. Ən əsas işi maarifçilik olub.  Məmmədəmin Rəsulzadə bir məqaləsində yazır ki, nə yaxşı ki, Bədəl bəyin bu məktəbi varburada ədəbi-bədii gecələr keçiririk”.

Fərhad Bədəlbəyli babası ilə bağlı maraqlı faktları açıqlayıb: “20-ci ildə Bədəl bəylə Nəriman Nərimanov nərd oynayırlarmış. Hər ikisi çox kədərli imiş. Bədəl bəy deyib ki,  yenə müstəmləkə olduq. Nərimanovun ölümü də müəmma oldu, hər halda tariximizin böyük şəxsiyyəti idi. 37-ci ildə iki əmim heç nədən sürgün olundu. Davud əmimin yoldaşı Əmircanovlardan olduğu üçün. Qadının əmisi xaricdə yaşayırmış. Əmimi çağırıb deyiblər ki, ya arvadını boşa, ya Sibirə gedəcəksən. Əmim deyib necə yəni,  kişi belə halda necə hərəkət edər. 15 il Sibirdə yaşayıblar, xalq düşməni kimi. Atam deyirdi sən Bədəlbəylisən, əgər sənət kimi özünə pianonu seçmisənsə, birinci olmalısan.  Ona görə qızım da dedi ki, birinci olmaq çətindir və keçdi biznesə. Mən indiÜzeyir bəyin ruhu ilə danışıram, məsləhət alıram. Üzeyir bəy olmasaydı, bizdə musiqi sənəti, incəsənət bu qədər yüksək səviyyədə olmazdı, Dubaydakı kimi olardı. Bizə musiqini Üzeyir bəy verdi, məktəb onun, kitablar onundur. Fikrət Əmirov, Əfrasiyab, Niyazi - hamısı onun yetirmələridir.  Los-Ancelesdə “Arşın mal alan”ı səhnəyə qoyduq, Üzeyir bəyin adı ilə oynandı, mahnılar Azərbaycan dilində ifa olundu. Zal amerikanlarla dolu idi, Cənubi Azərbaycandan olanlarfarslar da çox idi. 38-ci ildə həmin yerdə Üzeyir bəyin adını da çəkmədən həmin əsəri plagiat oynamışdılar. Ürəyimdə onun ruhuna dedim ki, ustad, indi bu zal sənin qarşında baş əyir.  “Arşın mal alan” yeganə əsərdir ki, Çindən Amerikaya qədər bütün səhnələrdə qoyulub. Hələ günahkar bizik ki, çox yaya bilmirik. Məsələn, “Yeddi gözəl”i də qoymalıyıq dünya səhnələrində.  Musiqi, elə Üzeyir bəy özü bütün tanklardan güclüdür, çünki hələ ki, tank istifadə edə bilmirik, Üzeyir bəyin “silahı” isə bütün dünyada işlədilə biləcəyimiz “silah”dır”.

 Fərhad Bədəlbəyli daha bir maraqlı faktı açıqlayıb: Musiqili Komediya Teatrını atam Şəmsi açıb, ilk dəfə də Niyazi “Arşın mal alan”ı orkestrovka etmişdi. Üzeyir bəy bunu eşidib əsəbiləşmişdi ki, mənim əsərlərim övladlarımdır, heç qardaşım oğluna da onlara toxunmağa icazə vermirəm. Sonra musiqini dinləyəndə xoşuna gəlmişdi.  Libretto da gözəldir, ariyalar da, hər şey gözəldir bu əsərdə. 100 il sonra da yaşayacaq.  Atamdan soruşdum ki, niyə Üzeyir bəy açdığı konservatoriyada rektor olmadı? Burada erməni də rektor olub, amma Üzeyir bəy yox? Dedi, Əfrasiyab danışırdı ki, həmin vaxtlar Üzeyir bəy hər gün onu həbs edəcəklərini gözləyirdi, çünki doğma qardaşı  Ceyhun bəy xaricdə siyasi fəaliyyətlə  məşğul olurdu. Bolşeviklər ona etibar etməyiblər. 38-ci ildən sonra StalinKoroğlu” operasını bəyəndi və özü Üzeyir bəyin partiyaya namizədliyini təklif etdi. Yalnız bundan sonra Üzeyir bəyi rektor təyin etdilər. Yenə incimədi, işlədi, çalışdı. Konservatoriyanın üstündən adını götürdülər, mən lövhənin götürülməsinə icazə vermədim, prezidentdən adın bərpası barədə xahiş elədim. Sağ olsun, bərpa elədi.

Səid Rüstəmov çox yeyən olub. Gəlib bir dəfə Üzeyir bəyin yanına. Yemək gəlib süfrəyə, Səid deyib ki, mən indicə bir qazan yemək yeyib gəlmişəm. Üzeyir bəy deyib yox, mən sənsiz yeməyəcəyəm. Bir qab gəlib hərəsinə. Üzeyir bəy başını qaldırıb ki, Səidin qabı boşdur, ikincini də gətirdib, üçüncünü də, özü hələ bir qabı yeyib bitirmədən. Axırda deyib, Səid, nə yaxşı ki, yeyib gəlmişdin”.

 BMA rektoru işğal olunan torpaqlarımızdan da danışıb: “Şuşanın yoxluğu Üzeyir bəyin, Bülbülün, Əfrasiyabın, Rəşidin, bizim hamımızın yoxluğudur. Şuşa bizim bütöv tariximizdir.  Biz uşaq vaxtı Ermənistandakı torpaqlardan söhbət düşəndə deyirdik niyə Zəngəzur, Göyçə deyirsiniz, oralar Ermənistandır axı. Atam deyirdi ki, onlar hamısı bizim torpaqlardır, bunu bilin. Bizim idi, tarix başqa qərar verdi. Mən qorxuram bu tarix gələcəkdə Şuşa ilə də təkrarlana. Xaricdə musiqiçilərə mütləq Şuşadan danışıram, çalışıram azərbaycanlı üçün Şuşanın nə olduğunu başa salım.  Şuşaya Vaqifin məqbərəsinin açılışına getmişdik.  Külək yox, narın-narın qar yağır Şuşanı həmişə yuxumda belə qarlı görürəm. Görürəm ki, qar yağır, atam sağdır və mən xoşbəxtəm. Bütün titullarımı Şuşada bir məktəb açmağa dəyişərdim.  İşimi davam etdirməyi də gözəl musiqiçilərimizə tapşırardım. Özüm isə Niyazini, atamı, anamı görmək üçün o dünyaya tələsərdim. Hamıya da deyərdim ki, çalışın, yaxşılıq edin”.

 

İki sahil.- 2013.- 16 noyabr.- S.21.