Yeni Azərbaycan
Partiyası - dünənin,
bu günün və gələcəyin partiyası
Yeni
Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli
siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və
partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin
ifadəsi kimi çıxış edir.
Azərbaycan
siyasi palitrasında milli siyasi iradəni təmsil edən
avanqard siyasi qüvvə olan və fəaliyyəti
xalqımızın ali mənafeyinin ifadəsi kimi
çıxış edən Yeni Azərbaycan
Partiyasının (YAP) yaranmasından 21 il ötür.
Ümumiyyətlə, YAP ötən əsrin 80-ci illərinin
sonu 90-cı illərin əvvəllərində ölkəmizdə
meydana çıxan mürəkkəb siyasi situasiyanın
daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən
irəli gələrək Azərbaycan xalqının arzu və
istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
Belə ki, 1988-ci ildən başlanan iqtisadi,
siyasi, xüsusilə hakimiyyət böhranı, həmçinin,
həmin illərdə Azərbaycanda rəhbərliyə gətirilən
səriştəsiz, imperiya ağaları qarşısında
əyilən, milli maraqlarımızdan xəbərsiz olan dairələrin
gündən-günə güclənən erməni təcavüzünün
qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər
etmək, Vətənin təhlükəsizliyini və əhalinin
rifahını təmin etmək əvəzinə öz
hakimiyyətlərini qorumaq uğrunda mübarizə
aparmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi.
Ölkəni bürüyən total böhran AXC-”Müsavat”
tandeminin bacarıqsızlığı və səriştəsizliyi
səbəbindən daha da dərinləşmişdi. Məhz
belə bir ərəfədə Azərbaycanın
düçar ola biləcəyi daha böyük fəlakətlərin
qarşısını almaq, uçurum qarşısında
olan dövlətimizi xilas etmək məqsədilə
xalqımızın milli maraqlar ətrafında birləşmiş
sağlam qüvvələri, həmçinin, ziyalılar dahi
şəxsiyyət Heydər Əliyevə müraciət etdilər.
Beləliklə, 1992-ci il oktyabrın 24-də ziyalıların
müraciətinə cavab məktubunda Ulu öndər Heydər
Əliyevin yaranmış vəziyyəti dərindən təhlil
etməsi və çıxış yolunu göstərməsi
noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis edilməsi zərurətini
reallaşdırdı.
YAP
xalqımız qarşısındakı ali missiyasını
uğurla yerinə yetirir
Bu, bir həqiqətdir
ki, yarandığı gündən YAP-ın Ümummilli lider
Heydər Əliyev tərəfindən müəyyənləşdirilən
və uğurla tətbiq edilən əsas proqram məramı
Azərbaycanın dövlət müstəqilliyinin qorunub
möhkəmləndirilməsindən, ərazi
bütövlüyünün təmin edilməsindən, demokratik,
hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq,
ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və
sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və
partiyamız bu 21 ildə öz məqsədlərinə
uyğun fəaliyyət göstərib. Məhz
buna görə də, ümumxalq partiyasına çevrilən,
600 mindən çox üzvü olan YAP bu müddət ərzində
ölkədə keçirilən prezident, parlament və bələdiyyə
seçkilərində inamlı qələbələr
qazanaraq qələbələr partiyası kimi
çıxış edib.
Eyni zamanda, ötən
müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda
(1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin
gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
baxımından mühüm rol oynayıb. Yaxın tariximizə
mərhələli şəkildə nəzər salsaq,
aydın şəkildə görərik ki, Ümummilli lider
Heydər Əliyevin uzaqgörən və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycan böyük
inkişaf yoluna qədəm qoyub. Ulu öndər Heydər
Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində
Azərbaycan öz dövlət müstəqilliyinin dönməzliyini
təmin edib, sosial-iqtisadi və beynəlxalq sahədə
mühüm nailiyyətlər qazanıb. Ermənistanın Azərbaycana
qarşı təcavüzünün qarşısı
alınıb, Dağlıq Qarabağ münaqişəsinin həlli
yolunda, diplomatik cəbhədə düşmən üzərində
üstünlük əldə edilib.
Ulu öndər
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu proses
davam etdirildi.
Təbii ki, varislik
prinsipi, eyni zamanda, müstəqil dövlətimizin
inkişafı üçün başlanan siyasətin
davamlı olmasıdır. Məhz bu ali məqsədin
reallaşması naminə Ümummilli liderimiz Heydər
Əliyev böyük çətinliklərlə qurduğu
dövlətə rəhbərlik etmək üçün
namizədini elan etdi: “O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm
ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımzın firavanlığı yolunda çox işlər
görəcək. İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
Ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Bu fikirlərin məntiqi
nəticəsi cənab İlham Əliyevin 2003-cü ilin 15
oktyabrında xalqın mütləq əksəriyyətinin
etimadını qazanaraq ölkə Prezidenti seçilməsi
oldu. Xalq liderinin sözünə güvənərək
öz tarixi seçimini etdi. 2005-ci ilin mart ayında isə
YAP-ın III Qurultayı keçirildi. Qurultayda təşkilati
məsələlərə baxıldı və Azərbaycan
Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham
Əliyev partiyanın Sədri seçildi. Beləliklə, cənab
İlham Əliyevin YAP-ın Sədri seçilməsi ilə
partiyanın həyatında yeni mərhələ
başladı.
YAP-ın əldə etdiyi nailiyyətlərin
ciddi
tarixi
və siyasi əsasları mövcuddur
YAP-ın əldə etdiyi nailiyyətlərin
ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz bu
yanaşmanın doğruluğunu isbat edən başlıca
göstəricilər qismində partiyanın müxtəlif
zaman kəsiklərində keçirdiyi qurultayların nəticələri
və bütün ümummilli seçkilərdə əldə
etdiyi parlaq qələbələrdir. YAP-ın
yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən
bütün ümummilli seçkilərdə parlaq qələbələr
qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən
məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə
partiyamızın uğurlarının miqyası genişlənir
və bu da seçkilərin nəticələrində də
özünü aydın şəkildə ifadə edir. 2003,
2008 və cari ildəki prezident seçkiləri buna
sübutdur.
Onu da qeyd etmək gərəkdir ki, bu dövrdə
partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi
təşəbbüslərlə də çıxış
edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan
Konstitusiyasında dəyişikliklər təşəbbüsü
ilə çıxış edərək bununla bağlı
ümumxalq səsverməsinin - referendumun keçirilməsini
təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə
müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il
martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi
ilə bağlı ölkədə referendum keçirilməsi
haqqında qərar qəbul etdi. Referendumun nəticələri
isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi.
YAP bu uğurları və qələbələri
2004-cü və 2009-cu illərdə keçirilmiş bələdiyyə
seçkilərində də təkrarlayıb. Əlbəttə
ki, partiyamızın uğurları bununla bitməyib.
YAP-ın əzəmətli qələbələri parlament
seçkilərində də özünü göstərməkdədir.
2005-ci ildə 3-cü çağırış Milli Məclisə
seçkilərdə 64 deputat mandatı qazanmaqla partiyamız
öz rəqiblərini xeyli geridə qoydu. Məlumdur ki,
2010-cu il noyabrın 7-də Azərbaycanda 4-cü
çağırış Milli Məclisə seçkilər
keçirildi. Bu seçkilərdə mütəşəkkil
qaydada iştirak edən, güclü seçki kampaniyası
aparan YAP bu seçkilərdə də əhəmiyyətli qələbə
qazanaraq 70-dən çox deputat mandatı əldə etdi. Bu qələbələri
şərtləndirən mühüm amillərdən biri də
YAP-ın daim yeni, müasir seçki texnologiyalarını
seçki kampaniyası zamanı tətbiq etməsidir.
YAP-ın
V Qurultayı partiyanın və
Azərbaycanın tarixində önəmli hadisədir
YAP-ın 21 illik
keçmişinə nəzər salarkən partiyanın
2013-cü il 7 iyun tarixində keçirilən və Azərbaycan
siyasi tarixinin əlamətdar hadisəsi olan V Qurultayını
ayrıca qeyd etmək lazımdır. Qurultay çərçivəsində
qəbul edilən qərarlar partiyanın gücləndirilməsi
istiqamətində mühüm əhəmiyyət kəsb
edib. Partiyanın V Qurultayında əsas diqqət
mərkəzində olan məsələlər Prezident
İlham Əliyevin yenidən partiyanın Sədri seçilməsi
və yenidən 2013-cü il 9 oktyabr tarixində keçiriləcək
prezident seçkilərində namizədliyini irəli sürməsi
idi. Bu qərarlar YAP-ın 600 minlik üzvü və
bütövlükdə Azərbaycan xalqı tərəfindən
gözlənilən qərar oldu. Seçkilərin nəticələri
də qurultayın qərarının ümumxalq səviyyəsində
dəstəkləndiyini təsdiq etdi.
Bununla
yanaşı, V Qurultayda partiyanın strukturlarına yeni
seçimlərin edilməsi təşkilati nöqteyi-nəzərdən
xüsusi önəm daşımaqla bərabər,
partiyanın fəaliyyətinin
stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin
artırılmasına əhəmiyyətli töhfələr
verdi. Xüsusilə
vurğulamaq gərəkdir ki, Azərbaycanın müstəqilliyinin
ilk dövrlərindən etibarən milli mədəniyyətin
qorunması sahəsində çoxşaxəli və
genişmiqyaslı fəaliyyət göstərən ənənəvi
musiqinin, ədəbiyyat və poeziyanın, idmanın
inkişafına verdiyi töhfələrə,
musiqi təhsili və dünya mədəniyyətlərinin
mübadiləsi sahəsindəki xidmətlərinə görə
ölkəmizdə və beynəlxalq aləmdə təqdir
olunan Azərbaycanın birinci xanımı, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın Yeni Azərbaycan
Partiyasının Sədrinin müavini seçilməsi əlamətdar
hadisə kimi səciyyələndirilməlidir. Sirr
deyil ki, Mehriban xanım Əliyeva həm də millət vəkili
kimi təqdirəlayiq fəaliyyəti ilə, Azərbaycanın
müxtəlif ölkələrlə münasibətlərinin
inkişafına töhfə verməklə ölkənin
siyasi həyatında aktiv iştirak edir. Bu
isə Mehriban xanım Əliyevanın milli maraqlar nöqteyi-nəzərindən
xüsusi əhəmiyyət kəsb edən ictimai-siyasi proseslərin
dinamikasına və müasir müstəqil Azərbaycanın
inkişafına mühüm töhfələr verdiyini
göstərir. Mehriban xanım Əliyevanın YAP Sədrinin
müavini seçilməsi partiya və cəmiyyət
üçün mühüm əhəmiyyət kəsb etməklə
yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi
istiqamətində mötəbər hadisədir.
V Qurultayı xarakterizə
edərkən, ilk növbədə, qeyd etmək
lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət əldə
etdi, siyasi təşkilat olaraq daha da gücləndi, monolit
siyasi güc kimi ölkənin siyasi sisteminə hakim
olduğunu nümayiş etdirdi. Bütövlükdə, Yeni
Azərbaycan Partiyasının V Qurultayı yuxarıda
sadaladığımız əsas amilləri həll etməklə
bərabər, Azərbaycan xalqının tarixinin gələcəyi
ilə də bağlı, əslində qərar vermiş
oldu.
Qeyd edək ki, Yeni Azərbaycan
Partiyasında son islahatlar partiyanın V Qurultayında
alınan qərarlarla məhdudlaşmır. Belə
ki, YAP-ın idarə heyətinin bu ilin noyabr ayında
keçirilən iclasında partiyanın Sədr müavinləri
arasında iş bölgüsünün müəyyən
edilməsi və müxtəlif sahələri əhatə edən
12 komissiyanın yaradılması barədə qərar qəbul
edilib. Bu, bir daha onu göstərir ki, YAP öz fəaliyyətini
davamlı olaraq təkmilləşdirir, zamanın tələblərinə
uyğun addımlar atır və daha çox inkişaf edir.
Prezident seçkilərində möhtəşəm
qələbə
YAP-ın
yüksək nüfuzundan xəbər verir
Sirr deyil ki, Azərbaycan cəmiyyəti
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasətin fonunda əldə edilmiş
möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi
inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir.
Bu gün hər bir Azərbaycan vətəndaşı
Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir.
Məhz dünyanın mühüm sorğu mərkəzləri
və nüfuzlu ekspertləri də öz qənaətlərində
Prezident İlham Əliyevin qarşıdan gələn prezident
seçkilərində alternativsiz namizəd olduğunu ifadə
edirdilər. Tezliklə zaman göstərdi ki, xalqın
seçimi bu dəfə də dəyişməzdir və
verilən proqnozlar özünü doğrultdu.
Məlum
olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 9-da
keçirilən prezident seçkilərində seçicilərin
84,59 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm
qələbəyə imza atdı. Bu uğur, əslində,
Azərbaycanın son 10 ildə keçdiyi yola,
qazandığı uğurlara, daxili və xarici siyasət kursuna, bu kursu həyata keçirən
Prezident İlham Əliyevin fəaliyyətinə verilən ən
yüksək qiymətdir.
Bu qələbə həm
də Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı
roluna xalqın verdiyi qiymət idi. Bildiyimiz kimi,
fəaliyyət göstərdiyi 21 il ərzində YAP sosial,
iqtisadi sahələrdə əldə olunan uğurlarda,
ölkənin beynəlxalq mövqelərinin güclənməsində,
daxili və xarici siyasət kursunun həyata keçirilməsində
və ən nəhayət, növbəti dəfə
seçkilərdə möhtəşəm qələbənin
qazanılmasında hər zaman Heydər Əliyev yolunun
davamçısı olub. Bu, o deməkdir ki, Azərbaycanın
siyasi reallığında öz fəaliyyətini milli maraqlar
əsasında quran Yeni Azərbaycan Partiyası ölkədə
əsas milli qüvvə kimi çıxış edir.
Bu baxımdan, 9 oktyabr
qələbəsi Yeni Azərbaycan Partiyasının namizədinə
və həm də partiyanın özünün fəaliyyətinə,
cəmiyyətdəki roluna xalqın verdiyi dəyərdir.
Xüsusi olaraq qeyd etmək
lazımdır ki, Prezident İlham Əliyevin prezident
seçkilərində böyük üstünlüklə
qalib gəlməsinin əsasında da xalqın iradəsi,
inamı və seçimi dayanır. Azərbaycan xalqı bir
daha təsdiq etdi ki, ölkəmiz doğru yolda irəliləyir.
Seçkilərdə yüksək fəallıq göstərən
Azərbaycan seçicisi bir daha təsdiq etdi ki, xalq bundan sonra
da Heydər Əliyev yolunun davam etdirilməsini istəyir. Siyasi plüralizm, şəffaf, ədalətli,
demokratik şəraitdə baş tutan seçkilərin nəticəsi
xalqın öz gələcəyini güclü, müstəqil,
hərtərəfli inkişafa malik rifah dövlətinin
yaradılmasının qarantına - Prezident İlham Əliyevə
etibar etdiyini göstərdi. Və əminliklə demək
olar ki, öz yolunda inamla irəliləyən Azərbaycanda
növbəti 5 ildə də davamlı inkişafın, yeni
nailiyyətlərin şahidi olacağıq.
Yeni Azərbaycan
Partiyası siyasi sistemin
monolit
gücü və avanqard siyasi institutudur
Konkret faktlar deməyə əsas verir ki,
Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə
siyasi sistemin dinamikliyinə və onun elementlərinin təkmilləşməsinə
xüsusi təkan verən elit institutdur. Söylədiyimiz
tezisi daha da aydınlaşdırmaq üçün YAP-ın
fəaliyyət substratlarının əsasında
aşağıdakı siyasi ümumiləşdirmələri
aparmaq lazımdır:
- Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi
palitrasında ən güclü və fundamental resurslara malik
sosial-siyasi təsisatdır: Partiyanın fundamental resursları
sırasına onun öz ətrafında cəmiyyətin ən
nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi,
üzvlərinin sayının 600 mindən çox olması,
güclü siyasi idarəçilik təcrübəsinə
malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri
daxildir;
- Yeni Azərbaycan Partiyası siyasi sistemdəki
yerinə və fəaliyyət mexanizminə görə rəqabət
partiyası (başqa sözlə, səfərbəredici
partiya) kimi səciyyələndirilir. Belə
ki, YAP öz fəaliyyəti ilə rəqiblərini aktiv
siyasi mübarizəyə və rəqabətə cəlb edən,
sosial konsensusu və siyasi sistemin rəqabətlilik qabiliyyətini
təmin edən təsisatdır. Qısacası, Yeni Azərbaycan
Partiyası siyasi plüralizmin yüksək səviyyədə
təmin olunmasına və sistemin komponentlərinin tərəqqisinə
xüsusi təkan və töhfələr verməkdədir;
- YAP ideoloji xarakteristikasına görə
islahatçı, praqmatik və mütərəqqi siyasi
institutdur. Partiyanın fundamental ideoloji prinsipləri
azərbaycançılıq, güclü və müstəqil
dövlətçilik, yüksək rifah, varislik,
yaradıcı təkamül, konstruktiv əməkdaşlıq,
milli həmrəylik, sosial ədalət, sağlam rəqabətə
əsaslanan siyasi mübarizə kimi təməl dəyərləri
özündə ehtiva edir. Bu da nəticə etibarilə
sözügedən siyasi institutun siyasi palitrada mövqeyini
möhkəmləndirməyə və fəaliyyət sahəsini
daha da genişləndirməyə imkan verir;
- Yeni Azərbaycan Partiyası daxili təşkilati
strukturuna görə antreprener (açıq) sistemə
malikdir. Belə ki, təşkilati
strukturuna görə YAP mərkəzləşdirilmiş
partiya intizamının yüksək səviyyədə təmin
olunduğu, cəmiyyətin bütün qruplarının, əhalinin
ən müxtəlif təbəqələrinin
maraqlarının ifadə olunduğu siyasi təsisatdır.
Digər tərəfdən, sözügedən
kriteriyaya görə, partiya müxtəlif sahələrə
yararlı, yüksək səviyyəli kadr potensialı
hazırlayan daxili fəaliyyət mexanizminə malikdir.
Dolayısıyla, bütün bu xüsusiyyətlərin
fonunda Yeni Azərbaycan Partiyası nəzəri-konseptual,
proqram-siyasi və aktual-praktik səviyyədə üzvlərinin-təmsil
etdiyi qrupların ali maraqlarını
yüksək səviyyədə ifadə və təmin etməkdədir;
- YAP siyasi sistemdəki mövqeyinə müvafiq olaraq
leqal və demokratik ictimai-siyasi təsisatdır. Belə ki, partiyanın qatıldığı
ümummilli və lokal səciyyəli bütün seçkilərdə
rəqibləri ilə sağlam mübarizə aparması
faktı sübut edir ki, sözügedən siyasi təsisat
legitim fəaliyyət mexanizminə və substratlarına
malikdir.
Beləliklə, yuxarıda sadalanan
fundamental faktlar və reallıqlar YAP-ın ictimai-siyasi
mövqeyini və nüfuzunu gücləndirməkdədir.
Sadalananları ümumiləşdirsək, yekun olaraq qeyd edə
bilərik ki, xalqın yüksək inamı, etimadı və
dəstəyi ilə 20 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan
Partiyası daşıdığı dəyərlərə
və səmərəli fəaliyyət mexanizminə görə
vətəndaşların siyasi iştirakçılıq və
sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası
inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən,
müsbət və sağlam ictimai rəyin
formalaşmasında mühüm rol oynayan aparıcı,
avanqard sosial-siyasi təsisatdır.
YAP-ın
ideoloji prinsipləri milli həmrəylik
və
bütövlüyü təmin edən mexanizm kimi...
YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən
birini də onun ideoloji siyasəti təşkil edir.
Partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında qəbul
edilmiş Proqramda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası
qarşısına qoyduğu vəzifələrin həllinə
nail olmaq məqsədilə öz fəaliyyətində
aşağıdakı ideoloji prinsiplərə əsaslanır:
- Müstəqil dövlətçilik prinsipi:
yaşadığımız tarixi dövrün
reallıqları müstəqil dövlət quruculuğu
prosesində xalqın iradəsini əsas imperativ kimi qəbul
etməyi, intellekt azadlığına, peşəkarlığa,
səriştəliliyə əsaslanıb əhalinin
bütün səylərini birləşdirməklə
sosialyönümlü iqtisadiyyata arxalanan demokratik, hüquqi,
dünyəvi dövlət qurmağı tələb edir. Odur ki, müstəqil, güclü və qüdrətli
dövlətçilik Yeni Azərbaycan Partiyasının
birinci əsas prinsipidir.
- qanunçuluq prinsipi: hüquqi
dövlət və vətəndaş cəmiyyəti hakimiyyətin
qanunverici, icraedici, məhkəmə qollarına bölünməsini
və onlar arasında bir-birini tamamlayan
qarşılıqlı münasibətlərin
yaradılmasını tələb edir. Sivil,
demokratik dövlətin fundamental əsaslarından birini təşkil
edən bu prinsip ictimai praktikada reallaşdırılmadan
qanunların aliliyi, idarəetmədə peşəkarlığın
üstünlüyü və dövlət idarəçiliyinin
mükəmməlliyi təmin edilə bilməz. Dünya praktikası sübut edir ki, hüquqi
dövlət və vətəndaş cəmiyyətində
qanunun aliliyi qorunur və ictimai həyatda hüquqi normalara
hörmət etməklə vətəndaş birliyi
yaranır. Məhz bu baxımdan, YAP-ın
uğrunda mübarizə apardığı əsas amallardan
biri cəmiyyətdə qanunun aliliyini qorumaq, yalnız qanunlar
çərçivəsində insanların və hakimiyyət
orqanlarının fəaliyyətini tənzimləməkdir.
Buna görə də, partiyanın ikinci əsas
prinsipi qanunçuluqdur.
- Azərbaycançılıq, vətənçilik
prinsipi: Yeni Azərbaycan Partiyası dilindən, dinindən,
etnik və sosial mənşəyindən asılı olmayaraq,
Azərbaycan dövlətinə və onun qanunlarına tabe
olan, ölkəmizdə və onun hüdudlarından kənarda
yaşayan bütün Azərbaycan vətəndaşlarını
Azərbaycan xalqı, Azərbaycanı isə onların
ümumi, bölünməz Vətəni, doğma yurdu hesab
edir. Azərbaycan dövləti milli
varlığımızın, birliyimizin, dinc və firavan həyatımızın
təmin edilməsinin, hər kəsin hüquq və
azadlıqlarının qorunmasının yeganə, etibarlı
vasitəsidir. Odur ki, partiyanın
üçüncü əsas prinsipi özündə milli, mənəvi
və ümumbəşəri dəyərləri əks etdirən
Azərbaycançılıq və Vətənçilikdir.
- varislik, yaradıcı təkamül
prinsipi: YAP-ın dördüncü əsas prinsipi
özündə milli-mənəvi dəyərlərin
ümumbəşəri dəyərlərlə zənginləşməsini
və onların yaradıcı təkamül yolu ilə
inkişafını ehtiva edən varislikdir. Dövlətçiliyin
varislik və yaradıcı təkamül prinsipinə əsaslanması
həm cəmiyyətin, həm də ictimai şüurun
inkişaf qanunauyğunluqlarından irəli gəlib tərəqqinin
qüdrətli vasitəsinə çevrilir.
- konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi
prinsipi: partiyanın beşinci əsas prinsipi vətəndaş
həmrəyliyinə nail olmaq üçün Azərbaycanda
fəaliyyət göstərən mütərəqqi və
sağlam mövqeyə malik olan ictimai təşkilatlarla və
partiyalarla fəal və konstruktiv əməkdaşlıq etməkdən,
milli maraqlarımızın qorunması naminə bütün
səviyyələrdə ümumi mənafeləri
uyğunlaşdırmaqdan, başqa əqidədə olanlarla
vicdanlı və açıq dialoqa hazır olmaqdan ibarətdir.
- sosial ədalət prinsipi: cəmiyyətdə
müxtəlif təbəqələrin nümayəndələrinə
bərabər imkanların yaradılması, sosial dövlət
vasitəsilə sosial rifahın təmin olunması kimi
başlıca məsələlər YAP-ın ideoloji siyasətində
sosial ədalət prinsipi ilə ifadə olunub.
Beləliklə, sadalananlar deməyə əsas
verir ki, Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti
milli həmrəylik və bütövlüyü təmin edən
mexanizm qismində çıxış edir. Eyni zamanda,
bir neçə istiqamətdə xüsusi əhəmiyyət
kəsb edir:
-YAP-ın ideoloji siyasəti sosiumda siyasi
iştirakçılığın və sosiallaşmanın
artmasına fundamental töhfələr bəxş edir. Beləliklə,
vətəndaşların siyasi iştirakçılıq səviyyəsinin
artması cəmiyyətdaxili dinamikanı artırır və
milli inkişafı sürətləndirən mexanizm qismində
çıxış edir;
- YAP-ın öz fəaliyyətində rəhbər tutduğu
ideoloji prinsiplər cəmiyyətdə təşəkkül
tapmış demokratik norma və dəyərlərin
möhkəmlənməsinə mühüm töhfələr
bəxş edib və bu proses hazırda da davam etməkdədir.
Yeni Azərbaycan Partiyasının bilavasitə təşəbbüsü
ilə Azərbaycan Respublikasının Milli Məclisində
ictimai, siyasi və hüquqi anlamda mühüm əhəmiyyət
kəsb edən qanunlar qəbul olunmaqdadır. Qüvvəyə minmiş qanunların tətbiqi
mexanizmlərinin mükəmməl surətdə müəyyən
olunması ictimai, siyasi, iqtisadi və hüquqi müstəvidə
inkişafa yol açan əhəmiyyətli dəyişiklikləri
şərtləndirən faktor kimi çıxış edir.
Beləliklə, Yeni Azərbaycan
Partiyasının ideoloji prinsipləri cəmiyyətdə
milli dəyərlərin təşəkkül
tapmasını və möhkəmlənməsini şərtləndirən,
milli həmrəylik və bütövlüyü təmin edən
mühüm institusional mexanizm qismində dəyərləndirilməlidir.
YAP-ın
gənclər siyasəti ölkənin
etibarlı gələcəyini təmin edir
Vurğuladığımız kimi,
özündə yüksək intellektual potensialı birləşdirən
YAP-ın sıralarında gənclər də böyük
üstünlük təşkil edir və partiya
sıralarına yeni qoşulanların mütləq əksəriyyəti
də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu öndərin rəhbərlik
etdiyi və Onun ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində
gənclərə geniş imkanların yaradılmasına,
onlarda milli şüurun, vətənpərvərlik ruhunun
formalaşdırılmasına xüsusi diqqət yetirib.
Təsadüfi deyil ki, hələ 1993-cü ildə ölkə
gənclərinin bir qrup nümayəndəsi ilə
görüşən Ulu öndərin səsləndirdiyi
fikirlər həm gənclərimizə, həm də ölkəmizin
mövcudluğunu həzm edə bilməyən qüvvələrə
önəmli mesaj idi: “Biz dövlətin və cəmiyyətin
idarə edilməsində gənc nəslin qüvvəsinə
arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Beləliklə, Ulu öndərə
böyük inam və etimad göstərən Azərbaycan gəncliyi
tezliklə dövlətin və hakim Yeni Azərbaycan
Partiyasının ətrafında sıx birləşdi. Ümummilli lider gənclərin cəmiyyətin fəal
və aparıcı qüvvəsinə çevrilməsi,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinə aktiv cəlb olunması yönündə
əməli addımlar atdı.
Ulu öndərin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun
rəhbərliyi ilə YAP fəaliyyətinin prioritet istiqamətlərindən
biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli
inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı
rolunun artması, idarəçilik strukturlarında geniş təmsil
olunması xüsusi diqqət mərkəzindədir.
Görülən effektiv tədbirlərin nəticəsidir
ki, hazırda Milli Məclisdə, bələdiyyə
qurumlarında çalışan gənc kadrların sayı
hiss olunacaq dərəcədə artır, habelə, müxtəlif
dövlət orqanlarına vakant yerlər üzrə
keçirilən müsabiqələrdə gənclərin irəli
çəkilməsi onların dövlət idarəçiliyinə
fəal cəlb olunması deməkdir. Dövlət
başçısının müvafiq sərəncamları
ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi, bu ilin iyul
ayının 7-də isə “Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə” Dövlət Proqramının təsdiq edilməsi
gənclərin ictimai fəaliyyətinin,
yaradıcılığının və təşəbbüslərinin
dövlət tərəfindən dəstəklənməsinin
bariz göstəriciləridir.
YAP-ın Gənclər Birliyi bu gün də
istedadlı, cəmiyyətə və dövlətə
yararlı olmaq istəyən gəncləri öz ətrafında
birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli
inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi,
gənclərin aktiv ictimai fəaliyyətə cəlb
olunması və digər istiqamətlərdə işlər
görür.
Yeni Azərbaycan
Partiyası çoxşaxəli
beynəlxalq əlaqələrə malikdir
Hazırda daxili siyasətdə
aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının
beynəlxalq əlaqələri də yüksələn xətt
üzrə inkişaf edir, əməkdaşlığın
coğrafiyası və məzmunu genişlənərək
keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP müasir
qloballaşan dünyanın
çağırışlarına çevik reaksiya verərək,
əməkdaşlıq imkanlarından maksimum faydalanır və
Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə
çatdırmaq istiqamətində geniş fəaliyyət
göstərir.
YAP-ın müxtəlif ölkələrin siyasi
partiyaları və demokratik təsisatları ilə qurduğu
işgüzar və səmimi münasibətlər
ardıcıl surətdə inkişaf edir. YAP-ın beynəlxalq
əlaqələrində dost və qardaş Türkiyənin,
MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın
bir sıra aparıcı siyasi partiyaları və qurumları
ilə münasibətləri prioritet istiqamət kimi əsas
götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə,
Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin,
Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin
aparıcı siyasi partiyaları ilə uzun müddətdir
sıx və qarşılıqlı münasibətlərə
malikdir, partiyalar arasında intensiv görüşlər
keçirilir, fikir və təcrübə mübadilələri
aparılır.
Xüsusi olaraq qeyd etmək lazımdır
ki, YAP 51 ölkənin siyasi partiyalarının təmsil
olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı”
(İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi
nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində
mühüm tribuna əldə edib.
Bununla yanaşı, YAP-ın Avroatlantik məkanda
baş verən siyasi proseslərə təsir imkanları da
genişlənib. Bu mənada, Almaniyanın,
Fransanın, İtaliyanın, İspaniyanın və digər
ölkələrin hakimiyyətdə olan partiyalarını
özündə birləşdirən və Avropa Parlamentində
çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə
münasibətlər keyfiyyətcə yeni mərhələyə
qədəm qoyub.
Bir sözlə, Yeni Azərbaycan
Partiyasının beynəlxalq əlaqələrinin
coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan
Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq
təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Onu da qeyd etmək lazımdır ki, üzvlərinin
sayı 600 mini ötən Yeni Azərbaycan Partiyası
dünyanın aparıcı ölkələrində uzun illər
fəaliyyət göstərən bir çox güclü
partiyaların sırasına cəmi 21 ildə qatıla bilib. Deməli, bu partiya həqiqətən demokratik,
hüquqi dəyərləri özündə cəmləşdirmiş
gənc partiya kimi daim inkişafda, möhkəmlənməkdə,
demokratik dünyaya inteqrasiya etməkdədir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
İki sahil.- 2013.- 21 noyabr.- S.12; 16.