Heydər Əliyev ideyaları Azərbaycanın

dünəni, bu günü və sabahıdır

 

YAP Gənclər Birliyinin təşkilatçılığı əsasında partiyanın yaradılmasının 21 illiyinə həsr olunmuş tədbirdə bir daha qeyd olundu ki, Heydər Əliyev irsi öyrənilməli və təbliğ edilməlidir

 

Dünən YAP Xətai rayon təşkilatının qərargahında YAP Gənclər Birliyinin təşkilatçılığı əsasında partiyanın yaradılmasının 21 illiyinə həsr olunan tədbir keçirildi.

Partiyanın rayon və şəhər təşkilatlarının fəal gənclərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, bayram tədbirləri müqayisəli təhlillər əsasında uğurlarımıza işıq salır. “Yeni Azərbaycan Partiyasının yaradılması zamanın tələbi idi. Əlbəttə, keçdiyimiz 21 illik yol şərəfli tarixdir. Bu tarixin səhifələrini vərəqlədikcə bir gerçəkliyin şahidi oluruq ki, qarşıya nə qədər çətinliklər çıxsa da, düşünülmüş siyasətin nəticəsində onların hər biri öz müsbət həllini tapıb. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Bu uğurlarda Yeni Azərbaycan Partiyasının xidmətləri inkaredilməzdir. Uğurlarımızın fonunda bu fikri böyük inamla qeyd edirik ki, qarşıdakı illər Azərbaycan üçün daha böyük nailiyyətlərlə yadda qalacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olmaq iqtidarındadır. Bunları həyata keçirmək üçün mühüm əsaslar var.”

O da qeyd olundu ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən qüdrətli təşkilatıdır. Partiyanın gücünün, qüdrətinin əsasında dayanan başlıca amil Heydər Əliyevin adı ilə bağlı olmasıdır. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri İlham Əliyevlə əlaqədardır. 2003-cü ildən bu günə Azərbaycanın çox sürətlə, dinamik inkişafı, modernləşməsi, müasir bir cəmiyyətə çevrilməsi, həyatımızın bütün sahələrində dəyişikliklərin əsasının qoyulması insanlarda cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə böyük inam formalaşdırıb. 9 oktyabr prezident seçkilərində bu inamın bir daha şahidi olduq. Cənab İlham Əliyevin qələbəsi xalq-iqtidar birliyinin bariz nümunəsidir. Bu gün partiyanın sıralarında 600 mindən artıq üzvün birləşməsi də YAP-ın yaradıcısı Heydər Əliyevin ideyalarına sədaqətin, onun siyasi kursunun davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Bu qüvvə Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində səfərbər olunub, fəaliyyət göstərir və bundan sonra da hər fədakarlığı göstərməyə hazırdır.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli çıxışında bu fikri xüsusi qeyd etdi ki, Yeni Azərbaycan Partiyası yaşadığı 21 illik şərəf tarixinə bundan sonra daha böyük qələbələr yazmaq gücündədir. Bu uğurları şərtləndirən əsas amillərdən biri partiyanın xalqa xidmət etməsidir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində bu məsələyə xüsusi diqqət yönəltmişdir. Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar olduğunu önə çəkən Prezident İlham Əliyev bildirmişdir: “Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.”

H.Rəcəbli İlham Əliyevin dövlət quruculuğu modelinin səciyyəvi xüsusiyyətlərini diqqətə çatdırdı. Bildirdi ki, nəticədən öncə səbəbə diqqət yetirilməsi uğurlara yol açan başlıca şərtdir. Bütün sahələr üzrə konkret proqramlar qəbul olunubuğurla icra edilir. Regional inkişaf proqramlarının uğurlu icrası ölkənin hərtərəfli inkişafını sürətləndirir. Paytaxt və bölgələrdə həyata keçirilən quruculuq, abadlıq işləri də ölkəmizin artan iqtisadi qüdrətinin, maliyyə imkanlarının təsdiqidir. Bütün bunların hamısı insanların rifahının artması ilə yanaşı, həyatının keyfiyyətinin dəyişməsinə səbəb olur. Eyni zamanda atılan addımlar bütövlükdə Azərbaycanın müasirləşməsinin, yeniləşməsinin, insanların rahat yaşamasının təmin edilməsinə yönəlib. Yeni Azərbaycan Partiyasının başlıca amalı ölkəmizin qüdrətini artırmaq, Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirmək, bunların da fonunda əhalinin sosial müdafiəsini gücləndirməkdir.

YAP İdarə Heyətinin üzvü Kərim Kərimov ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən “91-lər”in müraciətində Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaranan partiya olduğunun öz əksini tapdığını qeyd etdi. Partiyanın yarandığı dövrdə ictimai-siyasi durumun ağır vəziyyətdə olmasından, insanların sabaha olan ümidlərinin itməsindən bəhs edən K.Kərimov qeyd etdi ki, 1992-ci ilin noyabrın 21-də təsis konfransını keçirən Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilərək xalqda sabaha ümid yaratdı, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı.

K.Kərimov 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın tarixində yeni mərhələnin açıldığını xüsusi qeyd edərək, ötən dövr ərzində uğurlu siyasət nəticəsində əldə olunan nailiyyətləri diqqətə çatdırdı. Bildirdi ki, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində aparıcı rol oynaması, dinamik iqtisadi inkişafa malik ölkə kimi tanınması, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi düzgün təmələ əsaslanan siyasətin nəticəsidir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu. YAP iqtidar partiyası kimi mövqeyini möhkəmləndirdi, qələbələri ilə cəmiyyətdəki nüfuzunu bir daha nümayiş etdirdi.

K.Kərimov cənab İlham Əliyevin 9 oktyabrda uğurlu qələbəsini eyni zamanda Yeni Azərbaycan Partiyasının nüfuzunun, siyasi çəkisinin göstəricisi kimi qeyd etdi. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarını günbəgün genişləndirir, gələcəyə böyük inamla addımlayır.

Tədbirin iştirakçılarının gənclər olduğunu önə çəkən K.Kərimov qeyd etdi ki, gənc nəsil Heydər Əliyev irsini öyrənməli və təbliğatçısı olmalıdırlar.

Tədbirdə çıxış edən gənclər ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərək, bu gün onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında birləşməkdən böyük qürur hissi keçirdiklərini bildirdilər.

 

Yeganə Əliyeva,

Vüsal Cahanov (foto)

 

İki sahil.- 2013.- 21 noyabr.- S.21.