Kosmos və biz
Deyirlər,
Yerə doğru ölümcül turşu buludu gəlir
Ay Yerə yaxınlaşır, Yer oxundan tərpənir, sutka qısalır, iqlim
soyuqlaşır...Atmosferdə buna bənzər
hadisələrlə və bu hadisələrdən
bəhs edən sensasion xəbərlərlə
tez-tez rastlaşırıq. Yeri əhatə edən kosmos,
atmosfer qatı öz qeyri-adi sürprizləri ilə bizi təəccübləndirməkdə davam edir.
Planetimizi əhatə edən qazvari
təbəqəyə atmosfer deyilir. Atmosferdə fasiləsiz olaraq
mürəkkəb fiziki proseslər gedir və bu özünü bizim
müşahidə etdiyimiz hava
dəyişkənliyində göstərir. Hava
şəraiti və onun kəskin dəyişmələri
insan fəaliyyətinin müxtəlif sahələrinə
təsir göstərir. Buna görə də
müxtəlif hava şəraitinin yaranma səbəblərini və atmosfer proseslərinin daxili
mahiyyətinin öyrənilməsi müasir
elmin mühüm sahələrindən
biridir.
Meteorologiya atmosferi, onun quruluşunu,
xüsusiyyətlərini və onda baş verən fiziki
prosesləri öyrənir. Bu ad iki yunan
sözünün birləşməsindən:
meteor - atmosfer hadisəsi,
yaxud səma hadisəsi və logiya - elm sözlərindən
yaranmışdır. Meteorologiya geofizika elmlərinə aiddir.
Atmosferdə gedən proseslərin öyrənilməsinin əsas
mahiyyəti ondan ibarətdir ki, bu proseslər üzərində
müşahidə aparılır və alınmış nəticələr
təhlil edilir. Bu zaman fizikada, hidromexanikada, aerodinamikada və
termodinamikada qəbul olunmuş
ümumi qanunlardan
istifadə olunur.
Kosmik fəza, onun tərkibində
baş verənlər bizim
üçün həmişə müəmmalı
olub. Bu gün də, elmi-tərəqqinin tam inkişaf etdiyi bir dövrdə sirr qalan, baş
vermə səbəbləri tam olaraq açıqlanmayan hadisələr çoxdur. Təbii ki, kosmosdan gələn bu “hədiyyələr”
yer əhlinə nəticəsiz ötüşmür. Planetimizə
yaxınlaşan və qorxulu sayılmasa da, hay-küylə qarşılanan “o dünyalı qonaqlarımız” özləri
ilə müxtəlıf xəstəliklər, iqlim dəyişiklikləri, hətta bədbəxt
hadisələr də gətirir.
Bu vaxta qədər
planetimizə kosmik peykin
yaxınlaşması halları bir
neçə dəfə baş verib. Onlardan ən
qorxuluları 1955, 1974, 1992 və 2005-ci illər sayılır.
Məhz göstərilən illərdə meteoroloqlar ekstremal hava şəraitinin kəskin dəyişdiyini,
özü ilə böyük
bədbəxtlik gətirdiyini müşahidə ediblər.
2005-ci ilin yanvarında baş
verən sonuncu, ikihəftəlik Ay-Yer yaxınlaşması elə həmin ay İndoneziyada on minlərlə insanın həyatına son qoyan dəhşətli sunami ilə
nəticələndi. 1974-cü ildə isə Avstraliyada
katoliklərin keçirdiyi Mövlud bayramı günlərində baş verən “Treysi” siklonu qitənin Darvin
şəhərini tamamilə suya qərq etmişdi. 19 mart 2011-ci ilin astronomik yaxınlaşması
əvvəlkilərdən daha təhlükəli
və daha dağıdıcı miqyasa malik idi.
Çünki budəfəki
yaxınlıq həftələri, ayları deyil,
azı bir ili əhatə
etdi. Bu isə ilk növbədə atmosfer təzyiqinin qəfil və kəskin dəyişmələrinə,
oynamalarına səbəb olaraq, qütblərdə
sürüşmələrin güclənməsinə, iqlimdə
kəskin soyuqlaşmalara, kütləvi xəstəliklərin
artmasına, zəif orqanizmə malik əksər
insanların ölümünə səbəb oldu. Qısası, belə yaxınlaşmalarda
çoxminlik insan itkisi həmişə qaçılmaz olur.
2011-ci il Ay-Yer
yaxınlaşması özünü əsasən
martın 11-də Yaponiyada göstərdi:
9 bala yaxın zəlzələ,
dalınca nəhəng sunami, minlərlə
insan tələfatı, Yer
kürəsinin öz oxundan
1 santimetr sürüşməsi,
sutkanın qısalması, 53 ölkədə təhlükəli
vəziyyətin elan olunması və s. Bunun da üstünə Demokratik
Konqo Respublikasında öz
dəhşətli fəsadları ilə tarixə düşən
Nyiraqonq vulkanının yenidən fəallaşmasını
gəlsək, gözlənilən fəlakətin
miqyasını təyin etmək o qədər
də çətin deyil.
Beynəlxalq Radioastronomiya Mərkəzində fəaliyyət
göstərən tədqiqatçı-alim Pit
Uiller bu kosmik olayların dünyanın
axırını gözləməyə əsas vermədiyini
söyləyir: “Planetimizdə zəlzələ və vulkanlar, o cümlədən
digər təbii fəlakətlər həmişə olub və olacaq. Amma məlum astronomik olay onların gücünü
və miqyasını bir neçə dəfə
artırır”.
Avstraliyalı astronom Devid Reneke də öz həmkarının
fikirlərinə dəstək olub. O bildirib ki, kosmik
aləm də bir orqanizm
kimidir: “Hər hansı kometin,
meteoritin Yerə yaxınlaşması,
Ayın bədirlənməsi, gün və
aytutulması, planetlərin “paradı” kosmik
orqanizmdə mütləq fəsadlar törədir. Bunun da üstünə astroloji meyarları, bürclərin aktivlik dərəcələrini gəlsək,
o zaman nəinki Yerdə,
bütünlüklə Günəş sistemində fəlakətin
miqyasını və ondan qorunma
üsullarını öyrənmiş olarıq”.
İndi də Yer kürəsini
qara dəlikdən çıxan və
Günəş sisteminə yaxınlaşan nəhəng turşu buludunun məhv edəcəyi
ilə bağlı məlumatlar yayılır. Rusiya
mətbuatı xəbər verir ki, belə bir nəzəriyyəni
britaniyalı astrofizik Albert
Şervinskiy irəli sürüb.
16 milyon
km ölçüsü
olan nəhəng bulud
planetimizə təqribən 2014-cü ilin
ortalarında yaxınlaşacaq. Əgər hesablamalar
doğru olsa, Günəş
sisteminin məhvi qaçılmazdır.
NASA nümayəndələri
isə bəyan ediblər ki,
narahatlığa heç bir
əsas yoxdur. Onlar birinci dəfədir ki, belə
qorxulu proqnozları eşidirlər. Bir çoxları isə hesab
edirlər ki, NASA bilərəkdən bu məlumatı gizlədir.
Qoy NASA öz tədqiqatlarını
davam etdirməkdə olsun,
görək bu hadisələr iqlimə və
insan orqanizminə necə təsir edir.
Mütəxəssislərin
sözlərinə görə, kosmik hadisələrin
fonunda mövsümə uyğun
olmayan hava şəraitinin
müşahidə edilməsi insanların səhhətinə
mənfi təsir göstərir. Məsələn,
qışın oğlan çağı
- soyuq və qarlı hava
şəraiti olmalıdırsa, ancaq
ölkədə yazqabağı müşahidə edilən
ilıq havanın hökm sürməsi xəstəliklərin
artım göstəricilərinin əsas səbəbkarıdır.
Bir neçə gün
əvvəl 1 dərəcə şaxta
müşahidə edildiyi halda,
sonra temperaturun birdən-birə
13-18 dərəcəyə yüksəlməsi insan sağlamlığı üçün
təhlükədir. Halbuki soyuq havalardan sonra isti hava
tədricən yaranmalıdır. Bu, baş vermədiyi üçün
insan orqanizmi belə hava dəyişkənliyinə birdən-birə
öyrəşə bilmir, onun orqanizmindəki bioloji
ritmlər öz yerini
bir qədər dəyişir. Bunun nəticəsində insanlarda
hipertonik kriz, ürəkdə
stenokardiya tutması, ürək
astması, ağciyər ödemi, infarkt baş verə bilər.
Damarlarında həssaslıq çox olan insanlarda isə meteopatik reaksiyalar yaranar. Hava şəraitinin
dəyişməsi insanlara
yaşından, xəstəliyin ağırlıq dərəcəsindən,
orqanizmin gücündən asılı olaraq təsir göstərir. Bu amillərdən
asılı olaraq, xəstələrin orqanizmlərində
müxtəlif dəyişikliklər baş
verə bilər. Əgər havanın temperaturu
yüksələn zaman atmosfer
təzyiqi də dəyişərsə, bu,
ürək-damar sistemi xəstəliyindən
əziyyət çəkənlərin səhhətlərinə
daha çox təsir
göstərir.
Azərbaycanda ilk dəfə Günəş
şüaları, maqnit
burulğanlarının və hava şəraitinin
kəskin dəyişməsinin insanda
ürək-damar sistemi xəstəliklərinin
yaranmasına və infarktın baş verməsinə
təsiri geniş şəkildə
araşdırılacaq. Bunu Səhiyyə Nazirliyi Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev
deyib.
A.Baxşəliyevin
sözlərinə görə, tədqiqatlara gələn ildən
başlanacaq. Hazırda bunun
üçün hazırlıq işləri
görülür.
Tədqiqatların ən
azı 5 il müddətində
aparılması nəzərdə tutulur:
“Hamı bilir ki, hava insanın əhvalına təsir edir. Ancaq öyrənmək
lazımdır ki, hava
kəskin şəkildə dəyişəndən sonra infarktların sayı artdımı? İnsanda infarkt baş verməmişdən 3-5 gün
əvvəl və infarkt olandan
sonra havada nə kimi dəyişiklik olub? Biz indi bu
məsələlərə daha ciddi yanaşmaq və
öyrənmək istəyirik. Moskvada fikir verdilər ki,
vaxtın bir saat dəyişməsi
infarktın 5 dəfə artmasına gətirib
çıxardı. Bu rejimin
pozulması, saatın əqrəbinin irəli-geri çəkilməsi
də orqanizmin adaptogen
fəaliyyətinə mənfi təsir edir”.
A.Baxşəliyev
qeyd edib ki, bu tədqiqat
aparılarkən Azərbaycan Milli Elmlər
Akademiyasının Şamaxı Astrofizika
Rəsədxanası, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Səhiyyə Nazirliyinin
Təxirəsalınmaz və Təcili Yardım Stansiyası
ilə əməkdaşlıq ediləcək. Qarşılıqlı əməkdaşlıqla
insanlarda meteohəssaslıq müəyyən
metodika ilə öyrəniləcək. Tədqiqatların
nəticələri əsasında insanlarda
bu reaksiyaların təsirini zəiflətmək
üçün əlavə hansı
işlərin görülə bilməsi də müəyyənləşəcək.
Fəxriyyə İkramqızı
İki sahil.- 2013.- 23 noyabr.- S.14.