Heydər Əliyev adına Bakı Dərin

Özüllər Zavodunun 35 illik şərəfli tarixi

 

Bu il Azərbaycan neft sənayesi tarixinə öz adını qızıl hərflərlə yazmış Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 35 illik yubileyidir. Məhz 35 il öncə - 1978-ci ildə Azərbaycan Respublikasının hələ SSRİ-nin tərkibində olduğu dövrdə bu nəhəng müəssisənin təməli qoyulmuşdur.

 

1960-cı illərin sonunda Azərbaycan geoloqları tərəfindən Xəzər dənizinin dərinliklərində zəngin neft yataqlarının aşkarlanmasından sonra onların işlənməsi üçün dərin özüllü platformalar və nəhəng qurğular hazırlayacaq zavodun tikintisinə ehtiyac yaranmışdı. Həm Xəzər dənizində, həm də SSRİ-nin digər dəniz hövzələrindəki neft yataqlarının istismarından ötrü iri platforma və dayaqlar istehsal edəcək müəssisənin tikintisi labüdləşmişdi...

Belə bir vaxtda o dövr üçün sovet ittifaqında inanılmaz yenilik hesab edilən dərin sulu özüllər zavodunun ölkənin neft sənayesinin beşiyi sayılan Bakıda yaradılması heç bir müzakirə tələb etməsə də, sovetlərin Azərbaycana qarşı mövcud olan məlum qısqanclığı fonunda Bakı ikinci plana keçmişdi. Bu məsələdə haqsız olaraq iki şəhərin adı hallanırdı: Bakı və Həştərxan. Xüsusi qeyd edək ki, SSRİ dönəmində kifayət qədər haqsızlıqlara uğramış respublikamız üçün o dövrdə özünü sipər edəcək bir vətənpərvərə, gələcəyi görən siyasi xadimə ehtiyac var idi ki, Vətəni üçün mücadilə etsin...

Böyük mücadilənin böyük nəticəsi nəhayət ki, Azərbaycana nəsib oldu və həmin dövrün Azərbaycanı ilə bərabər gələcəyin Azərbaycanı da qazandı. Azərbaycanın həmin illərdəki rəhbəri Heydər Əliyevin təkidi ilə bu rəqabətdə Azərbaycan qalib gəldi. Heydər Əliyev bütün sahələrdə olduğu kimi bu məsələdə də uzaqgörənlik göstərərək böyük çətinliklə Dərin Özüllər Zavodunun məhz Bakıda inşasına nail oldu.

ARDNŞ-in birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə “Ömrümün illəri və izləri” kitabında həmin illəri belə xatırlayır: Dünyada tayı-bərabəri olmayan dərin dəniz özülləri zavodunun məhz Azərbaycanda inşa edilməsi üçün SSRİ rəhbərliyinin razılığının alınması və bu nəhəng müəssisənin müvəffəqiyyətlə tikilib işə salınması məhz Heydər Əliyev əməyinin, Heydər Əliyev iradəsi və prinsipiallığının nəticəsidir. Bircə rəqəmə diqqət yetirin: 450 milyon ABŞ dolları! Zavodun inşa edilməsi üçün o vaxt sovet hökumətinin bu qədər maliyyə vəsaiti ayırmasına nail olmaq heç bilirsiniz nə deməkdi? Bu, həqiqətən də əsl qəhrəmanlıq idi”.

Beləliklə, 1978-ci ildə təməli qoyulan müəssisə elə Heydər Əliyevin şəxsi nəzarəti ilə ETMP fransız şirkəti tərəfindən inşa olunraq 1984-cü ildə istismara verildi. Həmin vaxt öz sahəsində ən iri və yeganə müəssisə olan zavodun əsas texnoloji avadanlıq və yükqaldırma mexanizmləri ilə təchiz olunmasını Qərbi Almaniyanın “Demaq” firması həyata keçirdi.

200 hektarı quruda, qalanı suda olmaqla ümumi sahəsi 315 hektardan artıq olan nəhəng müəssisə ilkin layihəyə uyğun olaraq dörd zonaya ayrıldı: zavodun texniki layihələndirmə şöbəsi; əsas istehsalat binaları və qurğuları; stapellər, yığma və quraşdırma sahələri; anbarlar, enerji təchizatı qurğuları.

Zavodun tikintisi ilə paralel olaraq infrastrukturun inkişafı üzrə işlər aparıldı, Sahil qəsəbəsində yaşayış evləri, uşaq bağçaları, məktəblər, peşə məktəbi və ticarət müəssisələri tikildi. Zavodda işləmək üçün 1500-dən çox yüksək ixtisaslı fəhlə və mütəxəssis kadrları hazırlandı.

1984-cü ilin aprel ayında zavod ildə 60 min ton metal konstruksiyaları istehsal etməklə layihə gücü ilə işləməyə başladı. 1985-ci ildə dərin özüllü platforma üçün birinci dayaq bloku zavodun stapellərindən suya buraxıldı və quraşdırma nöqtəsinə göndərildi. Həmin ildən başlayaraq “Əsrin müqaviləsi” imzalanana qədər Bakı Dərin Özüllər Zavodunda dənizin 100-153 metr dərinlikləri üçün onlarla stasionar dəniz platforması quraşdırılmış və dənizə buraxılmışdır.

SSRİ-nin süqutundan və Azərbaycanın digər regionlarla iqtisadi əlaqələrinin pozulması və quruculuq işlərinin maliyyələşdirilməsinin dayandırılması nəticəsində 1991-1994-cü illərdə ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi neft sənayesi sahəsində də böyük iqtisadi böhran yaşandı.

Lakin 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Dərin Özüllər Zavodunun ikinci həyatı başladı. Xəzərin Azərbaycan sektorundakı Azəri, Çıraq, Günəşli yataqlarının tam miqyaslı işlənməsinə sanksiya verilməsi ilə Azərbaycan iqtisadiyyatına güclü bir təkan verildi.

Sovet dövründən qalma infrastruktur, ölkənin insan potensialı böyük sürətlə canlanmağa başladı. Dənizdə quraşdırılacaq müasir hasilattexnoloji emal platformalarının dayaq bloklarının və üst modullarının inşası üçün neft sənayesi müəssisələri, o cümlədən Dərin Özüllər Zavodu müasir beynəlxalq tələblərə uyğunlaşdırıldı.

Ulu öndər Heydər Əliyev məhz bu illərdə də Dərin Özüllər Zavodunun tam gücü ilə fəaliyyət göstərməsinə xüsusi diqqət ayırırdı. 1993-cü ildə aparıcı neft korporasiyalarının nümayəndələri ilə görüşündə onlara zavodun imkanlarından istifadə etməyi məsləhət görür, hətta hər vəchlə buna nail olmağa çalışırdı: “...Mənə belə məlumat verdilər ki, hətta hazırlanmış yeni müqavilələrdə zavodun istehsal etdiyi dərin özüllərdən istifadə etmək məsələsi qoyulmayıb, müəssisənin məhsulları kənarda qalıb. Bu müqavilələr, gərək çox dolğundüzgün yazılsın, heç kəs, heç kəsi aldatmağa çalışmasın, hərə gərək öz tərəfinin mənafeyini qorusun”.

Xüsusilə qeyd etmək yerinə düşür ki, ulu öndər sonrakı illərdə də zavodun fəaliyyətini diqqətə saxlamış və ümumi işin xeyrinə olaraq xarici şirkətləri Azərbaycandakı bu möhtəşəm müəssisənin potensialından istifadə etməyə yönləndirmişdir. 2001-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsinin qətnaməsinin imzalanması mərasimində Heydər Əliyev deyirdi: “Mən layihə ilə tanışam. Bilirəm ki, siz vaxtilə 1970-ci illərdə bizim burada tikdiyimiz Dərin Özüllər Zavodundan da çox səmərəli istifadə edəcəksiniz. Hətta platformanın böyük hissəsini quracaqsınız və ondan sonra gətirərək, sürüşdürmə yolu ilə həmin platformanın üzərinə qoycaqsınız. Mən eşitdim ki, bu sahədə indiyə qədər belə görülməyibdir. Bunu siz görəcəksiniz. Demək bizim o nəhəng zavodumuz da işləyəcək və təbiidir ki, onun işçiləri də məşğul olacaqlar, xeyir götürəcəklər. Sizdaha başqa yerdən - uzaqdan buraya nəsə gətirməyəcəksiniz. Azərbaycanda nə varsa, hamısından istifadə etməlisiniz”.

Sonradan ulu öndərin bu dəyərli fikirlərini təsdiqləyən ölkə prezidenti İlham Əliyev də deyirdi ki, “Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə bu zavod tikilməsəydi, “Əsrin müqaviləsi” layihəsinin icrası ən azı 5-6 il yubanacaqdı”.

Beləliklə, zavod 1995-ci ildən başlayaraq bir-birinin ardınca xarici şirkətlərdən sifarişlər almağa başladı. Ilk olaraqMakşelf” birgə müəssisəsinin mütəxəssisləri ilə birlikdə 1 saylı Stasionar Dəniz Platforması (SDP) üçün modulların rekonstruksiyasına başlanıldı ki, bu da “Çıraq” yatağında ilkin neftin mənimsənilməsi layihəsinin həyata keçirilməsi mərhələlərindən biri idi.

Daha sonra müəssisə “Petrofak”, “Tekfen”, “Azfen”, “McDermot”, SinqapurunCaspian Shypard Company LTD”, Almaniyanın “Siemens”, İtaliyanın “Rozetti şirkətlərinin sifarişlərini yerinə yetirmişdir.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsi işində özünəlayiq yer tutan Bakı Dərin Özüllər Zavodu Xəzərin neft yataqlarının tammiqayslı mənimsənilməsinin 1-ci, 2-ci, və 3-cü fazalarına aid layihələrdə daha böyük uğurlar qazanmışdır. Ulu öndərin dediyi kimi, zavod xarici neft şirkətləri ilə işləyərək yeni neft strategiyasının həyata keçirildiyi, dənizin dərinliklərində böyük qurğular, platformalar tikildiyi zaman sovet dövründə olduğundan qat-qat faydalı oldu.

Zavodun 2001-ci ildən etibarən “McDermot”, “Star Gulf FZSO”, “BosŞelf” MMC ilə birgə “Əsrin müqaviləsi”nin 1-ci, 2-ci və 3-cü fazaları çərçivəsində həyata keçiridiyi iri layihələr 2007-ci ilin sonunda başa çatdırıldı. Bu müddət ərzində “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yataqğının dərinsulu hissəsinin işlənməsi üçün Avropa standartlarına uyğun əzəmətli platformalar hazırlanmışdır.

İldən-ilə istehsal gücünü artıran müəssisə 2005-ci ildə 888 ton metal işlətdiyi halda, 2006-cı ildə 4 min 130 ton metal işlətmiş, 2007-ci ildə bu pəqəmi 14 min tona çatdırmış, 2011-ci ildə isə artıq Dərin Özüllər Zavodunda 27 min tondan artıq metal konstruksiyaların yığılması həyata keçirilmişdir. Bu illər ərzində zavodda ARDNŞ-in sifarişlərinə əsasən “Abşeron bankası”, “Darvin bankası”, “Neft daşları”, “Qərbi Abşeron”, “Bulla-dəniz”, “Günəşli” və digər yataqların işlənməsi üçün müxtəlif dərinlikdə və çəkidə dayaq blokları hazırlanmışdır ki, bunların da ən böyüyü 2011-ci ildə istismara verilmişÜmid” platformasıdır. Bu platformanın dərinliyi 68,5 metr, çəkisi 5712 tondur (2 ədəd dayaq bloku və 8 ədəd modul). Bundan başqa, “Günəşli” yatağının işlənməsi üçün yığılmış və 2012-ci ildə dənizə nəql edilmiş 99 metr dərinlikli, 4230 tonluq 1 ədəd dayaq bloku da müəssisənin son illər həayata keçirdiyi ən iriuğurlu layihələrdəndir.

Bütün bu nəhəng və möhtəşəm platformalar azərbaycanlı mütəxəssislərin illərdən bəri gərgin əməyi sayəsində qazanılmış təcrübənin və yüksək texnologiyaya malik beynəlxalq neft şirkətləri ilə birgə fəaliyyət dövründə əldə olunmuş müasir texnoloji vərdişlərin nəticəsidir.

Qeyd edim ki, müəssisəmizin istehsalat vasitələri hərtərəfli funksiyalara malikdir. 200 metrə qədər dayaq blokları və üst modulların quraşdırılması ilə yanaşı, Dərin Özüllər Zavodunda müxtəlif məhsulların istehsalı da həyata keçirilir, Müəssisədə yüksək keyfiyyətli müxtəlif diametrli elektrodlar, işçi təzyiqi 100 atmosferədək olan torlujalüzlü neft-qaz separatorları, 3000 kubmetrədək tutumu olan rulon formalı çənlər və digər məhsullar istehsal edilir, boru rəngləmə işləri yerinə yetirilir.

Bu gün ölkənin neft-qaz sənayesinin inkişaf etdirilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf proqramında önəmli yer tutur. Neft-qaz sənayesində dünya standartlarına cavab verən yenimüasir texnologiyaların tətbiqi, yüzlərlə insanı işlə təmin edəcək böyük neft layihələrinin Azərbaycana gətirilməsi kimi məsələlər qarşıda vacib vəzifə kimi qoyulmuşdur. Məhz bu vəzifələrin icrası çərçivəsində ARDNŞ prezidentinin 14.09.2012-ci il tarixli 196s saylı sərəncamı ilə H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun balansında olan binaqurğular, istehsalat sahələri “BosŞelf” MMC-yə 10 illik icarəyə verilmişdir. Müəssisənin 1700 nəfərdən çox işçisi - mütəxəssis və fəhlələr əsasən “BosŞelf” MMC-də və onunla əmədaşlıq edən şirkətlərdə müvafiq işlə təmin olunmuşlar.

Hazırda zavodda dörd xidmət sahəsi fəaliyyət göstərir ki, bunlardan birinciikinci xidmət sahələri müəssisənin 80 hektar sahəsini əhatə edən ərazisində yaşıllaşdırma və adablaşdırma işlərini həyata keçirir. Üçüncü xidmət sahəsi zavod ərazisində təmir-tikinti işləri aparır. Zavodun dördüncü xidmət sahəsi isə nəqliyyat sahəsidir. ARDNŞ-in həyata keçirdiyi ekoloji siyasətə uyğun olaraq, zavodun ərazisi istehsalat tullantılarından təmizlənmiş, yüksək səviyyədə abadlıq, yaşıllaşdırma işləri görülmüşdür.

Ulu öndər Heydər Əliyevin bizə yadigar qoyduğu və 2004-cü ildən onun adını daşıyan Dərin Özüllər Zovodunun bu il təməlinin qoyulmasından 35 il ötür. Bu illər ərzində şərəfli yol keçən zavodumuzun gələcəkdə daha böyük uğurlara imza atacağına, bu sahədə dünyanın ən modern və ən böyük müəssisələrindən birinə çevriləcəyinə inanırıq!

 

Ayaz QARAYEV,

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru

 

İki sahil.- 2013.- 26 noyabr.- S.16.