İlham Əliyevin beynəlxalq
aləmdə artan nüfuzu
həm ölkəmizi gücləndirir, həm də
regionda gedən
proseslərə çox müsbət təsir göstərməkdədir
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif
Əlizadənin www.yap.org.az saytına müsahibəsi
- Prezident
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi
2003-2013-cü illəri necə səciyyələndirərdiniz?
Sizin üçün bu dövr daxili və xarici siyasətdə,
sosial-iqtisadi sahədə hansı uğurlarla yadda qaldı?
- Bildiyiniz kimi, ötən
əsrin 90-cı illərin əvvəlləri həm regionda,
həm də dünyada olduqca mürəkkəb bir dövr
idi. Böyük bir geosiyasi məkanda ölkə həyatının
bütün sahələrini total xaos
bürümüşdü. Belə xaotik şəraitdə
dövlətin daxili və xarici siyasətinin
harmoniyasını təmin etmək üçün
böyük uzaqgörənlik tələb olunurdu. Məhz belə,
olduqca mürəkkəb tarixi dövrdə xalqın tələbi
və təkidi ilə yenidən hakimiyyətə gələn
xalqımızın Ümummilli lideri Heydər Əliyev millətin
və dövlətin taleyi ilə bağlı məsuliyyəti
öz üzərinə götürdü, Azərbaycanın
strateji inkişaf kursunu müəyyənləşdirərək
ölkəni tərəqqi yoluna çıxardı. Heydər
Əliyev Azərbaycanın güclü suveren dövlətə
çevrilməsi üçün əsaslı dövlət
quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni
və iqtisadi mexanizmlər hazırladı. Nəticədə
azad, demokratik yeni Azərbaycan quruldu.
Prezident İlham
Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə
intellektə böyük yer verməklə modern cəmiyyətlərin
nəbzini tutduğunu bütün dünyaya nümayiş
etdirdi. Çünki hazırkı şəraitdə sosial tərəqqi
tempi əsasən hakimiyyətin intellektlə uzlaşdırılması
dərəcəsindən asılıdır. Burada hər bir cəmiyyətin
keçdiyi tarixi, siyasi, iqtisadi təkamül yolunu nəzərə
alaraq intellektual potensialdan maksimum istifadə etmək ideyası
vardır. Həmin xüsusiyyət ölkəmiz
üçün İlham Əliyevin inteqrativ modernləşmə
kursunda öz əksini tapmışdır. Məhz bu kursun həyata
keçirilməsi nəticəsində Azərbaycanın
qısa zaman ərzində nail olduğu bugünkü
inkişafı və gələcəyə doğru
hesablanmış hədəfləri beynəlxalq miqyasda maraq
doğuran hadisə kimi qiymətləndirilir.
Azərbaycana rəhbərlik
edən Prezident İlham Əliyev ilk beşillikdə daxili
potensiala əsaslanan modernləşmə mərhələsinə
keçid üçün zəruri olan modelin əsasını
qoydu. İqtisadiyyatda keçid mərhələsi başa
çatdı. 2008-ci ildən başlayaraq cənab Prezident Azərbaycanın
modernləşməsinin yeni mərhələsini həyata
keçirməyə başladı. Prezident İlham
Əliyevin Azərbaycana rəhbərlik etdiyi on ildə ölkəmiz
regionda iqtisadi cəhətdən aparıcı dövlətə
çevrilib. Statistikaya nəzər salsaq görərik ki, Cənubi
Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına
düşür. İqtisadi sahədə, enerji sahəsində
atılan addımlar nəinki ölkənin
inkişafını şərtləndirir, regional proseslərə
də çox güclü təsir göstərir.
Azərbaycan
regional sabitlik və inkişaf amilinə çevrilib
Ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması
istiqamətində ardıcıl tədbirlər
görülüb və böyük irəliləyişlər
əldə edilib. Azərbaycanın bugünkü
reallıqlarına nəzər salaraq görmək olar ki,
ölkə sözün əsl mənasında müstəqil
dövlət kimi dünya xəritəsində öz yerini tuta
bilib. Bütün regional məsələlərdə fəal
iştirak edən Azərbaycan regional sabitlik və inkişaf
amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə
artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də
regionda gedən proseslərə çox müsbət təsir
göstərməkdədir.
Sürətli sosial-iqtisadi və mədəni-mənəvi
inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni,
o cümlədən elmi-intellektual mərkəzinə
çevrilən Azərbaycan artıq müasir dünyanın ən
aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə
ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni,
siyasi elitasını Bakıda bir araya gətirir. Bu da Prezident
İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.
Hazırda Azərbaycan iqtisadiyyatı dünyanı
bürüyən böhran illərində də durmadan
inkişaf edir. Regional inkişaf proqramı uğurla icra edilir.
Bakıətrafı kəndlərdə, eləcə də
regionların sosial və iqtisadi məsələlərinin həlli
üçün çox müfəssəl dövlət
proqramları qəbul edilir. Azərbaycan gözəlləşir,
abadlaşır, güclü dövlətə çevrilir. Bu
gün Azərbaycana gələn hər bir xarici vətəndaş,
hər bir qonaq, bu reallıqları görür, təqdir edir
və qiymətləndirir.
Dünya İqtisadi Forumunun reytinq cədvəlinə əsasən
Azərbaycan iqtisadiyyatının artım tempi son 3 ildə
57-ci yerdən 39-cu yerə yüksəlmişdir. Bu fakt onu deməyə
əsas verir ki, Azərbaycan müstəqil şaxələndirmə
siyasəti sayəsində iqtisadi-siyasi dividendlər
qazanır. Göründüyü kimi, nüfuzlu beynəlxalq
təşkilatlar etiraf edirlər ki, Prezident İlham
Əliyevin enerji resurslarından asılılığın
azaldılmasına, innovasiyalı və ya başqa sözlə
“ağıllı” iqtisadiyyatın yaradılmasına yönəlmiş
siyasəti, “qara qızıl”ın intellektual kapitala
çevrilməsi real nəticələr verir. Milli
iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində
bu ilin ilk yeddi ayında qeyri-neft sektoru daha 10 faiz
artmışdır. Bu isə o deməkdir ki, geniş əhatəli
iqtisadi siyasət yürüdən ölkəmiz iqtisadi rəqabət
qabiliyyətini daha da yüksəltməkdədir.
Azərbaycanın beynəlxalq münasibətlər
sistemində rolunun artmasına böyük təsir göstərməklə
yanaşı, İlham Əliyevin də beynəlxalq aləmdə
şəxsi nüfuzunun artmasına gətirib
çıxarıb, cənab Prezidentin regionda mübaliğəsiz
lider olduğunu isbat edib.
- Son 10
ildə Azərbaycan elminin inkişafında hansı irəliləyişlər
var? Dövlətin elm sahəsinə, elm adamlarına
qayğısı hansı səviyyədədir?
- Azərbaycanda elm və təhsilin müasir səviyyədə
inkişafı digər amillərlə yanaşı,
dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlığın
genişləndirilməsindən, elmi fəaliyyətin və təhsil
prosesinin təşkilində beynəlxalq təcrübə
mübadiləsindən bilavasitə asılıdır. Bunun
üçün də ölkəmizdə elm və təhsil
dünyanın ayrılmaz tərkib hissəsi olaraq inkişaf
edir, qlobal intellektual mühitə, universitetlərə, elmi mərkəzlərə
sürətlə inteqrasiya olunur.
Bu gün
Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir
Təbiidir ki, digər sferalarda olduğu kimi, elmin beynəlxalq
mühitə inteqrasiya sahəsində də müəyyən
problemlər var. İndi elə bir dövrdür ki,
sosial-iqtisadi, mədəni-mənəvi, siyasi-ideoloji sahələrdə
sürətli transformasiyalar prosesi gedir. Bu prosesdə elm bir tərəfdən
özü məqsədyönlü olaraq transformasiya
olunmalı, digər tərəfdən başqa sahələrdəki
transformasiyalara elmi dəstək verməlidir. Digər tərəfdən
xüsusi olaraq nəzərə almaq lazımdır ki, bu
proseslər yuxarıda xatırlatdığımız mürəkkəb
xarakterli qlobal problemlər kontekstində baş verir. Müstəqil
Azərbaycan üçün bu prosesləri xüsusi olaraq
mürəkkəbləşdirən digər amillər də
mövcuddur. Azərbaycan ərazisinin 20 faizinin işğal
edilməsi və bu işğalın yaratdığı
çoxsaylı sosial və mənəvi-psixoloji məqamlar,
köçkünlük kimi ağır problemlər
şübhəsiz, bütün digər sahələrlə
yanaşı, Azərbaycanda elmin inkişafına da öz mənfi
təsirini göstərməkdədir. Lakin müəyyən
problemlərin mövcudluğuna baxmayaraq bu gün Azərbaycan
elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm
sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir.
Bu prosesin əsasında Prezident İlham Əliyevin elmə
böyük qayğısı dayanır. Bu gün Azərbaycan
elmində ciddi islahatlar həyata keçirilir. Həyata
keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla
təşkili və idarə edilməsi, ölkənin
intellektual resurslarının innovativ əsaslarla səfərbər
edilməsi, müxtəlif elm sahələrinin inkişafı,
qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin
daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi,
elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni
meyarlar əsasında qiymətləndirilməsi elmin
özünün prioritet fəaliyyət sahəsinə
çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq
kəsb edir. Bu prosesdə elm və texnologiyaların
qloballaşması prosesi xüsusi olaraq nəzərə
alınır. Bunun əlamətlərindən biri müxtəlif
ölkə alimləri arasında elmi informasiya mübadiləsinin
genişləndirilməsidir.
Hazırda, AMEA-da müasir dövrün sosial-mədəni
reallıqlarından irəli gələn, həmçinin,
ölkəmizin sürətli inkişafı ilə şərtlənən
islahatların yeni mərhələsinə start verilib. Alimlərin
sosial-məişət problemləri, xüsusən, gənc
alimlərin mənzil probleminin həlli, onların
yaradıcı əməyin stimullaşdırılması,
xarici ölkələrin elm mərkəzlərinə ezam
olunması istiqamətində əməli addımlar atılır.
İndi Azərbaycan alimlərinin sədası müxtəlif
Avropa ölkələrindən, Amerikadan, Yaponiyadan, Koreyadan gəlir.
Azərbaycan dövlətinin intellektual inkişaf modelinə
əsaslanan tərəqqisinin əsas istiqamətlərini
özündə əks etdirən bu sənədlər ölkədə
bütün digər sahələrlə yanaşı, Azərbaycan
elmi qarşısında daha çox vəzifələr qoyur.
Çünki, ölkə prezidenti Azərbaycanın gələcək
inkişafını ənənəvi iqtisadiyyatdan “bilik
iqtisadiyyatı”na keçid, insan kapitalının
inkişafı, mövcud imkan və resursları nəzərə
almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah,
səmərəli dövlət idarəetməsi və qanun
aliliyi prinsiplərinin reallaşdırılmasında
görür. Bu prinsiplərin həyata keçirilməsi isə
ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini,
elm və istehsalat arasında əlaqələrin
artırılmasını, innovasiya fəallığının
yüksəldilməsini tələb edir. Bu istiqamətdə də
Azərbaycan alimləri öz qüvvələrini səfərbər
etmişdir.
Prezident İlham Əliyev may ayında Şamaxı
Astrofizika Rəsədxanasında təmir və yenidənqurmadan
sonra vəziyyətlə tanış olarkən qeyd etdi ki,
regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan
bölgənin elm mərkəzinə də çevrilməlidir.
Bu çağırış Azərbaycan elminin indiki şəraitdə
strateji inkişaf hədəfini müəyyən edir. Həqiqətən
də, artıq Azərbaycanın regionun elm mərkəzinə
çevrilməsi üçün hər bir şərait
vardır. Cənab prezidentin apardığı məqsədyönlü
siyasətin nəticəsində Azərbaycan elminin maddi-texniki
bazası gücləndirilir, infrastrukturu modernləşdirilir,
alimlərin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində kifayət qədər əməli tədbirlər
həyata keçirilir.
Təbii ki, yeni tarixi şəraitdə Azərbaycan
elminin sosial funksiyaları yeni çalarlar kəsb etməlidir.
Elmi idarəetmənin təkmilləşməsi, elmlərarası
inteqrasiyanın gücləndirilməsi, elmi-tədqiqat işlərinin
koordinasiyası, multidis-tiplinar yanaşma və s. kimi yeniliklərə
zəruriyyət yaranır. Cənab prezidentin
imzaladığı elmin inkişafı strategiyası ilə
bağlı sənəddə bütün bunları əhatə
edən məsələlər qoyulmuşdur.
Mən əminəm ki, Azərbaycan alimlərinin səyləri
nəticəsində elmi fəaliyyət sahəsində
uğurlarımız bundan sonrada kifayət qədər olacaq və
Azərbaycan tez bir zamanda, digər sahələrdə
olduğu kimi, elm sahəsində də qloballaşan
dünyanın elmi mərkəzlərindən birinə,
bölgənin isə liderinə çevriləcəkdir.
-
Bildiyiniz kimi, qarşıdan növbəti prezident seçkiləri
yaxınlaşır. Seçkiqabağı ictimai və siyasi
mühiti, əhalinin seçkilərə
hazırlığını necə dəyərləndirərdiniz?
- Qeyd etdiyimiz kimi, ölkəmizdə hüquqi dövlətin
yaradılması istiqamətində çox önəmli
addımlar atılıb, islahatlar aparılmaqdadır. Vətəndaş
cəmiyyətinin formalaşması prosesi uğurla həyata
keçirilir, burada prezidentin komandasının təqdirəlayiq
işini xüsusilə qeyd etmək istəyirəm, xalqla
iqtidar arasında çox sıx birlik var. İqtidarın
bütün təşəbbüsləri xalq tərəfindən
dəstəklənir.
Hər bir ölkə vətəndaşı gələcəyə
çox böyük ümidlərlə və nikbinliklə
baxır. Bu gün müstəqil ölkəmizdə dövlət
başçısı tərəfindən aparılan siyasət
Azərbaycan xalqının maraqlarına tam şəkildə
cavab verir.
Bundan əvvəlki seçkilərdə, eləcə də,
ölkəyə rəhbərliyi dövrdə xalqın dəstəyini
qazanan prezident İlham Əliyev şübhəsiz ki, budəfəki
seçkilərdə də qalib gələcək. Bu məsələdə
cəmiyyətdə tam şəkildə həmrəylik
müşahidə olunur. Ölkə əhalisinin gələcəyi
öz əlindədir.
İnsanları
meydanlara toplayıb hansısa seçimi
etməyə
sövq etmək qeyri-mümkündür
Yeni texnologiyalar əsasında formalaşan innovativ
mühit insan hüquqlarının mükəmməl şəkildə
qorunmasına, hər kəsin azad seçim imkanı əldə
etməsinə zəmin yaradır. Ölkəmizdə
formalaşan informasiya cəmiyyəti əhalidə yeni təfəkkür
formalaşdırır.
Bilirsiniz, artıq insanları meydanlara toplayıb
hansısa seçimi etməyə sövq etmək
qeyri-mümkündür. Müasir dövrün vətəndaşları
reallığı daha asanlıqla dərk edərək,
ölkədə gedən prosesləri analiz etmək qabiliyyətinə
malikdirlər.
Zənnimcə, on il ərzində uğurla davam etdirilən
bu fəaliyyət bundan sonra da genişləndirilməlidir. Bu,
zamanın tələbi, xalqın təkidi, Azərbaycan
ziyalılarının təklifidir. Ölkə əhalisi
yaxşı dərk edir ki, Azərbaycan dövlətini və
cəmiyyətini intellektin və mənəvi dəyərlərin
işığında gələcəyə apara biləcək
ən layiqli sima İlham Əliyevdir. İndi cəmiyyət və
dövlət qarşısında məsuliyyət hissi olan hər
bir kəs öz vicdanının səsini eşitməli,
dövlət quruculuğu konsepsiyasını inkişaf etdirən
dünyəvi təfəkkürə malik liderin yanında
olmalıdır.
- Sizcə,
növbəti 5 il Azərbaycana nə vəd edir? Mövcud
siyasi kursun davam etdirilməsinin ölkə üçün əhəmiyyəti
nədən ibarətdir?
- Bu gün müstəqil Azərbaycan sürətlə
inkişaf etməkdədir. Hazırda Azərbaycan regionda və
dünyada öz mövqelərini sürətlə möhkəmləndirən,
sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana
inteqrasiya olunan bir ölkədir. Sosial-iqtisadi tərəqqi
ölkəmizdə bütün fəaliyyət sahələrinin
inkişafına da ciddi təsir göstərməkdədir.
Ölkə başçımız cənab İlham
Əliyevin intellektual inkişaf modelinə əsaslanan siyasətinin
nəticəsidir ki, ölkədə yüksək keyfiyyətli
intellektual insan resurslarının
formalaşdırılması Azərbaycanın mühüm
milli maraqlarından birinə çevrilmişdir. Hazırda
baş verən qlobal dəyişikliklər dünyanın
köklü transformasiyası ilə bağlıdır. Cəmiyyətlər
özlərini yenidən təşkil edirlər. Həyat tərzinin
əsasları dəyişir. Dünyanın keyfiyyətcə
yeni infrastrukturuna keçid baş verir. Sosial institutların
qurulma mexanizmləri və fəaliyyət məzmunu yenilənir.
Prezident
İlham Əliyev builki prezident seçkilərində
də
yüksək səs faizi ilə qalib gələcək
Müasir dövrün müstəqil dövlətləri
üçün intellektlə hakimiyyətin vəhdəti
getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Dövlət idarəetməsində bu prinsipin əsas götürülməsinin
nəticəsidir ki, Azərbaycanda da modernləşmə
istiqamətində həyata keçirilən ardıcıl
siyasət özünün yeni intellektual səviyyəsinə
qalxmışdır. İndi cəmiyyətin ayrı-ayrı
sosial qruplarının dövlət quruculuğunda fəal
iştirak etməsinə və öz müstəqil dövlətinin
keşiyində durmasına daha çox ehtiyac
yaranmışdır. Bu prosesdə Azərbaycan cəmiyyətinin
gənc, güclü, perspektivli intellekt sahiblərinin dövlətimizin
həyata keçirdiyi siyasətin avanqardına çevrilməsi
üçün zəmin yaranıb.
Ötən ilin dekabrında cənab İlham Əliyevin
Fərmanı ilə təsdiq olunan “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası ölkəmizin
növbəti illərdə mövcud imkan və resursları nəzərə
almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah,
səmərəli dövlət idarəetməsi və qanun
aliliyi prinsiplərinin reallaşdırılması ilə səciyyələnir.
Bu konsepsiyada Azərbaycanın gələcək
inkişafı əsasən ənənəvi iqtisadiyyatdan
“bilik iqtisadiyyatı”na keçid prinsipinin
reallaşdırlması istiqamətində müəyyənləşdirilmişdir.
Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə
elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm-təhsil
və elm-istehsalat arasında əlaqələrin
artırılmasını, innovasiya fəallığının
yüksəldilməsini tələb edir.
Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi
kursun mühüm cəhətlərindən biri də vətəndaşın
sosial fəallığı ilə siyasi-ideoloji yetkinliyin
bir-birini tamamlamasını təmin etməklə
bağlıdır. Bu, intellektlə mənəvi-əxlaqi dəyərlərin
harmoniyası sayəsində reallaşdırılır. Bu
kursun nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi
baxımdan inkişaf edərək regionun lider dövlətinə
çevrilmişdir.
Azərbaycanda sosial-iqtisadi, siyasi sistemin təkmilləşdirilməsi
və müasir texnologiyaların tətbiqi ilə yeni bəşəri
idarəetmə üsulunun tətbiqi cənab İlham
Əliyevin beynəlxalq aləmdə şəxsi nüfuzunun
ildən-ilə artmasına gətirib çıxarıb. Respublikada
aparılan rəy sorğuları da dövlət
başçısına olan rəğbətin, inamın,
etimadın yüksək səviyyəsindən xəbər
verir. Beləliklə, şübhə etmirəm ki, Prezident
İlham Əliyev builki prezident seçkilərində də
yüksək səs faizi ilə qalib gələcək!
İki
sahil.- 2013.- 3 oktyabr.- S.7-8.