Kitab bilik mənbəyidir
Bu gün bütün dünya kitab oxumağa,
mütaliəyə çox böyük önəm verir. Hər yerdə kitab
sərgiləri, yarmarkaları təşkil edilir,
gəncliyin zəngin dünyagörüşlü,
yüksək intellektə malik yetişməsi
üçün hər şərait
yaradılır.
Hətta
bəzi ölkələrdə avtobus
dayanacaqlarında pulsuz kitab
rəfləri belə quraşdırılır ki, bu da
istər-istəməz boş vaxtdan səmərəli istifadə etməyə
xidmət etməklə yanaşı, kitaba
olan marağı da
artırır. İnternet oxu-qiraət
saytları çoxaldıqca, kitab
mütaliəsindən uzaq düşən gənc nəslin bütün bunların köməkliyi ilə
yenidən ədəbiyyata marağı günbəgün
artır.
Oktyabrın 9-dan 13-dək
Almaniyanın Frankfurt şəhərində
dünyanın ən böyük kitab sərgi-yarmarkası (Frankfurter
Buchmesse) keçiriləcək. Bu il 65-ci dəfə
gerçəkləşən Frankfurt
yarmarkasında Azərbaycan kitabları da nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə nazirliyin əməkdaşlarından,
“Renessans” və “Şərq-Qərb” nəşriyyatlarının
təmsilçilərindən ibarət nümayəndə heyəti
bu il ölkəmizi
dünyanın bu nüfuzlu
kitab sərgisində artıq
altıncı dəfə təmsil edəcəklər.
Ötən illərdən
fərqli olaraq, bu il Azərbaycanın icarəyə götürdüyü stend
daha geniş olacaq. Azərbaycan kitabları Frankfurter
Buchmesse sərgi şəhərciyində
48 kvadratmetr sahədə gözəl tərtibatlı
stenddə nümayiş olunacaq.
Qız qalasının fiquru və qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini,
Qarabağ həqiqətlərini əks etdirən
nəşrlər yer alacaq.
Azərbaycan guşəsində
nəzərdə tutulan əsas tədbirlərdən
biri də oktyabrın 12-də ulu öndər Heydər Əliyevin 90 illiyinə
həsr edilmiş mərasim olacaq. Tədbirə Hessen əyaləti
Məclisinin deputatları, alman ictimaiyyətinin
nümayəndələri, Azərbaycan və Türkiyə
diasporlarının təmsilçiləri dəvət olunublar. Sərgi çərçivəsində
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, ümummilli liderə həsr edilmiş
“Heydər Əliyev adına” kitab-albomun təqdimatı
da keçiriləcək.
Ümumilikdə Azərbaycan
stendində ziyarətçilərə 200 adda
kitab, Azərbaycan, ingilis,
alman və rus dillərində
nəfis tərtibatlı nəşrlər,
respublikamızın turizm imkanları
haqqında bukletlər və digər çap
məhsulları təqdim ediləcək.
Qeyd edək ki, Frankfurt kitab yarmarkası
1949-cu ildən bəri ənənəvi olaraq
keçirilir. Bu kitab sərgisinin tarixi bir neçə əsr öncəyə gedib çıxır. Belə ki,
XV əsrdə Frankfurtun
yaxınlığındakı Mayns şəhərində
yaşayan Yohann Quttenberqin mexaniki çap üsulunu kəşf
etməsindən sonra kitab
ticarəti inkişaf etməyə
başlayıb və ilk yarmarkalar
keçirilib. XVII əsrin sonlarında Frankfurt yarmarkası Avropanın ən əhəmiyyətli
kitab satış sərgisi hesab edilirdi. Sonralar Leypsiq yarmarkası onu kölgədə qoysa da, II Dünya müharibəsindən
sonra, 1949-cu ildə Frankfurtda
kitab yarmarkası yenidən təşkil olunaraq əvvəlki şöhrətinə qovuşub və hər il
oktyabrın ortalarında burada dünya kitabları sərgilənir. Bu il isə yarmarkada 100-dən çox
ölkədən 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgilənəcək.
Ənənəyə görə, hər sərgidə ölkələrdən
biri fəxri qonaq
qismində iştirak edir.
Builki sərginin fəxri qonağı Braziliya olacaq.
Kitab bilik mənbəyidir,
kitab ağlın, savadın, səviyyənin
güzgüsüdür. Maksim
Qorki demişdir: “Kitablar özünüzə və
başqalarına hörmət etməyi öyrədəcək,
ürəyi və ağlı, dünya və
insanlıq sevgisi ilə dolduracaq”.
Fəxriyyə İkramqızı
İki sahil.- 2013.- 9 oktyabr.- S.13.