Sürətlə inkişaf edən Yardımlı

 

Yüksək dağlıq ərazidə yerləşməsinə baxmayaraq bu gün rayonda genişmiqyaslı quruculuq işləri davam edir

 

Artıq ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq respublikanın bütün rayonlarında “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sürətlə abadlıq-quruculuq işlərinin həyata keçirilməsi adət halını alıb. İndi ən ucqar dağ rayonlarına gedəndə belə bu quruculuq, abadlıq işlərinin həyata keçirildiyinin şahidi oluruq. Belə rayonlardan biri də dəniz səviyyəsindən 1000-1800 metr yüksəklikdə, dağlıq ərazidə yerləşən Yardımlı rayonudur. Rayonda olarkən abadlıq-quruculuq işlərinin aparıldığı açıq-aydın hiss olunsa da, “İki sahil” qəzeti olaraq Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb son bir ildə görülən işlər, bundan sonrakı planlar və digər məsələlər barədə fikirlərini öyrənmək üçün bir neçə sualla müraciət etdik.

-Sevindik müəllim, istərdik son bir ildə rayonda görülən əsas abadlıq-quruculuq işləri barədə danışasınız...

- Məlumunuz olduğu kimi, “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bütün rayonlarla yanaşı Yardımlı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Elə bu yaxınlarda Cənab Prezidentimiz İlham Əliyevin rayona səfəri zamanı bir sıra tikilinin açılışı oldu. İlk olaraq deyim ki, 2013-cü ilin birinci rübündə rayonda tikinti-abadlıq-quruculuq işləri sürətlə həyata keçirilib. Şəhərin girişində giriş qalası inşa olunub, uzunluğu 4 km olan yolun hər iki istiqamətində müasir zövqə uyğun istinad divarları hörülüb, həmin istiqamətdə yollar genişləndirilib, piyada səkiləri tikilib, küçələrə yeni işıq dirəkləri quraşdırılıb. Eləcə də şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami küçələrində tikinti-abadlıq və yolların təmiri işləri, küçə işıqlarının quraşdırılması həyata keçirilib. YAP Yardımlı rayon təşkilatının inzibati binası tikilərək istifadəyə verilib, ərazi abadlaşdırılıb və fəvvarə meydanı yaradılıb. Bundan başqa Rayon Polis şöbəsi və Rayon Statistika idarəsinin inzibati binası da əməkdaşların ixtiyarına verilib. Mədəniyyət və istirahət parkındakı fəvvarə müasir zövqə uyğun olaraq yenidən qurulub, Şəhidlər xiyabanı abidə kompleksi əsaslı təmir olunub. 1 hektar sahədə ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəz və park tikilərək açılışı edilib. Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev küçəsində 100 metrə yaxın yolun uçmuş hissəsi tez bir zamanda bərpa edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

-Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, eləcə də təhsil və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçünkimi işlər görülür?

- Əvvəla onu deyim ki, 7 yanvar 2013-cü il tarixdə Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılmışdı. Əlbəttə ki, bu vəsait hesabına mühüm istiqamətlər üzrə işlər görülür.

Təhsil sahəsinə gəldikdə isə hazırda 8 məktəbdə və 1 uşaq bağçasında sürətli tikinti işləri aparılır. 4 məktəbin tikintisi üçün isə layihə hazırlanmış və vəsaitin ayrılması üçün sənədlər Nazirlər Kabinetinə təqdim olunmuşdur. Yaxın vaxtlarda bu kəndlərdə də məktəblərin tikintisinə başlanılacaq.

Rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili də diqqətdən yayınmır. Bu məqsədlə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir Olimpiya idman kompleksi və “Gənclər evinin tikintisi üçün sərəncam verilib. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.

-Məlumdur ki, relyefin dağlıq olması səbəbindən rayonla bir çox kəndlər arasındakı yollar gediş-gəliş üçün çətinliklər yaradır. Bununla bağlı nə deyərdiniz?

- Tamamilə düz deyirsiniz. Həqiqətən də Yardımlı yüksək dağlıq ərazidə yerləşdiyindən buranın relyefi mürəkkəb və çətindir. Əgər hər hansı bir Aran rayonlarından birində müəyyən məsafədə yol çəkmək üçün bir ay vaxt lazımdırsa, Yardımlıda bu işi başa çatdırmağa ən azı iki dəfə artıq vaxt lazım gəlir. Bundan başqa maliyyə məsələsində də daha çox vəsait tələb olunur. Amma bütün bunlara baxmayaraq rayonda yolların təmiri, yeni yolların salınması ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb, xeyli yeni yollar salınaraq asfaltlanıb və bu işlər bundan sonra da görüləcəkdir. Görülən işlərə qısaca misal olaraq deyə bilərəm ki, 2012-ci ildən 2013-cü ilin müvafiq dövrünə qədər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdə uzunluğu 7 kilometr olan Yardımlı-Bozayran-Bürzünbül yolu, uzunluğu 6 kilometr olan Jiy -Ərsilə yolu, uzunluğu 7 kilometr olan Şiləvəngə-Ökü-Mamulğan yolunun 4 kilometri, Yardımlı-Vəlixanlı yolunun 0,7 kilometri, uzunluğu 2 kilometr olan Şəfəqli -Cerinbel yolunun 0,3 kilometri, Hamarkənd -Abasabad yolunun 0,5 kilometri, şəhərin Ünəç küçəsinin ayrı-ayrılıqda 2 kilometri, uzunluğu 8 kilometr olan Yardımlı-Şəfəqli yolunun 2 kilometr hissəsi, uzunluğu 1,5 kilometr olan Horavar-Əngövül yolu, Dəryavar yolunun 0,2 kilometri və Ləzran yolunun 0,8 kilometri çınqıl örtük döşənməklə təmir olunub. Bundan başqa Sırıq-Horavar avtomobil yolunun 1-ci kilometrində, 4 min əhalinin istifadəsində olan və 5 kəndi birləşdirən Viləş çayı üzərində uzunluğu 7 metr, eni 4 m olan, eləcə də ağır tonajlı avtomobillərin də istifadə edə biləcəyi körpü inşa olunaraq istifadəyə verilib. Bundan başqa ölkə Prezidenti cənab İlham Əliyevin 21 fevral 2013-cü il tarixli sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə 5 milyon manat vəsait ayrılmış və aparılan sürətli işlərdən sonra yol sakinlərin ixtiyarına verilib. Ümumilikdə isə, 60 kilometrə yaxın yol çınqıl örtüklə təmir olunmuş, 48 kilometr yol isə eni 6 metr olmaqla genişləndirilmişdir. Hazırda yol çəkilişləri davam etdirilir.

-Bildiyimizə görə, rayonda içməli suya olan tələbatı ödəmək üçün böyük işlər aparılır. Zəhmət olmasa bu barədə məlumat verərdiniz...

- Hazırda Yardımlı rayon mərkəzinin və kəndlərin içməli suya olan tələbatının ödənilməsi üçün şəhərə sukanalizasiya xətlərinin çəkilməsi istiqamətində sürətli işlər aparılır. Azərbaycan Hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində ümumi uzunluğu 62 kilometr olan su və 59 kilometr olan kanalizasiya xətləri çəkilişi işlərinə başlanılmış və hazırda bu işlər davam etdirilir. İndiyə kimi su xətlərinin çəkilişi 16 %, kanalizasiya xətlərinin çəkilişi isə 10% yerinə yetirilib. Belə ki, əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə rayonun Sineyir adlanan ərazisindən su çəkilişinə başlanılıb. Hazırda birinci anbara kimi işin 70%-i, yəni 8 kilometr məsafədə işlər icra olunmuş, ümumi tutumu 500 ton olan birinci anbar artıq istifadəyə verilmişdir.

Layihənin birinci mərhələsində rayon mərkəzini təchiz edən magistral içməli su xətti və diametri 300-400 millimetr olan kanalizasiya kollektorunun çəkilməsi işləri artıq başa çatmaqdadır. Avun kəndindəki mövcud sugötürücü qurğudan Yardımlı şəhərini təchiz edən 8630 metr uzunluğunda magistral su xəttinin tikintisi artıq başa çatıb. Şəhərin mərkəzində 6520 metr uzunluğunda baş kanalizasiya kollektoru inşa edilib. Layihəyə əsasən şəhərə 24 saat ərzində adambaşına 150 litr həcmində fasiləsiz içməli suyun verilməsi nəzərdə tutulub. Qalan digər işlərin isə 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulub.

-Bəs qışa hazırlıq işləri nə yerdədir? Rayon üzrə mavi yanacaqelektrik enerjisinin verilməsi təmin olunubmu?

- Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə rayon elektrik şəbəkəsi Yeni Yardımlı, Ərus və Sığnə yarımstansiyalarında və onlardan qidalanan xətlərdə təmir işləri aparılaraq hazır vəziyyətə gətirilib. Bundan başqa əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Masallı-Yardımlı-Lerik 110 kilovoltluq yüksək gərginlikli hava elektrik xətti çəkilərək yeni yarımstansiya qurulub. Rüb ərzində Elektrik şəbəkəsinin elektrik dirəkləri dəyişdirilib. Şəbəkədə yaradılmış növbətçilik əsasında xətlərdə baş verən qəzalar vaxtında aradan qaldırılıb. Rayonun bütün kəndləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilib.

2013-cü ilin I rübündə rayonumuzda təbii qaz abonentlərinin sayının artması da müşahidə olundu. Belə ki, 42 abonenti olan Bilnə kəndinə, 280 abonenti olan Bozayran kəndinə təbii qaz verildi. Şəhərin Ünəç və Daşkənd küçəsi, eləcə də QabaqdibiMişkireyin kəndində qaz xəttinin çəkilişi başa çatdırılıb, hazırda evlərə xətlərin çəkilişi və sayğaclaşma işləri aparılır. 450 abonenti olan Bürzünbül və Vərgədüz kəndlərinə də magistral qaz xətti çəkilib. Bundan əlavə, abonentlərinin sayı 1920 nəfər olan şəhərətrafı və kəmərboyu 18 kəndin qazlaşması məqsədilə texniki şərtlər hazırlanıb və həmin kəndlərin qazlaşması 2013-cü ildə başa çatdırılacaq.

 

Taleh Bağırov

 

İki sahil.- 2013.- 22 oktyabr.- S.21.