Xalqın inamı
Azərbaycanın
son on ildə möhtərəm cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlar
seçkilərdə möhtəşəm qələbəsini
şərtləndirdi
Seçkilər
Azərbaycan xalqının iradəsini əks etdirdi
Azərbaycanda
oktyabrın 9-da keçirilmiş prezident seçkiləri
demokratiyanın təntənəsi olmaqla yanaşı,
xalqımızın Heydər Əliyev siyasətinə
inamını, etimadını bir daha təsdiqlədi. Son on ildə müstəqil Azərbaycanımızın
möhtərəm cənab İlham Əliyevin rəhbərliyi
ilə əldə etdiyi uğurların miqyasına diqqət
yetirdikdə hər bir Azərbaycan vətəndaşı
bundan yalnız və yalnız qürur hissi keçirə bilər.
Məhz xalqımız 9 oktyabr prezident seçkilərində
fəal iştirakı, ən əsası möhtərəm cənab
İlham Əliyevə dəstəyi ilə ötən illərə
bir baxış keçirib, gələcəklə
bağlı öz fikirlərini, arzularını ifadə etdi.
Prezident İlham
Əliyev andiçmə mərasimində on il bundan əvvəl
ilk dəfə Prezident seçiləndə verdiyi vədi bir
daha xatırlatdı: “Azərbaycanın daha qüdrətli,
güclü dövlətə çevrilməsi
üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir”
və “Mən hər bir azərbaycanlının Prezidenti
olacağam”. Son on ilin qısa təhlili bu vədlərin
konkret əməli işdə öz təsdiqini
tapdığını bir daha nümayiş etdirir.
Təhlükəsizlik, sabitlik olmadan heç
bir
inkişafdan söhbət gedə bilməz
Son on
ildə Azərbaycanın müstəqilliyinin qorunması və
daha da möhkəmləndirilməsi əsas məsələ
kimi diqqətdə olub. 2011-ci ildə Prezident İlham
Əliyevin Sərəncamı ilə dövlət müstəqilliyimizin
yenidən bərpasının 20 illiyinin dövlət səviyyəsində
qeyd olunması ötən illərin təhlili və onların fonunda
yeni-yeni hədəflərin müəyyənləşdirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb edir.
“İyirmi il həm böyük, həm də çox da
böyük olmayan müddətdir. İyirmi il ərzində
çox iş görmək olar, heç nə görməmək
də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin
birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da
tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız
bütün uğurlar bu müstəqilliyin nəticəsidir”
söyləyən dövlət başçısı
İlham Əliyev eyni zamanda bildirmişdir ki, müstəqillik
bizim üçün ən böyük sərvətdir, ən
böyük dəyərdir. Müstəqillikdən qiymətli
heç nə ola bilməz.
Andiçmə
mərasiminin Dövlət Müstəqilliyi Günü ərəfəsinə
təsadüf etdiyini önə çəkən dövlət
başçısı İlham Əliyev müstəqilliyimizin
ilk illərində yaşanan durumla bugünkü Azərbaycanımızın
müqayisəli təhlilini aparıb bu fikri xüsusi qeyd etdi
ki, sabitlik olmasa, heç
bir inkişafdan söhbət gedə bilməz.
Azadlıq və
istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Azərbaycan xalqı öz dövlətini dəstəkləyir,
müdafiə edir və bu da əbədi müstəqilliyimizin
təminatıdır. 1993-cü ildə ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı Azərbaycanı dağılmaq,
parçalanmaq, məhv olmaq təhlükəsindən
xilas etdi. Milli dövlətçilik salnaməsinə qızıl
hərflərlə yazılan tarix - 15 iyun 1993-cü il
xalqı məşəqqətlərdən, faciələrdən
xilas edən Milli Qurtuluş Günü oldu. O
gündən etibarən müstəqilliyimizin əbədi
olması üçün böyük xidmətlər göstərən
dahi şəxsiyyət Heydər Əliyev müasir, müstəqil
və qüdrətli Azərbaycan dövlətinin qurucusu,
yaradıcısı, suverenliyimizin etibarlı qarantı oldu.
2003-cü ildən Ulu Öndərin layiqli davamçısı
möhtərəm cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi
uğurlarımızın davamlılığını təmin
etdi. Ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə
qovuşan Azərbaycan indi dünyada günəş kimi
parlayır. Son on ildə Prezident İlham Əliyev ölkədə
sabitliyin qorunmasını prioritet məsələ kimi öndə
saxlayıb. Andiçmə mərasimində dövlət
başçısı İlham Əliyev bildirmişdir:
“Sabitliyin qorunmasında, əlbəttə ki, dövlət
siyasəti xüsusi rol oynayır, eyni zamanda, xalqla iqtidar
arasındakı birlik bax bu sabitliyin təmin edilməsində əsas
rol oynamışdır”.
Bu
gün böyük inam hissi ilə qeyd edə bilərik ki, ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı illərində söylədiyi “Biz bu
çətin günləri keçib gedəcəyik, müstəqil
Azərbaycan Respublikası dünya birliyində öz layiqli
yerini tutacaq. Hər bir Azərbaycan
vətəndaşı özünün bu müstəqil
dövlətə mənsub olduğunu böyük qürur
hissi ilə bəyan edəcəkdir” fikirləri artıq reallıqdır.
Azərbaycanın dövlət müstəqilliyi əbədidir,
dönməzdir. Möhtərəm cənab İlham Əliyev
bildirir: “Son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin
üstünlüklərini açıq-aydın göstərir.
Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola
bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu
nailiyyətlərə çata bilmişik. Müstəqilliyin
üstünlükləri bundan ibarətdir. Azərbaycan
xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt
tarixdə bu qədər güclü olmamışdır.
Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır.
Biz hamımız bundan sonra da çalışmalıyıq və
çalışacağıq ki, ölkəmizi inkişaf
etdirək, müstəqilliyimizi əbədi, dönməz edək”.
Azərbaycan demokratiya
yolu ilə uğurla addımlayır
Son on ildə ölkəmizdə
bütün azadlıqlar təmin edilib. İnsan hüquq və azadlıqlarının
qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi
əsas məsələ kimi öndə dayanıb. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst
seçim hüququnun verilməsi, şəffaf seçkilərin
təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə
sadiqlik, Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir.
2009-cu ildə ölkədə keçirilmiş və əhali
tərəfindən dəstəklənmiş Konstitusiyaya əlavə
və dəyişiklikləri nəzərdə tutan referendumda
da məqsəd və ən çox diqqət yetirilən sahə
insanların azad, firavan, sərbəst yaşaması
üçün təkmil qanunvericilik bazasını
dövrün tələbinə, müasirləşən və
dünyaya sürətli inteqrasiya yolu ilə irəliləyən
Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək
idi. Prezident İlham Əliyevin 2011-ci il 27
dekabr tarixli Sərəncamı ilə daha geniş sferanı əhatə
edən “Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı”nın təsdiq edilməsində də məqsəd
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi
istiqamətindəki islahatların
davamlılığını təmin etməkdir. Demokratik inkişafın vacib amillərindən biri
kimi vətəndaşların sərbəst toplaşmaq
azadlığının təmin edilməsi istiqamətində
də davamlı tədbirlər həyata keçirilir.
“Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə
şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq
şəraitində yaşadığı və bütün
azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən
Prezident İlham Əliyev eyni zamanda bu fikri də önə
çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi
siyasətimizin əsas elementləridir və biri digərsiz
mümkün ola bilməz: “İqtisadi cəhətdən
güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq
yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən”.
Demokratiyaya sadiqliyi sözdə deyil, əməldə
sübut edən Azərbaycan dövlətinin atdığı
biri-birindən əhəmiyyətli addımların nəticəsidir
ki, respublikamızın demokratiya təcrübəsi digər
ölkələrə nümunə göstərilir. Dövlət başçısı İlham
Əliyev hər zaman bu fikri də qeyd edir ki, Azərbaycanda
bütün azadlıqlar mövcuddur, eyni zamanda, qanun-qayda da
var. Konstitusiyamızda təsbit olunmuş bütün
azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda,
hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir.
Heç kimə imkan verilməyəcək ki,
qanunu pozsun. Heç kimə imkan verilməyəcək
ki, hansısa müstəsna güzəştlərə malik
olsun. Biz hüquqi dövlət qururuq.
Sərbəst toplaşmaq
azadlığının təmin olunması sahəsində
atılan addımlar göz qabağındadır. Bu hüquq 1998-ci ildə qəbul olunan “Sərbəst
toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənir.
Qanunun qəbulundan ötən dövr ərzində
Azərbaycanın bütün sahələrdə keçdiyi
inkişaf yolunu təhlil etməyə ehtiyac yoxdur. Dinamik iqtisadi inkişafa malik olan Azərbaycan siyasi,
demokratik islahatlar sahəsində qazandığı
uğurları ilə də dünyanın diqqət mərkəzindədir.
Bu uğurlar zaman-zaman qəbul olunan qanunlarda,
onlara edilən əlavə və dəyişikliklərdə əksini
tapır. “Sərbəst toplaşmaq azadlığı
haqqında” Qanuna da 2008-ci il prezident
seçkiləri ərəfəsində Avropa Şurası
Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində
bir sıra əlavə və dəyişikliklər edilib. Bir sözlə, son on ildə demokratiya, insan
hüquqları, hüquqi dövlət quruculuğu ilə
bağlı bütün addımlar ölkəmizi daha da
gücləndirmiş və dinamik inkişafı təmin
etmişdir. Seçki praktikasının təkmilləşdirilməsi
sahəsində görülən tədbirlərin səmərəliliyini
artırmaq, Seçki Məcəlləsinin müddəalarının
seçkilərə hazırlıq dövründə və səsvermə
günü tam və şərtsiz həyata keçirilməsi,
vətəndaşların seçki hüquqlarının daha
dolğun təmin edilməsi məqsədilə Azərbaycan
dövlətinin gördüyü işlər beynəlxalq təşkilatlar,
dövlətlər tərəfindən yüksək dəyərləndirilir.
Qərb və Avropa təmsilçiləri bu
fikri daim bəyan edirlər ki, Azərbaycanda demokratiyanın
inkişafı təkamül yolu ilə gedir, vətəndaşların
bütün hüquqları qanunlar əsasında tənzimlənir,
dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin
öyrənilməsinə və tətbiqinə xüsusi
önəm verilir.
Azərbaycanda
sivilizasiyalararası, dinlərarası
münasibətlər dünya üçün örnəkdir
Sürətlə inkişaf edən, dəyişən
dünyada xalqlar və dövlətlər
yaxınlaşır, insanlar və talelər birləşir. Sivilizasiyaların qarşılıqlı əlaqə
və təsirinin minilliklərlə tarixi vardır. Müasir dövrdə qloballaşma prosesləri hər
şeydən əvvəl beynəlxalq əlaqələrin
güclənməsi, ölkələr arasında əməkdaşlığın
genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində
ümumi elementlərin artması ilə səciyyələnir.
Sivilizasiyaların dialoqunun təşkilində,
inkişafında müxtəlif ölkələrin hökumət
və siyasi partiya nümayəndələrinin, mədəniyyət,
incəsənət və elm xadimlərinin öz
düşüncələrini ortaya qoyub ümumi mövqe
nümayiş etdirmələri təbii ki, müsbət
haldır. Bu fikir hər zaman önə
çəkilir ki, dinc yanaşı yaşamağın təmin
edilməsinə yönələn fəaliyyətin
mühüm tərkib hissəsi və şərtlərindən
biri dini və ümumbəşəri dəyərlər sahəsində
mədəniyyətlərarası, dinlərarası dialoqun zəruriliyidir.
Bu dəyərlərin öyrənilməsi və
birləşmə nöqtələrinin
açıqlanması ümumi mədəniyyətlərarası
dəyərlərin aşkar edilməsində mühüm rol
oynaya bilər. Azərbaycanın qeyd olunan
istiqamətlərdə əldə etdiyi təcrübələr
daim beynəlxalq səviyyədə təqdir olunur. Andiçmə mərasimində dövlət
başçısı möhtərəm İlham Əliyev
diqqəti ölkəmizin bu istiqamətdə
qazandığı uğurlara da yönəltdi. Bildirdi
ki, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq
tədbirlər, forumlar, konfranslar ölkəmizi dünyada
tolerantlıq məkanı, dözümlülük,
multikulturalizm mərkəzi kimi təqdim etmişdir: “Bu, bizim həyat
tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Artıq
Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir.
Bu gün Azərbaycan dünya miqyasında bu
istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən
ölkələrdən biridir”.
Ölkəmizdə yaranan demokratik şəraiti yüksək
qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki, dünyada
çox az dövlət tapılar ki, Azərbaycanda
yaranan tolerantlıq, dini dözümlülüyün təmin
olunması üçün buradakı qədər səylər
göstərilsin. İllərin təcrübəsi göstərir
ki, İslam Konfransı Təşkilatının və Avropa
Şurasının üzvü olan Azərbaycan milli mənəvi
dəyərlərin dünya mədəniyyətinin inciləri
ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə,
Avropa və Asiya, xristian və müsəlman dünyası ilə
əlaqələrin güclənməsinə ən
böyük töhfə verən ölkədir. Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, multikulturalizm başqa xalqın
nümayəndəsinə hörmət, başqa dinə
hörmətdir. Öz dininə hörmət
başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə
bütün xalqları birləşdirir.
İqtisadi
müstəqillik siyasi
müstəqillik üçün əsasdır
Dövlət başçısı İlham Əliyev
bildirir: “Müstəqil siyasətin təməlində iqtisadi
müstəqillikdir. İqtisadi müstəqilliyin
yaradılması mənim üçün Prezident kimi ən
vacib məsələlərdən biri idi. Çünki
mən on il bundan əvvəl çox
yaxşı başa düşürdüm ki, əgər biz
buna nail olmasaq, Azərbaycan gələcəkdə
böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq
heç kimə sirr deyildir”.
Dövlətimizin uğurlu sosial-iqtisadi
siyasətinin nəticəsidir ki, beynəlxalq aləm
inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir
edir və öyrənilməsinin vacibliyini bildirir. İqtisadiyyatın şaxələndirilməsi siyasəti
uğurla həyata keçirilir. Ölkəmizin
hərtərəfli tərəqqisində qeyri-neft sektorunun
inkişafını vacib amil kimi önə çəkən
dövlət başçısı İlham Əliyevin bu
istiqamətdə atdığı davamlı addımlar bu məqsədin
reallığa çevrilməsini təmin edib. Cari ilin 9
ayında qeyri-neft sektorunda artımın 10,4
faiz təşkil etməsi uğurlu iqtisadi islahatların nəticəsidir.
Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında da Prezident İlham Əliyev bu
fikri xüsusi qeyd etmişdir ki, iqtisadiyyatın əsas sahəsi
neft sektorudur. Ancaq son müddət ərzində
ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda
formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir.
Son on ildə ölkədə bir milyon 200 min yeni iş yeri
açılıb ki, bunun da 900 mini daimidir. İşsizliyin
səviyyəsi 5 faizdir. Regional inkişaf
proqramlarının uğurlu icrası nəinki rəqəmlərdə,
gündəlik həyatda da özünü göstərir.
Təbii ki, ölkəmizin malik olduğu təbii
resurslardan səmərəli istifadə
imkanlarımızın genişləndirilməsinə zəmin
yaradır. Amma bir reallığı da qeyd
edək ki, dünyada təbii resurslarla zəngin olan bir
çox ölkələr var ki, orada bu ehtiyatlar heç də
hər zaman uğur gətirmir. Əhali
arasında təbəqələşmə prosesi sürətli
hal alır. Lakin Azərbaycanın
inkişaf strategiyasını müəyyənləşdirərkən
dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə
istinad etməsi bu kimi problemlərin yaşanmamasını
şərtləndirdi. Neft gəlirlərinin idarə
olunmasında şəffaflıq, ədalət prinsipinin
öndə saxlanılması ölkənin maliyyə
imkanlarının genişlənməsində və
mühüm sosial-iqtisadi layihələrin həyata
keçirilməsində özünü təsdiqlədi.
İqtisadiyyatın inkişafında neft amilinə
böyük dəyər verilməsi ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycanın
bugünkü uğurlarının davamlılığında
neft strategiyasının rolu inkaredilməzdir. Bu gün Azərbaycanın
iştirakı olmadan bölgədə hansısa iqtisadi və
siyasi layihənin həyata keçirilməsinin
mümkünsüzlüyü ölkəmizin nüfuzunun və
siyasi çəkisinin təsdiqidir. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın
çəkisi artdıqca, imkanları da genişlənir.
Qeyd olunduğu kimi, bütün bu uğurlar ulu öndər
Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının uğurlu icrasına söykənir.
“Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycanın
bugünkü iqtisadi imkanlarını, beynəlxalq aləmdə
siyasi mövqeyini düşünmək çətin deyildi.
Dövlət başçısı bildirir: “Əgər bizdə
bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin
hesabına inkişaf etdirə bilərdik?”
Bazar iqtisadiyyatı yolu ilə irəliləyən,
sosial-iqtisadi proqramların həlli üçün maliyyə
imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə
görə də maraq doğurur. Son on ildə ölkə
iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulub ki, bunun da
yarısı xarici sərmayədir. Bu, Azərbaycanın xarici
investorlar üçün cəlbedici ölkə olduğunu təsdiqləyir.
Ölkəmizdə ictimai-siyasi sabitliyin, normal biznes
mühitinin mövcudluğu ölkəmizə investisiya
axınını sürətləndirir. Daxili
investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki,
dövlətimizin sahibkarlığın inkişafına diqqət
və qayğısının göstəricisidir.
Ayrı-ayrı dövrləri əhatə edən “Azərbaycanda
sahibkarlığın inkişafı” Dövlət
Proqramı, “Azərbaycanda kiçik və orta
sahibkarlığa Dövlət Yardımı Proqramı”, “Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı”, “Yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı (2003-2005-ci illər)”, “Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və
digər proqramların uğurlu icrasının davamı olaraq
hazırda “Azərbaycan Respublikasının məşğulluq
strategiyası (2006-2015-ci illər)”, “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”,
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişafı
Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” və
digər vacib sənədlərin icrası
uğurlarımızın davamlılığına əsas
yaradır. ÜDM-də özəl bölmənin payı 85
faiz təşkil edir. Son on ildə sahibkarlara bir milyard manat dəyərində
güzəştli kredit verilib.
Valyuta ehtiyatlarımız 50 milyard dollara yaxındır.
Valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində
yeni istiqamətlərin
araşdırıldığını qeyd edən dövlət
başçısı İlham Əliyev bu gerçəkliyi
də diqqətə çatdırır ki, əgər valyuta
ehtiyatlarını adambaşına hesablasaq, Azərbaycan
dünya miqyasında ən qabaqcıl yerlərdən birindədir.
Dövlət başçısı İlham Əliyev
andiçmə mərasimində bir daha bu reallığı
diqqətə çatdırır ki, iqtisadi inkişaf tempinə
görə son on il ərzində Azərbaycan qədər
inkişaf edən ikinci ölkə olmamışdır. On ildə
iqtisadiyyat 3,4 dəfə artıb. Əvvəlki illərdə
bu artımın neft amili sayəsində olduğunu önə
çəkən Prezident İlham Əliyev bu əminliyi ifadə
edir ki, hazırda qeyri-neft sektorunun inkişafı mövcud
artımı təmin edir və gələcəkdə də
təmin edəcəkdir. Uğurlarımızın əsas səbəbi
düşünülmüş siyasətdədir. Ölkəmiz
kosmik dövlətlərin sırasına daxil edilmişdir. Təbii
ki, bu uğur da iqtisadi tərəqqiyə əsaslanır.
Azərbaycan
sosial dövlət kimi öz sözünü deyib
Həyata keçirilən siyasətin əsasında Azərbaycan
vətəndaşı dayanır. Son 10 ildə atılan
addımlara diqqət yetirsək, bu fikrin reallığa əsaslandığının
şahidi olarıq. İqtisadi resursların insan kapitalına
çevrilməsi əsas tezis kimi önə çəkilərək,
müasir dövrün tələblərindən biri kimi
yüksək ixtisaslı kadrların hazırlanmasına diqqət
daha da artırılıb. Prezident İlham Əliyevin Fərmanı
ilə “2007-2015-ci illər üçün Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsil almaları ilə
bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi
və uğurla icrası da bu məqsədə xidmət edir.
Mövcud intellektual potensialın zənginləşdirilməsi
ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər,
xarici ölkələrdə kadr hazırlığı məsələsini
aktuallaşdırır, xarici dilləri mükəmməl bilən,
informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və
beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən
yüksək hazırlıqlı mütəxəssislərə
olan ehtiyacın ödənilməsini tələb edir. Ölkədə
rəqabətqabiliyyətli iqtisadi sistemin
formalaşdırılması və davamlı inkişafın
təmin edilməsi baxımından ölkənin müasir tələblərə
cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan
gənclərinin ümumbəşəri dəyərlər əsasında
layiqli ali təhsil almaları üçün lazımi şəraitin
yaradılması, istedadlı gənclərin dünyanın
aparıcı ölkələrində təhsil almaq
imkanlarının genişləndirilməsi istiqamətində
atılan addımlar davamlılığı ilə diqqət
çəkir. Dövlət başçısı İlham
Əliyev andiçmə mərasimində bu reallıqların
fonunda bildirmişdir: “Biz öz gücümüzə
arxalanırıq. Azərbaycan xalqının istedadına, zəhmətinə
güvənirik. Ona görə Azərbaycan dünya
miqyasında hətta böhranlı illərdə uğurlu
inkişaf etmişdir”. 2009-cu ildən dünyanı
bürüyən iqtisadi və maliyyə böhranı hər
bir ölkənin nəyə qadir olduğunu nümayiş
etdirdi. Azərbaycanda iqtisadiyyatın düzgün əsaslar
üzərində qurulması bu böhrandan uğurla
çıxmasını təmin etdi.
Ötən 10 ildə bir milyondan artıq yeni iş
yerinin açılması işsizlik, məşğulluq
probleminin həllinə öz müsbət təsirini göstərir.
Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5
faizə enib. Son on ildə orta maaş 5,6 dəfə, orta
pensiya 9,2 dəfə artıb. Bu müddətdə respublikada
2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzinin
tikilib istifadəyə verilməsi də iqtisadi
uğurlarımıza əsaslanır. Hər sahə üzrə
konkret Dövlət proqramlarının qəbulu və
uğurlu icrası ölkənin hərtərəfli
inkişafına zəmin yaradır. Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarının yerinə
yetirilmə səviyyəsi ilə yaxından tanış olmaq
məqsədilə mütəmadi bölgələrdə olan
dövlət başçısı İlham Əliyev əhalinin
arzu və istəkləri ilə bilavasitə maraqlanır, təklif
və təşəbbüslərinin reallaşmasını,
lazımi tədbirlərin görülməsini yerli idarəetmə
orqanlarına əsas vəzifə kimi tapşırır. Bu
gün paytaxt və bölgələr arasında fərqin
aradan götürülməsi də bu inkişafın göstəricisidir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu
gün Azərbaycan quruculuq meydanını xatırladır.
Ölkəmizin hərtərəfli inkişafı, verilən
hər bir vədin konkret əməli işdə öz təsdiqini
tapması, ən əsası hər bir addımda xalqa
arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə
çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir.
Azərbaycan Prezidentinin xalqa xidməti hər bir dövlət
məmurundan tələb etməsi də ölkə əhalisinə
qayğının təzahürüdür: “İnsan amili,
insan kapitalı. Mən hələ bunu 2003-cü ildə
demişəm, biz neft kapitalını insan kapitalına
çevirməliyik. Bunu deyəndə təkcə elmə,
texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət
getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına
hər yerdə hörmət olmalıdır, dövlət
qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid
edilməməlidir, incidilməməlidir”.
Dövlət başçısının hər bir
rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair ayrılıqda sərəncamlar imzalaması və
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait
ayrılması da bu diqqət və qayğıdan irəli gəlir.
Ölkə Prezidentinin vurğuladığı kimi, ən
önəmlisi budur ki, Azərbaycan cəmiyyətində
islahatların aparılması üçün çox
böyük həvəs, maraq, böyük ruh yüksəkliyi
vardır. Rayonlar arasında sağlam rəqabət
aparılır.
Biz
mütləq ərazi bütövlüyümüzü bərpa
edəcəyik
Dövlət başçısı İlham Əliyevin
böyük qətiyyətlə və inamla səsləndirdiyi
“Azərbaycanın ərazi bütövlüyü təmin
ediləcək” bəyanatı Azərbaycanın diplomatik
mübarizədə qazandığı uğurlarla
yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi
fonunda ordumuzun qüdrətinin və gücünün
artmasına əsaslanır.
Silahlı Qüvvələrimizin daim modernləşdirilməsi,
torpaqlarımızın müdafiə olunması
üçün təxirəsalınmaz vəzifələrin
həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi
istiqamətində həyata keçirilən tədbirlər
müsbət nəticəsini göstərir. 26 iyun -
Silahlı Qüvvələr Günündə keçirilən
möhtəşəm hərbi paradlar ordu quruculuğu istiqamətində
aparılan islahatların hesabatı kimi dəyərləndirilir.
İqtisadi inkişafı və müdafiə qüdrəti ilə
regionda fərqlənən bir ölkəyə rəhbərlik
edən, Heydər Əliyev siyasətinə sadiqliyini
atdığı hər bir addımında təsdiqləyən,
Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində
hərbi gücümüz barədə söylədiyi qətiyyətli
fikirlər, keçirilən hərbi paradlarda nümayiş
etdirilən ən müasir hərbi texnika, döyüş
silah və sursatı bir daha belə əminlik yaradır ki, biz
hərb istəmirik, amma hərbə hər an hazırıq.
Aparılan sülh danışıqları səmərə
vermədiyi təqdirdə Azərbaycan işğal altında
olan torpaqlarını hərb yolu ilə azad etmək
gücündədir. Azərbaycanın güclü, peşəkar
ordusu vardır.
Dövlət başçısı möhtərəm
İlham Əliyev çıxışlarında bildirir ki,
müasir, güclü və mütəşəkkil ordu
yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında ən böyük tarixi xidmətlərindən
biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu
vardır. Azərbaycan gəncləri hesabına
formalaşmış və mükəmməl nizami ordu kimi
tanınan Azərbaycan Silahlı Qüvvələri hərbi
hazırlıq və müasir texnikanı idarə etmək
bacarığı baxımından bölgədə fərqlənir.
Möhkəmlənən iqtisadi imkanlarımız hesabına
daha da təkmilləşən Azərbaycan Silahlı Qüvvələri
müasir texnika ilə təchiz edilmiş, Vətənin
müdafiəsinə daim hazır olan yüksək nizam-intizama
malik bir quruma çevrilmişdir.
Dövlətin mövcudluğunu təsdiqləyən
atributlara daim hörmətlə yanaşan ölkəmizin
paytaxtındakı Dövlət Bayrağı Meydanında
dünyada ən uca yüksəklikdə olan üç rəngli
bayrağın dalğalanması, müasir hərbi texnika,
silah-sursatla təchiz olunmuş mükəmməl ordunun
formalaşması Vətənə, xalqa xidmət və sədaqətdən
qaynaqlanır. Milli kadrlar hesabına möhkəmlənən
ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin
ulu öndər Heydər Əliyevin yaratdığı və
Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid
Naxçıvanski adına hərbi liseyin kursantları, quru
qoşunlarının, hərbi hava və hərbi dəniz
qüvvələrinin məzunlarıdırlar.
Son illərdə artan imkanlarımız hesabına
ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin
yaşayış və məişət məsələlərinə,
sosial müdafiəsinə diqqət
artırılmışdır. Ordu quruculuğu sahəsində
həyata keçirilən islahatların ilk günündən
müdafiə xərclərinin artırılması əsas
prioritet kimi dövlət siyasətinin əsasında
dayanır. 2003-cü ildə 160 milyon dollar olan hərbi
büdcəmiz bu gün 3 milyard dollardan artıqdır. Azərbaycanda
hərbi sənaye kompleksi yaradılmış və onlarla
zavodda 750 adda hərbi təyinatlı məhsul istehsal edilir.
Dövlət başçısı İlham Əliyev hər
zaman bəyan edir ki, Azərbaycanın hərbi büdcəsi
Ermənistanın ümumi büdcəsinə bərabər
olmalıdır. Müharibə şəraitində yaşayan
bir ölkədə dövlət büdcəsində hərbi
təyinatlı xərclər üçün ayırmalara,
ordu quruculuğuna bu cür diqqət və qayğı təbiidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli
üçün danışıqların istənilən nəticəni
verməyənə kimi orduya ayırmalarda artımı daim
diqqətdə saxlanılacağını vurğulayan
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının - dünyanın ən
mötəbər qurumunun 4 qətnaməsi, digər beynəlxalq
təşkilatların oxşar qərar və qətnamələrinin
icra edilməməsini ədalətsizlik hesab edərək bir
daha bildirir ki, Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir: “Biz bundan sonra da
siyasi və diplomatik səylərimizi artıracağıq,
bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə
saxlayacağıq. Öz siyasi və regional təşəbbüslərimizlə,
iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq
göstərməliyik... Mən şübhə etmirəm ki,
Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edəcəkdir”.
Azərbaycanın 2011-ci ildə 193 ölkədən
155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin
qazandığı uğurlara, eyni zamanda, ədalətli
mövqeyinə əsaslanır. Hazırda Azərbaycan BMT Təhlükəsizlik
Şurasında sədrlik edir. Bu uğurumuz təbii ki, yeganə
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllinə öz
müsbət təsirini göstərəcək. Təbliğatı
real faktlara əsaslanan Azərbaycan iqtisadi qüdrətini
artırmaqla beynəlxalq aləmdə yeri və rolunu da möhkəmləndirir.
Diplomatik mübarizədə davamlı uğurlara imza atan
ölkəmiz yeganə problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini
yaxınlaşdırır.
Azərbaycanın
dostlarının sayı artır
Düzgün təmələ əsaslanan siyasət
uğurların davamlılığında əsas amildir. 22
illik müstəqillik tarixinə malik olan Azərbaycan hər
dövrün tələblərini,
çağırışlarını yüksək səviyyədə
yerinə yetirərək, biri-birindən əhəmiyyətli
uğurlara imza atır. Ölkəmizdə oktyabrın 9-da
keçirilən prezident seçkiləri ərəfəsində
müxtəlif beynəlxalq qurumların, dövlətlərin
hesabatları Azərbaycanın son on ildə
qazandığı uğurlara beynəlxalq baxışın nə
dərəcədə yüksək olduğunu bir daha
nümayiş etdirdi. İtaliyanın məşhur beyin mərkəzi
- Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun “10 il hərəkətdə:
Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı
hesabatında da bu fikir xüsusi qeyd olunmuşdur ki, Azərbaycan
uğurları ilə regional güc mərkəzinə
çevrilib. Bu uğurlar gələcək barədə
aydın təsəvvür yaradır. Belə ki, ölkənin
iqtisadi imkanları daha da artacaq, həm də onun Avropadakı əməkdaşları
ilə əlaqələri güclənəcək.
Bu gün Azərbaycanın Cənubi Qafqazın parlayan
ulduzu kimi qiymətləndirilməsi də gələcəyə
hesablanmış inkişaf konsepsiyasına əsaslanır.
Beynəlxalq əhəmiyyətli tədbirlərdə
inkişafın Azərbaycan modelinin mövcudluğunun qeyd
olunması və bunun öyrənilməsinin vacibliyi barədə
ürəkaçan fikirlərin səsləndirilməsi təbii
ki, ən böyük uğurumuzdur. Azərbaycanın müxtəlif
sahələri əhatə edən beynəlxalq tədbirlər
üçün əsas məkan seçilməsində də
uğurlarımız əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyevin hər
zaman bəyan etdiyi kimi, hər gün, hər həftə
ölkəmizdə keçirilən bu kimi tədbirlər,
forumlar Azərbaycan haqqında dolğun məlumatların əldə
olunmasında mühüm rol oynayır. Dünyanın
nüfuzlu maliyyə qurumlarının hesabatlarında,
sorğu mərkəzlərinin apardıqları
sorğuların nəticələrində Azərbaycanın hər
zaman yüksək göstərici əldə etməsi onu deməyə
əsas verir ki, inkişaf, tərəqqi dövlətimizin
siyasətində əsas yer tutmaqla yanaşı, bu istiqamətdə
əhəmiyyətli addımlar atılmış və bunun nəticəsi
olaraq ölkəmizə beynəlxalq baxış yüksək
səviyyədədir.
Həmin hesabatda diqqət ölkəmizdə
keçiriləcək 9 oktyabr prezident seçkilərinə
yönəldilərək hələ öncədən bu
prosesdə cənab İlham Əliyevin qələbə
qazanmaq şansının yüksək olduğu
bildirilmişdir. Bunu şərtləndirən amillər də
diqqətə çatdırılaraq qeyd edilmişdir ki, son on
ildə region ölkələri fərqli iqtisadi inkişaf nəticələri
əldə etmişlər. Belə ki, Azərbaycan sürətli
inkişafı, Ermənistan və Gürcüstan isə
iqtisadi geriləmə ilə dünyanın diqqətindədir.
Hesabatda o da vurğulanmışdır ki, Dünya İqtisadi
Forumunun son “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nə əsasən
iqtisadi inkişaf baxımından Azərbaycan dünya dövlətləri
arasında 39-cu, Gürcüstan və Ermənistan isə
müvafiq olaraq 72-ci və 79-cu yerlərdə qərarlaşmışdır.
Qeyd edək ki, bir müddət öncə ABŞ-da yerləşən
və dünya üzrə insan resurslarını öyrənən
“Gallup İnternational” təşkilatının ənənəvi
olaraq keçirdiyi “Qlobal sevinc və kədər barometri”
sorğusuna əsasən Azərbaycan dünyanın ən
xoşbəxt 10 ölkəsi arasında yer tutmuşdur.
Sorğuda 54 ölkədən 60 min insan iştirak etmişdir.
Bu sayda ölkənin təmsilçiləri arasında
aparılan sorğu əsasında ölkəmizin belə
yüksək göstəriciyə malik olması, eyni zamanda, bu
gerçəkliyi də ortaya qoydu ki, Azərbaycan
reallıqları dünya ictimaiyyəti tərəfindən
diqqətlə izlənilir və dəyərləndirilir.
Gələcəyə
nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar
vardır
Atılan bütün addımlar bir məqsədə
xidmət edir - Azərbaycanı daha qüdrətli dövlətə
çevirmək. Dövlət başçısı
İlham Əliyevin Fərmanı ilə təsdiqlənən
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasında qarşıya qoyulan əsas hədəf
də ölkəmizi inkişaf etmiş dövlətlər
sırasında görmək, yüksək gəlirli ölkəyə
çevirməkdir. Andiçmə mərasimində “Gələcəyə
nikbinliklə baxmaq üçün kifayət qədər amil
vardır” söyləyən dövlət
başçısı İlham Əliyev belə bir həqiqəti
də diqqətə çatdırdı ki, “xalq”, “millət”
anlayışları ön planda olanda istənilən problem
öz həllini tapa bilər. Azərbaycanın
siyasətində qarşılıqlı hörmət və
maraqlar əsas prinsipdir. İqtisadi qüdrətini
artıran Azərbaycan beynəlxalq münasibətlər
sisteminin aparıcı qüvvəsinə çevrilib. Etibarlı tərəfdaş kimi
mövqeyini möhkəmləndirən Azərbaycanın
dostlarının sayı artmaqdadır. Qarşıdakı
illər üçün xarici siyasətdə əsas hədəfləri
diqqətə çatdıran dövlət
başçısı İlham Əliyev üç əsas məqamı
vurğuladı - Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli, xarici iqtisadi əlaqələrin
genişləndirilməsi və dostların sayının
artırılması. Bu üç amilin vəhdətliyi
fonunda mühüm problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
aydın görünür. Dövlət
başçısı İlham Əliyev bu əminliyi ifadə
etdi ki, tezliklə torpaqlarımız işğaldan azad olacaq,
Azərbaycanın üçrəngli bayrağı
Şuşada, Xankəndidə dalğalanacaq.
Təbii ki, son on ilin
uğurlarını bir yazıda geniş təhlil etmək
qeyri-mümkündür. Ancaq bir faktı qeyd etmək kifayətdir
ki, 9 oktyabr prezident seçkiləri uğurlarımızın
ən böyük təsdiqidir. Hər zaman qeyd edildiyi kimi,
ölkəni tərəqqiyə, yüksək zirvələrə
aparan siyasətə xalqın dəstəyi şəksizdir. Möhtərəm cənab İlham Əliyevin
andiçmə mərasimində söylədiyi “Xalqın
inamı və mənə on ildən sonra yenidən
böyük etimad göstərməsi, əlbəttə ki, məni
həm ruhlandırır, həm məsuliyyətimi
artırır, həm də yeni təşəbbüslərin
irəli sürülməsi üçün mənə bir
siqnal verir” fikirləri qarşıdakı illərin hədəflərinin
açıqlanmasında yardımçıdır. Müstəqil
Azərbaycanımızı qarşıda daha möhtəşəm
uğurlar gözləyir.
Vüqar Rəhimzadə
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
“İki
sahil” qəzetinin baş redaktoru,
Əməkdar Jurnalist
İki
sahil.- 2013.- 22 oktyabr.- S.12-15.