İlham Əliyev: Bu gün Azərbaycanda

gənclər siyasəti uğurla aparılır

 

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası ilə bağlı dövlətin gənclər siyasətinin prioritet sahələrindən söz açan dövlət başçısı bildirmişdir ki, ölkəmizin dinamik, dayanıqlı inkişafını davam etdirmək üçün gənclər öz sözünü deyəcək

 

Cənub bölgəsinin gəncləri ilə görüşündə “Bu gün Azərbaycanda gənclər siyasəti uğurla aparılır” söyləyən Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın əhəmiyyətindən, Azərbaycan Gənclər Fondunun yaradılmasından, həyata keçirilən islahatlardan, layihələrdən ətraflı danışmışdır:

 

“Bu proqram qəbul olunarkən cəmiyyətdə, xüsusilə gənclər arasında geniş müzakirələr aparılmışdı. Gənclər tərəfindən irəli sürülmüş təkliflərin bir çoxu bu proqrama daxil edilmişdir. Proqram konkretdir, orada konkret məsələlər öz əksini tapmışdır və uğurla icra edilir. Ondan sonra yenə də gənclərin təklifini nəzərə alaraq mənim sərəncamımla Azərbaycan Gənclər Fondu yaradılmışdır.”

Görüşdə qeyd olunmuşdur ki, proqramın tətbiqi ilə, müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulan hər bir layihə və təşəbbüs cəmiyyətin ictimai-siyasi, iqtisadi- sosial və mədəni həyatında fəallığının artırılması üçün yeni imkanlar yaradır.

Gəncləşən, müasirləşən ölkəmizdə gələcəyimizi etibar etdiyimiz yeni nəslin nümayəndələri diqqət və qayğı ilə əhatə olunublar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasətinin uğurla davam etdirilməsi, “Gənclər günü”nün əlamətdar hadisə kimi qeyd olunması, həyata keçirilən islahatlar, Forumlar bu siyasətin davamlılığının təzahürüdür.

2007-ci ilin Prezident İlham Əliyevin sərəncamı ilə “Gənclər ili” kimi qeyd olunması, “2007-2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) kimi sənədlərin qəbulu ilə gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edən Prezident İlham Əliyevin başlıca tövsiyəsi idarəetmə strukturlarında işə qəbulla əlaqədar gənclərə üstünlük verilməsidir.

Prezident İlham Əliyevin gənclərlə görüşlərində qeyd olunduğu kimi, gələcəyimizin davamçılarının təhsili, asudə vaxtlarının səmərəli, maraqlı və məzmunlu təşkili, milli ədət və ənənələrə bağlılıq ruhunun gücləndirilməsi, dünyəvi və bəşəri irsə yiyələnmələri üçün önəmli islahatların aparılması, dünya standartlarına uyğun layihələrin həyata keçirilməsi ənənəvi hal alıb.

Son illərdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı gənclərin və uşaqların hamisi YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilən, gənclər arasında məşğulluğun və savadlılığın artırılması kimi mühüm əhəmiyyətli problemlərə həsr olunmuş beynəlxalq simpozium və konfranslar da ölkə gəncliynin daha gözəl sabahı üçün nəzərdə tutulan tədbirlərdir.

Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsi əsası 70-ci illərdə, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamıdır. Hələ sovetlər birliyində 1000-dən artıq azərbaycanlı gənci ittifaq respublikalarındakı ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan ulu öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən diqqət gəncliyinin dünya birliyinə inteqrasiyasını sürətləndirir. Bu gün xarici ölkələrdə Dövlət Neft Fondunun vəsaitləri hesabına təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin gənclər məskunlaşdıqları ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatları kimi respublika həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində çalışır, onların arasında tanınmış ictimai- siyasi xadimlər, görkəmli alimlər yetişir. Azərbaycan vətəndaşları arasında çoxluq təşkil edən, inkişaf perspektivləri böyük olan gənclər onlara göstərilən belə yüksək diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını təhsildə, ictimai həyatda göstərdikləri fəallıqla bildirir, dövlət başçımızın daxili və xarici siyasətini birlik və həmrəylikləri ilə dəstəkləyirlər.

Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiy uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla əsil vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər. Seçkilərdə gənclərə xüsusi diqqət yetirilməsi ölkənin ictimai-siyasi həyatında, demokratiyanın inkişafında daha fəal iştirak etmək istəyinin təzahürüdür. Bələdiyyələrə ötən seçkilərdə YAP təmsil edən gənclərin sayının 30 faiz təşkil etməsinin nəticəsidir ki, sağlam rəqabətə əsaslanan siyasi mübarizədə gənclərin rolu, idarəetmə orqanlarında iştirak etmək istəkləri, fəallığı yüksəlir. Son illərdə ölkədə, sərhədlərimizdən kənarda müasirlik və modernləşmə prinsipləri ilə əlaqədar keçirilən bütün tədbirlərdə, idman yarışlarında, olimpiadalarda Azərbaycan gəncləri fərqlənirlər.

Cari ilin ötən aylarında gənclərlə bağlı, ümumilikdə, 90-dan artıq tədbir həyata keçirilmişdir ki, bunlardan 18-i beynəlxalq əhəmiyyətli, 30-dan çoxu isə respublika miqyaslı olmuşdur. Bu tədbirlərdə Azərbaycandan 200 mindən artıq gənc, 50 ölkədən 1000-dək nümayəndə iştirak etmişdir. Eyni zamanda, “Mən azərbaycanlıyam”, “Böyük səhnə”, “MAG” və “Xəmsə” telelayihələri efirdə nümayiş olunmuşdur. Gələcəkdə isə daha 3 telelayihə hazırlanacaq. Hazırda “Böyük səhnə” və “Böyük yarışlar” oyunlarının növbəti mövsümü başlanır.

Son 10 ildə dövlət tərəfindən gənclər siyasətinin davam etdirilməsi üçün ayrılmış büdcənin 100 dəfə artırılması, gənclərə sosial xidmət göstərən “Gənclər evləri”nin inşasına başlanılması görülən işlərin nəticəsidir. 2006-cı ildən keçən dövrdə artıq 19 belə müəssisə yaradılmış, növbəti 3 ildə bunların sayının 2 dəfə artırılması nəzərdə tutulur.Aparılan siyasətinin nəticəsidir ki, son 10 ildə gənclər təşkilatlarının sayı 51-dən 250-yə çatmışdır. Gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə onların layihələrinə ayrılmış maliyyə vəsaitləri 38 dəfəyədək artırılmışdır. Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üçün 2013-cü ildə 71 gənclər təşkilatına 1 milyon 500 min manat məbləğində qrant ayrılmışdır.

Qeyd edilmişdir ki, təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə 197 min tələbəyə 30 ölkədə 80 min obyektdən imtiyazlı istifadə etmək hüququ verən vahid tələbə kartının pulsuz paylanılmasına başlanılmışdır.

Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycanda gənc liderlərin görüşü təşkil edilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişdir. Bundan əlavə, gənclər arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev mənim üçün kimdir?” mövzusunda esse yazı müsabiqəsi keçirilmişdir. “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin Almaniya, Litva, Xorvatiya, Mərakeş, Misir, ABŞ, Braziliya, Cənubi Afrika Respublikasından olan qaliblərinin ölkəmizə səfərləri təşkil olunmuşdur. Bakıda təşkil olunan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu”” mövzusunda Beynəlxalq Gənclər Forumunda Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı, 28 ölkədən nümayəndələrin iştirak etməsi ölkəmizin tanınması baxımından böyük əhəmiyyət kəsb edir.

Gənc idmançılarımızın uğurları da ürəkaçandır.

İdmançılarımız 2013-cü ildə dünya və Avropa çempionatlarında, birinciliklərində, kubok yarışlarında 70 qızıl, 86 gümüş və 96 bürünc medal qazanmışlar. XXX London Yay Olimpiya oyunlarında idmanın bir neçə növü üzrə qazanılan medallar bütünlükdə idmanın inkişafına göstərilən diqqətin və gənclərin fiziki hazırlığının yüksəlməsinin təzahürüdür.

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunları üzrə yarışlarda da idmançılarımızın layiqli qələbə qazanacaqlarına şübhə etmirik. Respublikamızda sayı 40- ötən idman komklekslərinin yaradılması bu uğurlar üçün əsaslı təminatdır. Qobustanda, Şirvanda, Xaçmazda, Qaxda olimpiya idman kompleksləri istifadəyə verilmişdir. Hazırda Göygöl, Ağcabədi, Abşeron və Saatlıda olimpiya idman komplekslərinin tikintisi davam etdirilir.

Azərbaycanlı gənclərin qələbə sorağının dünyanın bütün qitələrindən eşidlməsi Azərbaycanın dünya birliyinə inteqrasiyasının məntiqi nəticəsidir. Respublikanın gənclər təşkilatları BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqə yaradır, birgə layihələr həyata keçirirlər.

Göründüyü kimi gənclər siyasətini əks etdirən hər bir layihə konkret nəticələrin əldə olunması üçün bazadır.

Dövlət Proqramının tam mənada həlli müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirəcək.

“Dövlət Neft Fondunun xətti ilə gənclərin xaricdə təhsil alması üçün vəsait ayrılır” söyləyən cənab İlham Əliyev bir daha vurğulayır ki, kadrların hazırlanması ölkənin iqtisadi inkişafının sütunudur. Sonuncu bələdiyyə seçkilərində gənclərə xüsusi diqqət yetirilməsi, dövlət qulluğu vəzifələrinə təyinatda onlara üstünlük verilməsi, demokratiyanın inkişafında daha fəal iştirak etmələri üçün şərait yaradılması gəncliyə inam və etibardan irəli gəlir. Nəticədə sağlam rəqabətə əsaslanan siyasi mübarizədə gənclərin rolu, idarəetmə orqanlarında iştirak etmək istəkləri, fəallığı yüksəlir.

ARDNŞ-in istedadlı gənclərin aşkarlanması, onlar üçün daha geniş imkanların yaradılması məqsədilə həyata keçirdiyi, ildən-ilə təkmilləşdirdiyi, bu gün də davam etdirilən “Yay təcrübə proqramı” layihəsinə uyğun tədbirlər də gənclərə diqqət və qayğıdan irəli gəlir. Həmin layihəyə cəlb olunan gənclər Şirkətin çoxsaylı strukturlarında təcrübə keçməklə neft sənayesinin texnologiyası, maşın və mexanizmlərin iş prinsipi, mühəndis-geoloq araşdırmaları ilə tanış olmaqla həm müəyyən təcrübə əldə edir, eyni zamanda əmək haqqı alırlar. Təsadüfi deyil ki, neft profilli peşələrə maraq göstərən gənclərin əksəriyyəti ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətlərini neft sənayesi üzrə seçdikləri peşələrlə bağlayırlar. Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsilinə də dəstək göstərən ARDNŞ-in, Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri hesabına oxumaq istəyənlərin sayının artması da Şirkətin gələcəyimiz olan gənclərə diqqətin təzahürüdür.

Ölkəmizdəki əmək bazarı və gənclərin hazırlığı arasında uyğunluğun təmin olunması, gənclərin peşə seçimi üzrə istiqamətləndirilməsi üçün Şirkətin həyata keçirdiyi bu cür layihələr etibarlı gələcəyimizə təminatdır. Gənclər arasında interaktiv düşüncənin formalaşmasına dəstək olan ARDNŞ dövlətin əsas prioritet kimi diqqət göstərdiyi məsğulluq syasətinin həlli istiqamətində görülən işlərdə də fəallığını artırır.

Yeni yaradılmasına baxmayaraq gənclərin Ali Neft Məktəbinə marağının artması neft sənayesinin ixtisaslı kadrlarla təminatı üçün əsaslı bazadır.

İstehsalatda olduğu kimi siyasətdə də hazırlığını artıran gənclərimiz sağlam düşüncəli ölkə vətəndaşları kimi  Azərbaycanın daha da qüdrətlənməsi naminə aparılan quruculuq işlərində fəallıq göstərirlər. ARDNŞ-in və sıralarında gənclərin çoxluq təşkil etidyi Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə xüsusi qabiliyyətə malik tələbələr üçün təşkil olunan yay məktəbləri layihələrində iştirak edən gənclərin sayı artmaqdadır. Ölkədə aparılan quruculuq işlərində elliklə iştirak edən gənclərin bəzi qüvvələr tərəfindən təşkil olunan mitinq və aksiyalara “yox” deməsi onların vətəndaşlıq borcuna məsuliyyətlə yanaşmalarının ifadəsidir. Siyasi hazırlığı olmayan gəncləri icazəsiz mitinqlərə cəlb edən qərəzli qüvvələrin təkidinə baxmayaraq sağlam gənclik davamlı inkişafda olan Azərbaycandakı mövcud siyasəti birlik və həmrəyliyi ilə dəstəkləyir, məkrli niyyətdə olanlara layiqli cavab verirlər.

Gənclər arasında sahibkarlığın inkişafı, müasir düşüncə tərzinin formalaşması, özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının təkmilləşdirilməsi, təşəbbüskarlıqlarının artırılması, əmək bazarının tələblərinə cavab verən rəqabətə davamlı kadrların hazırlanması, alim və tədqiqatçılar üçün münbit şəraitin yaradılması, təqaüdlərin artırılması kimi önəmli vəzifələr gənclər üçün nəzərdə tutulur.

Dünya miqyasında daha çox diqqət yetirilən və sağlam gələcək üçün başlıca amil olan ailə- cəmiyyət - ictimaiyyət üçlüyündə gənclərin iştirakının genişləndirilməsi daha mühüm vəzifə kimi dövlət siyasətində  əksini tapıb. Gənc ailə institutunun möhkəmləndirilməsi, yeniyetmələrin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqlarda iştirakının təminatı üçün də geniş imkanlar nəzərdə tutulur. Danılmaz faktdır ki, yeni ailə quran gəncləri düşündürən mənzillə təminat məsələsidir. Bu vacib amili diqqətdə saxlayan Prezident İlham Əliyevin də vurğuladığı kimi son illərdə Azərbaycanda ipoteka kreditləşmə siyasəti təkmilləşdirilir, daha çox gənci əhatə edir: “Biz elə etməliyik ki, həm güşətli şərtlər daha da məğbul olsun, həm də ipoteka layihəsinin əhatə dairəsi genişləndirilsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına xidmət göstərəcəkdir.

Gənclərin məişət problemləri həll edilir. Hesab edirəm ki, gələcəkdə bu işlərə daha da böyük diqqət göstərilməlidir. Bilirəm ki, gəncləri maraqlandıran, narahat edən məsələlər mənzil problemidir. Azərbaycanda artıq ipoteka kreditləşməsi tətbiq olunur. Hesab edirəm ki, gənclər bu işlərə daha da fəal cəlb edilməlidir.”

Bu layihənin diqqətdə saxlanılması o deməkdir ki, gənclərə xüsusi qayğını gücləndirməklə cəmiyyətdə sağlam ailə anlayışının geniş məfhumda təmin ediləcək, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin və sosial müdafiəsinin yüksəldilməsi üçün ipoteka kreditlərinin verilmə şərtləri asanlaşdırılacaq.  Uşaq evlərindən və internatlardan ayrılmış, valideynlərini itirmiş və ata-ana himayəsindən məhrum gənclərin münasib işlə və yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin təkmilləşdirilməsi də günün aktual problemidir. Artıq bu sahədə müəyyən təcrübə mövcuddur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və ARDNŞ vəsaiti hesabına tikilən ictimai binalarda internatlarda orta təhsillərini başa vuran, həddi-buluğa çatan qızların rahat yaşaması üçün şərait yaradılır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2013.- 11 sentyabr.- S.8; 10.