Azərbaycan neft-qaz sənayesinin
yüksəliş dövrü
ARDNŞ
2003-2013-cü illərdə
Azərbaycan iqtisadi yüksəliş
tempinə görə dünyanın aparıcı dövlətləri
ilə bir sırada dayanır. Bu davamlı inkişaf gərgin
zəhmətin, qətiyyətli siyasi iradənin, özünə
inam və cəsarət tələb edən idarəçilk
dəst-xəttinin, dönməz və ardıcıl fəaliyyətin
bəhrələridir. Qazanılan nailiyyətlərdə
ölkəmizizn zəngin ənənələrə malik
neft-qaz sənayesinin rolu danılmazdır. Əsası
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev cənablarının rəhbərliyi ilə dönmədən
davam etdirilən yeni neft strategiyası siyasi
xarakteristikası etibarilə müstəqil Azərbaycanın
davamlı inkişaf doktrinası olmuşdur.
Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də transmilli neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuş, təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz, Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etmişdir. Bu qlobal layihə dövlət müstəqilliyinin və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının mühüm təminatına çevrilməklə, bütövlükdə regionun makroiqtisadi dirçəlişinə güclü təkan vermişdir. Kontrakt çərçivəsində qazanılmış nailiyyətlər göz qabağındadır. Ötən müddətdə geoloji və geofiziki tədqiqatların, ehtiyatların dəqiqləşdirilməsində yeni üsulların, mükəmməl qazma metodlarının tətbiqi nəticəsində Azərbaycanın proqnozlaşdırılan neft ehtiyatları 4 milyard tona, qaz ehtiyatları isə 6 trilyon kubmetrə qədər artırılmışdır. Ölkə üzrə neft hasilatı ilbəil artaraq 50 milyon tonluq psixoloji həddi keçmiş, qaz hasilatı 30 milyard kubmetrə yaxınlaşmışdır. Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlər tərəfindən 50 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur. Respublikanın enerji müstəqilliyi tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən beynəlxalq miqyasda tanınan mühüm qaz ixracatçısına çevrilmişdir.
Axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş görülmüş, misilsiz yüksəliş qeydə alınmışdır. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağının, “Əşrəfi”, “Qarabağ” yataqlarının, son illərdə isə “Ümid” və “Abşeron” qaz yataqlarının kəşf edilməsi bir qaz ölkəsi olaraq Azərbaycanın mövqeyini daha da möhkəmləndirmişdir. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir.
“Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan öz yeraltı sərvətlərinin suveren sahibi olduğunu bəyan etdi. Bu bəyanatın reallığa çevrilməsi üçün ilkin neftin dünya bazarlarına çıxışı təmin olunmalı idi. Bu zaman mövcud Bakı-Novorossiysk kəmərinin imkanlarından istifadə olundu. Daha sonra Azərbaycan və Gürcüstanın birgə səyləri ilə Bakı-Supsa kəməri, həmçinin Supsa terminalı istismara verildi. Böyük neft həcmlərinin nəql olunması üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşası istiqamətində çoxşaxəli titanik fəaliyyət 2006-cı ildə ən müasir mühəndis-texnoloji fikrin məhsulu olan 1769 kilometr uzunluğunda mürəkkəb konstruksiyalı bu xəttin tikilib istifadəyə verilməsi ilə nəticələndi. Kəmərin rəsmən fəaliyyətə başlaması haqlı olaraq, dünya neft sənayesinin inkişafının dönüş nöqtəsi kimi dəyərləndirildi. BTC-nin əfsanədən reallığa çevrilməsi dünya istehlakçılarının əlavə enerji mənbəyindən fasiləsiz neft həcmləri ilə təmin edilməsi ilə bərabər dünyanın xam neftlə təchizatında monopoliyaya son qoyulması demək idi.
Yeni əsrin əvvəlində “Şahdəniz” yatağının kəşf edilməsi və istismara başlaması ilə BTC-yə paralel olaraq Cənubi Qafqaz Boru Kəməri (CQBK) çəkildi. Ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” hazırda dəniz akvatoriyalarında mövcud olan ən iri qaz-kondensat yataqlarındandır. Bu layihənin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikanın daxili tələbatı tam təmin olunmuş, Azərbaycan qazı 2007-ci ildən Gürcüstan və Türkiyənin enerji təminatında mühüm amilə çevrilmişdir. Artıq “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinə hazırlıq sona çatmaq ərəfəsindədir. Bu mərhələ üzrə hasil olunacaq həcmlərin Avropa Birliyi tərəfindən irəli sürülən “Cənub qaz dəhlizi” strategiyası çərçivəsində ixrac edilməsi nəzərdə tutulmuşdur. İxrac marşrutunun müəyyən olunması məqsədi ilə aparılmış gərgin fəaliyyətin nəticəsi olaraq bu ilin iyununda konsorsium tərəfindən hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün Trans-Adriatik Boru Kəmərinin seçildiyi elan edilmişdir. Bu, “Cənub qaz dəhlizi”nin inkişafında çox mühüm bir addımdır. CQBK-nin genişləndirilməsi, TANAP və TAP boru kəməri layihələrinin işlənilməsi ilə gerçəkləşəcək “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetrdən çox Azərbaycan qazı Avropa bazarlarına daşınacaq. Artıq ARDNŞ və tərəfdaşları payçı qismində TAP layihəsinə qoşulmuşlar. Beləliklə, Azərbaycan həm də hasil etdiyi qazın Avropaya nəql olunmasının fəal iştirakçılardan biri kimi özünü dünyaya təqdim edir.
Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinə Azərbaycanın verəcəyi daha bir töhfə isə “Şahdəniz-2” layihəsi çərçivəsində, habelə son illərdə açılmış “Ümid”, “Abşeron” yataqlarından, digər perspektiv strukturlardan hasil olunacaq qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinə nəql olunmasını nəzərdə tutan yeni Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsidir. 2012-ci ilin sonlarında Azərbaycan və Türkiyə arasında imzalanmış Memorandum ixrac-nəql sisteminin diversifikasiyası nöqteyi-nəzərindən xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən TANAP layihəsinin operatoru da ARDNŞ-dir. TANAP – CQBK ilə TAP arasında birləşdirici həlqə rolunu oynayacaqdır. Göründüyü kimi, mövcud ixrac neft və qaz kəmərləri sisteminin diversifikasiya olunması Avropa və digər uzaq ölkələrin karbohidrogen resursları ilə təminatı üçün ölkəmiz qarşısında geniş perspektivlər açır, Xəzəryanı ölkələrdə hasil olunan enerji daşıyıcılarının tranziti üçün real imkanlar yaradır.
Ötən 10 ildə ARDNŞ regionun ən güclü neft şirkətlərindən birinə çevrilmişdir. Şirkətin aktivində şaxələndirilmiş neft-qaz kəmərləri sistemi ilə yanaşı, terminallar, hidrotexniki obyektlərin tikinti və təmir üzrə ixtisaslaşmış inşaat müəssisələri mövcuddur. Bu zəngin infrastrukturun müasirləşdirilməsi istiqamətində kompleks tədbirlər fasiləsiz olaraq davam etdirilir. 60 ildir, Xəzər hövzəsində unikallığını qoruyub saxlayan Neft Donanmasının gəmi parkının yeniləşdirilməsi zərurətini, habelə ölkə üzrə dəniz daşımaları həcminin artmasını nəzərə alaraq, 2010-ci ildə Şirkətimiz daxili və xarici tərəfdaşları ilə birlikdə Bakıda müasir standartlara cavab verən yeni gəmiqayırma zavodunun tikintisinə başladı. Təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş zavodun inşaat işləri artıq başa çatmaqdadır. Xəzər dənizində analoqu olmayan bu zavodun yaxın günlərdə istismara verilməsi, burada istehsal olunmuş ilk gəminin suya buraxılması nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi Xəzər dənizi hövzəsində kəşfiyyat, qazma, tikinti və təmir işləri həcminin genişləndirilməsi, eləcə də digər ölkələrin müasir tanker və gəmilərə təlabatının ödənilməsi üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.
Məlum olduğu kimi, neft-qaz sənayesinin gələcəyi Xəzər dənizinin dərinlikdə yerləşən yataq və perspektiv strukturlarda axtarış-qazma işlərinin aparılması ilə bağlıdır. ARDNŞ-də yeni nəsil qazma qurğularına ehtiyac duyulur. Bu ilin ortalarında “Keppel Offshore & Marine Ltd.” şirkəti ilə Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisinə dair müqavilə imzalandı. Yeni qurğu dənizin 1000 metrədək dərinliklərində qazma işləri aparmaq qabiliyyətinə malik olacaq, 12192 metrlik qazma gedişi həyata keçirə biləcək. Qurğu həmçinin, Xəzər dənizinin çirklənmə ehtimalına qarşı dünya standartlarına uyğun bütün qabaqlayıcı avadanlıqlarla təmin ediləcəkdir. Qurğu 2016-cı ildə təhvil verilməlidir. Biz gələcəkdə də müasir qazma qurğuları tikintisi işini davam etdirəcəyik.
Neft sənayesinin infrastruktur resursları arasında
terminallar xüsusi yer tutur. ARDNŞ-nin 2008-ci ildə
Gürcüstanda illik gücü 10 mln. tonluq
Kulevi “Black Sea” Terminalını əldə etməsi Qara dənizdə
ölkəmizə əlverişli mövqe qazandırmışdır.
Kulevi terminalında Azərbaycan mənşəli
xam neft və neft məhsulları ilə yanaşı artıq
bir neçə ildir ki, Qazaxıstanın “Tengiz”
yatağından hasil olunan xam neftin də nəqli uğurla həyata
keçirilir.
Hazırda
Azərbaycanın neft və neft məhsulları ABŞ,
Çin, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya,
İspaniya, Hindistan, İndoneziya, Cənubi Koreya, Tayland,
Braziliya daxil olmaqla dünyanın 30 ölkəsinə ixrac
olunur. Məhsulların son istehlakçılara birbaşa
satışını təmin etmək və bu fəaliyyət
növü üzrə fəaliyyəti mərkəzləşdirmək
məqsədi ilə ARDNŞ-nin 2008-ci ildə İsveçrədə
fəaliyyətə başlayan treyder şirkəti - “SOCAR
Trading” qısa müddət ərzində Avropada
özünü tanıdaraq, digər coğrafi areallarda da
biznes strukturlarının təşkili işində nəzərəçarpacaq
uğurlar qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin əhalinin təbii qazla təminatının
yaxşılaşdırılması məqsədilə
yeraltı qaz anbarlarının tutumunun genişləndirilməsi
haqqında tapşırığına əsasən, kompleks tədbirlər
həyata keçirilmiş, yeni kompressor stansiyaları,
qazpaylama məntəqələri inşa olunmuş, quyular
qazılmış, anbarlar müasir avadanlıqlarla komplektləşdirilmişdir. Qısa bir müddətdə
Qaradağ və Qalmazdakı yeraltı qaz anbarlarının
aktiv tutumu tarixdə görünməmiş bir həcmdə -
3,5 milyard kubmetrdən də artıq
genişləndirilmişdir. Eyni zamanda “Azəriqaz”
İstehsalat Birliyi 2009-cu ildə ARDNŞ-nin tərkibinə
verildikdən sonra qaz təsərrüfatı sisteminin yenilənməsi,
əhalinin və sənayenin fasiləsiz təbii qazla təmin
edilməsi üçün əsaslı inkişaf proqramı
işlənilmiş və icra olunmuşdur. Etibarlı qaz yığım-nəql sistemi
yaradılmış, minlərlə kilometr boru kəməri
çəkilmiş, indiyə qədər təbii qazla təmin
olunmamış yüzlərlə yaşayış məntəqəsi
qazlaşdırılmışdır. İstismar,
monitorinq və nəzarət sistemlərinin təkmilləşdirilməsi,
beynəlxalq standartlar səviyyəsinə
çatdırılması, ölkə ərazisinin 95 faizinin
qazlaşdırılması istiqamətində gündəlik
gərgin iş aparılır. Hacıqabul, Siyəzən,
Astara və Qaradağ kompressor stansiyalarının müasirləşdirilməsi
təbdirlərimi buna misal göstərmək olar.
Azərbaycan indi dünyada təkcə neftin-qazın
deyil, həm də neft məhsullarının
ixracatçısı kimi tanınır. Ölkə sənayesinin
və əhalinin yanacaq təminatını həyata
keçirən, ixrac öhdəliklərini
vaxtı-vaxtında yerinə yetirən neft-qaz emalı və
neft kimyası kompleksinin inkişafı daim diqqət mərkəzindədir.
Hazırda ölkədə ARDNŞ-ə məxsus
və ümumi gücü ildə 16 mln. ton
olan 2 neft emalı zavodu– Heydər Əliyev adına Bakı
Neft Emalı Zavodu və “Azərneftyağ” Neft Emalı Zavodu fəaliyyət
göstərir. Mövcud emal
qurğularının təkmilləşdirilməsi,
müasirləşdirilməsi, səmərəliliyin
artırılması, məhsulların keyfiyyətinin yüksəldilməsi
xətti ardıcıl davam etdirilmiş, mühüm nəticələr
əldə olunmuşdur. Təkrar emal
qurğularında məhsuldarlığın
artırılması neftin emal dərinliyini 92 %-ə
çatdırmağa imkan vermişdir. Hazırda
ARDNŞ-nin emal kompleksində istehsal olunan məhsullar Avro-2
standartlarına tam uyğundur. Avro-3
standartlarına keçidlə əlaqədar ciddi tədbirlər
hazırlanmışdır və planauyğun şəkildə
həyata keçirilməkdədir.
Dövlət
başçısının 2010-cu il 22
aprel tarixli Fərmanı ilə ARDNŞ-nin tərkibində
"Azərikimya" İstehsalat Birliyi təsis olunduqdan sonra
Birliyin müəssisələrində sabit iş rejiminin təminatı,
istehsal həcminin artırılması və məhsulların
keyfiyyətinin yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər görülmüşdür. EP-300 etilen-propilen istehsal sahəsində
aparılmış əsaslı təmirdən sonra ilk dəfə
olaraq burada məqsədli məhsulların
çıxımı layihə səviyyəsinə
çatdırılmış, məhsuldarlıq
artırılmış, itkilərin azaldılmasına nail
olunmuşdur. Birliyin istehsal
gücünün yüksəldilməsi məqsədi ilə
mütəmadi olaraq təmir-bərpa işləri
aparılır, mövcud qurğuların istehsal gücü
artırılır, texniki göstəriciləri
yaxşıılaşdırılır.
Ölkəmizdə gedən sosial-iqtisadi inkişafla əlaqədar
əhali və sənayenin yanacağa ehtiyacı ilbəil
artır, keyfiyyət standartları yüksəlir. Neft-qaz
emalı və neft kimyası komplekslərində hazırda fəaliyyətdə
olan fiziki və mənəvi cəhətdən köhnəlmiş
qurğularla bu ehtiyacları təmin etmək mümkün
deyil. Zavodların mövcud ərazisi isə
yeni qurğular tikilməsi üçün məhduddur. Bu və digər səbəblərdən müasir
standartlara cavab verən Neft-Qaz Emalı və Neft-Kimya
kompleksinin (NQNK) inşa olunması zərurətə
çevrilmişdir. Hazırda dövlət
tapşırığına uyğun olaraq ARDNŞ tərəfindən
şəhər kənarında müasir standartlara cavab verən
belə bir kompleksin layihələndirilməsi
üçün intensiv iş aparılır. Qeyd
edim ki, bu, yaxın onillikdə Azərbaycan
iqtisadiyyatının ən böyük layihəsidir. 2013-2020-ci illər ərzində NQNK layihəsinin həyata
keçirilməsi həm paytaxtımızın ekoloji durumunun
yaxşılaşdırılması, həm də istehsal
olunan məhsulların keyfiyyət və çeşidinin
artırılması üçün real imkanlar yaradacaq,
ölkəmizin və bütövlükdə regionun iqtisadi cəhətdən
daha da qüdrətlənməsinə xidmət edəcəkdir.
Qaz emalı, Neft emalı, Neft kimyası
zavodlarından, habelə elektrik stansiyasından ibarət olacaq
kompleksin inşasına hazırlıq işləri artıq
başa çatmaqdadır.
ARDNŞ bu gün güclü bir sərmayədar
şirkət olaraq Türkiyə sənayesinin
inkişafında da mühüm rol oynayır. Qardaş ölkənin ən
böyük neft-kimya kompleksi olan “Petkim” Petrokimya Holdinqinin səhmlərinin
61,32 %-i ARDNŞ-ə məxsusdur. Holdinqin istehsal gücünün durmadan
artırılması məqsədi ilə aparılan
ardıcıl tədbirlər tezliklə “Petkim”in Türkiyədə
ən böyük, Avropada isə aparıcı istehsal komplekslərindən
birinə, regionun iri logistika mərkəzinə çevrilməsinə
yönəldilmişdir. “Petkim”
limanının genişləndirilməsi, burada böyük həcmli
konteyner terminalının, kompleksin enerji tələbatını
tam şəkildə təmin edəcək yeni stansiyanın
tikilməsi belə tədbirlərdəndir.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Türkiyə Cümhuriyyətinin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə İzmirdə ARDNŞ-nin “STAR” neft
emalı zavodunun təməli qoyuldu. İllik məhsuldarlığı
10 milyon ton həcmində nəzərdə tutulan bu zavodda 11
çeşiddə məhsul istehsal olunacaq və beləliklə,
“Petkim”in xammala təlabatı ödəniləcəkdir.
Hazırda Türkiyə neft-kimya sektorunun ən
böyük müəssisəsi olan “Petkim” bu bazarda 25-27 faiz
paya malikdir. Yeni zavodun işə
düşməsi kompleksin illik istehsal gücünü 6 milyon
tona, qardaş ölkənin neft-kimya sektorunda malik olduğu
payı isə 40%-ədək yüksəltməyə imkan verəcəkdir.
Bu gün artıq deyə bilərik ki, “Petkim”in
tezliklə bütün regionda neft-kimya sənayesinin liderinə
çevrilməsi üçün bütün məqsədyönlü
addımlar atılmışdır və bu istiqamətdə
işlər qrafikə uyğun davam etdirilir.
Azərbaycanda və Türkiyədə neft-kimya aktivlərinə
malik olması ARDNŞ-ə dünya bazarında fəaliyyətini
optimallaşdırmaq, istehsal etdiyi məhsulların
çeşidini artırmaq və daha çox mənfəət
götürmək imkanı verir. Prezident İlham Əliyevin 21 dekabr
2011-ci il tarixli Sərəncamına əsasən,
yaradılmasına başlanan Sumqayıt Kimya Sənaye
Parkı “Azərikimya” və “Petkim”də istehsal edilən məhsulların
dərin kimyəvi emala cəlb olunması və əlavə dəyər
yaradılması baxımından müstəsna əhəmiyyət
kəsb edən bir layihədir. Kimya Sənaye
Parkı Şirkətin neft-kimya aktivləri arasında
inteqrativ proseslərin möhkəmlənməsinə, xam neft
və qazın son məhsullara qədər emal edilməklə
müxtəlif çeşidli yekun istehlak malları
hazırlanmasına güclü təkan verəcəkdir.
Regionun lider şirkəti olaraq ARDNŞ-nin inteqrativ
potensialı da qat-qat yüksəlmişdir. Şirkətin
eyni vaxtda Sumqayıt və Potidə (Gürcüstan) 2 karbamid
zavodunun inşasına başlaması deyilənləri bir daha
təsdiq edir. Təməli 2011-ci ilin dekabrında
dövlətimizin başçısı cənab İlham
Əliyevin iştirakı ilə qoyulmuş Karbamid zavodu
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair
Dövlət Proqramı”na əsasən
tikilir. Ammonyak, karbamid mayesi və əmtəəlik karbomid
istehsalı bölmələrindən ibarət olacaq zavodda
sutkada 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edilməsi nəzərdə
tutulur. Bu layihənin həyata keçirilməsi
ilə ARDNŞ ölkəmizdə aqrar sahənin
inkişafına ciddi dəstək verəcəkdir. Zavodun inşası ilə əlaqədar beynəlxalq
tender keçirilmiş və artıq “Samsung Engineering Co. Ltd.”
şirkəti ilə layihələndirmə, satınalma və
tikinti Müqaviləsi imzalanmışdır. Karbamid zavodunun 2013-2015-ci illər ərzində
inşa olunması nəzərdə tutulur. Gürcüstanda da analoji zavodun tikilməsi həm
ölkələrimizin kənd təsərrüfatında azot
gübrəsinə təlabatın tam təmin edilməsinə,
həm də region bazarlarına yeni və perspektivli məhsul
çıxarılmasına əlavə imkanlar yaradacaqdır.
İki zavodun birgə istehsal güçü 1
mln. ton təşkil edəcək.
Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-ni
çevik, müasir və rəqabətə davamlı bir
quruma çevirmək tapşırığını əldə
rəhbər tutan Şirkət, xarici ölkələrdə
investisiya proqramları həyata keçirir, cəlbedici layihələr
icra edir, inamlı addımlar atır. Son illər 10-dan
artıq ölkədə fəaliyyət göstərən
nümayəndəliklərimiz, xaricdəki aktivlərimiz vasitəsilə
uğurlu marketinq işləri aparmağa nail olmuş,
dünya enerji bazarında əlverişli mövqe
qazanmışıq. Xaricdəki müəssisələrimiz
Azərbaycan dövlətinin mülkiyyəti olaraq,
respublikanın iqtisadi gücünün
Bu gün Gürcüstanın enerji bazarının 60 %-dən
çoxunu ARDNŞ təmin edir. Artıq 3 ildir,
Gürcüstanın qaz təchizatı sisteminin idarəçiliyini
də müvəffəqiyyətlə həyata keçiririk.
Hazırda Gürcüstanda “SOCAR” brendi ilə
100-dən artıq YDM fəaliyyət göstərir. 2007-ci ildən etibarən Gürcüstanın ən
iri vergi ödəyiciləri də ARDNŞ-nin törəmə
müəssisələri olmuşdur.
Pərakəndə neft məhsulları satışı
ilə məşğul olduğumuz Rumıniya və Ukraynada
da “SOCAR” brendi ilə fəaliyyət göstərən iri
yanacaqdoldurma şəbəkələrimiz, neft
bazalarımız mövcuddur. Hazırda Ukraynada
“SOCAR” brendi ilə 34, Rumıniyada isə 14 YDM fəaliyyət
göstərir. Xaricdəki yanacaqdoldurma
komplekslərində daim yeni texnologiyalar tətbiq etdiyimiz
üçün sərt rəqabət şəraitində
mövqeyimizi qoruyur və genişləndiririk.
2011-ci ildə Avropanın tanınmış şəbəkələrindən
olan “Esso Switzerland”-in səhmlərini əldə etdik. Amerikanın “Exxon Mobil”
şirkətinin İsveçrədəki 170-dən artıq
yanacaqdoldurma məntəqəsini özündə birləşdirən
pərakəndə satış şəbəkəsi, yanacaq
marketinqi ilə məşğul olan bölməsi, Vangen-Oltendəki
qazdoldurma zavodu, Cenevrə və Sürix hava limanlarında fəaliyyət
göstərən aviasiya yanacaqdoldurma məntəqələri,
eləcə də terminallara və boru kəmərlərinə
malik müvafiq təchizat və paylama şirkətinin səhmləri
ARDNŞ-nin mülkiyyətinə keçdi. Ötən
ildən etibarən həmin aktivlər “SOCAR” brendi ilə
istehlakçıların xidmətinə başladı. Bu isə yeni mənfəət mənbəyi olmaqla
yanaşı, ARDNŞ-nin və bütövlükdə Azərbaycanın
beynəlxalq imicinin Avropa məkanında təbliğ edilməsi
baxımından əlavə imkanlar deməkdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
beynəlxalq arenada daha bir uğuru bu yaxınlarda
Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan
DESFA şirkətinin səhmlərinin 66%-nin satın
alınması barədə Yunanıstanın Əmlakın
İdarəedilməsi Fondu ilə prinsipial
razılığın əldə olunmasıdır. DESFA-nın
satın alınması haqqında qərar Yunanıstan və
Azərbaycan arasında mövcud olan yüksək səviyyəli
ikitərəfli münasibətlərin, həmçinin SOCAR
və Yunanıstanın aparıcı enerji şirkətləri
arasında əlaqələrin təzahürüdür.
Müasirləşmə xəttini öz fəaliyyətinin
əsas prioritetinə çevirmiş ARDNŞ ölkəmizdə
birincilərdən olaraq Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına keçid prosesini müvəffəqiyyətlə
başa vurmuşdur. Şirkətin konsolidasiya edilmiş
hesabatları beynəlxalq auditdən keçirilir ki, bu da onun
kredit qabiliyyətinin artırılmasında mühüm
amildir. ARDNŞ dünyada tanınmış “Fitch
Ratings”, “Moody’s” və “Standard and Poors” kimi beynəlxalq şirkətlər
tərəfindən müsbət reytinq dərəcələrinə
layiq görülmüşdür və bu dərəcələr
ildən ilə daha da yüksəlir. Beynəlxalq audit və
reytinqlər ARDNŞ-nin modern şirkət olaraq nüfuzunun
yüksək göstəricisi, xarici əməliyyatlar
zamanı Şirkətin tərəfdaş kimi
üstünlüklərinə mühüm təminatdır.
Son illər ölkəmizdə ekoloji hərəkat
geniş vüsət alıb. Ətraf mühitin -
torpağın, havanın, suyun, o cümlədən, Xəzər
dənizinin çirklənmədən qorunması xüsusi
aktuallıq kəsb edir. ARDNŞ-də mədən
ərazilərinin, habelə dənizin çirklənməsinin,
havaya istixana effekti verən qazların atılmasının
qarşısının alınması, keçmişdən
miras qalmış problemlərin həlli üzrə
mühüm layihələr icra olunur. Qalada
Ekoloji Parkın yaradılması, “Ağ şəhər” layihəsi
çərçivəsində görülən tədbirlər
bu istiqamətdə Şirkətin potensialının
böyük olduğunu göstərir. Bu yaxınlarda Azərbaycan
Prezidenti İlham Əliyevin “Ekologiya ili” çərçivəsində
vermiş olduğu tapşırığa uyğun olaraq
“Çıraq” neft yatağında şamda yandırılan səmt
qazının həcminin əsaslı şəkildə
azaldılmasına nail olundu. Bu, ARDNŞ ilə
“BP-Azərbaycan” şirkəti arasında hasilat zamanı ətraf
mühitin qorunması sahəsində aparılan çoxillik əməkdaşlığın
yeni bir nailiyyətidir.
Neft sənayesinin yüksəlişi, iqtisadi resurslar
möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd
etdiyi kimi, “məqsəd yox, vasitədir”. Neft sektorundan
gələn gəlirlər genişhəcmli sosial-iqtisadi
proqram və layihələrin həyata keçirilməsində
başlıca maliyyə qaynağıdır. Ölkənin
ən böyük vergi ödəyicisi kimi sosial məsuliyyətini
daim dərindən dərk edən ARDNŞ büdcə ödəmələri
ilə yanaşı, öz maliyyə vəsaitləri
hesabına ölkədə aparılan sosial-iqtisadi inkişaf
proqramlarında, o cümlədən, yoxsulluğun
azaldılması, işsizliyin aradan qaldırılması məqsədi
daşıyan proqramlarda, digər mədəni, elmi və
ekoloji proqramların həyata keçirilməsində
yaxından iştirak edir. Regionların sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramlarına əsasən,
Şirkətin maliyyə vəsaiti hesabına Lənkəran,
Şirvan, Naxçıvan, Bərdə, Gəncə, Qazax, Qəbələ,
Zaqatala, Quba, Şamaxı, Cəlilabad və digər şəhərlərdə
tikilib istifadəyə verilmiş regional müalicə-diaqnostika
mərkəzləri deyilənlərə bariz nümunədir.
Azərbaycan səhiyyəsinin inkişafında bütöv
bir mərhələ açmış, bölgələrimizə
yeni səhiyyə xidməti mədəniyyəti gətirmiş,
Avropa, Amerika və Yaponiyanın tanınmış şirkətlərinin
istehsalı olan ən müasir tibbi avadanlıqlarla təchiz
edilmiş regional müalicə-diaqnostika mərkəzləri,
habelə yüksək beynəlxalq standartlar səviyyəsində
modern səhiyyə ocağı kimi bütün Cənubi
Qafqazda yaxşı tanınan Mərkəzi Neftçilər Xəstəxanası
Səhiyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. Əvvəllər ARDNŞ-nin balansında olan təhsil,
idman-sağlamlıq, mədəniyyət obyektləri də
Nazirlər Kabinetinin qərarı ilə müvafiq icra hakimiyyəti
orqanlarına təhvil verilmişdir.
Şirkət eyni zamanda ölkədə təhsil sisteminin inkişafını diqqət mərkəzində saxlayır, gənc neftçi mütəxəssislərin hazırlanması məqsədi ilə müxtəlif təqaüd proqramları həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin nəzdində Bakı Ali Neft Məktəbinin ən yüksək dünya standartları səviyyəsində yaradılması və qısa müddət ərzində xarici universitetlərlə əməkdaşlığın qurulması uğurlu addımlardandır. Qəbul imtahanlarında yüksək bal toplamış gənclərin BANM-də təhsil almağa üstünlük vermələri yeni fəaliyyətə başlayan bir ali məktəb üçün yüksək göstəricidir.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına mühüm töhfələr verən ARDNŞ tərəfindən indiyədək Balakən, Zaqatala, Lerik, Qusar, Goranboy, Ağsu, Göygöl rayonlarında və Bakı şəhərində onlarla yeni məktəb binaları inşa edilmiş, əsaslı təmir olunmuş, müasir səviyyədə komplektləşdirilmişdir. Elm Fondunun təsis olunması, dünyada məşhur ingilis məktəbləri tipində Bakı İstedadlar Kompleksinin və Bakı Fransız Liseyinin yaradılması bir daha göstərir ki, neft strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir.
Dövlətimizin başçısı İlham Əliyev cənabları Azərbaycan neftçilərinə və onların avanqard qüvvəsi sayılan ARDNŞ-yə daim böyük etimad bəsləyir. Cənab Prezident demişdir: “Mən əminəm ki, bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti gələcəkdə də öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir”. Neftçilərimizin daha böyük qələbələr naminə göstərdikləri əzmkarlıq da məhz bu inamdan qaynaqlanır. Zəngin tarixi ənənələrə malik neft sənayemiz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının gələcək qələbələri naminə əllərindən gələni əsirgəmir, neftçilərimizin şərəfli salnaməsinə yeni-yeni səhifələr yazırlar.
Rövnəq
Abdullayev
ARDNŞ-nin
prezidenti, Millət vəkili
İki sahil.-
2013.- 12 sentyabr.- S.10-13.