ARDNŞ DÜNYA ENERJİ XƏRİTƏSİNDƏ

 

Qədim neft diyarı olan Azərbaycan tarix boyu neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş etmişdir. Neftin kustar üsulla çıxarıldığı zamanlardan Bakı neftçilərinin fədakar əməyi daim nümunə olmuş, onların neft işinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında geniş tətbiq edilmişdir. Azərbaycana dünya neft sənayesinin beşiyi desək, yanılmarıq. Çünki neft ilk dəfə sənaye üsulu ilə bizim ölkədə çıxarılmış, emal olunmuş, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilmiş, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına başlanılmışdır. Bu il neftçilərimiz öz peşə bayramlarında Bakıda sənaye üsulu ilə ilk neft quyusunun qazılmasının 165 illiyini də böyük fəxrlə qeyd edirlər.

 

XX əsrin sonlarında xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan və onun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına təkan verdi. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs müstəqil dövlətimizin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatıdır. Respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri, Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlar bu müdrik, uzaqgörən konsepsiyanın təntənəsinə ən parlaq misaldır.

1994-cü ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri ilə ARDNŞ və dünyanın 11 aparıcı neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin imzalanması regionda beynəlxalq enerji əməkdaşlığının bünövrəsini qoydu. “Əsrin müqaviləsi”nin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyır. Saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açmış, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Təsadüfi deyil ki, bu möhtəşəm müqavilənin imzalandığı gün - 20 sentyabr hər il Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin neftçilərə bəxş etdiyi bu əlamətdar gün ərəfəsində neft-qaz sənayesində əldə olunan uğurlar təhlil edilir, gələcək planlar müzakirə olunur və onların həyata keçirilməsi üçün tədbirlər işlənib hazırlanır.

Yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl olmuşdur. Genişmiqyaslı islahatlar aparılmış, sənayenin şaxələndirilməsi həyata keçirilmişdir. Hazırda ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. ARDNŞ 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə təqribən 47 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.

Xarici tərəfdaşlarla birgə işlərdə yeni bir mərhələnin başlanğıcını qoymuş “Çıraq” Neft Layihəsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. “Əsrin müqaviləsi” çərçivəsində maksimum hasilatın uzunmüddətli dövr üçün saxlanması məqsədinə xidmət edən layihəyə dair sanksiya 2010-cu ilin martında verilmişdir. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 1997-ci ildən başlanmış işlənməsinin davamı olan bu layihə çərçivəsində artıq “Qərbi Çıraq” platformasının üst modullarının inşası tamamlanmışdır. Bu ilin iyul ayında möhtərəm Prezidentimiz İlham Əliyev Bibiheybət qəsəbəsindəki tikinti-quraşdırma sahəsində “Qərbi Çıraq” platformasının üst modullarında aparılan işlərlə tanış olmuşdur. Bu gün artıq üst modullar dənizdə dayaq blokunun üzərində quraşdırılmışdır. Modulların montaj və istismar-sınaq işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinə təxminən 4 min nəfər cəlb olunmuşdur ki, bunun da 90 faizə qədərini yerli işçilər təşkil etmişdir. “Qərbi Çıraq” layihəsi “AÇG”-də neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa imkan yaradacaqdır.

“Əsrin müqaviləsi” üzrə ilk neftin çıxarıldığı vaxtdan ölkədə neft hasilatında ciddi yüksəliş əldə olunmuşdur. 2012-ci ildə 43389,8 min ton neft hasil olunmuşdur ki, bunun da 8289,8 min tonu ARDNŞ-nin payına düşmüşdür. Cari ilin 8 ayı ərzində ölkə üzrə neft hasilatı 29,3 milyon ton təşkil etmiş, bunun 5,5 milyon tonu ARDNŞ-nin müəssisələri tərəfindən hasil olunmuşdur. “Azneft” İstehsalat Birliyi üzrə neftçıxarma proqnozu 101,1% yerinə yetirilmiş, əlavə olaraq 51471 ton neft hasil edilmişdir. Cari ilin sentyabrın 1-nə olan məlumata əsasən, qaz hasilatı proqnozu 103% yerinə yetirilmiş, 4461935 min kubmetr qaz istehsal olunmuşdur ki, bu da nəzərdə tutulandan 131415 min kubmetr çoxdur. İstismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, təmir-bərpa işləri aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Sentyabrın 1-nə olan məlumata əsasən, “Azneft” İB üzrə istismar quyu fondu 9066 ədəd, işlək fondda olan quyular 6771 ədəd təşkil etmişdir, 34 quyu isə mənimsəmədədir. İlin əvvəlindən NQÇİ-lərdə həyata keçirilmiş 3722 geoloji və texniki tədbir nəticəsində 212 min 833 ton əlavə neft hasil edilmişdir. Bu ilin 8 ayında ARDNŞ üzrə 107209 metr qazma işi görülmüşdür ki, bunun da 100896 metri istismara, 6313 metri kəşfiyyata aid olmuşdur.

Qazma işlərini sürətləndirmək, səmərəliliyi artırmaq məqsədilə ARDNŞ yeni nəsil qazma qurğularının tikintisinə qərar verib. Bu ilin iyun ayında “Caspian Drilling Company Ltd.” və “Keppel Offshore & Marine Ltd.” şirkətləri arasında Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisi üzrə anlaşma əldə edilmişdir. Əsasən dənizin 1000 metrədək dərinliyində qazma işlərinin aparılması üçün nəzərdə tutulmuş bu yeni qurğu Xəzərin ekologiyasının çirklənmə ehtimalına qarşı dünya standartlarına uyğun bütün qabaqlayıcı avadanlıqlarla təmin ediləcəkdir. Qurğunun tikintisinin 2016-cı ilin sonuna tamamlanması planlaşdırılır. Dərinsulu ərazilərdə axtarış-qazma işlərinin sürətləndirilməsi məqsədi ilə ən müasir qazma qurğularının inşası işləri davam etdirilir.

Hazırda bütün dünyada təbii qaza tələbatın artdığı bir dövrdə qaz hasilatının yüksəldilməsi ARDNŞ-nin qarşısında duran əsas vəzifələrdəndir. 2012-ci ildə ölkə üzrə qaz hasilatı 26908,8 milyon kubmetr olmuşdur ki, bu hasilatda ARDNŞ-nin payı 6924,6 milyon kubmetr həcmindədir. Neft ölkəsi kimi hələ qədim zamanlardan məşhur olan Azərbaycan 2006-cı ildən etibarən “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində artıq alternativ təbii qaz mənbəyi, dünya bazarında etibarlı qaz ixracatçısı kimi tanınır. Dünya miqyasında ən iri dəniz yataqlarından olan “Şahdəniz”in ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. 2012-ci ildə yataqdan təxminən 7,8 milyard kubmetr qaz və 2 milyon ton kondensat hasil edilib. İstismar dövrünün başlanğıcından 2013-cü il sentyabrın 1-dək yerli və beynəlxalq bazarlara 44,1 milyard kubmetr qaz, eləcə də 11,5 milyon ton kondensat ixrac edilib. Hazırda yataqda orta gündəlik hasilat 27,3 milyon kubmetr qaz və 6,7 ton kondensat həcmindədir. Artıq işlənilmənin 2-ci mərhələsinə hazırlıq işləri başa çatmaq üzrədir. “Şahdəniz-2” layihəsi çərçivəsində ilkin mərhələdə hasil olunacaq ildə 10 milyard kubmetrədək təbii qaz “Cənub dəhlizi” vasitəsilə Avropa bazarlarına nəql ediləcək. Son illərdə “Abşeron” yatağında “Total” şirkəti ilə birlikdə aparılan uğurlu kəşfiyyat işləri və “Ümid” yatağının açılması, hasilatın başlanılması ilə ARDNŞ-nin əldə etdiyi uğur Xəzərin Azərbaycan sektorunda potensialın böyük olduğunu bir daha sübuta yetirmişdir.

Axtarış-kəşfiyyat işləri müvəffəqiyyətlə davam edir. BP ilə imzalanmış HPBS çərçivəsində “Şəfəq-Asiman” yatağında 3 ölçülü seysmik tədqiqat proqramı başa çatdırılmışdır. Təhlillər bitdikdən sonra yataqda ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Almaniyanın RWE şirkəti ilə “Naxçıvan” perspektiv strukturu üzrə əsas kommersiya prinsipləri razılaşdırılmışdır. Bu ilin aprelində ARDNŞ və “Statoil” şirkəti arasında “Zəfər-Məşəl” blokunun kəşfiyyatı və işlənməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Mövcud layihələr üzrə görülən işlər, perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə qaz hasilatını, laylara vurulan qaz istisna olunmaqla, 20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar var. Adı çəkilən yataqlardan əlavə “AÇG”-nin dərin hissəsinin, “Babək”, “Naxçıvan” və digər strukturların işlənilməsi Azərbaycanda qaz hasilatını kəskin artırmağa imkan yaradacaqdır.

Neft-qaz hasilatının yüksəldilməsi haqqında dövlət tapşırığına uyğun olaraq, ARDNŞ-nin istismar etdiyi yataqlarda tikinti işləri sürətləndirilmişdir. Cari ilin 8 ayında təhvil verilmiş iri obyektlərdən Daşgil - Kənizdağ arası 500 mm-lik yüksək təzyiqli qaz xəttini, “Darvin bankası” yatağında 740 saylı platformanı, “Neft Daşları”nda Mədən-Geofizika Ekspedisiya bazasını, 2585 və 2150 saylı özülləri, 418A saylı estakadayanı meydançanı, yeni Qaz Turbin İstilik Elektrik Stansiyasını qeyd etmək olar. “Neft Daşları” və “28 May” NQÇİ-lərini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə inşa olunmuş 6 bloklu bu stansiyanın ümumi gücü 45 MVt təşkil edir. İlin sonuna kimi “Günəşli” yatağında Qazlift Kompressor Stansiyasının, “Darvin bankası” yatağında daha bir stasionar dərinlik özülünün təhvili də nəzərdə tutulur. Tikintisi cari ildə davam etdirilən irimiqyaslı obyektlərdən “Günəşli” yatağında 7 və 17 saylı, “Neft Daşları”nda 602A, 620A, 1954A, 1541A, 1637A saylı, “Qərbi Abşeron”da 10, 20 və 54 saylı özülləri qeyd etmək olar. Yeni platformalarda ən müasir qazma avadanlığı, vertolyot meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, avtomatlaşdırılmış idarəetmə sistemi, qazqızdırıcı qurğu, yanğından mühafizə sistemi, eləcə də avtomatlaşdırılmış qazpaylayıcı qurğu və digər zəruri avadanlıqlar quraşdırılır. Ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilir.

Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədi ilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Bütün Avrasiya regionunun analoji mühəndis qurğuları arasında unikallığı ilə seçilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri dünya enerji təhlükəsizliyinin əsas elementlərindən biridir. Ötən 8 ayda kəmərlə 20 milyon 220 min tondan çox neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il sentyabr ayının 1-nə qədər BTC-yə 225 milyon 671 min 819 ton neft vurulub, Ceyhan limanından 223 milyon 564 min 270 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. BTC Xəzər hövzəsində hasil olunan qeyri-Azərbaycan mənşəli neft həcmlərinin nəqlində də mühüm rol oynayır. Bu vaxtadək kəmər vasitəsilə 8,6 milyon ton Türkmənistan nefti nəql olunub. Sevindirici haldır ki, son vaxtlar Qazaxıstan və Rusiya şirkətlərinin də BTC-yə marağı artmaqdadır.

Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə tədarük olunması üçün mühüm addımlar atılmışdır. “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün konsorsium tərəfindən Transadriatik Boru Kəmərinin (TAP) seçilməsini ilin mühüm hadisələrindən hesab etmək olar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu hadisəyə münasibət bildirərkən demişdir: “”Cənub qaz dəhlizi”nin seçilməsi və bu məsələ ilə bağlı “Şahdəniz” konsorsiumunun vahid mövqeyi çox müsbət hal kimi qiymətləndirilməlidir. Bu layihə bizə imkan verəcək ki, öz qaz potensialımızı maksimum dərəcədə realizə edək... Azərbaycanda verilən qərarlar, əminəm ki, bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişikliklər edəcəkdir. Əlbəttə, bu, ölkəmizin önəmini daha da artırır, ölkəmizin siyasətinin bölgə üçün və qitə üçün önəmli olduğunu bir daha təsdiqləyir”. Qeyd etmək lazımdır ki, TAP layihəsi çərçivəsində Avropa bazarlarına ildə 16 milyard kubmetrdən çox Azərbaycan qazı daşınacaqdır. Artıq ARDNŞ, BP və “Statoil” bu layihədə 20%, “Total” isə 10% paya sahib olmuş və “TAP AG” şirkətinin digər səhmdarları ilə alqı-satqı müqaviləsi imzalanmışdır.

Azərbaycan və Türkiyə arasında TANAP - Transanadolu qaz kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalanması da bu istiqamətdə atılmış mühüm addımlardandır. Hökumətlərarası Saziş artıq hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunmuşdur. Azərbaycan və Türkiyənin dövlət və hökumət başçılarının - cənab İlham Əliyev və cənab Rəcəb Tayib Ərdoğanın birgə təşəbbüsü və siyasi qətiyyəti nəticəsində qısa bir müddətdə beynəlxalq birliyin enerji gündəmində özünə möhkəm yer tutmuş TANAP layihəsi nəinki iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırmış, eyni zamanda Avropanın enerji təhlükəsizliyi məsələsinin praktiki həllinə mühüm təkan vermişdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 16 mlrd. kubmetr həcmində planlaşdırılır, gələcəkdə isə bu göstəricinin 31 milyard kubmetrə çatdırılması gözlənilir. Belə ki, növbəti mərhələlərdə Azərbaycanın digər yataq və strukturlarından (“Ümid”, “Abşeron”, “Babək”, “Naxçıvan” və s. ) hasil ediləcək qazın da TANAP kəməri vasitəsilə ixracı nəzərdə tutulur. Layihədə ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. “Şahdəniz-2” layihəsi üzrə tərəfdaşlarımız da TANAP-a qoşulmaq niyyətindədirlər. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu yüksəltməyə böyük imkan yaradacaq.

ARDNŞ eyni zamanda Yunanıstanın qaz bazarına da daxil olmaq ərəfəsindədir. Bu ölkənin qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin satın alınması barədə Yunanıstanın Əmlakın İdarə Edilməsi Fondu ilə razılıq əldə edilmişdir. DESFA ilə TAP konsorsiumu arasında imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən kəmərin Yunanıstan ərazisindən keçən hissəsinin istismarı həyata keçiriləcək, texniki xidmət sahələrinə dəstək göstəriləcək. Gələcəkdə Yunanıstan-İtaliya və Yunanıstan-Türkiyə boru kəmərlərinin tikintisi nəzərdə tutulur ki, bu da DESFA qarşısında yeni imkanlar açacaqdır. Beləliklə, bu şirkətin səhmlərinin əldə olunması Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayacaq.

Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə ARDNŞ qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir. Qısa bir müddətdə Qaradağ və Qalmazdakı yeraltı qaz anbarlarının (YQA) aktiv tutumu genişləndirilmiş və ötən il 3,3 milyard kubmetrə çatdırılmışdır. Bu istiqamətdə işlər uğurla davam etdirilir. 2012-ci ildə “Qalmaz” YQA-da yeni qazpaylayıcı məntəqə istifadəyə verildi, “Qaradağ” YQA-da müasir standartlara cavab verən qazma qurğusu quraşdırıldı, qazma işləri sürətləndi. Yeni quyular qazılması hesabına “Qaradağ” və “Qalmaz” YQA-larında aktiv qaz həcminin 5 milyard kubmetrə qədər çatdırılmasını planlaşdırırıq.

“Azəriqaz” İB tərəfindən əhali və digər istehlakçıların qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, təchizat şəbəkəsinin əsaslı təmiri üzrə qazanılan nailiyyətlər ilbəil artır. Bu istiqamətdə görülən işlər ölkənin qaz təsərrüfatının dinamik inkişafına yol açır. Təkcə cari ilin 8 ayı ərzində 113 yaşayış məntəqəsinə təbii qaz verilmiş, ölkə üzrə 90 270, o cümlədən Bakı şəhərində 20 529, regionlarda 69 741 əhali abonenti təbii qazla təmin olunmuşdur. Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə abonentlərin ümumi sayı 1 569 860-a çatmışdır. 6361 km-lik yeni qaz kəmərləri çəkilmiş, 987,8 km uzunluğunda kəmərlərdə isə əsaslı təmir aparılmışdır. Ümumilikdə, 2009-2013-cü illər ərzində 22 518,7 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 6941,7 km-lik qaz kəmərləri isə əsaslı təmir edilmişdir.

Bakı şəhərində və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin modernizasiyası və yenidən qurulması üçün Almaniyanın “E.ON Ruhrqas” şirkəti ilə səmərəli iş aparılır. Hazırlanmış layihədə şəbəkənin hazırkı gücünün artırılması hesabına əhalinin və iqtisadiyyatın inkişafı ilə əlaqədar 2030-cu ilədək yaranacaq tələbatın ödənilməsi, monitorinq və nəzarət sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, istismar konsepsiyasının ən müasir səviyyədə qurulması planlaşdırılır.

Azərbaycan bu gün dünya bazarında təkcə neft və qazın deyil, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. ARDNŞ-nin emal kompleksinə aid neftayırma zavodlarının - bu yaxınlarda 60 illik yubileyini qeyd etdiyimiz Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və “Azərneftyağ” zavodunun əməkçiləri həmişə olduğu kimi xam neftdən səmərəli istifadə etməklə, mühərrik yanacaqlarının istehsalının artırılması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində uğurla işləyiblər. Zavodlarda emal olunmuş neftin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 min ton artmışdır. Texnoloji qurğuların və xüsusilə, katalitik krekinq, tədrici kokslaşma və bitum qurğularının işinin səmərəli təşkil olunması emal prosesində əmələ gələn qalıq komponentlərindən yüksək dəyərli neft məhsullarının istehsalına imkan yaratmışdır. Emal kompleksində ölkənin neft məhsullarına olan tələbatı tam ödənilməklə yanaşı, Şirkətin ixrac öhdəliklərinin yerinə yetirilməsi istiqamətində də ardıcıl iş aparılmış, neftin emal dərinliyi göstəricisinin miqyası 93%-ə çatdırılmışdır.

Neftayırma zavodlarında, eləcə də “Azərikimya” İB-də əldə olunmuş yüksək istehsalat göstəricilərinin qorunub saxlanması və məhsulların keyfiyyətinin Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə texnoloji proseslərin yeniləşdirilməsi, təkmilləşdirilməsi və optimallaşdırılması, xüsusilə də ekoloji səmərəliliyinin artırılması istiqamətində mütəmadi olaraq kompleks iş aparılır. İstehsal prosesi maye yanacaqdan tamamilə qaz yanacağına keçirilmiş, bununla da atmosferə atılan zərərli qazların miqdarı xeyli azalmış, maye yanacaq kimi işlədilən solyar fraksiyasına qənaət edilmişdir. H.Əliyev adına BNEZ-in hidrotəmizləmə, tədrici kokslaşdırma qurğularında, “Azərneftyağ” NEZ-in yağların hidrogenlə təmizlənməsi, bitum istehsalı qurğularında təmir işləri görülmüşdür. “Azərikimya” İB-nin Etilen-propilen zavodunda iki yeni qurğunun - azot-oksigen qurğusu və susoyutma kompleksinin istismara verilməsi də qeyd edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf və tərəqqi strategiyası çərçivəsində enerji sektorunda qazanılmış nailiyyətlərin məntiqi davamı olaraq, bu gün qarşımızda qoyulmuş əsas məqsədlərdən biri rəqabətədavamlı, müasir standartlara cavab verən məhsullar istehsal edə biləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşa edilib istismara verilməsidir. Bu kompleksdə 3 zavodun - Qaz Emalı, Neft Emalı və Neft-Kimya zavodlarının, enerji blokunun və 40-a yaxın texnoloji qurğunun fəaliyyəti nəzərdə tutulur. Zavodların 2018-ci ildən başlayaraq mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır. Bu il “SOCAR - Foster Wheeler Mühəndislik Xidmətləri” MMC tərəfindən Qaz Emalı Zavodunun layihələndirilməsi həyata keçirilmişdir. Digər müəssisələrin ilkin detallı layihələndirmə işlərinin həyata keçirilməsi üzrə tender sənədləri hazırlanır, infrastruktur işləri üzrə konsepsiyanın işlənilməsi üçün tədbirlər görülür. NQNK layihəsi Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından da böyük önəm daşıyır.

Daha bir mühüm layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Sumqayıtda yaradılacaq Kimya Sənaye Parkıdır. Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin özəl sektorunun inkişafında mühüm rol oynayacaq bu parkda “Azərikimya” İB-də istehsal olunan məhsullardan müxtəlif çeşidli yekun istehlak mallarının hazırlanması nəzərdə tutulur.

Təməli 2011-ci ilin dekabrında Sumqayıtda dövlətimizin müdrik rəhbəri İlham Əliyevin iştirakı ilə qoyulan Azot gübrəsi - Karbamid istehsalı zavodu layihəsi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir. Bu ilin martında ARDNŞ və “Samsung Engineering Co. Ltd.” şirkəti arasında layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalandı. Müqavilə çərçivəsində “Samsung” şirkəti tikintini və bütün lazımi sınaqları həyata keçirərək “açar təhvili” əsasında zavodu istifadəyə tam hazır şəkildə təhvil verəcəkdir. Şirkətimiz Gürcüstanda da analoji zavodun tikintisinə hazırlaşır. Artıq Qara dəniz sahilindəki Kulevi azad sənaye zonasında Karbamid istehsalı zavodunun təməli qoyulmuşdur. Zavodun inşasının 2016-cı ildə başa çatdırılması planlaşdırılır. Zavodların birgə istehsal gücü ildə 1 mln. ton həcmində nəzərdə tutulur. Azərbaycan və Gürcüstanda Karbamid zavodlarının eyni vaxtda inşası iki qonşu və dost ölkədə aqrar sənayenin inkişafına, azot gübrəsinə tələbatın ödənilməsinə, eləcə də region bazarlarına yeni və perspektivli məhsul çıxarılmasına əlavə imkanlar yaradacaqdır.

Ölkəmizdə həyata keçirilən nəhəng layihələrdən biri də Dövlət Neft Şirkəti və onun xarici tərəfdaşları tərəfindən Bakıda Xəzər dənizi hövzəsində analoqu olmayan yeni gəmiqayırma zavodunun inşa edilməsidir. Zavod və burada istehsal olunmuş birinci gəmi istismara tam hazırdır. Müəssisənin istehsal gücü ildə 25 min ton metal konstruksiya təşkil edir. Zavod hər il 15 min ton yükqaldırma qabiliyyətinə malik 4 ədəd tanker, 4 ədəd yedək-təchizat gəmisi istehsal etmək, həmçinin 80-100 ədəd müxtəlif təyinatlı gəmiləri təmir etmək imkanına malikdir. Regionda ilk belə zavodun istismara verilməsi Xəzər hövzəsində genişmiqyaslı kəşfiyyat, qazma, tikinti və təmir işləri aparmağa qadir ixtisaslaşmış Xəzər Dəniz Neft Donanmasının gəmi parkının yenilənməsində, Xəzər Dəniz Gəmiçiliyinin, Azərbaycanın digər dövlət qurumlarının, habelə hövzə ölkələrinin müasir tanker və gəmilərlə təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini durmadan genişləndirən ARDNŞ bu gün böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutmuşdur. Xarici ölkələrdə həyata keçirilən investisiya layihələri ölkəmizin ümumi strateji inkişafına xidmət edir. Uğurlu marketinq və koordinasiya işinin nəticəsidir ki, ARDNŞ dünyada baş verən qlobal maliyyə-iqtisadi böhranın nəticələrini müvəffəqiyyətlə dəf edərək, xarici ölkələrdə həyata keçirdiyimiz layihələrdə ciddi irəliləyişə nail olmuşdur.

Şirkətimiz bu gün Türkiyə Respublikasının neft-kimya sənayesinin aparıcı qüvvəsi olan “Petkim Petrokimya Holdinq A.Ş.”-nin səhmlərinin əhəmiyyətli hissəsinə (70%) nəzarət edir, onun idarəçiliyini uğurla həyata keçirir. Holdinq 2013-cü ilin birinci yarısını müvəffəqiyyətlə başa vurmuşdur. İstehsal olunmuş neft-kimya məhsullarının ümumi həcmi 1393,8 min ton təşkil etmişdir. Hazırda ARDNŞ-nin “SOCAR Turkey Enerji A.Ş.” şirkəti tərəfindən idarə olunan “Petkim” Türkiyənin termoplastik məhsullar bazarının tələbatının 25%-ni ödəyir. Şirkətimiz yeni investisiyalar hesabına 2023-cü ilədək bu rəqəmi 40%-ə qaldırmağı planlaşdırır. Bu isə mövcud 3.2 milyon tonluq istehsal potensialını təxminən iki dəfə artıraraq 6 milyon tona çatdırmaq deməkdir. Hazırda “Petkim” kompleksinin tələb olunan xammalla təminatının artırılması məqsədi ilə Türkiyədə “STAR” Neft Emalı Zavodunun (NEZ) tikintisi həyata keçirilir. Bu il mayın 20-də ARDNŞ və “STAR” NEZ-i inşa edəcək konsorsium arasında saziş imzalandı. Konsorsiuma İspaniyanın “Tecnicas Reunidas”, İtaliyanım “Saipem”, Cənubi Koreyanın “GS Engineering” və Yaponiyanın “İtochu” şirkətləri daxildir. Yeni, ekoloji cəhətdən ən qabaqcıl texnologiyalar əsasında qurulacaq NEZ illik 10 milyon ton xam neft emal etmək gücünə malik olacaqdır. ARDNŞ həmçinin “Petkim” Neft-Kimya Holdinqinə məxsus limanın genişləndirilməsi və burada böyük konteyner terminalının yaradılması işlərini həyata keçirir. Bu məqsədlə Hollandiyanın “APM Terminals” şirkəti ilə əməkdaşlığımız uğurla davam etdirilir.

Gürcüstandakı investisiya layihələrimiz də özünü doğrultmuşdur. ARDNŞ-nin neft və neft məhsullarının dünya bazarına çıxarılmasında əhəmiyyətli rola malik Kulevi Qara Dəniz Terminalı 2008-ci ildən uğurla fəaliyyət göstərir. Terminalın işi qısa müddətdə regionun bir çox şirkətlərinin diqqətini cəlb etmişdir. Burada hazırda Azərbaycan və Mərkəzi Asiya mənşəli neft məhsullarının Avropaya ixracı təmin edilir. Ötən il Kulevi Terminalında propilenin qəbulu və yüklənməsi üzrə yeni bir kompleks tikilərək istismara verilmişdir.

Bu gün Gürcüstan enerji bazarının 50 faizindən çoxunu ARDNŞ təmin edir. Neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən “SOCAR Georgia Petroleum”, qonşu ölkənin indiyədək qazlaşdırılmamış bölgələrinə yeni xətlərin çəkilməsində, əhalinin təbii qazla təminatında mühüm rol oynayan “SOCAR Georgia Gas” kimi şirkətlərin fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Gürcüstanda hazırda “SOCAR” brendi altında 110 yanacaqdoldurma və qazdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir. “SOCAR Energy Georgia” şirkəti (holdinqə daxil olan törəmə qurumlarla birgə) 2012-ci ildə Gürcüstan dövlət büdcəsinə təqribən 165 milyon ABŞ dolları məbləğində vergi ödəyərək, ən iri vergi ödəyicisi adına layiq görülmüşdür. Artıq 6 ildir, dalbadal Gürcüstanda “ən yaxşı şirkət” elan olunan “SOCAR Energy Georgia” “Əhali arasında yüksək populyarlıq”, “Ölkə büdcəsinə böyük töhfələr”, “Beynəlxalq xidmət standartı”, “Müasir texnologiyalar”, “Keyfiyyətin təminatı”, “Yeni iş yerləri”, “İnvestisiya cəlbediciliyi”, “Təhsil və səhiyyə sahəsində xeyriyyəçilik” nominasiyalarında keçirilən sorğularda da liderliyi əldə saxlayır.

Gürcüstanın təbii qazla təminatında mühüm rol oynayan “SOCAR Georgia Gaz” MMC 176780 abonentə xidmət göstərir. Müəssisə tərəfindən 2012-ci ildə Gürcüstanda 1430 km uzunluğunda yeni qaz xətləri çəkilmiş, nəticədə 39500 abonent təbii qazla təmin olunmuşdur. Bu yaxınlarda “SOCAR Georgia Gas” Gürcüstanın Marneuli rayonunun Qaçağan və Dmanisi rayonunun Qəmərli qəsəbələrində yeni qaz kəmərlərinin çəkilişini başa çatdırmışdır. Bu günədək azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli diyarında 647 km uzunluğunda qaz şəbəkəsi istismara buraxılmış, 20775 abonent qazla təmin olunmuş, sosial obyektlər tikilib əhalinin istifadəsinə verilmişdir. 2009-2013-cü illərdə “SOCAR Georgia Gas” şirkəti Gürcüstan Respublikası ərazisində ümumi uzunluğu 3663 km olan qaz boru kəmərləri sisteminin inşasını həyata keçirmiş və 184906 abonenti qazla təchiz etmişdir. Cari ilin sonuna qədər 180 km-lik qaz kəmərinin çəkilişi və daha 4928 abonentin şəbəkəyə qoşulması planlaşdırılır.

ARDNŞ Ukrayna və Rumıniyanın pərakəndə yanacaq satışı bazarlarına da inamla daxil olmuşdur. 2009-cu ildən fəaliyyət göstərən “SOCAR Energy Ukraine” MMC-nin əsas fəaliyyəti YDM-lər şəbəkəsini inkişaf etdirmək, benzin və digər neft məhsullarının topdansatışını həyata keçirməkdir. Hazırda Kiyev, Lvov, Odessa və Xarkov şəhərlərində MMC-nin 4 neft bazası və 37 YDM istismardadır. Ən qısa zamanda daha 10 YDM-in istifadəyə verilməsi planlaşdırılır. Sevindirici haldır ki, Şərqi Avropa ərazisində ilk üzən YDM də ARDNŞ tərəfindən Ukraynada gerçəkləşdirilmişdir.

Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2011-ci ildə təsis edilmiş “SOCAR PETROLEUM SA” şirkəti isə ona məxsus olan 2 neft bazası və 16 YDM vasitəsilə əhalini Avropa standartlarına uyğun “Euro Dizel 95”, “Super Euro Dizel 98”, “Benzin 95” və “Benzin 98” tipli neft məhsulları və qaz yanacaqları ilə təmin edir.

5 ildir ki, Avropanın mərkəzində - İsveçrədə Azərbaycana məxsus neft və neft məhsullarının son istehlakçılara birbaşa satışını təmin edən “SOCAR Trading” şirkəti “Azeri Light” markalı neftin bazarlanması və rəqabət qabiliyyətinin yüksəldilməsi kimi olduqca mühüm vəzifənin öhdəsindən layiqincə gəlir. Azərbaycanın tarixində ilk treyder şirkəti olan bu müəssisə böyük beynəlxalq nüfuz qazanmış, fəaliyyət dairəsini genişləndirmiş, Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Vyetnam, Moskva və Qahirədəki ofisləri vasitəsilə dünya xam neft və neft məhsulları bazarında özünə mühüm yer tutmuşdur. “SOCAR Trading” BƏƏ-nin Fuceyra limanında böyük həcmli terminal layihəsini uğurla başa çatdırır. Treyder şirkətimiz, həmçinin Koreyadakı neft anbarlarında üçüncü tərəflərə məxsus 5,3 milyon barrel həcmində nefti saxlamaq imkanı qazanmışdır.

Məlum olduğu kimi, ARDNŞ İsveçrədə ABŞ-ın “Exxon Mobil” şirkətinə məxsus ESSO-nun aktivlərini satın almış və bu aktivlərin “SOCAR” ticarət nişanına rebrendinq olunmasını təmin etmişdir. Həmin aktivlərə 170 YDM-in daxil olduğu pərakəndə satış şəbəkəsi, sənaye və topdansatış üçün yanacağın satışı ilə məşğul olan bölmə, qazdoldurma zavodu, Cenevrə və Sürix aeroportlarında təyyarələrin yanacaqla təmin edilməsi ilə məşğul olan birgə müəssisə, terminallar, boru kəmərləri və s. aiddir. Ötən il Sürixdəki texniki xidmət stansiyasının açılması ilə “SOCAR” brendi İsveçrə bazarında öz yerini tutdu. Brendimiz tez bir zamanda mövqeyini genişləndirmişdir. Beləliklə, ARDNŞ son 20 ildə İsveçrənin texniki xidmət sahəsinə daxil olmuş ilk yeni şirkət oldu.

Cəmiyyət qarşısında sosial məsuliyyətini dərindən dərk edən ARDNŞ ölkənin ictimai həyatında fəal iştirak edir, respublikamızda həyata keçirilən mühüm sosial-iqtisadi layihələrə layiqli töhfələr verir. Hər il Şirkətimizin maliyyə vəsaiti hesabına ölkənin müxtəlif rayon və kəndlərində əhalinin rifahının gücləndirilməsi məqsədi ilə inşa olunan yeni məktəblər, kitabxanalar, xəstəxana və tibb məntəqələri, idman qurğuları, istirahət obyektləri, körpülər, park və xiyabanlar neftdən əldə olunan gəlirlərin sosial infrastrukturun bərpasına yönəldildiyini təzahür etdirir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Lənkəran, Naxçıvan, Şirvan, Qazax, Zaqatala, Qəbələ, Bərdə, Gəncə, Quba, Şamaxı, Cəlilabad və Xızıda tikilərək qabaqcıl tibbi avadanlıqlarla təchiz olunmuş Müalicə-Diaqnostika Mərkəzləri, Balakən rayon Mərkəzi Xəstəxanası və Füzuli rayon Tibb Mərkəzi ölkəmizdə səhiyyənin inkişafına yeni təkan vermişdir. Həmin mərkəzlər bu gün Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir. Biz sosial yönümlü yeni layihələrə imza atmaqda davam edirik. Tovuz rayonunda inşa etdiyimiz Hemodializ və Diaqnostika Mərkəzi cari ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açıldı. İrimiqyaslı sosial layihələrdən olan Bakı Olimpiya Stadionunun, Fransız Liseyinin, İstedadlar Təhsil Kompleksinin və Sumqayıt şəhərində 3050 nəfərlik təbii örtüklü stadionun tikintisi layihəsi üzrə işlər davam etdirilir.

Neftçilərin sosial-məişət məsələləri daim diqqət mərkəzindədir. Prioritet istiqamətlərdən biri neftçilərin mənzil probleminin həllidir. ARDNŞ üzrə hazırda 5022 nəfər işçi mənzil uçotundadır ki, onların da 4528 nəfəri Bakı şəhərini əhatə edir. Növbədə olan əməkdaşların qısa müddətdə yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə 2009-cu ildə “Neftçi” Mənzil Tikinti Kooperativi təsis edilmişdir. 2009-2013-cü illərdə 1017 neftçi ailəsi, o cümlədən ARDNŞ-nin Təqaüd Proqramının 69 məzunu mənzillə təmin olunmuşdur. Kooperativ binaların tikintisi davam etdirilir. Hazırda Xətai rayonunda 279 mənzilli yaşayış binasının inşası başa çatmaq üzrədir. Bundan başqa, Qaradağ rayonu Lökbatan qəsəbəsində 312, Sahil qəsəbəsində isə 187 mənzilli yaşayış binalarının tikintisi davam etdirilir. Pirallahı qəsəbəsində 144 mənzilli yeni yaşayış binasının, Bibiheybət ərazisində isə 1200-dən çox ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikintisi məqsədilə hazırlıq işləri aparılır. Eyni zamanda ARDNŞ üzrə uçotda olanlara fərdi mənzil tikintisi üçün Hövsan qəsəbəsinin qərb hissəsində 12,51 hektar torpaq sahəsi ayrılmışdır və hazırda bununla bağlı sənədləşdirmə işləri aparılır. İşçilərin bağ sahələri ilə təmin olunmaları üçün də müvafiq işlər görülür.

“ARDNŞ-nin müəssisələrində işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2011-2015-ci illər üçün Sosial-İnkişaf Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Əmək şəraitinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə “Azəriqaz” İB-nin Kürdəmir, Oğuz, Ağdam, Fizuli, Astara, Hacıqabul Qaz İstismar Sahələri, “28 May” NQÇİ-nin Çilov adasında yerləşən idarəetmə aparatı üçün yeni inzibati binalar tikilmiş, 105 yerlik yataqxana binası istifadəyə verilmiş, “Azəriqaz” İB-nin 21 sahəsinin, “Azərikimya” İB-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinın, Anbar Təsərrüfatının, “Etilen-Polietilen” zavodunda EP-300 istehsalatının inzibati binalarında əsaslı təmir işləri aparılmışdır. Ümumiyyətlə, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 9 sahədə müasir üslubda inzibati bina tikilmiş, 35 sahədə inzibati binalar əsaslı və cari təmir olunmuş, iş otaqları müasir avadanlıqlarla təchiz edilmişdir. Dəniz özüllərində, estakadalarda və sahildəki istehsalat sahələrində əmək şəraitinin yaxşılaşdırılması üçün böyük həcmdə iş görülmüşdür.

ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən “Neftçi” İdman Sağlamlıq Mərkəzi ölkəmizdə idmanın inkişafına ilbəil dəyərli töhfələr verir. Mərkəzin tabeliyində 13 idman qurğusu fəaliyyət göstərir və idmanın 36 növü üzrə 194 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında beş minə yaxın yeniyetmə və gənc, eləcə də min nəfərdən artıq neft-qaz sənayesi işçisi idmanla məşğul olur. Ötən bir ildə idmançılarımız olimpiya və qeyri-olimpiya növləri üzrə bir sıra dünya və Avropa səviyyəli yarışlarda, nüfuzlu beynəlxalq turnirlərdə, respublika, Bakı çempionatlarında 583 qızıl, 385 gümüş və 510 bürünc olmaqla ümumilikdə 1478 medal qazanmışlar.

İşçilərin istirahət və asudə vaxtlarının təşkili də ARDNŞ-nin həyata keçirdiyi sosial yönümlü fəaliyyətin əhəmiyyətli hissəsidir. 2012-ci ildə və 2013-cü ilin 6 ayı ərzində Balakəndəki “Qubek hotel” İstirahət Mərkəzində, Nabrandakı “Geofizik” və “Nabran” istirahət zonalarında, respublikanın digər istirahət guşələrində ümumilikdə 20 min nəfərdən artıq neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil edilmişdir. Müalicəyə ehtiyacı olan 2581 nəfər sanator-kurort müalicə mərkəzlərinə göndərilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ev-eşiklərindən didərgin düşmüş həmvətənlərimiz də diqqətdən yayınmır. ARDNŞ Ağdam rayonu ərazisində yerləşən “Dördyol 1,2” və Təzəkənd qəsəbələrində, Tərtər şəhərində, Füzuli rayonunun Əhmədalılar, Mirzənağı və Qazaxlar kəndlərində məskunlaşmış 22 mindən artıq məcburi köçkün və Sumqayıtda məskunlaşmış 1700 nəfər qaçqın və məcburi köçkünü himayəsinə götürmüşdür. Onlara xüsusi diqqət və qayğı ilə yanaşılır. Təkcə 2012-ci il və 2013-cü ilin 6 ayı ərzində dövlət bayramları münasibətilə qaçqın və məcburi köçkünlərə 2 milyon 4 min 385 manatlıq ərzaq yardımı verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühit və ekoloji tarazlığın qorunması ilə bağlı həyata keçirilən genişmiqyaslı dövlət proqramları çərçivəsində neft-qaz yataqlarının işlənməsi, istismarı və emal zamanı ətraf mühitin qorunması, sağlam ekoloji mühitin yaradılması, təbii sərvətlərdən düzgün istifadə olunması məsələlərini daim diqqət mərkəzində saxlayan ARDNŞ-də məxsusi strateji planlar işlənilib hazırlanmışdır və həyata keçirilir. Neftlə çirklənmiş torpaqların təmizlənməsi, lay sularının idarə olunması, neft şlamı təmizləyici qurğuların və dəniz suyunun şirinləşdirilməsi üçün qurğuların quraşdırılması, səmt qazlarının idarə olunması, Tullantı Mərkəzinin yenidən qurulması, yaşıllaşdırma işlərinin aparılması sahəsində mühüm işlər görülür. 2013-cü ildə 1300 hektardan çox neftlə çirklənmiş ərazi rekultivasiya edilmişdir. Şirkətimizin daxili maliyyə imkanları hesabına “Günəşli” yatağında həyata keçirilmiş aşağı təzyiqli səmt qazının yığılması layihəsinin nəticəsi olaraq, hər il 310 milyon kubmetr səmt qazı yığılaraq sistemə ötürülür və 4,2 mln. ton karbon qazı ekvivalenti miqdarında metan qazının atmosferə atılmasının qarşısı alınır.

ARDNŞ “Neft Daşları” və “Günəşli” yataqlarında alçaq təzyiqli qazların yığılaraq qapalı sistemə keçirilməsi layihəsinə görə üzvü olduğu “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” Təşkilatının mükafatına layiq görülmüşdür. Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin “Ekologiya ili” çərçivəsində verdiyi tapşırığa uyğun olaraq, 2010-cu ildə “Çıraq” neft yatağında icrasına başlanılmış layihə bu yaxınlarda uğurla başa çatdırılmış, şamda yandırılan səmt qazının həcminin əsaslı şəkildə azaldılmasına nail olunmuşdur. ARDNŞ və “BP-Azərbaycan” şirkətinin birgə səyləri ilə yataqdakı platformada qaz-yığım kompressorları rekonstruksiya olunmuş, yumşaq qoruyucu təhlükəsizlik divarı quraşdırılmış, eləcə də “Neft Daşları”nda qaz qəbul sistemi təkmilləşdirilmişdir. Hasil olunan qazın sistemə və yandırılmaya yönələn həcmləri arasında nisbətdə ötən 20 ilin ən yüksək göstəricisi əldə olunmuşdur. Eyni zamanda, il ərzində iqlim dəyişməsinə təsir edən təqribən 265 min ton karbon qazı ekvivalentinin atmosferə atılmasının qarşısı alınmışdır. İndi hədəfimiz şamda yandırmanın sıfır səviyyəsinə endirilməsidir və bu istiqamətdə işlər intensiv olaraq davam etdirilir.

Bu gün ARDNŞ-nin müasir tipli bir şirkət olaraq ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac var. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, şirkətin kadr potensialının müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə çoxşaxəli kadr hazırlığı proqramı müvəffəqiyyətlə icra olunur. Gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrlar hazırlanması istiqamətində Təqaüd Proqramları həyata keçirilir. 2012-ci ildə şirkətin maliyyə vəsaiti hesabına Böyük Britaniya, Fransa və Almaniyanın nüfuzlu universitetlərində oxuyan 24 məzun təhsilini müvəffəqiyyətlə başa vurmuş və ARDNŞ-nin müxtəlif struktur bölmələrinə təyinat almışlar. Şirkətimizdə təqaüdçü tələbə və məzunlara hərtərəfli qayğı göstərilir. Onlar təhsilləri müddətində ödənişli “Yay təcrübəsi”nə və “SOCAR Yay Məktəbi”nə cəlb olunur, ARDNŞ-də işə götürüldükdən sonra sosial imtiyazlar qazanırlar. Mühəndis kadrlarının hazırlanması sahəsində önəmlı layihələrdən biri olan Bakı Ali Neft Məktəbi dünyanın tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Böyük Britaniyanın Heriott-Watt universiteti ilə imzalanmış razılaşmaya əsasən bu universitetin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində tədris proqramları BANM-da tətbiq olunur. Fransa Neft Məktəbi ilə Anlaşma Memorandumuna əsasən tələbə və müəllimlərin mübadiləsi, tədris proqramlarının inkişafı, birgə tədqiqatlar, müxtəlif tədbirlərin təşkilində qarşılıqlı yardım, inkişaf sahələri üzrə təlim layihələri çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirək” devizini əsas götürən ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində də neft sənayesi və digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm işlər görülür. İdarənin tabeliyində 4 təlim mərkəzi fəaliyyət göstərir. Hər il yüzlərlə gənc həmin mərkəzləri bitirərək işə qəbul olunur. Ötən bir ildə təkcə Kadr Hazırlığının Təşkili Mərkəzində nəzəri, praktiki və istehsalat təlimindən ibarət kurslardan 15 minədək əməkçı keçmiş, 455 gənc isə peşə sınaqlarını uğurla başa vuraraq ARDNŞ-də işlə təmin olunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə bu Mərkəzə uşaq evlərindən gələn dinləyicilərə ARDNŞ tərəfindən xüsusi qayğı ilə yanaşılır. İndiyədək 50 nəfər kimsəsiz yeniyetmə müvafiq kursları başa çatdırdıqdan sonra iş və bir otaqlı mənzillə təmin olunmuşdur.

ARDNŞ elmin inkişafını da diqqətdə saxlayır. Azərbaycan Milli Elmlər Akademiyası ilə imzalanmış Anlaşma Memorandumu əsasında təsis olunan “ARDNŞ-nin Elm Fondu”nun fəaliyyəti nəticəsində elmin prioritet istiqamətləri üzrə mühüm layihələrin icrasına başlanılmışdır. Təbiət və texnika elmləri sahəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işlərini, neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları daha da inkişaf etdirmək, alimlərin elmi faəliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları açmaq məqsədi ilə hər il müsabiqə əsasında qrant layihələri həyata keçirilir. Builki müsabiqəyə 3 elm sahəsi üzrə 66 layihə təqdim edilmişdir. ARDNŞ bundan sonra da dövlətin dəstəklədiyi prioritet fəaliyyət istiqamətləri olan elm və təhsilin inkişafına diqqətini davam etdirəcək və neft kapitalının insan kapitalına çevrilməsi üzrə səylərini artıracaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən davamlı inkişaf prosesləri, sürətli iqtisadi artım, əhalinin maddi rifahının günbəgün daha da yaxşılaşması bir daha sübut edir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyası və onun nüvəsini təşkil edən yeni neft strategiyası durmadan, uğurla həyata keçirilir. Azərbaycanın 165 illik zəngin tarixə və şanlı ənənələrə malik neft-qaz sənayesi əməkçiləri bu gün də öz sələfləri kimi xalqımıza ləyaqətlə xidmət edir, ölkənin sosial-iqtisadi, elmi-mədəni yüksəlişinə mühüm töhfələr verirlər. Xalqımızı əmin edirik ki, neftçilər bundan sonra da Azərbaycan cəmiyyətinin avanqard qüvvəsi olaraq Vətənimizin tərəqqisi və daha işıqlı gələcəyi naminə əzmlə çalışacaqlar.

 

RÖVNƏQ ABDULLAYEV,

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

İki sahil.- 2013.- 20 sentyabr.- S.6-10.