Heydər Əliyev siyasəti Azərbaycanın

uğurlarının davamlılığını təmin edir

 

Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin www.yap.org.az saytına müsahibəsi

 

- Nəriman müəllim, hər bir xalqın, millətin xoşbəxtliyi ilk növbədə onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən olunur. 22 illik müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi yolu necə şərh edərdiniz?

- Bu ilin mühümyadda qalan hadisələrindən biri müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunması oldu. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycanın xilaskarına çevrildi. “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir” söyləyən ümummilli lider Heydər Əliyev bu neməti qorumaq, onu daha da möhkəmləndirmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını müqəddəs Azərbaycan qayəsi ətrafında əqidə və əməl birliyinə, sarsılmaz həmrəyliyə çağırdı. Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri böyükdür. Onun hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək bu faktın inkaredilməzliyini görərik ki, həyatının əsas mənasını Azərbaycan xalqı, dövləti təşkil edirdi. Artıq aforizmə çevrilən bu fikri qeyd etmək istərdim- Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Bu yaxınlarda Heydər Əliyevin xatirəsinə həsr etdiyim “Mənim əbədi taleyim” adlı kitabım çapdan çıxdı. Orda ümummilli liderlə görüşlərimiz, səfərlərimiz öz əksini tapıb. Həmçinin həmin kitabımda ulu öndər Heydər Əliyevin vaxtilə sahibsiz qalan ədəbiyyatımıza göstərdiyi diqqət və qayğını qeyd etmişəm. Ədəbiyyatımızın sahibsizliyini ona görə qeyd edirəm ki, ümummilli liderə qədər ədəbiyyatımıza, mədəniyyətimizə diqqət və qayğı göstərən olmamışdır.

Heydər Əliyev millətini, xalqını sevirdi. Nəinki Azərbaycana, bəşəriyyətə xidmət edən bir şəxsiyyət idi. Azərbaycan xalqının taleyini ön yerdə saxlayırdı. O, Azərbaycanı dünyada tanıtdı. Tariximizi, milli mənəvi dəyərlərimizi qoruyub saxladı. Dahi şəxsiyyət Heydər Əliyev hər sahənin bilicisi idi. Kitabda Azərbaycan dilinə böyük hörmət və dəyər var idi. Təbii ki, bu da onun vətəninə, xalqına məhəbbətindən irəli gəlirdi. Ulu öndər Heydər Əliyev bildirirdi: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır.” Azərbaycanlı olması ilə böyük qürur duyan ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim hamımızın bir vətəni var- bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.

Ulu öndər Heydər Əliyev vətəninə, xalqına sevgisini əməlləri ilə sübut edib. Heydər Əliyev xalqını sevdibu sevgisinin nəticəsidir ki, Azərbaycanı dünya birliyinin layiqli üzvünə çevirdi. Heydər Əliyevin şəxsində mən onu deyə bilərəm ki, hakimiyyətə Azərbaycanın, türk xalqının sahibi gəlmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə ilə bağlı “bir millət iki dövlət” tezisi səbəbsiz yerə yaranmayıb.

Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu enerji resurslarına görə dünyanın marağında olub. Amma bu gün həmin marağın daha da artdığının şahidi oluruq. Nəyin hesabına? Təbii ki, düzgün qurulan siyasət bu uğurlara yol açıb. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlu siyasəti Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. Bu nə deməkdir? Azərbaycan xalqı öz tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərinə, ənənələrinə qayıtdı. Azərbaycan xalqı öz doğma dilinə sahib oldu. 2001-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında sərəncamı xüsusi qeyd etmək istərdim. Heydər Əliyev milli ruhumuzu özümüzə qaytardı. O bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Bir sözlə, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətinin hər iki dövründə düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu. Azərbaycanın dövlət müstəqilliyini əbədi, sarsılmaz etdi.

- Hər bir xalqın mədəniyyəti, ədəbiyyatı həmişə onu yüksəldir, dünyada tanıdır, mənəviyyatını zənginləşdirir. Dövlətimizin bu sahənin inkişafına xidmət edən addımlarını necə dəyərləndirirsiniz?

- Sualınızı ulu öndər Heydər Əliyevin bu tezisi əsasında cavablandırmaq istərdim. Dahi şəxsiyyət bildirirdi ki, çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyanbugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli şairlərimiz, yazıçılarımızdır. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü ziyalılarla etməsi də onlara verdiyi önəmdən irəli gəlirdi. Ulu öndər bildirirdi ki, xalqımızın ədəbiyyat, incəsənət, mədəniyyət sahəsində nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Özü hər zaman yazıçıların qurultaylarında, plenumlarında iştirak etməkdə maraqlı idi. Ulu öndər o qədər sadə, mehriban, xeyirxah insan idi ki, onun yanında özün olurdun. Artıq başqa bir obraz yaratmağa ehtiyac duyulmurdu. Necə yaşayırdın, necə düşünürdün, Onun qarşısında da elə görünürdün.

Yaradıcı insan olaraq ulu öndər Heydər Əliyevin ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına diqqət və qayğısını qeyd etmək istərdim. Desək ki, ümummilli lider Heydər Əliyevin yaradıcı insanlarla münasibəti çox yaxşı idi, sözsüz ki, bu fikir heçonun bütün qayğılarını əhatə etməz. Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yollar tapmaq imkanı verən bir şərait yaratmışdı. Hələ hakimiyyətinin birinci dövründə Bakıda ən böyük abadlıq işləri görüldü, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleksözünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verildi. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldıldı, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradıldı. Yaradıcı insanların yubiley tədbirləri il ərzində davam etdirilirdi. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir.

Ziyalılarımız hər iki dövrdə ulu öndərin onlara olan xeyirxah münasibətini görüb. Ulu öndərin “Mənim qapım ziyalılar üçün açıqdır” fikri bu diqqət və qayğının təsdiqidir. Ədəbiyyatımız, mədəniyyətimiz Heydər Əliyevin hakimiyyətə qayıtdığı illərdə intibah dövrünü yaşadı və bu inkişaf bu gün uğurla davam edir.

Xatlılasaq, 1970-ci illərdə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, ittifaq respublikalarında, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi. Bu həmin dövr idi ki, hətta, Moskvada çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi olan əsərlər kimi o dövrün Bakı mətbuatında dərc oluna bilir, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünümüzlə bağlı qadağa qoyulmadan milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə əlaqəlidir.

Yazının əvvəlində də qeyd etdiyim kimi, hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycaq mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri-bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

- Nəriman müəllim, ziyalı xalqın nur çırağı kimi dəyərləndirilir. Ziyalılar daim xalqın önundə gedir, baş verən proseslərə obyektiv yanaşmaqla ictimai fikrin düzgün istiqamətləndirilməsinə stimul verirlər. Bir ziyalı olaraq, Azərbaycanın son on ilini necə səciyyələndirirsiniz?

- Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətini xatırlatmaq istərdim: “ İlham Əliyev yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Cənab İlham Əliyev prezident seçildikdən sonra isə hər bir azərbaycanlının prezidenti olacağını bildirdi. İlk gündən atdığı addımları ilə Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi. Həmin dövrdə verdiyi müsahibələrinin birində bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir.

Cənab İlham Əliyevin 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi mühüm hadisə oldu. Heydər Əliyev məktəbini keçən bir insan kimi xalqının, dövlətinin gələcəyini düşünərək, biri-birindən əhəmiyyətli addımlar atmaqla mühüm uğurların əldə olunmasına nail oldu. Onun 2004-2008-ci illərdə gördüyü işlər 2008-ci il prezident seçkilərində növbəti qələbəsini təmin etdi. Cənab İlham Əliyev ölkənin hərtərəfli inkişafında regionların tərəqqisinin vacibliyini önə çəkərək təsdiqlədiyi regional inkişaf Prqramlarının uğurlu icrasını daim diqqətdə saxlayır. Onun bölgələrə səfərlərinə diqqət yetirək. Hər bir səfər hansısa bir obyektin açılışı və ya təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. İctimaiyyət nümayəndələri ilə görüşündə onların problemləri ilə yaxından tanış olur, aidiyyəti qurumlara onların həlli ilə bağlı tapşırıqlarını verir. Hər bir bölgəyə səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayır və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayırır. Bu gün paytaxtla bölgələrimizi müqayisə etsək, böyük fərqin olmadığını görərik. Bunlar Azərbaycanın reallıqları deyilmi? Azərbaycanın ən ucqar kəndlərində belə məktəb tikintisi həyata keçirilir, qaz xətləri çəkilir. Ölkənin hərtərəfli inkişafını, insanların sosial müdafiəsini təmin etmək üçün mühüm addımlar atılır. Təbii ki, hər bir Azərbaycan vətəndaşı bu işlərə öz töhfəsini verməyə çalışmalıdır.

Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, siyasi çəkisi göz qabağındadır. Bu gün Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atmaqla beynəlxalq münasibətlər sistemində yerirolunu möhkəmləndirir, əsil söz sahibinə çevrilir. Azərbaycanın bayrağı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının qarşısında, dünya əhəmiyyətli tədbirlərdə dalğalanır, yüksəklərə qaldırılır. Bu, Azərbaycanın varlığı, dünyaya təqdimatı deyilmi? Azərbaycan dünya mədəniyyət mərkəzlərindən biridir. Nəinki Bakımız, regionlarımız bu gün beynəlxalq tədbirlər üçün məkan seçilir.

Bütün bunlar onu təsdiqləyir ki, cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, Azərbaycanın imzalarının sayını artırır. Azərbaycanın haqlı mövqeyini dünyanın nüfuzlu təşkilatlarının tribunasından bəyan edən dövlət başçısı İlham Əliyev bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirir. Ölkəmizin uğurları, ən əsası faktlara, real həqiqətə əsaslanan mövqeyi bu qətiyyətə əsas verir. Bu gün yegənə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın istər diplomatik mübarizədə qələbəsi, istərsə də iqtisadi imkanları fonunda günbəgün güclənən hərbi qüdrəti tezliklə bu problemimizinöz ədalətli həllini tapacağını şərtləndirir. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında qeyd etdiyi kimi, hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırır. Azərbaycanın uğurları artır, Ermənistanda isə iqtisadi böhran günbəgün dərinləşir.

Dövlət başçısı İlham Əliyevin qarşıdakı illər üçün müəyyənləşdirdiyi perspektivlər də uğurlarımıza söykənir. Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, cənab İlham Əliyev bu möhkəm təməl üzərində ölkəmizi inkişaf etdirir, zirvələrə yüksəldir.

Onun ziyalılara diqqət və qayğısı da Heydər Əliyev siyasətinin davamı kimi dəyərləndirilir. Yaradıcı insanlarla görüşləri, onların əməyinə yüksək səviyyədə verilən dəyər təqdir olunur.

Azərbaycan inkişaf yolunda inamla addımlayır. Ölkəmizə gələn qonaqlar bu inkişafdan heyranlıqlarını gizlətmirlər. Azərbaycan isimin bütün hallarında hallanır. Bununla ancaq ancaq qürur duymaq olar. Təbii ki, uğurlarımıza sevinənlərlə, yanaşı onu böyük qısqanclıq hissi ilə qarşılayanlar da var. Bu da təbiidir.

Reallığı düzgün dəyərləndirmək gərəkdir. Daxili birlik ölkənin hərtərəfli inkişafını sürətləndirməklə yanaşı, beynəlxalq nüfuzuna da öz müsbət təsirini göstərir.

- Xalqımız mühüm siyasi kampaniyaya-prezident seçkilərinə hazırlaşır. Ölkə reallıqlarının içərisində olan bir Azərbaycan vətəndaşı, ziyalısı kimi fikirlərinizi bilmək istərdik.

- Azərbaycan demokratik ölkə olduğunu dünyaya nümayiş etdirib. Əminəm ki, bu seçkilər uğurlarımız sırasında olacaq. Xalqımız öz seçici hüququndan sərbəst istifadə edərək istədiyi namizədə səs verəcək. Çalışaq ki, seçimimizi düzgün edək. Azərbaycanın son on ildə qazandığı uğurlar dövlət başçısı İlham Əliyevin qələbəsini şərtləndirir. Mən cənab İlham Əliyevə səs verəcək növbəti beş ildə ölkəmizin daha böyük uğurlarından qürur duyacağımıza əminəm.

 

İki sahil.- 2013.- 22 sentyabr.- S.8.