Liderin portreti, özünə inamın formulu
Beynəlxalq aləm, dünya mətbuatı
yüksək intelletə malik cənab İlham Əliyevin
siyasi fəaliyyətini, zəngin dövləti idarəetmə
təcrübəsini Azərbaycan reallıqlarının ifadəsi
kimi qeyd edib, nümünə göstərir
Dünyanın ən
tanınmış beyin mərkəzlərinin hesabatlarında
regionda və Şərqi Avropada möhkəmlənən
nüfuzu, artan iqtisadi imkanları , dəstəklənən
daxili və xarici siyasəti, qlobal layihələrin
reallaşmasında göstərdiyi qətiyyəti ilə fərqlənən
Azərbaycan haqqında açıqlamalar, müsbət rəylər
diqqəti cəlb edir. Vaşinqtonda fəaliyyət göstərən
və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən
sayılan Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin
direktoru Riçard Veytsin ölkəmizin regional rolu ilə
bağlı hesabatında dünyada geniş müzakirə
olunan qlobal məsələlərə münasibəti ilə
fərqlənən Azərbaycanla bağlı fikirlərini belə
izah edir: Azərbaycan beynəlxalq aləmdə güclənən
mövqeyi, dünyəvi siyasətə artan təsir
imkanları, əməkdaşlıq üçün strateji tərəfdaşlığa
çevrilməsi, respublikanın ümumi inkişafını
sürətləndirməklə ÜDM-nin 60 faizdən
çox artmasına nail olmuşdur.
Eyni vaxtda daha bir beyin mərkəzinin, “Ən yaxşı siyasi araşdırmalar” kateqoriyası üzrə dünyada 34-cü yeri tutan İtaliyanın məşhur Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu tərəfindən (İnstituto per Gli Studi di Politica İnternazionale- İSPİ) “10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə” adlı hesabatın yayılması Azərbaycanın daxili və xarici siyasətinin beynəlxalq aləmdə etirafıdır.
Milanda yerləşən institutun analitiki Matteo Verdanın müəllifi olduğu hesabatda Cənubi Qafqaz respublikaları-Azərbaycan, Gürcüstan və Ermənistanda son 10 ilə baş verən proseslər təhlil olunur, təhlükəsizlik problemləri araşdırılır, qarşıdan gələn onillikdə hər üç respublika ilə bağlı proqnozlar açıqlanır. İtalyan ekspertinin araşdırmalarından aydın olur ki, maliyyə böhranı illərində Ermənistan və Gürcüstanda müvafiq olaraq iqtisadi geriləmə ilə nəticələnən ÜDM -in 14 və 4 faiz azalmasına baxmayaraq Azərbaycan müsbət inkişaf dinamikasını qoruyub saxlamışdır. Hesabatda qeyd olunduğu kimi son 10 ildə, yəni cənab İlham Əliyev dövlət başçısı kimi ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycanda daxili proseslər, iqtisadi, sosial inkişaf yüksələn xətt üzrə inkişaf etmişdir. Hesabatda qeyd olunduğu kimi, Azərbaycan qeyri-adi iqtisadi inkişaf göstəriciləri əldə etməklə illik 12,2 faiz olmaqla region dövlətlərini üstələmişdir.
Qeyd olunduğu kimi, Azərbaycanda demokratik əsaslarla formalaşan siyasi sistem düşünülmüş qanunauyğunluqlar əsasında təkmilləşdirilmişdir. Ölkədə insanların rahat yaşaması üçün yaradılan təhlükəsizlik, siyasi sabitlik qarşıdakı 10 ildə də stabilliyini qoruyacaq. Müxalifət düşərgəsi ilə bağlı açıqlamasında bəzi siyasi partiyaların parçalanaraq bir neçə bloka bölünməsini onları məhvə aparan addım adlandıran ekspert belə sosial bazası olmayan, zəif, qeyri-ciddi qüvvələrin 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində məğlubiyyətə düçar olacaqlarını təbii prosesin nəticəsi adlandırır. Hesabatda qeyd olunduğu kimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev qalib gələcək, ölkədəki siyasi sistemdəki sabitlik davam etdiriləcək.
Demək ilk gündən hədəflərə doğru, düzgün istiqamət götürən ölkə iqtidarının balanslaşdırılmış, düşünülmüş, yüksək təfəkkürə əsaslanan siyasətinin alternativi yoxdur. Azərbaycan cari ilin ötən dövründə də ən yüksək irəliləyiş əldə etmiş, Dünya İqtisadi Forumunun “Dünya Rəqabətlilik Hesabatı 2013-2014-cü” hesabatında ötən illə müqayisədə 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yeri tutur.
Xalqın rifahının güclənməsinə, ölkə iqtisadiyyatının qüdrətlənməsinə istiqamətlənmiş belə siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi liderlik fəlsəfəsinin formulunu təşəbbüs və tövsiyələrində reallaşdırmaq imkanları geniş olan dövlət başçısının fəaliyyətinə verilən qiymət, göstərilən dəstəkdir.
“Rossiya” dövlət kanalında cənab İlham Əliyevə həsr edilmiş “Hakimiyyət formulu” verilişində ölkəmizin strateji inkişaf proqramına təsir imkanları böyük olan perspektivlərdən söz açan dövlət başçımızın “Mən ölkəmizi müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqe tutan ölkə kimi görürəm” vurğulaması proqnozlar barədə təsəvvür yaradır. Cənab İlham Əliyev haqqında daha bir müsbət rəyə diqqət yetirək.
Ölkəmiz, Prezident İlham Əliyev haqqında beynəlxalq aləmdə müsbət fikir formalaşdıran Qrem Uilsonun “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxış”, Böyük Britaniyanda nəşr edilən nüfuzlu “Diplomat” jurnalının cari ilin sentyabr- oktyabr buraxılışında görkəmli tədqiqatçı Qreym Hovardın yazdığı “İlham: Bir prezidentin portreti” kitabı haqqında verilmiş yazı görkəmli filosof Hegelin belə bir fikrini təsdiq edir ki, böyük insanlar praktiki və siyasi xadimlər olmuşlar.
Xatırlatmaq yerinə düşər ki, ötən illərdə də beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan haqqında belə müsbət rəylərin yer aldığı açıqlamalar çox olmuşdur.
Sosial, siyasi və iqtisadi tədqiqatlar üzrə zəngin təcrübəyə malik ABŞ-ın nüfuzlu “Gallup İnternational” təşkilatı əhalinin dövlət başçısına inamını, respublikaların inkişaf səviyyəsini öyrənmək məqsədilə dəfələrlə sorğular aparıb. Növbəti sorğusunu 1977-ci ildən təşkilatın maraq dairəsinə daxil edilən “ Qlobal Ümid və Ümidsizlik Barometri” üzrə hesabatı üzrə müəyyənləşdirən “Callup İnternational”ın dünyanın müxtəlif ölkələrində eyni mövzu üzrə apardığı sorğunun nəticələrinə görə, Azərbaycan ilk onluqda yer almışdır. Ölkələr üzrə inkişafın dinamikasını əks etdirən statistikada deyildiyi kimi, ilk onluqda təmsil olunmaq o deməkdir ki, mövcud siyasətə, tərəqqiyə böyük nikbinliklə baxan ölkə əhalisi gələcəyə böyük ümid bəsləyir, qarşıdakı illərdə əhalinin rifah səviyyəsinin daha da yüksələcəyinə inamında qətiyyətlidir.
Son 34 ilin araşdırmaları ilə müqayisədə əhalinin gələcəyə ümidlərini pozitiv notlarla əks etdirən, 45 mindən artıq respondentin iştirakı ilə keçirilən “Qlobal Ümidsizlik və Ümidsizlik Barometri”nin hesabatında qeyd olunduğu kimi ümidsizlik dərəcəsi Avropa və Şimali Amerikada dünyanın digər ölkələri ilə müqayisədə daha yüksəkdir. Etibarlı və yüksək peşəkarlıqla hazırlanan və obyektivliyi əks etdirən sənəddə ölkəmizin fərəhləndirici reytinqə yüksəlməsi inkişafın Azərbaycan modelinin dünya birliyində təsdiqi, islahatlar və biznes mühitinin təşkili üçün qazandığı birincilik imicinin təkrarı olmaqla respublikamızın daxili və xarici siyasətinin insanlar tərəfindən yüksək qiymətləndirilməsi və nəticə etibarı ilə gələcəyə inamının təzahürüdür.
“Gallup İntenrnational”ın Cənubi Qafqaz respublikalarında bir neçə dəfə apardığı sorğunun nəticələrinə görə də ölkə əhalisinin ən çox etimadını qazanan lider kimi Prezident İlham Əliyev həmkarlarından fərqlənmişdi.
Böyük Britaniyanın “Populis Limited” şirkətinin Azərbaycanda 1000 nəfər arasında apardığı sorğunun nəticələrinə görə də gördüyü əməli işləri ilə etimadı doğruldan Prezident İlham Əliyevə ölkə əhalisinin 95 faizinin tam etimad göstərdiyini, 96 faizini isə dövlət başçısının siyasətini dəstəklədiyni bəyan etmişdir.
Beynəlxalq təşklatların sorğusuna pozitiv cavab verən milyonların etimadı Azərbaycanın gələcəyinə bəslədiyi ümidin doğrulacağına etibarlı qarant kimi səslənir.
Prezident İlham Əliyevin siyasi fəaliyyətinin beynəlxalq təşkilatlar və KİV-lər tərəfindən dəstəklənməsi cari ildə də müşahidə olunur. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa Qonşuluq Barometri” layihəsi üzrə keçirilən soğuların nəticələrinə görə Azərbaycan vətəndaşlarının 92 faizi dövlət başçısının siyasətini bəyəndiyini, bu dinamikanın qarşıdakı beş ildə də davamına tərəfdar olduğunu bildirmişdir. Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalının apardığı rəy sorğusuna görə isə Prezident İlham Əliyev türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” adına layiq görülmüşdür. Deyilənlər bir daha göstərir ki, siyasi hazırlığı, intellekt səviyyəsi, praqmatik düşüncəsi ilə dünya siyasətinin sayılıb-seçilən simalarından olan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dəst-xətt Azərbaycanın daha böyük uğurlara çatması, ölkə vətəndaşlarının sosial müdafiəsinin, firavan, rahat həyat tərzinin daha da yüksəlməsinə xidmət edir.
Aparılan sorğuların nəticələrində qeyd olunduğu kimi milli və bəşəri keyfiyyətlərə, liderliyə xas olan, öz ölkəsini respublikanın hüdudlarından kənarda belə tanıdan, fəaliyyəti ilə beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsir göstərmək imkanlarına malik Prezident İlham Əliyev şəxsiyyətinə, siyasətinə ən böyük divident qazandıran amil qlobal güclərin maraqlarını ölkəsinə yönəltməyi bacarmasıdır.
Göründüyü kimi, insanların Prezident İlham Əliyevə etimad və etibarı səbəbsiz deyil. 2003-cü ildə ilk dəfə Prezident kimi and içən, Azərbaycanda əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa səs verən seçicilərin 76,84 faizi cənab İlham Əliyevə etimad göstərməklə beynəlxalq aləmdə ölkəmizin böyük nüfuz qazanacağına əminliyini bildirmişdir. Prezident kimi KİV-lərə ilk müsahibəsində söylədiyi “Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” vədi sonrakı illərdə ONUN həyata keçirdiyi əməli işlərlə təsdiqini tapdı.
“Bu gün qarşıda duran məqsədimiz ölkənin müasirləşdirilməsi, şaxələndirilməsi və növbəti 10-12 il ərzində sürətli inkişafdır” söyləyən cənab İlham Əliyevin açıqlamalarında qeyd olunduğu kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 10 illiyinin tamam olduğu 2014-cü ildə inkişafın yeni mərhələsinə başlanılacaq.
Hazırda sənaye, turizm, xidmət sahələrinə, İKT-nin inkişafına yönəldilən vəsaitlər artır, diqqət dövlət siyasətinin əsas prioritetləri kimi aktuallığını saxlayır.
Azərbaycanın ilk “Azərspase-1” peykinin orbitə buraxılması o deməkdir ki, kosmos klubunun üzvü olan ölkəmizdə bu sahədə inkişafın davamlı olması naminə daha əhəmiyyətli addımlar atılacaq. “Biz Azərbaycanda güclü kosmos sənayesinin qurulması üçün beynəlxalq təşkilatlarla işləyirik” söyləyən Prezident İlham Əliyev eyni zamanda bildirir ki, enerji sektoru iqtisadiyyatımızını mühüm hissəsi olaraq qalır.
XXI əsrin “Qlobal xəritədə ölkələrin oynadığı rol insanların intellekttual potensialından daha çox asılı olacaqdır” çağırışını əsas amil kimi daim diqqətdə saxlayan ölkəmizdə insan kapitalına da böyük sərmayələr yatırılır.
İqtisadi əlaqələrinin coğrafiyası genişlənən Azərbaycanın diplomatik əlaqələri də Avropanın hüdudlarını aşaraq bütün qitələrə uzanır. Latın Amerikası , Afrika qitəsinin bir neçə dövləti ilə diplomatik əlaqələr yaradan Azərbaycanın xarici siyasəti dünya müstəvisində dəstəklənir. Kolumbiyada, Meksikada, Pakistanda, Serbiyada, Kanadada, ABŞ-ın bir neçə ştatında Xocalı soyqırımının tanınması Azərbaycan diplomatiyasının qələbəsidir.
Son illərdə müşahidə olunan, beynəlxalq ekspertlərin də etiraf etdikləri kimi Azərbaycanın belə sürətli inkişafı daha möhtəşəm uğurlardan xəbər verir. Elə buna görədir ki, Yeni Azərbaycan Partiyasının qurultayında Prezident, YAP -ın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi, qarşıdakı beş ildə də dövlət başçısı səlahiyyətlərinin etibar olunması milyonların istək və arzularından irəli gələn sosial tələb olmaqla dövlət başçımıza inam və etimadın ifadəsidir.
Xuraman İsmayılqızı
İki sahil.- 2013.- 23 sentyabr.- S.6.