Texnologiyaların
tətbiqində daha bir
addım
Son
zamanlar çox eşitdiyimiz və istifadə etdiyimiz sözlər
arasına bir ifadə də qatılıb-elektron hökumət.
Bilənlər bilir, bilməyənlər üçün məlumat
verək ki, elektron hökumət - hər hansı bir ölkənin
dövlət strukturlarının fəaliyyətlərinin hər
bir vətəndaş üçün açıq olan şəbəkədə
yerləşdirilməsi deməkdir.
Yəni hər bir vətəndaş hər
hansı bir nazirlik və komitə, mənzil-təsərrüfat
idarəsi, məktəbə və sair idarənin mövcud
durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən
vaxt əldə edə və bu təşkilatlara elə
elektron poşt vasitəsilə məktub yazıb öz istəyini
çatdıra bilər.
Hazırda dünyada “Elektron hökumət
haqqında” qanunun qəbul edildiyi çox az, təqribən 7
ölkə var. Bu ölkələrdən biri də
Avstriyadır ki, Azərbaycan bu ölkənin təcrübəsini
öyrənir. MDB məkanında “elektron hökumət” layihəsinə
keçən 4-cü ölkəyik.
Ölkənin bütün dövlət
strukturlarının öz fəaliyyəti haqqında məlumatları
internet saytı vasitəsi ilə vətəndaşlara
çatdırılmasını
nəzərdə tutan “Elektron hökumət” layihəsi, eyni zamanda məmur - vətəndaş
təmas hallarının minimuma endirilməsidir ki, bu da
korrupsiyanın qarşısının alınması deməkdir. Azərbaycanda
“Elektron hökumət” layihəsi “Elektron Azərbaycan” dövlət
proqramı çərçivəsində həyata
keçirilməyə başlayıb. Mütəxəssislər hesab edirlər
ki, “elektron hökumət”in qurulması ölkədə
hakimiyyət strukturlarının şəffaf fəaliyyət
göstərməsinə gətirəcək.
Azərbaycan Respublikası Prezidenti
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərman
imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabineti 24
noyabr tarixində “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi ilə bağlı
qərar qəbul edib. Bu tədbirlər Azərbaycanda elektron
idarəetməyə keçidin sürətlənməsinə
təkan verən ən vacib amillərdən hesab
olunmalıdır. Ölkə rəhbərinin fərmanından
sonra bu prosesin necə getdiyini öyrənmək
üçün “Şəffaflıq Azərbaycan” təşkilatı, “Korrupsiyaya qarşı mübarizə
üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq
şəbəkəsi” bu sahədə monitorinq həyata
keçirib. Bu prosesin sürətlənməsi, elektron xidmətlərin
geniş tətbiqi, vətəndaş və dövlət
qurumları əməkdaşları arasındakı təması
minimuma endirir. Elektron hökumətin yaradılmasının
korrupsiyanın qarşısını almaq sahəsindəki ən
böyük rolu məhz bundan ibarətdir.
Elektron xidmətlərin təşkili və
hazırlanmasında elektron imzanın tətbiqi əsas olaraq nəzərdə
tutulur. Çünki burda əsas məsələ elektron
qaydada müraciət edən vətəndaşın
identifikasiyasıdır.
Elektron idarəetməyə keçidin ən
vacib tərəfləri nədən ibarətdir, yəni bu bizə
nə üçün lazım idi?
Məsələn, Vergilər Nazirliyində
sanki mini elektron hökumət yaradılıb. Bütün xidmətlər
elektron qaydada aparılır. Bəzi strukturlarda daxili elektron
dövriyyə, yəni sənədlərin dövriyyəsinə
keçilib. Həmçinin, Baş prokurorluq, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyini misal göstərə
bilərik. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində eyni zamanda, vətəndaşlara digər elektron
xidmətlər də təklif olunur. Elektron qəbul, elektron
müraciətlə bağlı müəyyən işlər
görülüb. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyində vətəndaşlara həm
interaktiv, həm informativ xidmət növü təklif edilir. Ədliyyə
Nazirliyi tərəfindən də çox geniş xidmətlər
təklif olunan elektron portal istifadəyə verilib. Bu isə
getdikcə vətəndaşa imkan yaradacaq ki, ona lazım olan
məsələ üzrə dövlət orqanına getmədən
həm vaxta qənaət edərək rahatlıqla işini həll
etsin, həm də sövdələşmələrin xeyli
azalmasına nail olunacaq.
Elektron hökumət ilk növbədə
avtomatlaşdırılmış vergi informasiya sisteminin tətbiqidir.
Yəni, həm yerli vergi orqanlarının, həm mərkəzi
aparatın avtomatlaşdırılması. 2007-ci ilin
yanvarında elektron bəyannamələrin
hazırlanmasını bu sahədə atılan mühüm
addım kimi qiymətləndirmək olar. 2008-ci ildən başlayaraq kommersiya
hüquqi şəxslərin dövlət qeydiyyatına
alınmasında “bir pəncərə” vasitəsilə həyata
keçirilir. ƏDV depozit sisteminə başlanması və
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə
bağlı olaraq vergi ödəyiciləri üçün
elektron hesabat-fakturaların tətbiqi də mühüm
addımlardan biridir. Bu il yeni dəyişikliklərdən isə
iyulun 1-dən fiziki şəxslərin qeydiyyatının da
elektron qaydada həyata keçirilməsidir. Bu işə də
əvvəl 2 gün vaxt sərf olunurdusa, indi 3-4 dəqiqəyə
vergi orqanında qeydiyyata durmaq mümkündür.
2011-ci ilin yanvar ayından pensiyaların hesablanması
üçün Dövlət Sosial Müdafiə Fondunun saytına kalkulyator yerləşdirilmişdir
ki, bu yolla vətəndaşlar, 2006-cı ilə qədər
olan əmək stajını və 2006-cı ildən
sonrakı əmək haqqını yazmaqla ona təyin olunacaq
pensiyanı özləri hesablaya bilərlər.
Bu günlərdə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi
tərəfindən hazırlanmış “Elektron hökumət”
bülleteninin ilk sayı işıq üzü görüb.
Bülleten ölkəmizdə elektron
hökumətin formalaşması istiqamətində
görülən və nəzərdə tutulan işləri,
elektron hökumət layihələri haqqında məlumatları,
o cümlədən elektron xidmətlərin sayını,
onlardan istifadə və s. müqayisəli statistikanı təqdim
etməyi, ictimaiyyəti məlumatlandırmağı nəzərdə
tutur. Bundan başqa yeni təqdim olunacaq elektron xidmətlərin
şərh olunması, müxtəlif dövlət
orqanlarının informasiya sistemlərinin analizi və təqdimatlarının
işıqlandırılması planlaşdırılıb.
Bülletendə həmçinin “Elektron
hökumət” portalında yerləşdirilmiş e-xidmətlərin,
ən çox istifadə olunan xidmətlərin, elektron xidmətlərdən
istifadə barədə verilən elektron imza sertifikatlarının
sayı haqqında statistik məlumatlar verilib. Dekabr ayı ərzində
elektron hökumət portalı vasitəsilə 1800-dən
artıq elektron xidmətdən 8000 dəfə istifadə
olunub.
Hazırda mobil e-imza xidmətlərinin
yaradılması üzərində işlər davam etdirilir və
bülletendə mobil e-imza xidmətlərinin 2013-cü ilin
birinci rübündə istifadəyə veriləcəyi barədə
məlumat verilib.
Fəxriyyə
İkramqızı
İki
sahil.- 2013.- 9 yanvar.- S.14.