“İdman ili”ni uğurla başa vurduq
Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatında şərəfli
bir yolla irəliləyir. Təbii ki, bu, hər
bir ölkə vətəndaşı kimi
bizləri də sevindirir. Buna görə
isə ilk növbədə
dövlətimizin idmana
göstərdiyi diqqət
və qayğını
xüsusi dəyərləndirmək
lazımdır. Respublikamızın
müxtəlif bölgələrində
beynəlxalq standartlara
cavab verən müasir olimpiya idman kompleksləri tikilir ki, bunlar
da yüksək səviyyəli idmançılar
hazırlamaq imkanına
malikdir.
Bu sahədə atılmış
düzgün addımların sayəsində ölkəmiz
Avropanın və dünyanın idman mərkəzlərindən
birinə çevrilib. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin
gündəlik qayğısı sayəsində həyata
keçirilən tədbirlərin, görülən işlərin
nəticəsində Azərbaycan ümumdünya
olimpiyaçılar ailəsində böyük nüfuz sahibi
olmuşdur. Ölkəmizin son dövrlər beynəlxalq aləmdə
qazandığı inam, tez-tez mötəbər idman tədbirlərinə
ev sahibliyi etməsi bunun əyani sübutudur.
Təsadüfi deyildir ki, 2012-ci il ölkəmizdə
Azərbaycan Respublikasının dövlət
başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti
İlham Əliyev tərəfindən “İdman ili” elan
edilmişdir. Bu onu göstərir ki, idmana, doğrudan da
dövlət tərəfindən böyük dəstək,
idmançılara hər cür qayğı vardır.
Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nəzdində
fəaliyyət göstərən “Neftçi”
İdman-Sağlamlıq Mərkəzi həmişə
dövlətimizin bu istiqamətdə apardığı siyasətə
öz əməli ilə dəstək verməyə
çalışan öncül təşkilatlardandır. Mərkəz
mütəmadi olaraq, neft, qaz və kimya sənayesi
işçiləri arasında idmanın müxtəlif növləri
üzrə yarışlar təşkil edir. Əsasən ilin əlamətdar
günlərində keçirilən bu tədbirlər
neftçilərin və onların ailə üzvlərinin
sağlamlıqlarının qorunması ilə bərabər,
həm də asudə vaxtlarının səmərəli təşkil
olunmasına xidmət edir. Paralel olaraq, mərkəz peşəkar
idmançıların yetişdirilməsi işində də
misilsiz xidmətlər göstərir.
Ümumilikdə 2012-ci il “Neftçi”
İSM üçün uğurlu olmuşdur. “Neftçi”
İSM-in strukturunda fəaliyyət göstərən idman
qurğularında idmanın 34 növü üzrə 187
peşəkar məşqçi-müəllimin rəhbərliyi
altında minlərlə yeniyetmə və gənc, eləcə
də 650-yə qədər neftçi idmanla məşğul
olmuşdur.
Mərkəzin fəaliyyətinin əsas
istiqaməti kimi, ARDNŞ strukturuna daxil olan neft, qaz və kimya
sənayesi müəssisələrində çalışan
işçilərə və onların ailə üzvlərinə
müasir tələblərə cavab verən bədən tərbiyəsi
və idman xidmətlərinin göstərilməsi istiqamətində
mühüm addımlar atılmışdır. Bu müddət
ərzində respublikamızın əlamətdar günlərinə
və bayramlarına həsr olunmuş mini-futbol (Novruz
bayramı və 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününə həsr olunmuş turnirlər),
voleybol (28 May - Respublika Gününə həsr olunmuş
turnir), turizm növləri (“Səmti müəyyən etmə”
və 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi
Gününə həsr olunmuş “Atam, anam və mən”
idman-turizm yarışları) və stolüstü tennis
üzrə kütləvi bədən tərbiyəsi və
idman tədbirləri təşkil olunub keçirilmişdir
ki, bu yarışlarda da 1300-ə qədər neftçi
iştirak etmişdir.
Bu tədbirlərdən ən möhtəşəmi
və təntənəli keçiriləni isə hər ilin
sentyabr ayında neftçilərin peşə bayramı (20
sentyabr - Neftçilər günü) ərəfəsində
təşkil olunan spartakiadadır. 2012-ci ildə neft, qaz və
kimya sənayesi işçilərinin XX Spartakiadası
keçirilmişdir. Bu mötəbər yarışda 42
müəssisədən 1538 nəfər iştirak etmişdir
ki, onlardan da 301-i qadınlar idi. Spartakiada
iştirakçıları 14 idman növü (atletika,
mini-futbol, üzgüçülük, voleybol, stritbol,
daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis,
darts, kəndirdartma, qolgücü və güllə
atıcılığı) üzrə mübarizə
aparmışlar.
Mərkəzin digər fəaliyyət
istiqaməti olan böyük idman və peşəkar
idmançıların hazırlığı sahəsində
də böyük uğurlara nail olunmuşdur. İl ərzində
boks, yunan-Roma güləşi və akrobatika gimnastikası
üzrə müxtəlif yaş qruplarında mərkəzin
açıq birincilikləri təşkil olunub
keçirilmişdir ki, bu yarışlarda 250-dək yeniyetmə
və gənc iştirak etmişdir.
2012-ci ilin sonuna qədər mərkəzin
idmançıları müxtəlif səviyyəli
yarışlarda iştirak edərək 1975 medal qazanıblar
ki, onlardan da 760-ı qızıl, 529-u gümüş,
686-sı isə bürüncdür. Bu göstəricilər əvvəlki
illərdən xeyli yüksəkdir. Ancaq heç də o demək
deyil ki, biz bununla kifayətlənirik. Əksinə, əldə olunan
uğurları davamlı olaraq
artırmaqda qərarlıyıq.
Azərbaycanın
müstəqillik dönəmindən indiyə qədər
idmançılarımız Atlanta, Sidney, Afina, Pekin olimpiadalarında iştirak
etmiş və ölkəmizə medallarla dönmüşlər. 2012-ci ildə
Londonda keçirilən XXX London Yay Olimpiya
Oyunlarında 204 ölkənin on mindən
artıq idmançısı 36 idman növündə
302 dəst medal uğrunda
mübarizə aparırdı. Dünyanın ən böyük idman tədbirində
Azərbaycanın olimpiya
yığması idmanın 16 növündə 53
idmançı ilə təmsil olunmuşdur
ki, onlardan da 18-i “Neftçi” İSM-in yetirmələridir. London Olimpiadasında uğurla
çıxış edən idmançılarımız 2-si
qızıl, 2-si gümüş və
6-sı bürünc olmaqla
10 medala layiq
görülmüşlər. Bu nəticə
isə indiyə qədər iştirak etdiyimiz olimpiadalar
arasında bir ilkdir.
Fərəhli
haldır ki, ölkəmizin
qazandığı bu uğurda
“Neftçi” İdman-Sağlamlıq Mərkəzinin
idmançılarının da böyük rolu olmuşdur. Belə ki, mərkəzin
sərbəst güləşçisi Toğrul
Əsgərov bütün
görüşləri qələbə ilə başa vuraraq Olimpiya çempionu titulunu qazanmışdır. Yunan-Roma
güləşçimiz Rövşən Bayramov
isə Pekin 2008-dəki uğurunu
təkrarlayaraq, London Olimpiadasında da gümüş medala layiq görülmüşdür.
XIV London Yay Paralimpiya
Oyunlarında paralimpiyaçılarımız
olimpiyaçılarımızın uğurlarını davam etdirərək, Vətənə 12 medalla (4 qızıl, 5 gümüş
və 3 bürünc) dönmüşlər.
Sevindiricidir ki, bu medalların da 7-si “Neftçi” İSM-in təmsilçilərinə
məxsusdur. Onlardan Ramin İbrahimov
(cüdo), Oleq Panyutin (atletika, üç təkanla tullanma),
Afaq Sultanova (cüdo)
qızıl, Vladimir Zayets
(atletika, üç təkanla
tullanma) gümüş,
İlham Zəkiyev (cüdo),
Hüseyn Həsənov (atletika,
uzunluğa tullanma), eləcə
də Oleq Panyutin, Rza Osmanov, Elçin
Muradov və Vladimir
Zayetsdən ibarət qrup (atletika,
estafet yürüşü) isə bürünc medal qazanmışdır.
Təkmübarizlik
növləri ilə yanaşı, kollektiv
oyun növləri üzrə də
yüksək nailiyyətlər əldə olunmuşdur.
Belə ki, futzal
komandamız sonuncu Azərbaycan
çempionatında 2-ci yerə çıxmışdır. Bundan əlavə, futbol
üzrə ölkə çempionatının birinci divizionunda
çıxış edən “Qaradağ Lökbatan” komandası əzmkar mübarizliyi sayəsində çempion
adını qazanmışdır. Azərbaycan birinciliyinin
U-14 liqasında çıxış edən “Neftçi”
İSM-in “Siyəzən” komandası
2011-2012-ci il mövsümünü
3-cü yerdə başa vurmuşdur.
Bakı Şəhər Gənclər və İdman
Baş İdarəsinin təşkilatçılığı
ilə futbol üzrə dörd
yaş qrupunda
keçirilən Bakı şəhər klub
komanda birinciliyində “Neftçi”
İSM bütün yaş
qruplarında təmsil olunmuşdu. Uğurla çıxış edən
komandalarımızdan ikisi
mükafatçılar sırasında yer
alıb. Belə ki, 1998-ci və 1997-ci il təvəllüdlülərdən ibarət
komandalarımızın hər ikisi
çempionatı 3-cü yerdə başa
vurub. Bakı Futbol
Federasiyasının təşkil etdiyi
“Sabahın ulduzları” paytaxt
çempionatında “Neftçi” İSM-in müxtəlif yaş
qruplarında komandaları uğurla
çıxış etməkdədirlər.
Əldə
etdiyi yüksək nailiyyətlər sayəsində
mərkəz Gənclər və İdman
Nazirliyi tərəfindən 2007, 2008, 2009,
2010, 2011 və 2012-ci illərdə ardıcıl olaraq altı dəfə “İlin
ən yaxşı idman cəmiyyəti” seçilmişdir. Bütün
bu göstəricilər “Neftçi”
İdman-Sağlamlıq Mərkəzinin ölkədə lider idman cəmiyyəti
olmasının açıq təzahürüdür.
Sözsüz ki, bütün bu yüksək
nəticə və göstəricilər ARDNŞ rəhbərliyinin,
şəxsən Rövnəq Abdullayevin idmana göstərdiyi xüsusi
diqqət və qayğının nəticəsində əldə
olunmuşdur.
Belə ki, “Neftçi”
İSM-in idman
qurğuları əsaslı və cari təmir
olunmuş, ən müasir
idman inventar və
avadanlıqları ilə təchiz edilmiş,
idmançı, məşqçi və hakimlər müxtəlif
beynəlxalq yarışlara, təlim-məşq
toplanışı və seminarlara ezam olunmuşlar. Bir sözlə, idmançılarımız üçün hər cür
şərait yaradılmışdır ki,
bu da onların zəfərlər
qazanmasında müstəsna rol
oynamışdır.
Sadıq Sadıqov,
“Neftçi” İSM-in icraçı
direktoru,
“Neftçi” PFK-nın prezidenti,
MOK-un İcraiyyə Komitəsinin
üzvü,
Əməkdar
bədən tərbiyəsi və idman xadimi
İki
sahil.- 2013.- 9 yanvar.- S.15.