Nuşirəvan
Məhərrəmli: Ötən il Azərbaycanda 16-ya yaxın
serial çəkilib
“Telekanallardan
sosial reklamlarla bağlı çoxlu şikayətlər daxil
olur”
Milli
Televiziya və Radio Şurasının (MTRŞ) sədri
Nuşirəvan
Məhərrəmlinin APA-ya müsahibəsi
- Bu
il ərzində ölkə teleməkanında hansı yeniliklər
gözlənilir?
- 2013-cü il Azərbaycanda rəqəmsal
yayıma tam keçidin başa çatdırılması ili
kimi yadda qalacaq. Çünki Nazirlər Kabinetinin qərarına
əsasən, 2013-cü ilin sonuna qədər ölkədə
analoq yayım dayandırılacaq və tam şəkildə rəqəmsal
yayıma keçiriləcək. Bundan başqa
çalışacağıq ki, Azərbaycanda telekanallarda
milli istehsalın sayı artsın, yəni ölkədəki
verilişlərin böyük əksəriyyəti öz
verilişlərimiz olsun. İqtisadi və hərbi sahədə
asılılığın aradan qaldırılması kimi, ideoloji
sahədə də asılılıq aradan
qaldırılmalıdır. Xarici ölkələrin məhsullarını
Azərbaycanda göstərmək doğru deyil. Onsuz da indiki
dövrdə texnologiya o qədər inkişaf edib ki, insan istədiyi
ölkənin televiziya məhsullarını əldə edə
bilir. Amma çalışmalıyıq ki, Azərbaycanın
milli yayımçıları milli istehsalla məşğul
olub onu tamaşaçılara təqdim etsinlər. Söhbət
həm də verilişlərdən gedir. Çalışmaq
lazımdır ki, xaricdə istehsal olunmuş verilişlərin
sayı həddən artıq çox olmasın.
- Bununla
əlaqədar telekanallara hansısa bir limit qoyulacaqmı?
- Artıq bu
işi diqqətdə saxlayırıq. Çalışacağıq
ki, yerli istehsal getdikcə artsın. Ola bilsin bununla əlaqədar
müzakirəyə də ehtiyac var. Müzakirələr
zamanı hansı tip verilişlərin həcminin nə qədər
olması müəyyənləşəcək. MTRŞ yaradıcılıq işlərinə
qarışmaq fikrində deyil. Qanun da bunu
bizə yasaq edir. Amma MTRŞ teleradio
yayımı sahəsində dövlət siyasətini tənzimləyən,
ictimaiyyətin maraqlarını qoruyan orqandır. Əgər ictimaiyyətin haqlı
narazılığına səbəb olan veriliş varsa,
MTRŞ bu verilişlə bağlı tədbir görməlidir.
Çalışacağıq bu məsələləri
həyata keçirək. İstərdim
ki, ictimaiyyət də bu prosesdə aktiv olsun.
- Cəmiyyət
üçün yararlı olan verilişlərin
stimullaşdırılması üçün də Şura
vəsait ayıra bilərmi?
- Artıq sosial reklamlarla bağlı
dövlət qarşısında məsələ
qaldırmağın vaxtı çatıb. Sosial
reklamlar özəl kanallarda ödənişsiz
yayımlanmalıdır, yoxsa yox? Qanunla bu, özəl
kanalların borcu deyil, onlar bu cür reklamları yayımlamaya
bilərlər və heç kim də
onlara heç nə deyə bilməz. Sosial
reklamla bağlı məsələ başqa ölkələrin
təcrübəsindən bəhrələnməklə həllini
tapa bilər. Dövlət imkansız
insanlara yardım etdiyi kimi, sosial reklamla bağlı da hər
hansı yardım etməlidir. Büdcədən
ayrı-ayrı nazirlik və komitələrə bununla əlaqədar
müəyyən vəsait ayrıla bilər. Həmin nazirlik və komitələr sosial
reklamları yayımlamaq üçün televiziya
kanallarına, radiolara həmin vəsaiti ödəyə bilərlər.
Bu, bir variant ola bilər. Yaxud
da bu prosesi tənzimləyən qurum kimi həmin vəsaitin
bir hissəsi MTRŞ-yə köçürülə bilər.
MTRŞ həmin nazirlik və komitələrdən
gələn sosial reklamların həqiqətən sosial reklam
olub-olmadığını müəyyənləşdirə
və bu reklamlar telekanallara verilə bilər. Bu iki təklifdən biri ilə bağlı məsələni
qaldırmaq vaxtıdır.
Hazırda telekanallardan Şuraya sosial
reklamlarla bağlı çoxlu şikayətlər daxil olur.
Onlar bildirirlər ki, müxtəlif nazirliklər
həddən artıq çox sosial reklam göndərir və
onları pulsuz yayımlamağı xahiş edirlər.
Belə olan halda telekanallar sosial reklamı yayımladıqda qanunun
müvafiq maddəsi (bir saatda 12 dəqiqədən artıq
reklam yayılmaması) üçün ayrılan vaxt dolur və
telekanal sosial reklamı yaymaqda maraqlı olmur. Buna
görə də telekanallar ödənişli reklam yaymağa
üstünlük verirlər.
- Ötən
il Azərbaycanda nə qədər serial
çəkilib?
- Söhbət serialların sayından
deyil, çəkilən seriyaların sayından gedir. Elə serial var ki, 30-a yaxın
seriyası oldu, elə serial var, seriyası az
oldu. Hazırda bu
barədə arayış hazırlayırıq. Bundan sonra mətbuata ətraflı məlumat veriləcək.
Amma ümumilikdə ötən il 16-ya yaxın serial çəkilib. Bu il maliyyə yardımı olacaqsa, yeni serial
çəkilişlərindən danışmaq olar. Maliyyə yardımı olmadan bununla bağlı necə
danışa bilərik? Seriallarla
bağlı işi yarımçıq qoymaq olmaz. Seriallara yardım kampaniyasını bir dəfə də
davam etdirmək lazımdır.
- Bu il Azərbaycanda seçki ilidir. Seçkilərlə
əlaqədar ölkədə yeni regional kanalların
açılması gözlənilirmi?
- Yeni regional kanalların
açılması həmişə gündəmdədir. 2012-ci ildə regional radio açılması
üçün müsabiqə elan etdik və Gəncədə
radio açılmasına icazə verdik. Bu,
bir test radiosu olacaq. Əgər həmin ərazilərdə
radio özünü doğrultsa, digər regionlarda da radiolar
açmağa başlayacağıq. O ki qaldı regional
televiziyalara, bu haqda dəfələrlə bildirmişik. Regional televiziyaların açılmasında
maraqlıyıq. Amma çox təəssüf
ki, regionların özündə televiziya kanallarının
açılması üçün yetərincə şərait
yoxdur. Bu, regionlarda reklam bazarının,
kadr potensialının azlığı, maddi-texniki bazanın
olmaması ilə bağlıdır. Kəmiyyət
xətrinə televiziya kanalı açmağın qəti əleyhinəyəm.
O yerlərdə ki, mədəni-maarif müəssisələri,
ali məktəblər fəaliyyət
göstərir, reklam bazarı var, həmin ərazilərdə
regional televiziya kanalları açılacaq.
- Bu proses təxminən
nə zaman baş tuta bilər?
- Baxmayaraq ki, Gürcüstan ərazisinə
görə Azərbaycandan kiçikdir, əhalisinin sayı
azdır, iqtisadi vəziyyəti bizdən geridir, Azərbaycanda
reklamla bağlı vəziyyət Gürcüstandan
aşağı səviyyədədir. Onlarda
reklam bazarı daha qabaqdadır. Biz ölkədə
reklam bazarında bu vəziyyəti bilə-bilə əlavə
yeni kanalların açılmasında tələskənliyə
yol verə bilmərik. Biz problemi yaradıb
sonra onu həll etmək istəmirik. Real vəziyyəti
görürük. Ona görə də
hesab edirik ki, istənilən qədər televiziya
kanalının açılması ideyası doğru deyil.
Hazırda Azərbaycanda bütün ölkəyə
yayımlanan 8 televiziya kanalı var, bu kanallarda reklamla
bağlı mövcud vəziyyəti görürüksə, əlavə
kanallar yaradaraq mövcud vəziyyəti daha da kəskinləşdirəcəyimizi
bilirik. Ona görə də belə
addım atmırıq. Amma Azərbaycanda yeni televiziya və
radio ilə bağlı məsələlər heç vaxt dondurulmayıb.
Zərurət yarandıqda yeni kanallar həmişə
açılacaq. Xüsusən də
bölgələrdə.
-
MTRŞ-nin ölkədəki reklam bazarı ilə
bağlı vəziyyəti düzəltmək
üçün hansısa təklifləri var?
- Maliyyə məsələsi
olduğundan, buna qarışmaq istəmirik. Bu
problemi telekanallar özləri öz aralarında
razılığa gəlməklə həll etməlidir. Telekanallarda
reklamların endirim kampaniyası həddən artıq
böyük şişirtmə ilə özünü göstərir.
Əgər 80 faiz, 90 faiz endirim varsa, deməli, hər
şey ürəkaçan deyil. Bəzən
mağazalarda da 80-90 faiz endirim elan edirlər, amma real vəziyyət
ayrı cürdür. Reklam bazarında da
eyni vəziyyətdir. Buna görə də
problemləri həll etmək üçün telekanallar
öz aralarında yığışıb müəyyən
bir qurum, assosiasiya yarada bilər. Telekanallar birgə
işləməlidirlər.
Bir-birlərinə normal rəqib kimi
baxıb bu işin öhdəsindən gəlməlidir. Əks halda onların hər biri bundan ziyan çəkəcək.
- Yeni
radiostansiya nə zaman fəaliyyətə başlayacaq?
- Yeni radiostansiya 6 ay ərzində fəaliyyət
göstərməlidir. Əgər bu müddət ərzində
radio fəaliyyətə
başlamasa, lisenziyası geri alınacaq.
-
Regional radiostansiya ideyası uğurlu alınsa, daha hansı
bölgələrdə açıla bilər?
- Gəncə Azərbaycanın ikinci
böyük şəhəridir. Televiziya və radio ilə bağlı belə
qurumlar daha çox müvafiq kadrların, reklam
bazarının olduğu yerlərdə açılır.
Gəncə bu baxımdan əlverişlidir.
Amma elə regional televiziya kanalları var ki, orda
ixtisaslı jurnalist demək olar ki, yoxdur. Belə olan
halda televiziya ixtisasından kənar adamların televiziya və
ya radio açması doğru deyil. Ona görə
də bu məsələdə tələskənliyə yol
verməyin tərəfdarı deyilik.
Azərbaycanda mövcud radioların
hamısı ümumrespublika yayımçılarıdır.
Onlara bütün ölkə ərazisində
yayım həyata keçirmək icazəsi verilib. Xarici
ölkələrdə bütün ölkəyə
yayımlanan radiolar çox az olur. Amma bizdə
ölkə üzrə 10-dan çox radio yayımlanır. Bu, böyük göstəricidir. Amma məsələ burasındadır ki, həmin
radioların çoxu bütün ölkə ərazisində
ötürücülər qurmayıblar. Müəyyən
bölgələrdə onların yayımı həyata
keçmir. Dağlıq bölgələrdə,
sərhəd ərazilərdə fəaliyyət göstərən
radioların sayı azdır. Biz də
çalışacağıq ki, bu radiolar öz üzərlərinə
düşən işi görsünlər, yəni
bütün ölkə ərazisində yayımı həyata
keçirsinlər.
- Ötən
il Şuranın səlahiyyətlərinin
artırılması ilə bağlı ölkə Prezidentinə
müraciət etmişdiniz. Bu müraciət
cavablandımı?
- Bu məsələ qaldı. Səlahiyyət deyəndə, ictimaiyyəti
çox narahat edən verilişləri dayandırmaq
hüququnun MTRŞ-yə verilməsini istəyirdik. Bununla bağlı hələ bir cavab yoxdur. Çoxları hesab edir ki, bu səlahiyyətin
MTRŞ-yə verilməsi bir senzura rolunu oynaya bilər. Amma belə deyil. MTRŞ-nin əsas
vəzifələrindən biri də ictimaiyyətin
maraqlarını qorumaqdır. Əgər
ictimaiyyət hər hansı verilişdən böyük
narahatlıq keçirirsə, deməli, o verilişlə əlaqədar
MTRŞ-nin tədbir görmək imkanı olmalıdır.
Ona görə də yenə də öz təklifimizdə
qalırıq. İstəyirik ki, Azərbaycanın
milli mənəvi dəyərlərinə uyğun gəlməyən
verilişlərin qısa müddət ərzində
dayandırılması səlahiyyəti MTRŞ-yə verilsin.
Əgər verdiyimiz qərar doğru olmazsa,
telekanallara bu qərardan məhkəməyə şikayət
etmək hüququ verilməlidir. Bu zaman qərarın
doğru olub-olmadığını məhkəmə müəyyənləşdirəcək.
İki
sahil.- 2013.- 10 yanvar.- S.11.