Firəngiz Əlizadə:
2013-cü ildə planlar müvəffəqiyyətlə
həyata keçiriləcək
Bu il
Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü
ilə “Muğam Dünyası” Beynəlxalq musiqi festivalı
olacaq
XXI əsr
Azərbaycan musiqi mədəniyyətinin inkişafını
Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyət
dairəsindən kənarda təsəvvür etmək
qeyri-mümkündür. Qeyd edək ki, hal-hazırda ittifaq
sıralarında 200 nəfər yüksək ixtisaslı
peşəkar bəstəkar və musiqişünaslar ordusunu
birləşdirir. Təşkilata sədrliyi isə Qara Qarayev
məktəbinin ən parlaq nümayəndələrindən
biri olan və beynəlxalq aləmdə öz
sözünü demiş, yüksək nüfuz
qazanmış bir şəxsiyyət- respublikanın Xalq
artisti, professor, YUNESKO-nun “Dünya artisti” fəxri titulunu şərəflə
daşıyan Firəngiz Əlizadə edir.
Qeyd edək ki, F.Əlizadə ötən
ilin dekabrın 20-də keçirilən seçkilərdə
növbəti 5 il müddətinə Azərbaycan Bəstəkarlar
İttifaqının sədri seçildi. Həmişə gərgin
işləyən, Azərbaycan incəsənətinin,
musiqisinin inkişafında və tanınmasında əlindən
gələni əsirgəməyən F.Əlizadə “İki
sahil”ə yola
saldığımız ilin uğurları və
qarşıda duran planlar barədə danışdı. Həmsöhbətimiz
xüsusi olaraq son nailiyyətlərini vurğulayaraq qeyd etdi
ki, 2012-ci il dekabrın 14-dən 18-nə kimi ABİ-nin IX
qurultayı baş tutdu. Qurultay çərçivəsində
simfonik, kamera, estrada konsertləri düzənləndi, müxtəlif
bəstəkarların əvvəlki və yeni əsərləri
səsləndi, Tofiq Bakıxanovun “Xeyir və Şər”, Elnarə
Dadaşovanın “Sayalı” (premyera) baletləri, Üzeyir
Hacıbəylinin “Ər və arvad” musiqili komediyası (əsərin
partiturası bəstəkar Sərdar Fərəcov tərəfindən
bərpa edilib), Fikrət Əmirovun “Sevil” operası və
Ramiz Mirişlinin “Amerikalı kürəkən” musiqili
komediyası nümayiş olundu.
F.Əlizadə sözlərinə onu da
əlavə edərək bildirdi ki, önümüzdə bizi
yenə də gözəl və gərgin il gözləyir.
“Bilirsiniz ki, hər iki ildən bir Bakıda beynəlxalq musiqi
festivalı keçirilir. “Muğam Dünyası” Beynəlxalq
musiqi festivalı Heydər Əliyev Fondunun təşəbbüsüdür.
Muğam sənəti əsrlər boyu Azərbaycan
xalqının milli tanıtma nişanlarından olan milli mədəni
irsimizin əsas hissəsini təşkil edib. Festivalın
prezidenti Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevadır. Çox yüksək
səviyyədə 2009 və 2011-ci ildə artıq
sözügedən festivalı keçirdik. 2009-cu ildə beynəlxalq
musiqi festivalı çərçivəsində üç
gün ərzində muğama həsr olunmuş beynəlxalq
elmi simpozium keçirildi. Simpoziumun nəticələrinə
dair xüsusi kitab nəşr olundu.”
ABİ sədrinin sözlərinə
görə simpoziumun işində ABŞ, Böyük
Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə,
Niderland, Macarıstan, Çin, Tunis, Özbəkistan, İran,
Mərakeş, Hindistan və Tacikistandan olan 30-a yaxın elm
adamı və musiqiçi iştirak edib. “Bu il isə
üçüncü festivalı keçirməyə
hazırlaşırıq. Bu festival çox böyük həcmli
hadisədir.”
Firəngiz Əlizadə söylədi
ki, digər tərəfdən bu il həm də yubileylər
ilidir. Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz
xidmətləri olan dahi bəstəkarlarımızdan biri Qara
Qarayevin 95 illik yubileyi qeyd olunacaq. Bizim də çoxlu sayda tədbirlərimiz
var- kamera konsertləri, simfonik əsərlər, Q.Qarayevin
adına, onun şəxsiyyətinə həsr olunmuş əsərlərdən
ibarət konsertlər keçirəcəyik. O, ilin ən əhəmiyyətli
yubileyi haqqında danışaraq qeyd etdi ki, bundan başqa
2013-cü il ulu öndər Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümü ilə əlaqədar
bəstəkarlarımız yeni əsərlər
yaradırlar. Böyük həcmli əsərlər də
yazılır, yəni kantata-oratoriya janrlarında və bununla
yanaşı mahnılar da bəstələnir, kliplər
çəkilir.
Onu da qeyd etdi ki, yaranan yeni əsərlər
arasında, onların peşəkarlığı və
qeyri-peşəkarlığı arasında tarazlılıq
prinsipi də əsas tutulur. “Qoy xalqımız özü
seçsin, hansı daha gözəldi, hansı daha yadda
qalır, sözlərlə musiqi arasında vəhdət
harada dəqiq yaradılıb və s. Bütün bunların
hamısı çox mühüm məsələlərdir.”
F.Əlizadə vyrğuladı ki, bu il həm də bəstəkar Musa Mirzəyevin 80 illik yubileyi qeyd
olunacaq. Bəstəkarın kamera musiqisi, Azərbaycan Dövlət
Filarmoniyasının simfonik konsertləri təşkil ediləcək,
musiqişünasların M.Mirzəyev haqqında
yazdıqları təqiqatları, kitabları, məqalələri
müzakirə ediləcək. “Digər bir bəstəkarımız
Yaşar İmanovun da anadan olmasının 80 illiyi qeyd olunacaq.
Bir sıra musiqişünasların və bəstəkarların
kitablarının təqdimatı gözlənilir.”
F.Əlizadə uğurlarını
sıralayaraq nəzərə çatdırdı ki, hər
il 18 sentyabr -Milli Musiqi günündən başlayan
böyük beynəlxaq festival keçirilir. Təbii ki, bu il
də festival olacaq. Ötən ildəki kimi bu il də silsilə
tədbirlər var. Məsələn, müasirlərlə
dialoq, Azərbaycan bəstəkarlarının yeni əsərlərinin,
təzə çapdan çıxmış kitabların,
kompakt disklərin, respublikanın bölgələrində
olan bəstəkarların hesabat konsertlərinin təqdimatları
təşkil olunacaq. “Yola saldığımız ilin 12-16 iyun
tarixində gənc bəstəkarların əsərlərindən
ibarət plenium öz işinə başladı. Bundan
başqa iyunun 30-da Şəki şəhərində növbəti
“İpək yolu” beynəlxalq musiqi festivalı start
götürdü. Düzdür, Azərbaycanda çox
festivallar keçirilir - Q.Qarayev, Ü.Hacıbəyli,
M.Rostropoviç adına və s. Bu festivalın fərqi isə
ondan ibarətdir ki, biz konsertlərimizi həmişə tarixi
məkanlarda keçiririk. Yəni milli kostyumlar, milli musiqi və
müxtəlif xalqların yaradıcılığını
məhz turistik məkanlarda göstəririk. 2011-ci il bu festival
Xalça muzeyində başladı. Musiqiçilər
improvizasiya edə-edə, muğamları çala-çala
xalçalar göstərilirdi, şeirlər səslənirdi
və bu tamamilə başqa effekt verdi. Qeyd edim ki, “İpək
yolu” layihəsində də, 1999-cu ildən başlayaraq
muğam öz layiqli yerini tutdu. Bu il isə festival Şəkidə
və Gəncədə keçiriləcək.”
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri F.Əlizadə
yola saldıqları 2012-ci ilin musiqi, incəsənət həyatı
üçün çox uğurlu olduğunu vurğulayaraq,
“Düşünürəm ki, 2013-cü il də
önümüzə qoyduğumuz planları müvəffəqiyyətlə
həyata keçirəcəyik”.
Günel Eyyubova
İki
sahil.- 2013.- 10 yanvar.- S.18.