“Səs” qəzeti 22 yaşını qeyd edir

 

Bəhruz Quliyev: “Çalışırıq ki, həmişə obyektiv, peşəkar və dövrün tələblərinə uyğun fəaliyyət göstərək”

 

Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan “Səs” qəzeti 22 yaşını qeyd edir. Müstəqilliyimizin bərpasından 9 ay öncə fəaliyyətə başlayan “Səs” qəzetinin yaranması, keçdiyi yolu xarakterizə etmək və digər sualları cavablandırmaq məqsədi ilə qəzetin baş redaktoru Bəhruz Quliyevə müraciət etdik. Baş redaktor “Səs” qəzetinin dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldiyini və qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirdiyini söylədi:

 

- 1990-1993-cü illərdə ölkəmizdə ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüz minlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Ağır sosial-iqtisadi durum fonunda mətbuata qarşı da güclü senzura var idi. Etiraf olunmalıdır ki, belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması ağlagəlməz dərəcədə inanılmaz bir idi. Bu, həm də böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu məsuliyyəti üzərlərinə götürdülər. Beləliklə, “Səs” ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci il yanvarın 11-də dərc olunmağa başladı.

Həmin vaxt sırf siyasi-ideoloji qəzet kimi fəaliyyətə başlamaq çətin idi. Çünki o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında ulu öndər Heydər Əliyevə qarşı iftiraqarayaxma kampaniyası aparılırdı. Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər. O dövrdə ulu öndərə rəğbətin ifadə edilməsi olduqca təhlükəli idi. Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərlərinə götürdülər. “Səs” qəzeti 1991-1993-cü il saylarında həm ulu öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edirdi, həm də ulu öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırdı. Ən əsası isə, 1992-ci ilin oktyabrında ziyalıların ulu öndərə müraciətini və ümummilli liderimiz Heydər Əliyevin həmin müraciətə cavabını dərc etməklə qəzet öz tarixi missiyasını uğurla həyata keçirmişdi.

- “Səs” qəzeti həm də YAP-ın ideoloji bazası rolunu oynayıb və partiya yarandıqdan sonra da onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, “Səs” qəzeti ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunu dəstəkləyib, təbliğ edibbu günbu ənənəsinə sadiqdir. Təsadüfi deyildir ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə “Səs” qəzeti vasitəsilə müraciət etdilər. ulu öndərimiz, əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz “Səs” qəzetində dərc olundu. Ulu öndər hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi “Səs” qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirdi və həm ulu öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını üzərinə götürdü. Məhz buna görə, ulu öndər Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “Səs” qəzetini Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə edərək demişdi: “”Səs” qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu, “Səs” qəzeti cəsarətlə, çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində, məlumatlandırılmasında çox böyük rolu olub. “Səs” qəzeti tarixə düşmüş qəzetdir”.

- Mətbuatın bugünkü durumunu necə qiymətləndirirsiniz?

- Bu gün birmənalı mövqe ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyev başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə verdiyi  müxtəlif tapşırıq və tövsiyələr fikir plüralizminin formalaşmasına, söz azadlığının inkişafına xidmət edən amillərdən olmuşdur. Qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində ulu öndərin göstərişi əsasında azad sözün inkişafı ilə bağlı həm hüquqi bazanın modernləşdirilməsi, həm də  müxtəlif sərəncamların imzalanması mətbuatın inkişafı üçün baza rolunu oynadı. Ulu öndərimizin ən layıqli davamçısı İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı dövrdən isə bu ənənə daha modern formada günün tələblərinə uyğunlaşdırıldı və demək olar ki, milli mətbuatımız yeni bir eraya qədəm qoydu. Prezidentin tövsiyəsi ilə Azərbaycan Mətbuat Şurası yaradıldı və sonra Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası hazırlandı, bu isə dövlət səviyyəsində mətbuatın inkişafına bir stimul oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və müxtəlif layihələrin fond tərəfindən maliyyələşməsi jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət etdi. Prezident tərəfindən KİV əməkdaşlarının müxtəlif məqamlarda mükafatlandırılması, jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə verilən sərəncam onu göstərir ki, ölkəmizdə jurnalistlərin güzəranı dövlətimizin daim diqqət mərkəzindədir və onların əməyi də yüksək qiymətləndirilir.

Yeri gəlmişkən, onu da qeyd etməyi özümə borc bilirəm ki, cənab Prezidentin “Səs” qəzetinin 20 illik yubileyi münasibətilə kollektivimizi təbrik etməsi də qəzetimizin timsalında bütün Azərbaycan mətbuatına olan diqqət və qayğının bariz nümunəsidir.

- “Səs” qəzetinin bugünkü fəaliyyəti və əldə etdiyi uğurlar barədə nə deyə bilərsiniz?

- “Səs” bu gün də YAP-ın siyasi kursuna, daşıdığı dəyərlərə sadiqdirdaim bu amal uğrunda çalışır. Bundan başqa, qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir. Çalışırıq ki, həmişə obyektiv, peşəkar və dövrün tələblərinə uyğun fəaliyyət göstərək. “Səs” qəzeti bu günə qədər cəmiyyəti maraqlandıran, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələrə müəlliflik edib və inanıram ki, bundan sonra da öz missiyasını uğurla davam etdirəcək. Hazırda qəzet gündəlik təqribən 6 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində bürolarımız var. Qəzetin internet saytı (ses-news.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlıların qəzetimizi oxumaq imkanı var. Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Artıq 5 ilə yaxındır ki, qəzetin bazasında yaradılmış “Səs” İnformasiya Agentliyi (SİA) fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursuna çevrilib. Məlumat üçün qeyd edim ki, agentlik Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir neçə xarici dil bölmələri yaradıb. SİA beynəlxalq əlaqələrinin tərkib hissəsi kimi bir sıra xarici qəzet və agentliklərlə qarşılıqlı əməkdaşlıq haqqında razılaşma imzalamışdır. Eyni zamanda, qəzetimizin bazasında iki ildir ki, “Səs” internet televiziyası (sestv.az) fəaliyyətə başlayıb, istifadəçilərinə vizual xəbərləri və müxtəlif verilişləri canlı olaraq təqdim edir. Şübhəmiz yoxdur ki, “Səs”in kollektivi bundan sonra da yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan həllivacib çoxsaylı vəzifələrin də öhdəsindən bacarıqla gələcək.

 

 

İki sahil.- 2013.- 11 yanvar.- S.7.