Qlobal layihə
TANAP
layihəsinin reallaşması nəticəsində ARDNŞ-in
Türkiyəyə yatırdığı investisiyaların həcmi
17 mlrd. dollara çatacaq
Ötən
il Azərbaycanın enerji sektorunda baş verən bir sıra əlamətdar
hadisələrlə yadda qaldı. Transanadolu təbii qaz boru kəməri
ilə (TANAP) bağlı sazişin imzalanması yola
saldığımız ilin əsas göstəricilərindən
biri hesab oluna bilər. Layihənin əsasən 4 mərhələdə
həyata keçiriləcəyi planlaşdırılır.
İlk mərhələ 2018-ci ildə
başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış
qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23
mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə
çatdırılacaq. Qeyd edək ki, ilk dövrdə TANAP kəməri
ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının
10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə
satılacaq. Avropa üçün nəzərdə tutulan qaz
Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan
sərhədində təhvil veriləcək.
TANAP layihəsinin reallaşması nəticəsində
ARDNŞ-in Türkiyəyə yatırdığı
investisiyaların həcmi 17 mlrd. dollara çatacaq. Bununla da Azərbaycan
Türkiyə sənayesinə ən çox investisiya
yatıran ölkə, ARDNŞ isə ən böyük
şirkət olacaq. TANAP layihəsinin maliyyələşdirilməsində
maliyyə institutlarının da geniş iştirakı nəzərdə
tutulur. ARDNŞ bu layihənin maliyyələşdirilməsində
Azərbaycanın daxili maliyyə imkanlarından da istifadə
etməyi planlaşdırır.
Ölkəmizin tarixinə qızıl
salnamə kimi yazılacaq hadisələrdən biri də
Prezident İlham Əliyev tərəfindən “Azərbaycan və
Türkiyə hökumətləri arasında təbii
qazın Türkiyəyə satışı və Azərbaycandan
gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə
tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən
nəql edilməsi üçün müstəqil boru kəmərinin
inşasına dair” Qanunun təsdiq edilməsi oldu. Dövlət
başçısının imzaladığı bu tarixi qərar
qısa müddət ərzində trans-kontinental bir layihənin
sürətlə irəliləməsi üçün dərin
zəmin yaradır. Yəni cəmi 5 ay ərzində hər
iki ölkənin parlamentlərinin sazişi ratifikasiya etməsi,
dövlət başçısı tərəfindən
qanunun təsdiq olunması TANAP-ın hansı əhəmiyyətə
malik olduğunu göstərdi. Beləliklə, Azərbaycan və
Türkiyə hökumətlərinin qətiyyəti və
siyasi iradəsi nəticəsində regionun geosiyasi-iqtisadi xəritəsini
dəyişən, enerji tarixinə qızıl hərflərlə
yazılan ən mühüm hadisə geniş komponentləri
ilə strateji mərhələyə keçid aldı.
Bu gün ən nəhəng qaz və
neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı
vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi
güc olması bütün dünya dövlətlərinə
yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin
dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol
oynayır və qarşılıqlı əməkdaşlığı
nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində
Azərbaycanın və Türkiyənin nüfuzunun,
mövqeyinin güclənməsinə təkan verir.
“Şahdəniz-2” layihəsinə dair
saziş çərçivəsində nəzərdə
tutulan və ümumi dəyəri 5 milyard dollar avro, illik həcmi
16 milyard kubmetr olan, ixrac imkanları yaxın gələcəkdə
24 milyard kubmetrə çatdırılması nəzərədə
tutulan Transanadolu təbii qaz kəməri layihəsinin
imzalanması neft strategiyasının davamı olmaqla
respublikamızın dünya enerji bazarında mövqelərini
möhkəmləndirən yeni layihə kimi diqqət çəkir.
Ekspertlərin “Bu layihə sayəsində Azərbaycanla
Türkiyə qaza ehtiyacı olan Qərb ölkələri
şirkətlərinin həyata keçirə bilmədiklərini
gerçəkləşdirəcəklər” sözləri onu
təsdiqləyir ki, yeni layihəyə maraq əvvəlki
neft-qaz kəmərlərinə olan diqqətdən daha
artıqdır. Məhz bu amil ölkəmizdə uğurla həyata
keçirilən diversifikasiya siyasətinin məntiqi nəticəsidir.
Hazırda TANAP-ın reallaşması ilə
bağlı hazırlıq işləri başlanıb və
layihənin texniki-iqtisadi əsaslandırılması
hazırlanır, növbəti addım olaraq onun maliyyələşmə
mənbələrinin müəyyənləşdirilməsi və
maliyyə institutları ilə danışıqların
aparılması planlaşdırılır. Layihənin işə
düşməsi “Şahdəniz-2” layihəsi üzrə qaz
hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb
və 2017-ci il üçün nəzərdə tutulub. Qeyd
edək ki, “Şahdəniz-2” layihəsi çərçivəsində
hasil olunacaq təbii qazın nəqlini təmin etmək
üçün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Azərbaycan
və Gürcüstan hissələrinin (Səngəçaldan
tutmuş Gürcüstan-Türkiyə sərhədinədək
hissə) buraxılış gücünün
artırılması da nəzərdə tutulur.
TANAP layihəsinin reallaşması nəticəsində
ARDNŞ-in Türkiyəyə yatırdığı
investisiyaların həcmi 17 mlrd. dollara çatacaq. Bununla da Azərbaycan
Türkiyə sənayesinə ən çox investisiya
yatıran ölkə, ARDNŞ isə ən böyük
şirkət olacaq.
Azərbaycan və Türkiyə bu layihəni
reallaşdırmaqla, əslində, gələcəyə
doğru daha bir uğurlu addım atdıqlarını
nümayiş etdirdilər. Türkiyənin Baş naziri R.T.Ərdoğan
deyib: “Türkiyə və Azərbaycan TANAP layihəsi ilə
Avropanın enerji təhlükəsizliyində strateji mövqe
qazanmaq yolunda mühüm bir addım atmışlar”.” Dövlət
başçısı İlham Əliyev isə məsələyə
daha geniş aspektdə yanaşır: “Biz həmişə
olduğu kimi, ikitərəfli məsləhətləşmələr
aparmaqla qərara gəldik ki, Türkiyə və Azərbaycan
bu məsələdə də liderliyi üzərinə
götürməli və bu layihəni birlikdə icra etməlidirlər.
Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir.
Çünki bu gün imzalanan sənədlər də bunu təsdiq
edir. Bu layihəni biz özümüz öz
gücümüzlə, öz pulumuzla və öz texniki
imkanlarımızla icra edəcəyik. Bu layihə gələcəkdə
Avropanın enerji təhlükəsizliyinə də
böyük dəstək verəcəkdir. Bu məsələ
ilə bağlı aramızda fikir ayrılığı
yoxdur”.” Dövlətimizin başçısı Transanadolu
layihəsinin təkcə regional deyil, Avropa miqyasında geosiyasi
əhəmiyyət daşıdığını aydın
ifadə edir.
Daha bir əhəmiyyətli məqam
ondan ibarətdir ki, bu layihə Avropa ilə Yaxın Şərqin,
Cənubi Qafqazın və Mərkəzi Asiyanın enerji təhlükəsizliyi
məsələlərinin əlaqələndirilməsinə
imkan yaradacaq.
Sevinc Azadi,
“İki sahil”
İki
sahil.- 2013.- 11 yanvar.- S.9.