“SOCAR-AQŞ” 2012-ci ili də yüksək göstəricilərlə başa vurdu

 

 Birgə müəssisə 2012-ci il üçün qazma planını 111.7%, quyu tikintisi planını isə 120% yerinə yetirib

 

“SOCAR-AQŞ” MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Abşeron Qazma Şirkəti” tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Birgə müəssisənin yaradılmasında məqsəd qabaqcıl qazma texnologiyalarından və müasir idarəetmə üsullarından istifadə etməklə təhlükəsiz və keyfiyyətli qazma işləri aparmaq, neft və qaz quyularını ən qabaqcıl beynəlxalq standartlara uyğun tikərək sifarişçi təşkilata təhvil verməkdir. Müəssisənin əsas fəaliyyəti, quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması, çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Qeyd edək ki, birgə müəssisə yaxın gələcəkdə qazma, quyuların tikintisi və əsaslı təmiri sahəsində qabaqcıl texnologiyaları tətbiq etməklə əməliyyatlarını genişləndirmək istəyir.

Müəssisə ötən illərdə olduğu kimi 2012-ci ili də uğurla, yüksək göstəricilərlə başa vurub. Bu, müəssisəyə sifarişçi təşkilat  tərəfindən verilən planın vaxtından əvvəl yerinə yetirilməsidir. Bu barədə “SOCAR-AQŞ” MMC-nin Qazma mühəndisliyi şöbəsinin müdiri Elşən İsmayılovdan məlumat aldıq. E.İsmayılovun “İki sahil”ə verdiyi məlumata görə, “SOCAR-AQŞ”, 2010 və 2011-ci illərdə olduğu kimi, 2012-ci ildə də sifarişçi tərəfindən qarşıya qoyulmuş bütün öhdəlikləri qəzasız, xətasız  və səmərəli qazma əməliyyatları həyata keçirərək uğurla yerinə yetirib. “Belə ki, ötən il sifarişçi tərəfindən təsdiq edilmiş 17500 metr qazma keçidi əvəzinə, 19547 metr faktiki qazma keçidi əldə edilərək illik qazma planı 111.7% yerinə yetirilib. Planda nəzərdə tutulan 5 quyu əvəzinə isə 6 quyu tikinti ilə təhvil verilərək illik plana 120% əməl edilib.”

“2012-ci ildə əldə etdiyimiz bütün nailiyyətlərimizin əsası Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) sahəsi ilə bağlı olmuşdur” deyən “SOCAR-AQŞ”-nin şöbə rəisi əlavə etdi ki, belə ki, əməliyyatlar zamanı insan sağlamlığına, ətraf mühit və avadanlıqlara heç bir ziyan dəyməyib, qazma şlamı 100% həcmdə toplanılıb hermetik konteynerlərdə daşınaraq təyin olunmuş yerlərdə qanunvericiliyin tələblərinə uyğun olaraq utilizasiya edilib. Əməliyyatlar zamanı ətraf mühitə dəyən zərəri aradan qaldırmaq məqsədi ilə drenaj sistemi yenidən qurularaq, ekoloji zərərsiz generatorlar alınaraq istismara verilib. Bununla yanaşı, müəssisənin əməkdaşlarının peşə, bilik və bacarıqlarının artırılması məqsədi ilə yerlixarici mütəxəssislər tərəfindən təlim keçirilib.

Beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin beynəlxalq standartların tətbiqi müasir müəssisəyə çevrilmək üçün vacibdir. “SOCAR-AQŞ” bu istiqamətdə də inamla irəliləməkdə davam edir. Bu istiqamətdə görülən işlərdən danışan E.İsmayılov vurğuladı ki, beynəlxalq standartların tətbiqi sahəsində müəssisəmizin əldə etdiyi əsas nailiyyət İsveçrənin SGS şirkəti tərəfindən keçirilən Təkrar Sertifikatlaşma Auditinin uğurla başa çatmasıdır. “Audit, müəssisəmizin bütün sahələrini əhatə etmiş və “SOCAR-AQŞ” MMC-nin fəaliyyəti təkrar olaraq 3 beynəlxalq strandartın: İSO 9001 (Keyfiyyətin idarə edilməsi standartı), İSO 14001 (Ətraf mühitin mühafizəsinin idarə edilməsi standartı) və OHSAS 18001 (Sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsinin idarə edilməsi standartı) standartlarının son nəşrləri üzrə növbəti 3 il müddətinə sertifikatlaşdırılıb. Bundan əlavə, müəssisəmizdə Amerika Neft İnstitutu-APİ standartlarının tətbiqi məqsədilə 2 mərhələdən ibarət auditlər keçirilib.”

“SOCAR-AQŞ”-nin Qazma mühəndisliyi şöbəsinin müdiri Elşən İsmayılov əlavə etdi ki, 2013-cü il üçün müəssisəmizin bu sahədə məqsədi APİ auditinin növbəti mərhələlərindən uğurla çıxmaq və APİ standartları üzrə sertifikat əldə etməkdir.

“SOCAR-AQŞ” öz kadr potensialını təkmilləşdirərək, yeni texnika və texnologiyaları mənimsəyərək, öz biznes proseslərini təkmilləşdirərək beynəlxalq qazma sənayesinə inteqrasiya siyasətini davam etdirmək və 2013-cü ildə yeni qazma bazarlarına çıxmaq əzmindədir.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2013.- 11 yanvar.- S.10.