Dəniz hidrotexniki qurğularında mürəkkəb işlər icra edilir

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər Dəniz Neft Donanmasının Dalğıc və Qəza Xilasetmə İşləri idarəsi (DQXİİ) əvvəlki dövrlərdə olduğu kimi ötən 2012-ci ildə də ARDNŞ-in bütün dəniz hidrotexniki qurğularına sualtı-texniki və dalğıc işləri üzrə xidmətin həyata keçirilməsini uğurla davam etdirmişdir.

Dalğıc və Qəza Xilasetmə İşləri idarəsinin rəisi Pənah Həsənov idarənin profilinə uyğun olan bütün işlərin - həm tikinti-təmir, həm də dəniz neft-qaz yataqlarında ləğv olunmuş quyuların ekoloji təhlükəsizliyinin təminatı ilə bağlı işlərin keyfiyyətlə icra edildiyini bildirir. Xüsusilə ekoloji tədbirlər proqramı çərçivəsində istismardan çıxarılmış dəniz özüllərinin sualtı elementlərinin kəsilməsi və götürülməsi işləri yüksək səviyyədə həyata keçirilmişdir.

Bu mənada Pənah Həsənov 2012-ci ildə Pirallahıda dislokasiya olunmuş 5 saylı dalğıc istehsalat sahəsinin yerinə yetirdiyi işləri xüsusi vurğulayır. Hələ 2011-ci ildə burada eksperiment məqsədilə “Abşeronneft” NQÇİ-nin 61-ci meydançasında 797 ¹-li quyunun ləğvi üzrə işlər müvəffəqiyyətlə icra edilmiş və bütün proses sualtı videolentə alınmışdır. 5 saylı sahənin rəisi Hüseynağa Əliyev deyir ki, 2012-ci il ərzində “Abşeronneft” NQÇİ tərəfindən istismar olunan yataqlarda hidrotexniki qurğuların metal konstruksiyalarının su altında kəsilməsi davam etdirilmişdir. Dəniz sahələrində istismardan çıxmış 842, 836, 572, 542 saylı və digər - ümumilikdə 12 özülün ətrafı təmizlənmişdir. İl ərzində dalğıclar böyük həcmdə iş yerinə yetirərək su altında uzunluğu 3-10 metr olan 1645 ədəd svay kəsmişlər.

P.Hüseynağa müəllim qeyd edir ki, sahənin dalğıc kollektivi dəniz yataqlarında digər sualtı-texniki işlərlə yanaşı hidrotexniki qurğuların sualtı hissələrinin texniki baxışını, təmirini, müxtəlif ölçülü boru kəmərləri üzərində xamutların qoyulması və digər mürəkkəb işləri də yerinə yetirmiş, “General Ə.Şıxlinski”, “Qurban Abasov”, “Şirvan”, “Z.Hacıyev” kimi kran gəmilərinin dalğıc təminatını yüksək səviyyədə həyata keçirmişdir. Hüseynağa Həbib oğlu Əliyev 1985-ci ildə ADNA-nın mexanika fakültəsini bitirərək əmək fəaliyyətinə DQXİİ-də mühəndis kimi başlayıb. Müxtəlif vaxtlarda Dərin Dalğıc Kompleksində (DDK) mühəndis-mexanik, “Şelf-3” Üzən Qazma Qurğusunda DDK rəisi, DQXİİ-nin şöbə rəisi işləyib. 2004-cü ildən Pirallahı sahəsində iş icraçısı vəzifəsində çalışan Hüseynağa Əliyevə etimad göstərilərək 2008-ci ildə sahə rəisi vəzifəsinə irəli çəkilmişdir.

Artıq tarixə çevrilmiş 2012-ci ildə görülən iri həcmli işlərdən söhbət açan H.Əliyev ilk növbədə “Darvin bankası” yatağında 60-cı özülün genişləndirilməsi zamanı 2 blokun qoyulmasını, SDÖ-720-də blokların quraşdırılmasını, 620 və 401-ci özüllər arası, eləcə də 340-620 saylı özüllər arası 8 düymə pletlərin qaynaq edilməsini, 89-cu özüldə svayların vurulmasını  qeyd edir. Bundan başqa “Qərbi Abşeron”da” 57-48-ci özüllər arasında dalğıclar tərəfindən 6 düymə 1150 metr uzunluğunda plet batırılmış və bu zaman 80 ədəd panton açılmışdır.

Keçən il start verilən ən mürəkkəb işlərdən biri - 740-cı platformanın inşasında 8 ədəd blokun qoyulması zamanı dalğıc təminatı və dayaq ayaqların video çəkilişi 2013-cü ilin əvvəlində uğurla yekunlaşmışdır. Yeni ildə başa çatdırılan işlərdən “Gürgan” yatağında özül 210 - sahil arası hava xəttinin tədqiqi və zədəli yerin müəyyən edilməsini, Kərəçə-26-nın dalğıc təminatını, “Pirallahı” yatağında 586-589-cu özüllər arası 2,5 düymə neft xəttində zədəli yerə xamut qoyulmasını göstərmək olar. Bütün bu işlərin “Orion-26” gəmisində quraşdırılmış video-sistem vasitəsilə videoçəkilişləri icra edilərək sifarişçiyə təhvil verilmişdir.

Hüseynağa Əliyev verilən tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsini təmin etmiş dalğıc işləri ustası Eldar Sultanov və Elmin Nağıyevin, təcrübəli dalğıclardan Sadiq Alxasov, Yevgeni Selyukov, Rasim Hacıyev, Elman Abdulmütəllibov, Kamal Şammədov, Həsən Həşimovun adlarını çəkir. Xilasedicilər Taleh İsmayılov, Tofiq Heydərov, Rəfail Ağaməmmədov, Natiq Müzəffərzadə, çilingərlər Ayvaz Həsənov və Zakir Məmmədov, elektrik Ağazər Yaqubov da öz işləri ilə yoldaşlarına nümunə olmuşlar. Onu da qeyd edək ki, əslində dalğıc məktəbi rolunu oynayan Pirallahı sahəsinin bir çox yetirmələri hazırda Günəşli, Neft Daşları kimi daha mürəkkəb sahələrdə çalışırlar.

Hüseynağa Əliyev deyir ki, dalğıc kompleksləri yerləşən “Orion-26”, “Orion-25”, eləcə də “Cənub-21”, “Orion-8” gəmiləri dalğıcların işinə çox kömək edir. Alınmış yeni texnika, xüsusən “Orion-26”da quraşdırılmış video-sistem və digər avadanlıqlar dalğıcların işini xeyli səmərəli etmişdir. Sosial məsələlər də öz həllini tapmış, dalğıcların əməyi, istirahəti və məişəti yüksək səviyyədə təşkil olunmuş, otaqlar zəruri avadanlıqlarla təmin edilmiş, 14 yerlik 7 otaqlı köməkçi bina əsaslı təmir olunmuş, ətrafı abadlaşdırılmışdır, inzibati binanın əsaslı təmirinə başlanmışdır. Aparılan struktur dəyişikliyi əsasında 2013-cü ilin əvvəlindən Pirallahı, Qum adası və Qaradağ sahələri birləşdirilərək 1 saylı dalğıc istehsalat sahəsi yaradılmış, dərin bilik, bacarıq və təcrübəsi nəzərə alınaraq Hüseynağa Əliyev yeni quruma rəis təyin edilmişdir. XDND və DQXİİ rəhbərliklərinin diqqət və qayğısından ruhlanan yeni yaradılmış 1 saylı dalğıc istehsalat sahəsinin kollektivi uğurlu start götürdüyü 2013-cü ildə daha yüksək istehsalat göstəriciləri əldə etmək əzmi ilə ilk gündən var qüvvə ilə çalışır.

 

 

İlqar Məmmədli

 

İki sahil.- 2013.- 11 yanvar.- S.13.