Narkotiklərlə
mübarizəyə qarşı 2013-2018-ci illəri əhatə
edən yeni Dövlət Proqramı təsdiq ediləcək
Məzahir
Əliyev: “Sənədin icrasının yüksək səviyyədə
təşkili bizim üçün çox əhəmiyyətlidir”
Azərbaycan Respublikası
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri
Məzahir Əliyev narkomaniyaya
qarşı mübarizə istiqamətində həyata
keçirilən tədbirlər, bu sahədə
hazırlanan yeni Dövlət Proqramı və
s. ilə bağlı “İki sahil” qəzetinin
suallarını cavablandırdı.
-Məzahir müəllim,
Azərbaycanda narkomanlığa və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə sahəsində həyata
keçirilən dövlət siyasətinin əsas istiqamətləri
barədə nə deyə bilərsiniz?
-Ümumiyyətlə,
tarixən narkomanlıq və narkotiklərin qanunsuz
dövriyyəsi Azərbaycanda yayılmış hal sayılmayıb. Əvvəlki illərdə
bu hal az
baş verdiyi üçün o qədər
də nəzərə çarpmayıb. Digər tərəfdən
sovet dönəmində narkomanlıq və
narkotiklərin qanunsuz dövriyyəsi
haqqında məlumatlar qapalı olub. Bütün bunlara baxmayaraq, bu bəla Azərbaycanda
o qədər də narahatlıq doğuran, kütləvi yayılan hal olmayıb. O dövrün
statistikası ilə tanış olanda görürük ki, Azərbaycan
müstəqillik qazanana qədər
narkotiklərin ən yüngün növləri
dövriyyədən çıxarılıb. Qanunsuz
dövriyyədə əsasən həşiş və marixuana olub. Çox təsadüfi
hallarda tiryək də qanunsuz
dövriyyədə olub. Lakin
Azərbaycan müstəqillik qazandıqdan sonra
digər ölkələrlə əlaqələrimiz qurulmağa başlandı.
Bununla bərabər istər
ölkə vətəndaşlarının bu
və ya digər dövlətlərə,
istərsə də xarici ölkə vətəndaşlarının
müstəqil Azərbaycana gediş-gəliş imkanları
yarandı. Bu da təbii idi. Cəmiyyət
qapalı ola bilməzdi. Azərbaycan
öz qapılarını bütün
dünyaya açdı. Ötən əsrin
90-cı illərinin əvvəllərində Azərbaycanda narkomanlıq
və narkotik maddələrin qanunsuz dövriyyəsi çox
sürətlə inkişaf etməyə başladı. Əlbəttə, bunun səbəbləri hərtərəfli
araşdırıldı. Məlum oldu
ki, narkotik maddələr
ölkəmizdə istehsal olunmur,
digər dövlətlərin ərazisindən
ayrı-ayrı cinayətkarlar, narkotik
alverçiləri bundan qazanc
əldə etmək üçün
ölkəmizə gətirirlər. Belə olan
halda əlbəttə, buna
adekvat cavab olmalı idi. Buna görə də 1996-cı ildə ulu
öndər Heydər Əliyev narkomanlığa və narkotik maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizəni gücləndirmək
haqqında fərman imzaladı. Bu fərmanla
hüquq mühafizə orqanlarının
və digər aiddiyyəti qurumların vəzifələri
müəyyənləşdirildi. Qeyd
olundu ki, narkomanlıq
böyük bəladır. Onun
inkişafı sürətlə gedir və
qarşısı alınmalıdır. Ümummilli
lider Heydər Əliyevin qeyd
olunan fərmanı ilə ölkədə
yeni strategiya müəyyən
olundu. Əvvəllər belə bir sənəd qəbul olunmamışdı.
Cinayət Məcəlləsində bununla
əlaqədar maddələr olsa da, lakin belə bir ümumi dövlət sənədi
yox idi. Həmin fərmanın
davamı olaraq 1997-ci ildə Azərbaycan
Respublikası Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət
Komissiyası yaradıldı. Dövlət Komissiyasına əksər
nazirliklər, komitələr, aidiyyəti qurumlar
daxil edildi. Həmin
qurumların rəhbərləri Dövlət Komissiyasının
üzvü oldular. Daha sonra Dövlət
Komissiyanın rəhbərliyi müəyyən olundu. Komissiyasının tərkibində İşçi Qrupu da yaradıldı. Sonra
Dövlət Komissiyasının əsasnaməsi təsdiq olundu, ştatlar müəyyənləşdirildi.
Ölkədə
ilk dəfə 2000-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Ümummilli Proqram təsdiq olundu. Bu sənəd 5 ili əhatə
edirdi. Proqram bütün dövlət qrumlarının,
QHT-lərin qarşısında konkret vəzifələr
qoydu. Ölkədə narkomanlıqla
mübarizə genişləndi. Bu istiqamətdə
hüquqi bazanın yaradılması tədbirlər
planlarının icrasını sürətləndirdi.
Qısa vaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni
tənzimləyən qanunlar, normativ aktlar qəbul olundu. Təbii ki, bu sənədlərin qəbulu mübarizəyə
böyük təkan verdi.
Müxtəlif illər üzrə ölkədə bu istiqamətdə aparılan mübarizənin
nəticələri özünü
büruzə verdi. Ölkə ictimaiyyəti
bütün bunları açıq şəkildə
müşahidə edirdi. Yazılı və
elektron KİV-lərdə ölkədə
narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinin olduğu
elan edildi və
mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyi bildirildi.
-Narkomaniyaya
qarşı mübarizədə beynəlxalq təcrübənin
öyrənilməsi istiqamətində bu
günə kimi hansı addımlar
atılıb?
-Azərbaycan
nakomaniya ilə mübarizədə beynəlxalq
əməkdaşlığın əhəmiyyətini nəzərə
alaraq, BMT-nin 1961-ci il “Narkotik vasitələr
haqqında”, 1971-ci il “Psixotrop
maddələr haqqında”, 1988-ci il “Narkotik vasitələr, psixotrop
maddələr və prekursorların qanunsuz
dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarına qoşuldu.
Bütün dünya
narkotiklərlə mübarizədə gördüyü
tədbirləri həmin konvensiyaları rəhbər tutaraq həyata keçirir.
Azərbaycan bu konvensiyalara
qoşulmaqla onlardan irəli
gələn vəzifələrin yerinə yetirilməsi ilə
bağlı öhdəliklər götürdü.
Bundan sonra ölkə
daxilində qanunları, qanun qüvvəli
aktları hazırlamaqla yanaşı, beynəlxalq təşkilatlara
üzv oldu. Qeyd edək ki, bu istiqamətdə fəaliyyət göstərən
BMT-nin Narkotiklər və Cinayətkarlıq
İdarəsinin rəhbəri, o cümlədən
də BMT Baş katibinin
müavinidir. Bizim hüquq
mühafizə orqanları və digər dövlət
qrumları həmin idarənin təşkil etdiyi
konfranslarda, tədbirlərdə üzv kimi iştirak
etməyə başladı. Bu
iclasların ikisi Azərbaycanda keçirilib. 1997-ci ildə keçirilən birinci iclasda isə ulu öndər Heydər Əliyev
çıxış edib.
Bu gün
Dövlət Komissiyasının rəhbəri, Baş nazirin müavini cənab Əli Həsənov ciddi səylər göstərir. Dövlət
başçısının qarşıya qoyduğu
vəzifələrin icrasına ciddi nəzarət
olunur. 26 nazirlik və
komitənin, respublikanın bütün
şəhər və rayon İcra hakimiyyətlərinin aparatlarında yerli komissiyalar fəaliyyət
göstərir. Onlar mütəmadi olaraq gördükləri işlər barədə
hesabatlar verirlər. Qeyd
edək ki, indiyə kimi
2000-2006, 2007-2012-ci illər üçün
Dövlət proqramları uğurla icra olunub. Artıq
narkomanlığa, narkotik vasitələrin,
psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsi
ilə mübarizə sahəsində 2013-2018-ci illər
üzrə yeni Dövlət Proqramı
layihəsi hazırdır.
- Qeyd etdiyiniz 2013-2018-ci illəri əhatə edən
Dövlət Proqramında hansı yeniliklər öz əksini tapıb?
-Proqramda narkomaniya və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə sahəsində
bütün tədbirlər kompleks şəkildə həyata keçiriləcək.
Təcrübə göstərir ki, müəyyən
dövr ərzində görülən
işlərin yekununu müzakirə edərkən,
mövcud boşluqlar
üzə çıxır. Yeni proqram ekspertlər tərəfindən bir neçə aydır ki,
müzakirə olunur. Artıq sənəd
hazırdır. Proqram yanvar
ayının sonu, fevral
ayının əvvəlində Prezident cənab
İham Əliyev tərəfindən təsdiq
ediləcək. Sənəddə əksini tapan
müddəalar sırasında maarifləndirmə xüsusi qeyd olunur. Düşünürəm ki, gənclər arasında təbliğatın
lazımi səviyyədə aparılması əsas şərtdir.
Ümumiyyətlə, proqramın əhatə dairəsi çox genişdir. Burada ayrı-ayrı istiqamətlər üzrə
tədbirlərin gücləndirilməsi önə çəkilib.
Bunun üçün
aidiyyəti dövlət qurumlarının
qarşısında konkret vəzifələr
qoyulub. Dövlət Komissiyası ilk gündən yeni proqramdan irəli gələn vəzifələrin
icrasına nəzarəti gücləndirəcək. Təbii ki, sənədin icrasının yüksək
səviyyədə təşkili bizim üçün çox əhəmiyyətlidir.
-Bu gün Azərbaycanda narkotik
istifadəçilərinin dəqiq sayı məlumdur?
-Narkomanların
qeydiyyata alınması çox
böyük şərtdir. Narkomaniya və
narkotik vasitələrin qanunsuz
dövriyyəsi cinayətkarlığın fərqli bir növüdür. Əgər
biz ölkə narkomanlarının
sayını bilməsək, qara bazarda narkotiklərə olan
tələbatı da bilmək mümkünsüz olar. Əgər
tələbat məlum olmasa, buna qarşı mübarizə aparmaq da çətinləşir.
Bu gün ölkədə
qeydiyyatda olan
narkomanların sayı 27 minə qədərdir. Təbii ki, qeyri-rəsmi rəqəmlər isə bu saydan daha
çoxdur.
Hüquq mühazifə
orqanları, Dövlət Sərhəd Xidməti, Dövlət
Gömrük Komitəsi bu
istiqamətdə çox ciddi
şəkildə fəaliyyət göstərir, uğurlu tədbirlər həyata keçirirlər.
Təkcə polis orqanları ildə
2500-3000 fakt aşkar
edirlər. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılmasına qarşı mübarizə
üzrə Proqram”dan
(2007-2012-ci illər) irəli gələn vəzifələrin
yerinə yetirilməsi ilə bağlı
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu
aidiyyəti nazirlik, komitə və təşkilatlarla
birgə bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirib.
-2012-ci ildə
narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı
mübarizə sahəsində nə kimi
işlər görülüb, hansı nəticələr
əldə edilib?
-2012-ci
ilin 9 ayı ərzində narkotiklərlə
mübarizə sahəsində hüquq
mühafizə orqanları tərəfindən 2139 fakt aşkar edilib (bunlardan 1337-si saxlama, 664-ü satış, 131-i əkin və
7-si isə digərləri olub) və həmin
faktlar üzrə qanunsuz
dövriyyədən ümumi çəkisi
1 ton 20 kiloqramdan
artıq müxtəlif
növ narkotik vasitələr
götürülüb. Müsadirə
olunan narkotik vasitələrin,
psixotrop maddələrin və onların
prekursorlarının 476 kq 538,865 qramı
həşiş, 203 kiloqram 230,97 qramı marixuana, 121 kiloqram 328,578
qıramı tiryək, 72 kiloqram 173,222
qramı heroin, 6 kiloqram
225,199 qramı psixotrop maddə, 50 prekursorlar, 90 kiloqram 979,064
qramını digərləri təşkil edib.
Ümumilikdə qanunsuz dövriyyədən
çıxarılan narkotik vasitələrin
46,6 fazini həşiş, 19,9 faizini marixuana, 11,8 fazini tiryək, 7 faizini heroin təşkil edib. Qanunsuz dövriyyədən götürülən
narkotik vasitələrin tərkibində həşişin
xüsusi çəkisi 46,6 faizdir. Həmin faktlar
üzrə 1707 nəfər cinayət məsuliyyətinə cəlb
olunub. Cinayət məsuliyyətinə cəlb
edilənlərin 58 nəfəri xarici
ölkə vətəndaşı olub ki, onlardan 406 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə aşkar edilərək götürülüb.
Bu da qanunsuz
dövriyyədən çıxarılan narkotiklərin 40 faizini təşkil edir. Xarici ölkə vətəndaşlarının
31-i İran İslam
Respublikası, 14-ü Rusiya
Federasiyası, 9-u Gürcüstan, 4-ü Əfqanıstan
vətəndaşıdır.
Həmçinin
ölkədə “XAŞ-XAŞ-2012” şərti ad altında həyata keçirilən tədbirlər
nəticəsində qəsdən əkilib becərilən və
yabanı halda bitmiş
324 ton 821 kiloqramdan
artıq narkotik tərkibli bitkilər
yaşıl kütb halında aşkar olunaraq məhv edilib.
Təqdim olunan hesabatlarda Daxili İşlər
Nazirliyi tərəfindən görülmüş kompleks
tədbirlər nəticəsində narkotik
vasitələrlə bağlı 2048 cinayət faktı aşkar olunub (ölkə
üzrə cinayətlərin 95,7 fazini əhatə
edir), 467 kiloqram 499,99 qram (götürülən narkotik
vasitələrin 45,7 fazini təşkil edir) müxtəlif növ narkotik vasitələr
qanunsuz dövriyyədən
çıxarılıb. Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən narkotik vasitələrin
qaçaqmalçılığı və qanunsuz
dövriyyəsinə qarşı keçirilmiş
tədbirlər zamanı 23 cinayət faktı üzrə 337 kiloqram 797,198 qram narkotik vasitə dövriyyədən
çıxarılıb.
Dövlət
Gömrük Komitəsi tərəfindən
49 fakt aşkar olunub, həmin faktlar
üzrə 70 kiloqram 292,2 qram
narkotik vasitə qanunsuz
dövriyyədən çıxarılıb. Dövlət Sərhəd
Xidməti tərəfındən keçirilən tədbirlər
nəticəsində 19 fakt üzrə 144
kiloqram 786,2 qram narkotik vasitə qanunsuz
dövriyyədən çıxarılıb.
Ötən
9 ay ərzində məhkəmənin
qüvvəyə minmiş hökmləri
üzrə müsadirə olunan 1 ton 178 kiloqramdan artıq narkotik vasitə, psixotrop
maddə və prekursorlar yandırma yolu ilə məhv edilib.
Ötən il dekabr
ayının 21-də isə 186 məhkəmə hökmü ilə müsadirə edilməklə,
barəsində
məhvetmə qərarı çıxarılmış 322 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə
aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirakı ilə yandırma üsulu
ilə məhv edilib.
Bu rəqəmlərin
hamısı onu göstərir ki, ölkədə bu bəlaya
qarşı mübarizə düzgün təşkil
olunub. Beynəlxalq təşkilatlar da bizim göstəricilərlə
razılaşırlar. Əlbəttə ki,
biz digər ölkələrin təcrübəsini
də öyrənirik və onların tətbiqinə
çalışırıq. Hazırda dövlət
başçısı cənab İlham Əliyevin
bu sahəyə diqqəti yüksək səviyyədədir.
Azərbaycan bu gün
öz maliyyə imkanları sayəsində
narkomanlığa qarşı mübarizədə istənilən
tədbiri görmək gücündədir.
-Azərbaycana narkotik vasitələr əsasən hansı
ölkələrdən gətirilir?
-Azərbaycanda
narkotik vasitələrin heç
bir növü istehsal olunmur. Qeyd edim ki,
ölkəmizdə narkotik vasitələrin
əsasən 4 növü - həşiş,
tiryək, marixuana və heroin
qanunsuz dövriyyədədir. Lakin istisna deyil
ki, ölkəmizin bəzi bölgələrində
çətənə bitkisi yabanı halda, münbit yerlərdə
bitir. Bəzi cinayətkarlar isə bu yerləri bilir və öz məqsədləri üçün
istifadə edirlər. Ölkədə hər il
100-dək insan narkotik
xassəli bitkilərin qəsdlə, bilə-bilə əkib-becərilməsinə
görə cinayət məsuliyyətinə cəlb olunur. Bu narkotik
vasitələrə çətənə bitkisi
aiddir ki, bu bitkidən də marixuana
və həşiş hazırlanır.
Azərbaycana
gətirilən narkotik vasitələrin əsas
mənbəyi Əfqanıstanda istehsal olunan tiryək və heroin,
Pakistanda istehsal olunan həşişdir. Azərbaycan narkotiklərin
tranzit yolunda yerləşir.
Aparılan mübarizənin əsas məqsədlərindən
biri ölkəmizin bu
sahədə tranzit dövlətə
çevrilməsinin qarşısını almaqdır.
Ümumiyyətlə, dünyada əsas narkotik istehsalçısı Əfqanıstandır.
Bizim ölkəmizə narkotik
vasitələr İran ərizisindən daxil olur. Bununla
əlaqədar olaraq ildə onlarla İran vətəndaşı
həbs olunur, onların sərhədi pozmaq cəhdlərinin qarşısı
alınır. Görülən bütün
bu tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizədə müsbət
nəticələr əldə olunub, yüz minlərlə insanın həyatı xilas edilib. İctimaiyyət
hər zaman bu sahədə
görülən işlər barədə məlumatlandırılıb.
Bildiyimiz kimi, bu gün Azərbaycan ərazisinin
20 faizi erməni işğalı
altındadır. Ermənilər bu ərazilərdə
narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğuldurlar. Onlar
narkotikdən əldə olunan çirkli pullarla öz ordularının maddi-texniki
təchizatını təmin etməyə
çalışır, bundan Azərbaycana
qarşı istifadə edirlər. Ona
görə də hesab edirəm ki, bu gün
ölkəmizin işğal altında olan və nəzarətsiz qalan
əraziləri nəinki region, hətta bütün dünya üçün təhlükə mənbəyidir.
Mən ötən ilin noyabr
ayında Avropa İttifaqının
narkotiklərə nəzarət üzrə “Pompidu”
qrupunun iclasında iştirak
edərkən çıxışım zamanı bu və digər məsələlərə toxunmuşam. Hesab edirəm
ki, beynəlxalq təşkilatlar bununla bağlı Ermənistana təzyiq
göstərməlidirlər.
-Bu gün dünyanın əsasən hansı
ölkələrində narkotik istifadəçiləri
üstünlük təşkil edir?
-Bu gün dünyada 200 milyona qədər insan narkotik istifadəçisidir.
Əsasən Rusiya və
ABŞ-da bu kimi insanlar çoxluq
təşkil edir.
Bu ölkələrlə müqayisədə Azərbaycanda
narkotik istifadəçilərin
sayı çox aşağıdır. Buna
baxmayaraq belə halların mövcud olması bizi çox narahat edir. Əgər hər hansı
bir ailədə narkoman varsa, o ailə məhvə doğru gedir.
-Narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin
rolunu necə qiymətləndirirsiniz və
bu metod nə dərəcədə
effektlidir?
-Narkomaniya ilə mübarizədə
əldə olunan müsbət nəticələrin
miqyasını genişləndirmək
üçün maarifləndirici
tədbirlərə xüsusi
diqqət yetirilməlidir.
Qeyd edim ki, Gənclər
və İdman Nazirliyinin təşkilatçılığı
əsasında müxtəlif
mövzularda tədbirlər
təşkil edilir.
Dövlət Komissiyası tərəfindən
orta məktəblərdə,
univesitetlərdə metodik
vasitələr yayılır.
Bununla yanaşı, maarifləndirmə
işlərində qeyri-hökumət
təşkilatları fəal
iştirak edir. Digər dövlət qurumlarının
da bu sahədə
işləri yüksək
səviyyədədir. Təbii ki, bu sahədə
maarifləndirmənin rolu
böyükdür. Çox
təəssüf ki, ötən dövrlərlə
müqayisədə kütləvi
informasiya vasitələri,
xüsusilə televiziyalar
maarifləndirmə tədbirlərinə
az yer
ayırırlar. Medianın ictimai
fikrə təsir imkanı böyükdür.
Ona görə də bundan istifadə olunmalıdır.
Nail Rəhimzadə
İki sahil.- 2013.- 16 yanvar.- S.8;
12.