2012-ci il Azərbaycan üçün
kifayət qədər uğurlu olmuşdur
Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyovun
www.yap.org.az saytına müsahibəsi
-
Rasim müəllim, ilk olaraq başa vurduğumuz 2012-ci ildə
Azərbaycanın xarici siyasət göstəriciləri və
nəticələrini dəyərləndirmənizi istərdik.
- Ümumiyyətlə, 2012-ci il
respublikamız üçün uğurlu oldu. Azərbaycanın
sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi dinamik
inkişaf ötən il də davam etdi, həmçinin
ölkənin beynəlxalq mövqeyi daha da möhkəmləndi.
Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq
arenadakı nüfuzu davamlı olaraq artmaqdadır. Bundan
başqa, bizim diplomatik nümayəndəliklərimizin şəbəkəsi
davamlı olaraq genişlənir. Bu gün Azərbaycana gələn
ayrı-ayrı ölkələrdən olan prezidentlərin,
hökumət başçılarının, eləcə də
müxtəlif nazirlərin səfərlərinin sayı Ermənistana
və Gürcüstana edilən səfərlərin toplam
sayından çoxdur. Həmçinin ötən il Bakıda
keçirilən irimiqyaslı beynəlxalq tədbirlərin
sayına nəzər yetirsək, qeyd edə bilərik ki,
qonşu ölkələrdə keçirilən həmin tədbirlər
bizimkilərlə müqayisəyə belə gəlməz.
Digər tərəfdən, Azərbaycan ötən il BMT Təhlükəsizlik
Şurasına sədrlik etdi, həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
bizim ədalətli mövqeyimizin İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı sammiti və
digər beynəlxalq tədbirlərdə müdafiə
olunmasına nail olduq.
Bunlarla yanaşı, Azərbaycan beynəlxalq
arenada mədəni müstəvidə və idman sahəsində
də kifayət qədər uğurlar əldə etdi. Ölkəmiz
ötən il Avropanın ən nüfuzlu müsiqi
yarışması olan “Eurovision” mahnı musabiqəsini
çox yüksək səviyyədə keçirdi,
Şahmat Olimpiadasının və tarixdə ilk dəfə
baş tutacaq Avropa Olimpiya Oyunlarının ölkəmizdə
keçirilməsi hüququnu əldə etdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan
2012-ci ildə də regional və beynəlxalq təhlükəsizliyə
mühüm töhfələr verdi. Sirr deyil ki, bu gün Azərbaycan
Avropanın enerji bazarında ən mühüm oyunçuya
çevrilməkdədir. Düşünürəm ki,
bütün bu uğurları əminliklə və qətiyyətlə
ötən il üçün ölkəmizin aktivinə
yazmaq olar .
- Bəs
ötən il Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində cərəyan
edən prosesləri necə dəyərləndirirsiniz?
- Təəssüf ki, 2012-ci ildə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
hər hansı bir irəliləyişə nail olunmadı.
Eyni zamanda, nəinki sülh danışıqlarını
davam etdirməyə, həm də onu irəli aparmağa nail
olunmadı, hətta deyərdim ki, mahiyyət etibarilə
danışıqlar prosesi dayandı. Ötən ildə tərəflər
arasında yüksək səviyyəli yalnız bir
görüş keçirildi ki, bu da yanvar ayında Soçidə,
Rusiya Prezidenti Dimitri Medvedevin iştirakı ilə baş
tutdu. Bundan başqa, Azərbaycan və Ermənistan xarici
işlər nazirlərinin də təmasları oldu. Amma bu
kontaktlar özünün konkret məhsuldarlığı ilə
seçilmədi.
- Yeri
gəlmişkən, başa vurduğumuz il ərzində
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
yönündə ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə
nə deyə bilərsiniz?
- Ötən il bir neçə dəfə
regiona səfər edən ATƏT-in Minsk qrupu həmsədrləri
də danışıqlar prosesinin səmərəliliyini təmin
edə bilmədilər. Başqa sözlə,
danışıqlar prosesinə konstruktivlik və pozitiv
dinamika verilməsi mümkün olmadı. Minsk qrupunun həmsədrləri
yalnız cəbhə xəttindən snayperlərin geri çəkilməsi
kimi bəsit bəyanatlar verməklə kifayətlənməli
oldular.
Nəticə etibarilə aydın oldu ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi prosesi dalana dirənib.
Bu faktı Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24”
telekanalına müsahibəsində də diqqətə
çatdıraraq qeyd etdi ki, Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair danışıqlar
prosesi durğunluq mərhələsinə qədəm qoyub.
Qeyd etmək lazımdır ki,
danışıqlar prosesinin dalana dirənməsi və faktiki
olaraq durğunluq mərhələsinə qədəm
qoyması ermənilərin danışıqlar prosesində
tutduqları qeyri-konstruktiv mövqe ilə bağlıdır.
Onlar bu yolla işğal altında saxladıqları əraziləri
leqallaşdırmağa, eləcə də onlara sərf edən
hazırkı status-kvo vəziyyətini saxlamağa
çalışırlar.
-
2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesinə dair hansı gözləntiləriniz var?
- Cari ildə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
kifayət qədər intensiv danışıqların
müşahidə olunacağını söyləyə bilmərəm.
Rəsmi mövqeyimiz ondan ibarətdir ki, prinsipləri sonadək
çeynəmək faydasızdır. Minsk qrupunun həmsədr
dövlətlərinin rəhbərlərinin bəyanatında
prinsiplərin əsas maddələri səsləndirilib. Səslənən
hissəyə Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in
Astana sammitində müsbət cavab veriblər. Belə olan
halda, konkret müqavilə imzalamaq lazımdır. Elə bir
müqavilə imzalanmalıdır ki, burada tərəflərin
atacağı addımların bütün
ardıcıllığı öz əksini tapsın. Ona
görə də Azərbaycan Xarici İşlər Nazirliyi təkid
edir ki, həmsədrlər konkret sülh müqaviləsini hazırlamağa
başlasınlar. Hesab edirəm ki, həmsədrlər
müqavilə ətrafında işlərini aparacaqlar.
İki
sahil.- 2013.- 16 yanvar.- S.13.