Səbailin qaz təsərrüfatında yenidənqurma işləri sürətlənib

 

Mavi yanacaq təchizatını daha da yaxşılaşdırmaq, itkini minimuma endirmək məqsədi ilə 2012-ci ildə rayonda xeyli təmir-bərpa işləri həyata keçirilib

 

Əhalinin təbii qazla fasiləsiz və təhlükəsiz təmin edilməsi “Azəriqaz” İB-nin qarşısında duran ən mühüm vəzifələrdəndir. Məhz ötən müddət ərzində bu istiqamətdə ciddi işlər həyata keçirilib. Onun bir strukturu olan Nizami Qaz İstismar Sahəsi də rayon ərazisində qaz təchizatını daha da yaxşılaşdırmaq, qaz təsərrüfatının təhlükəsiz istismarını təmin etmək, qaz itkisinin qarşısını almaq məqsədi ilə 2012-ci ildə xeyli təmir-bərpa işləri görülüb.

QİS-in rəisi Sadıq Rəhimovun verdiyi məlumata görə, Səbail Qaz Istismar Sahəsi 31557 əhali, 716 qeyri-əhali abonentinə xidmət göstərir. İstehlakçılara təbii qaz altı ölçü qovşağından ötürülür və qazdan istifadə edən bütün istehlakçıların qaz sayğacları fəaliyyətdədir.

2012-ci il ərzində rayon sakinlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə podratçı təşkilatlar tərəfindən Badamdar qəsəbəsində müxtəlif diametrli 11 7941 metr, 3-cü  Yaşayış  Massivində müxtəlif diametrli 5953 metr, 1-ci yaşayış massivində 111958 metr yeni qaz xətləri çəkilmişdir. Hazırda rayon ərazisində 8853 sayda “İtron” smart qaz sayğacı fəaliyyətdədir ki, onun da 5183-ü 2012-ci il ərzində quraşdırılmışdır.

Ötən il ümumilikdə istehlakçılara satılmış təbii qazın dəyərinin 97.9 faizi ödənilmişdir. O cümlədən əhali üzrə 103.1 faiz, qeyri əhali sektoru üzrə ödəniş 90.8 faiz olmuşdur. İllik itki 21.9 faiz qeydə alınmışdır ki, bu da keçən illə müqayisədə  2.1 faiz azalma deməkdir.

S.Rəhimov bildirir ki, hələ də abonentlər tərəfindən qazın dəyərini ödəməkdən yayınanlar var. Həmçinin təbii qazdan qeyri-qanuni istifadə hallarına rast gəlinir. Qaz sayğaclarına edilən müdaxilələrin qarşısı sahə əməkdaşları  tərəfindən qanuna müvafiq şəkildə və dərhal alınır.

Ötən il ərzində 281 nəfərə qaz sayğaclarına müdaxilə faktına və 373 nəfərə isə  sərfiyyat fərqinə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Ümumilikdə 1549575 kubmetr itirilmiş qaz hesablanaraq abonent bazasına daxil edilmişdir. 281 vətəndaş tərəfindən 57984.70 manat ödənildikdən sonra qaz sayğacları quraşdırılmış və qeydiyyata götürülmüşdür.

Qaz kəmərləri üzərində və onların qoruq zonalarında 219 ədəd müxtəlif təyinatlı tikililər mövcuddur ki  bu da bizi çox narahat edir. Bütün qeyd olunan məsələrlə bağlı rayon icra hakimiyyətinə və hüquq mühafizə orqanlarına  müraciətlər edilmişdir.

Sahə rəisinin sözlərinə görə, təbii qazdan təhlükəsiz istifadə istiqamətində də xeyli işlər görülüb. Belə ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na əsasən yaşayış evlərində, ictimai binalarda və digər obyektlərdə qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işləri ildə 2 dəfə aparılır. Bu istiqamətdə aparılan tədbirlər nəticəsində yüzlərlə abonentin mənzilinə texniki baxış keçirilərək standartlara uyğun olmayan qaz cihazları istismardan çıxarılıb.

Mütəmadi olaraq abonentlər arasında maarifləndirmə işləri aparılır, onlar mövcud təhlükəsizlik qaydaları və təlimatları ilə tanış edilir. Bina və mənzillərin qarşısına təhlükəsizliklə bağlı plakatlar vurulur, broşürlər paylanılır. Bütün bunlar isə əhalinin təbii qazdan düzgün və səmərəli istifadəsinə imkan yaradır. Bundan sonra da abonentlərin təbii qazla normal, stabil, təhlükəsiz və itkisiz təchiz olunması üçün tədbirlər görüləcəkdir.

 

 

Elçin Zaman

 

İki sahil.- 2013.- 16 yanvar.- S.19.