“Fotoşəkillərin
söhbəti”
Dünən
Azərbaycan İstiqlal Muzeyinin
ekspozisiyasında 20 Yanvar faciəsinin
23-cü ildönümünə həsr olunmuş
eyni adlı sərgi təşkil olundu
Sərgi
Azərbaycan Fotoqraflar Birliyi
(AFB) ilə birlikdə hazırlanmışdı. İlk dəfə olaraq Azərbaycan
İstiqlal Muzeyində AFB üzvlərinin
- Fərid Məmmədovun, Asim
Talıbın, Mirnaib Həsənoğlunun,
Oleq Litvinin, Tahir Cəfərovun, Rauf Umudun və başqalarının 20 Yanvar faciəsini əks etdirən 30-dan
artıq
fotoşəkli nümayiş olundu. Həmçinin faciəni əks etdirən
AFB-nin hazırladığı slayd-şou göstərildi. Slayd-şouda Hüseyn Hüseynzadə, Fərid Məmmədov,
Asim Talıb, Rauf Umud, Mehdi Abbasov, Oleq Litvin, Tahir
Cəfərov, Mirnaib Həsənoğlu, Vüqar İbadov, Tural Əliyev, Ruqiyyə Rəsulova, Polad Qasımov, AzərTAc-ın fotoxronikasından
Yaşar Xəlilov, Oktay
Məmmədov, Fərid Xayrulininin
fotoları yer almışdı. Qeyd edək ki, muzeyə
Bakı İncəsənət Mərkəzi
Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli tərəfindən
verilmiş 20 Yanvar
hadisələrinin canlı şahidlərinin məktubları,
kitabları və digər əşyaları təqdim olunub.
Tədbirdə
Azərbaycan İstiqlal Muzeyinin
direktoru Fəridə Şəmsi, Azərbaycan
Fotoqraflar Birliyinin sədri
Mirnaib Həsənoğlu, Bakı İncəsənət
Mərkəzi Yaradıcılıq Birliyinin
baş direktoru Rafael Gülməmmədli, 20 Yanvar
hadisələrinin şahidləri çıxış etdilər. Azərbaycan
Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu “İki
sahil”ə eksklüziv
açıqlamasında bildirdi ki, sərgiyə AFB-nin
fotoları təqdim edilib: “Tədbirdə göstərilən slayd-şouda 15 nəfərə yaxın
fotoqrafın işləri toplanıb. O zaman
biz bu fotolarla
öz vətəndaş mövqeyimizi
göstərmişik. Əlbəttə, bu
fotoşəkillərin hər birinə sənət əsəri
demək olmaz. İlk
öncə bu şəkillər sənədli
informasiya daşıyır. Onlar elə tarixi sənədlərdir
ki, heç bir müzakirəyə, inkara
və ya təsdiqə ehtiyacı yoxdur. Bu sərgi 20 Yanvar 1990-cı ildə
Azərbaycan xalqının başına gətirilən
qanlı müsibətin daha bir göstəricisidir.” M.Həsənoğlu onu da xüsusi
olaraq qeyd etdi ki, sərgi 20 Yanvar faciəsi haqqında informativ
xarakter daşıyır. Öncəki illərdə
AFB İçərişəhərdə dəfələrlə
slayd-şou təşkil edib.
Sadəcə bu il məkan
dəyişikliyi edilib. Bu
cür sərgilərin silsilə xarakter daşıdığını söyləyən
AFB-nin sədri Tarix
muzeyində də slayd-şou keçiriləcəyini
dedi.
Sərgidə
AFB-nin üzvləri, 20 Yanvar
faciəsinin canlı şahidləri iştirak
etdilər.
Qonaqlara 20 Yanvar
faciəsinə həsr olunmuş sənədli
film nümayiş etdirildi və 20 Yanvar faciəsi
haqqında sorğu anketi
təqdim olundu.
Günel Eyyubova
İki sahil.- 2013.- 18 yanvar.- S.21.