AFFA və FİFA prezidentləri arasında görüş

 

AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə FİFA-nın prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilmişdir.

 

Son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə beynəlxalq futbol qurumunun rəhbərinə məlumat verən AFFA-nın prezidenti bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd etdi. Bildirdi ki,  Respublika Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə  ötən il  ölkəmizdə 17 yaşadək qadınlararası Dünya Çempionatı lazımi səviyyədə təşkil olundu. Bununla yanaşı son illər infrastrukturun genişləndirilməsi istiqamətində də xeyli işlər görülüb. AFFA tərəfindən beynəlxalq standartlara cavab verən 8 KM stadionu və Bayıl stadionu istifadəyə verilib və ölkəmizin müxtəlif ərazilərində  yeni stadionlar inşa olunur.

Bakı şəhərində tikilən Olimpiya, Sumqayıt və Qəbələ şəhər stadionları barədə FİFA prezidentinə ətraflı məlumat verildi. Qeyd olundu ki, AFFA bundan sonra da beynəlxalq futbol qurumu ilə əməkdaşlığını daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışacaq.

Regionda ilk dəfə olaraq ötən il ölkəmizdə keçirilən “FİFA U-17 qadınlararası Dünya Çempionatı Azərbaycan 2012”-nin yüksək səviyyədə təşkilinə dəstək verdiyinə görə Respublika Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirən FIFA prezidenti Yozef Blatter  AFFA rəhbərliyinin bu sahədə fəaliyyətindən razı qaldığını qeyd etdi. Bildirdi ki FIFA-nın regionda əsas tərəfdaşlarından birinə çevrilən AFFA digər beynəlxalq yarışları da təşkil etməyə hazır olduğunu təsdiqləyib: “FIFA U-17 qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin təntənəli  açılış mərasimində iştirak etdikdən və dövlət başçısı İlham Əliyevlə görüşdən sonra bir daha təsdiqlədim ki,  ölkənizdə  insan sağlamlığının ilkin mənbələrindən olan idmanın tərəqqisinə böyük diqqət yetirilir. Dünya çempionatının belə möhtəşəm şəkildə keçirilməsinin gələcəkdə digər ölkələr üçün nümunə hesab ediləcəyinə əminəm. Bir sözlə,  FİFA-nın 17 yaşadək qadınlararası Dünya Çempionatının ilk dəfə olaraq müsəlman ölkəsində - Azərbaycanda keçirilməsi ilə bağlı etimadını doğrultduğuna görə ölkənizin ictimaiyyətini təbrik edir və belə yarışlara ev sahibliyi etmək üçün təklifinizi daim yüksək dəyərləndirəcəyimizi bildiririk”.

Azərbaycanda inşa olunan stadionların maketləri ilə bağlı hazırlanan  məlumatlar əyani olaraq FİFA rəhbərliyinə təqdim olunduqdan sonra xatirə şəkli çəkdirildi. Görüşdə FİFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier, FİFA-nın üzv assosiasiyalarinkişaf üzrə direktoru Thierry Regenass və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Qeyd: Görüşdən sonra FİFA-nın prezidenti Yozef Blatter affa.azaffavideo.az saytlarına müsahibə verib. Müsahibə ilə yanvarın 22-də tanış ola bilərsiniz.

 

 

İki sahil.- 2013.- 22 yanvar.- S.6.