“Qaraca qız” yenidən səhnədə...
“Özünün 85 illik yubileyi çərçivəsində
2013-cü il Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı üçün
önəmli hadisələrlə zəngin olacaqdır”.
Xəbəri Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının direktoru,
Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Əməkdar artist Mübariz Həmidov verib.
O bildirib ki, artıq teatrda yeni ilin
ilk həftəsi 4 yeni
tamaşanın hazırlanmasına start verilib. S.S.Axundov və A.Şaiqin “Qaraca qız” əsəri
əsasında eyniadlı tamaşa üzərində
Xalq Artisti Vaqif Əsədov yaradıcılıq prosesi həyata keçirir.
Tamaşanın quruluşçu rəssamı
Qurban Məsimov, bəstəkarı Sərdar
Fərəcovdur. Səhnədə əməkdar artistlər Gülər
Nəbiyeva, Leyli Vəliyeva, Seyidşah Məmmədov, aktyorlar
Vüsal Mehrəliyev, Manaf
Dadaşov, Sona Babayeva, Güşvər Şərifova, Sevinc Mehrəliyeva, Simuzər Atakişiyeva,
Almaz Mustafayeva, Asya Atakişiyeva, Elşən
Çarhanlı, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova,
Kərəm Hadızadə, İlqarə Tosova,
İlham Əsədov, Nuriyyə Əliyeva
və başqaları çıxış edəcəklər.
M.Həmidov
qeyd etdi ki, teatrın yeni quruluşda tamaşaçılara təqdim edəcəyi
ikinci tamaşa bolqar yazarı Panço Pançevin “Dörd əkiz
qardaşın nağılı” əsəridir. Tamaşanın quruluşçu
rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır.
Əsas obrazlar üzərində əməkdar
artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər
Məmmədova, aktyorlar Günel
Məmmədova, Elnur Hüseynov,
Kərəm Hadızadə, Vüsal Mehrəliyev,
Anar Səfiyev, Zümrüd Quliyeva, Sona Babayeva və
teatrın başqa aktyorları
canlandıracaqlar.
Kollektivin hazırda üzərində
məşq etdiyi 3-cü tamaşa
İsveç yazarı və
tanınmış teatrşünas Lars Nurenin “Müharibə”
əsəridir. Tamaşada əsas
obrazları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban
İsmayılov, aktyorlar Nigar
Məmmədova, Roza İbadova,
Rasim Cəfərov ifa
edəcəklər.
Teatrın
direktorunun sözlərinə görə
hər il olduğu kimi bu il
də Novruz bayramı ərəfəsində
teatr məktəbliləri yeni
tamaşa ilə sevindirəcəkdir. Bu dəfə onlar M.Müfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm”
poeması əsasında səhnələşdirilmiş
eyniadlı tamaşanı izləyəcəklər.
Tamaşanın
quruluşçu rejissoru
Nicat Kazımovdur. Səhnə
əsərində əsas rolları Əməkdar artist Kəmalə Hüseynova,
aktyorlar Mehriban Hüseynova, Vüsal Mehrəliyev,
Ceyhun Məmmədov, Asya
Atakişiyeva, Elnur Kərimov,
Səfa Mehdi, Eşqin
Quliyev, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Müşfiq Əliyev
və başqaları ifa edəcəklər.
Qeyd edək ki,
sözügedən yeni tamaşaların
premyeraları bu ilin fevral və mart
aylarında baş tutacaqdır.
Günel Eyyubova
İki sahil.- 2013.- 22 yanvar.- S.29.