2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan
olunmuşdur
Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin
2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan kosmik ölkəyə çevrilir,
biz kosmik sənayenin
inkişafı ilə məşğuluq
İnformasiya cəmiyyətinə
keçidin təmin edilməsi, biliyə əsaslanan
iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında
ən müasir texnologiyaların tətbiqinin
genişləndirilməsi, elektron xidmətlərin
inkişaf etdirilməsi, Elektron
Təhlükəsizlik üzrə Milli Mərkəzin
Fəaliyyətinin inkişaf etdirilməsi rəqabət qabiliyyətli və ixrac yönümlü
İKT potensialının gücləndirilməsi qarşıda
duran prioritet vəzifələrdəndir.
Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında bütün sahələr kimi
İKT sektorunun perspektivləri ilə
bağlı dəyərli fikirlər səslənmişdir.
2003-cü
ildə ümummilli lider
Heydər Əliyevin fərmanı ilə regionda
ilk dəfə olaraq qəbul
olunmuş İKT-nin
inkişafı üzrə 10 illik Milli Strategiyanın fəaliyyət istiqaməti
ötən il başa
çatdı.
Görülən
işlər sayəsində İKT sektoru
2004-2013-cü illər üzrə hər üç
ildə təxminən iki dəfə
genişlənmiş, ötən il bu sektorda artım sürəti
təxminən 18 faiz olmuşdur
ki, bu göstərici ümumdünya orta
artım sürətindən təxminən 2,5 dəfə
yüksəkdir. Hesabat ilində bu sektora 400 milyon dollardan artıq investisiya qoyulmuşdur.
Respublikamızda internet istifadəçilərinin
sayının 70 faizə çatması da
İKT-nin inkişaf
göstəricisi kimi diqqətə
çatdırılmışdır. Müqayisə üçün bildirək ki,
inkişaf etmiş
ölkələrdə belə bu göstərici
20 faizi təşkil edir.
İclasda qeyd olunduğu kimi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft
Fondu Azərbaycanda “evlərə optika” modeli üzrə bütün yaşayış məntəqələrinə
yüksəksürətli, genişzolaqlı internet
xidmətlərini verən optik şəbəkənin
qurulması üzrə layihənin hazırlanmasına 103 milyon vəsait
ayrılmışdır. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında da əsas hədəf ucqar dağ kəndləri
də daxil olmaqla
sürətli, genişzolaqlı internetə
çıxışı təmin etmək, istifadəçilərin
sayını 85 faizə çatdırmaqdır.
Prezident İlham
Əliyevin əsas tövsiyələrindən biri
ölkə iqtsadiyyatının neft amilindən
asılılığını azaltmaq, insan kapitalını inkişaf
etdirməkdir. Bu gün
elə inkişaf etmiş
ölkələr vardır ki, onların təbii
sərvətləri çox
aşağı səviyyədədir. Amma
İKT vasitələrindən istifadə etməklə
bütünlükdə iqtisadiyyatlarının
inkişafına nail olurlar.
“ Azərbaycan 2020: gələcəyə baxış” İnikşaf Konsepsiyasının əsas hədəflərindən
biri də qarşıdakı on ildə İKT-nin illik artımını 18-20 faiz
həddində saxlamaqla sektorun
gəlirlərini 8-9 milyard dollara
çatdırmaqdır.
Son illərin ən yadda qalan hadisəsi isə
Azərbaycanda kosmik sənayenin
inkişafıdır. Azərbaycanın kosmik ölkəyə çevrilməsini tarixi hadisə adlandıran Prezident
İlham Əliyev İKT-nin
inkişafı istiqamətində görülən işləri,
elektron xidmətin genişləndirilməsini,
ölkənin prestiji, müasirlik
və yeni texnologiyaların, biznesin inkişafı baxımından əsas
fəaliyyət istiqaməti kimi dəyərləndirir:
“.. Biz kosmik sənayenin
inkişafı ilə məşğuluq və bir
neçə il bundan əvvəl
bunu təsəvvür etmək belə
çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir.”
Yaxın
günlərdə bütün dünya Azərbaycanın İKT ilə
bağlı daha bir
nailiyyətinin şahidi olacaq.
Ən önəmlisi odur ki,
Azərbaycan peykinin orbitə
çıxarılması regional müstəvidən
çıxaraq qlobal proseslərin əsas
iştirakçısına çevrilən ölkəmizin qətiyyətinin
ifadəsidir.
Artıq postsovet məkanından
çıxaraq müstəqil dövlət kimi
varlığını təsdiqləyən Azərbaycan son illərdə elə uğurlara
imza atmışdır ki,
hər bir vətəndaşımız bununla fəxr edə bilər. “ Onların
içində peykin buraxılması xüsusi yer tutur. Bu həm böyük məna
daşıyır, həm də bunun böyük rəmzi mənası vardır”
söyləyən Prezident İlham
Əliyev İKT-nin dinamik
inkişafı istiqamətində həyata keçirilən
layihələrin, müasirliyə , inkişafa
doğru atılan addımların
davamlı olmasını nəzərdə tutaraq 2013-cü ili Azərbaycanda
“ İnformasiya -kommunikasiya
texnologiyaları ili” elan
etmişdir.
Fevral ayında Azərbaycanın
ilk telekommunikasiya peykinin orbitə çıxarılması
planlaşdırılır. 3,2 ton həcmdə
olan və ABŞ-ın “Orbital”
şirkəti tərəfindən istehsal olunan, Fransanın “Arian”
şirkətinin orbitə çıxaracağı peyk resurslarının 20 faizi
ölkəmizin tələbatını ödəyəcək,
80 faizi isə dünya
bazarlarına ixrac olunacaq.
Artıq 40 faizin satışı ilə
bağlı şərti müqavilələr
imzalanmış, peyklərin idarə olunması regional idarəetmə mərkəzinin
yaradılması prosesi başa
çatdırılmışdır. Yer səthinin
müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına
başlanmışdır. Yer səthinin müşahidəsi
üçün Azərbaycan peykinin aşağı yer
orbitinə çıxarılması 2015-ci, ikinci
telekommunikasiya peykinin
orbitə çıxarılması isə 2016-cı ildə həyata
keçiriləcək. Bu texnologiyaları
idarə edəcək mütəxəssislərin
hazırlanması da diqqətdə
saxlanılır . Belə ki, son üç ildə 30 nəfər
ABŞ və Malayziyada peyklərin idarəolunması
üzrə uzunmüddətli kurslarda təlimlər
keçmişlər. BMT Baş
Məclisinin önəmli layihələrinin həyata
keçirilməsi, Yaxın Şərq Yüksəksürətli
İnformasiya Şəbəkəsinin
(EPEG) ölkəmizdə əsas və ehtiyat
qovşaqlarının quraşdırılması ilə Azərbaycanın
region ölkələrinə internet xidmətlərinin ixracı
artırılmışdır.
Aydındır
ki, tələbata və elmin
sürətli inkişafına uyğun virtual məkanda son zamanlar dünya ictimaiyyəti
tərəfindən istifadə olunan və
çox mühüm əhəmiyyət
kəsb edən bir sıra informasiya
resursları yaranmaqdadır.
Bu resurslar demək olar ki, internet mühitində formalaşmaqda olan “kollektiv beyin”in əsas tərkib hissəsidir
Hazırda ölkəmiz İKT-nin infrastruktur, yeni kadrlar ordusunun
yaranması baxımından
qabaqcıl respublika kimi tanınır.
Müasir texnologiyalardan istifadə
demək olar ki, gündəlik həyatımızın bir
parçasına çevrilib.
İndi Azərbaycanda İKT-nin tam formalaşması prosesi gedir.
Artıq
bizdə bloqsfera, demək olar, formalaşıb. Sürətlə
inkişaf edən sosial şəbəkə
nəinki iş yerlərində, hətta evlərdə belə ən çox izlənilən sahələrdəndir.
Bu, onun nəticəsidir
ki, daim inkişafda olan İKT-yə diqqətin artırılması dövlət
səviyyəsində həyata
keçirilir. İKT-dən istifadənin
səviyyəsinə görə
Azərbaycan MDB məkanında
liderliyini qoruyub saxlayır. Dünya İqtisadi Forumunun
hesabatında Azərbaycan
İKT-nin dövlət
səviyyəsində istifadəsinə
görə dünya ölkələri arasında
49-cu, dövlət hakmiyyət
orqanlarında İKT-nin
tətbiqinə görə
isə 31-ci pillədə
qərarlaşmışdır. Hesabatda ölkəmizdə İKT-yə
dair qanunvericilik və dövlət idarəsi amilləri də yüksək qiymətləndirilmişdir. Məktəblərdə internetə çıxış
səviyyəsinə görə
Azərbaycan 56-cı yeri,
biznesdə innovasiya potensialına görə isə 29-cu yeri tutmuşdur. Azərbaycan hökumətinin
İKT-nin tətbiqi üçün dövlət
hazırlığı reytinqi
də yüksək qiymətləndirilmişdir. Bu parametr üzrə ölkəmiz dünyanın
ilk 30 ölkəsi sırasında
yer almış,
İKT səhəsi üzrə
hökumət prioriteti
38-ci, qabaqcıl texnologiyaların
dövlət səviyyəsində
satın alınması-16-cı yerdə, gələcək
inkişaf baxımından
bu sektorun əhəmiyyətinə dövlət
diqqəti 40-cı yerdə
olmuşdur.
Bu statistik rəqəmlərdən də
aydın görünür
ki, Azərbaycanda bütünlükdə informasiya-
kommunikasiya sektoru çox uğurla inkişaf edir.
Ölkəmizdə elektron hökumətin
yaradılması ilə
bağlı konkret təkliflər verilir, layihələr tətbiq olunur. İnternet istifadəçilərinin 65 faizdən yuxarı olduğu ölkəmizdə
indi genişzolaqlı
internet geniş şəkildə
tətbiq olunur.
Texnologiyalar əsri olan müasir dövrümüzdə İKT sektorunun
genişləndirilməsinə, bu şəbəkədə
çalışacaq ixtisaslı
kadr və proqramçıların hazırlanmasına
dövlət səviyyəsində
diqqət artırılır.
Bütün sahələrdə liderliyini qoruyan Azərbaycanda təhsilin inkişafında İKT-dən
istifadəyə diqqət
artırılır.
İndi ölkə ərazisində fəaliyyət
göstərən bütün
ümumtəhsil məktəblərində
fənlər İKT -nin imkanlarından istifadə edilməklə
tədris olunur. Pedaqoji kollektivlər məktəblərdə
elektron kitabxanalardan, dərsliklərdən geniş
istifadə edirlər.
Hər il
yüzlərlə müəllim
İKT kurslarına cəlb
olunur. “Hər
şağirdə bir kompyuter” çağırışı
həyata keçirilir.
Ölkəmizdə elektron hökumət qurulmasına
hazırlıq məqsədilə
maraqlı tədbirlər
hazırlanır, tətbiq
olunur. Respublikada seçkilərin gedişini
izləmək üçün
məntəqələrdə yaradılan veb-kameralar proseslərin canlı izlənilməsini təmin
etməklə, eyni zamanda, obyektivlik və şəffalıq baxımından əhəmiyyətlidir.
Son illərdə dövlət qulluğuna işə qəbulun, ali məktəblərə
qəbul imtahanlarının
İKT-dən istifadə
etməklə həyata
keçirilməsi də
bu baxımdan əhəmiyyətlidir. İqtisadiyyatın
bütün sahələrinə
nüfuz edən
İKT-dən istifadə
etməklə müxtəlif
istiqamətlərə işləyən
nəqliyyat vasitələrinə
biletlərin alınmasına
də nail olmaq mümkündür.
Başqa sözlə deyilsə, İKT-nin daim inkişafda olan yeni texnologiyalarından
səmərəli istifadə
yeni imkanlar ortaya qoyur.
Bu texnologiyaların xidmətlərindən istifadə
etməklə dünyanın
ən ucqar əraziləri ilə belə əlaqə yaratmaq, işgüzar münasibətlər qurmaq,
elmi söhbətlər,
diskussiyalar aparmaq mümkündür.
Ali məktəblərdə
jurnalistika təhsili verən kafedralarla birgə iş aparılır, İKT fənni
ayrıca tədris olunur. Məqsəd isə gələcəkdə
mediada çalışacaq
kadrların hazırlanmasını
İKT-nin tələbinə
uyğunlaşdırmaqdır. Hazırda universitetlərdə
yeni texnologiyalardan istifadə qaydalarını
öyrədən fənlər
tədris olunur, onların iş prinsipləri öyrədilir,
kurslar yaradılır,
internet şəbəkələrinə qoşulma prosesləri sürətləndirilir.
Sıravi vətəndaşlar,
müxtəlif peşə
sahibləri arasında
da könüllü olaraq müasir texnologiyalardan, kompyuterlərdən
istifadəyə meyil artır. Keyfiyyətli və sürətli
internet, veb- internet studiyaları
yaradılır, tələbə
və müəllimlərin
işləməsi üçün
baza təşkil olunur.
Ən əsası odur ki, Azərbaycanda
İKT sahəsində təhlükəsizliyin
təminatı, neqativ
halların qarşısının
alınması üçün
qanunvericilik mövcuddur.
İnternet sivilizasiyanın indiyə kimi topladığı nələr
varsa, hamısını
dəyişir. Yəni bəşər tarixində
cəmiyyətə İKT qədər
inqilabi dəyişiklik
gətirə biləcək
elmi-texniki nailiyyət
olmayıb. Təbii ki,
hər yeniliyin təməlində inkişaf
amili dayanır. Uzaqları yaxın edən, “elektron yaddaş” sayılan İKT vasitələri
zamanın möcüzəsi
olmaqla insanlar arasında təmas, elmin inkişafına yardım edən ən səmərəli vasitədir.
Tez-tez eşitdiyimiz “Sosial şəbəkə,
sosial media” mövzusu gündəlik həyat tərzimiz kimi məişətimizə də
daxil olub.
Çox az
insan tapılar ki, mobil telefonlardan,
müxtəlif markalı
kompyuter və nootbuklardan istifadə etməsin. Mobil rabitədə
4G texnologiyalı stansiyaların
quraşdırılması İKT-nin ən müasir
növü olsa da sonuncu deyil.
Bunlar insanların rahatlığını
təmin edir.
Deyildiyi kimi, cəmiyyətin
inkişafı və təşəkkülü informasiya
texnologiyalarının, konkret
olaraq internetin imkanlarına əsaslanır.
Dünyada baş verən
sosial-iqtisadi hadisələr,
sosial şəbəkələrdə,
bloqlarda, yerləşdirilən
informasiyalar hər kəsi maraqlandırır.
Daha doğrusu dəqiq müəllifi bilinməyən,
kollektiv bir “məhsul” olan saytlardan hər kəs istədiyi və özünə lazım olan hissəni götürür.
Bu, artıq ənənəvi
haldır.
Bu cür interaktivlik sayəsində
sosial şəbəkə
yazılı və elektron KİV-ləri bir növ üstələyir.
Sosial
media inhisarçılıq mühitini dağıdır.
Başqa
sözlə, artıq
vertikal medianın yerinə horizontal media gəlir.
Yəni sosial media vətəndaş
cəmiyyətinin formalaşması
üçün başlıca
faktorlardan birinə çevrilir. Artıq insanlar
internet-texnologiyaların imkanlarından
istifadə edərək
bloqlar, sosial şəbəkələr vasitəsilə
təmas qururlar.
Məlum
olduğu kimi, internetin fəaliyyəti, hüdudları hər hansı bir ölkə ilə məhdudlaşmır, qlobal
xarakter daşıyır
və bütün bəşəriyyətin ümumi
sərvətinə çevrilir.
İKT-nin inkişafına
dair təşkil olunan beynəlxalq simpozium və konfranslarda müasir cəmiyyətin əsas özəyi olan internetin qanunauyğunluqları,
dəyərləri qiymətləndirilir,
yenilənir və təkmilləşdirilir. İKT-nin daha çox
tətbiq olunduğu medianın fəaliyyəti
ilə bağlı digər mühüm problemlərin, informasiya təhlükəsizliyinin, fərdi
məlumatların qorunması
isə qanunlarla tənzimlənir.
Xuraman İsmayılqızı
İki sahil.-
2013.- 23 yanvar.- S.3.