“Azərsu” kadr potensialını gücləndirir

 

ASC-nin Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlığı çərçivəsində İstanbul şəhərində təşkil edilən kurslarda Cəmiyyətin 80 mütəxəssisi təlimləri uğurla başa vurub

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilən daha bir layihə yekunlaşdı. “Azərsu” ASC-nin Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlığı çərçivəsində İstanbul şəhərində təşkil edilən təlim kursları qurtarıb, Səhmdar Cəmiyyətin 80 mütəxəssisi təlimləri uğurla başa vurub.

Dünən “Azərsu” ASC-də təlim iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə gənclər siyasətinin dövlətin prioritet  məqsədlərindən olduğunu xatırladaraq Səhmdar Cəmiyyətdə gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğuladı. Səhmdar Cəmiyyətin sədri ölkədə  həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bildirdi ki, işlərin keyfiyyətli icrasını təmin etmək məqsədi ilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırdı. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, təcrübəsinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verən “Azərsu” ASC-nin sədri ötən il 477 əməkdaşın müxtəlif sahələr üzrə təlim-tədris proseslərinə cəlb olunduğunu vurğuladı. “Bu sahədə Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlıq çərçivəsində 80 əməkdaşımızın İstanbul şəhər Sukanal İdarəsində təşkil olunan təlimlərdə iştirakını xüsusi qeyd etmək istərdim. Hər qrupda 20 nəfər olmaqla 4 qrup üzrə keçirilmiş təlimlərdə kimyaçılar, bioloq, mexanik, inşaatçı, energetik, layihəçi, hidrotexnik, metroloq, hidrogeoloqekoloqlar iştirak ediblər. Təlimlər Türkiyənin yüksək ixtisaslı ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən keçirilmişistehsalat sahələrində olan əməkdaşlarımıza texnoloji proseslərin  incəlikləri əyani şəkildə izah edilib. İstanbul şəhər Sukanal İdarəsi, Türkiyə Su İnstitutu və “TeknoYapı” şirkəti təlimlərin yüksək səviyyədə təşkilinə böyük dəstək göstərib. Bu işə dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm.”

Q.Hüseynov əlavə etdi ki, ölkədə gənclərin işlə təmin olunması, onlara şəraitin yaradılması, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm işlər görülür. “Bu istiqamətdə “Azərsu” da kifayət qədər işlər yerinə yetirir. Təkcə son iki ilə yaxın dövrdə Cəmiyyət 2118 nəfər işçi işə qəbul edib ki, onların da 1300-ü gənclərdir. Hazırda kollektivdə işləyən əməkdaşların 43 faizini gənclər təşkil edir.”

ASC-nin mühüm əhəmiyyətli layihələr həyata keçirdiyini diqqətə çatdıran Q.Hüseynov vurğuladı ki, dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiq olunan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində su sektorunun inkişafı xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, dövlət büdcəsindən investisiya qoyuluşunda su sektoruna ayrılan pay üstünlük təşkil edir. Prezident İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin 24 saat keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsini prioritet məqsəd kimi müəyyənləşdirmişdir. 2011-ci ildən başlayaraq həm büdcə vəsaiti, həm də beynəlxalq qurumlardan dövlət zəmanəti ilə cəlb olunan kreditlər hesabına bütün regionlarda layihələr reallaşdırılır. Bu gün 25-dən artıq rayon mərkəzində “Azərsu” işlərini həyata keçirir. 14 rayonda MeliorasiyaSu Təsərrüfatı ASC, Ərazilərin Bərpası Agentliyinin xətti ilə işlər görülür. Bundan başqa 277-ə qədər rayon kəndlərində layihələr reallaşdırılır. Eyni zamanda, Bakı şəhərinin kənd və qəsəbələrində, bir çox rayonlarda layihə işləri həyata keçirilir. Bildiyiniz kimi, Ceyranbatanda dünyada ilk dəfə olaraq ultrasüzgəc su təmizləyici qurğunun tikintisi bu il ərzində başa çatacaq. Qurğuda emal olunan su dünyanın bütün standartlarına cavab verəcək keyfiyyətdə olacaq. Məhsuldarlığı saniyədə 6 kubmetr olan yeni su təmizləyici qurğudur. Bununlar yanaşı, mərkəzi laboratoriyanın inşasının məqsədi də dünya standartlarına uyğun suyun keyfiyyətinə nəzarəti gücləndirməkdir. Yaxın gələcəkdə bir çox regionlarda, Bakı ətrafı sahil ərazidə 10-dan artıq sutəmizləyici qurğular inşa olunacaq.”

Q.Hüseynov tədbirdə onu da bildirdi ki, ötən il Cəmiyyət beynəlxalq layihələrdə uğurla təmsil olunub. Hollandiyanın Amsterdam şəhərində dünyanın ən nüfuzlu müsabiqələrindən olan Bentley Beynəlxalq Layihə Müsabiqəsinin (Be İnspired Awards) final mərhələsində ASC-nin layihəsi qalib olub. “Müsabiqəyə 270 şirkət öz layihəsini təqdim etdi. Ancaq “İçməli su, çirkab su və yağış sularının idarə olunmasında yeniliklər” kateqoriyası üzrə final mərhələsinə vəsiqə qazanan 3 şirkətin biri Azərbaycanın “Azərsu” ASC-nin AzərsuCİS layihəsi oldu. Ümumi qiymətləndirmə zamanı isə münsiflər heyətinin yekdil qərarı ilə AzərsuCİS layihəsi beynəlxalq müsabiqənin qalibi seçildi. Bu, “Azərsu”nun beynəlxalq, müasir texnologiyalara yiyələnməyini əks etdirən göstəricidir.”

“Azərsu” ASC-nin sədri bu il nəzərdə tutulan işlər barədə də məlumat verdi. Cari ildə “Azərsu”nun yeni inzibati binasının təməlinin qoyulması, Ceyranbatandan Pirallahıya qədər çəkiləcək magistral su xəttinin Balaxanıya qədər olan hissəsinin başa çatdırılması, ötən il ölkə Prezidenti tərəfindən təməli qoyulan Şirvan-Muğan kollektorunun Biləsuvara qədər olan hissəsinin tikintisinin başa çatdırılması və digər işlər nəzərdə tutulur.”

Türkiyə Su İnstitutunun sədri Ahmet Saatçı təlimlərdə iştirak edən azərbaycanlı mütəxəssislərin bilik və təcrübə səviyyəsindən razı qaldığını bildirərək qeyd etdi ki, tədris prosesində qazanılan bilik və bacarıqlar onların peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərəcək. “Gənc olmalarına baxmayaraq, iştirakçıların təlim prosesində yeni texnologiyalar və qabaqcıl təcrübələrin öyrənilməsinə böyük həvəs və maraq göstərdiklərinin şahidi olduq. Ümid edirəm ki, iştirakçılar təlimlərdə qazandıqları təcrübəni gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər.” Türkiyə Su İnstitutunun sədri A.Saatçı çıxışının sonunda ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” şüarını səsləndirərək Bakıda ilk dəfə olduğunu, buradakı gözəlliyə heyran qaldığını vurğuladı.

Türkiyənin “TeknoYapı” şirkətinin İdarə Heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirdi.  “Tədris prosesində mütəxəssislərin böyük marağının şahidi olduq. İştirakçılara Türkiyənin sukanalizasiya  infrastrukturu barədə ətraflı məlumat verdik və onların istehsalat sahələrinə ekskursiyalarını təşkil etdik. Təlimlər müxtəlif sahələr üzrə keçirilsə də biz kadrların hərtərəfli bilgi əldə etməsi üçün su təchizatı və kanalizasiya infrastrukturunun bütün incəlikləri barədə məlumat verdik.”

Tədbirdə çıxış edən, təlimlərdə iştirak edən “Azərsu” ASC-nin əməkdaşları Fuad Cavadzadə və Ülkər Həsənova təlimlərdə qazandıqları bilik və təcrübəni gələcək fəaliyyətlərində tətbiq edəcəklərini bildirdilər.

Tədbirin sonunda təlimlərdə müvəffəqiyyətlə iştirak etmiş gənc mütəxəssislərə sertifikatlar təqdim olundu.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2013.- 23 yanvar.- S.11.