“Günəşli”
yatağında quyu fondu üzərində iş
genişlənir
“28 May” NQÇİ-nin kollektivi
2012-ci ildə 5 010 541 ton neft hasil etmiş, dövlət
tapşırığının öhdəsindən 100,3% gəlmişdir
Bu
gün danılmaz bir faktdır ki, Azərbaycanın yeni neft
strategiyası müxtəlif sahələrdə köklü
islahatların aparılmasına, misilsiz nailiyyətlərin
qazanılmasına gətirib çıxarmışdır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf və tərəqqi konsepsiyasının Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərin
əsasını təşkil edir. Ölkədə gedən
müsbət proseslər, sürətli iqtisadi artım, o
cümlədən neft-qaz sənayesinin nailiyyətləri
ümumi yüksəlişə, dövlətçiliyin
möhkəmlənməsinə, Azərbaycan xalqının
rifahının yaxşılaşmasına xidmət edir.
Ötən əsrin 70-ci illərində
Xəzər dənizinin Azərbaycan sektorunda ölkəmizin
inkişafının, iqtisadi yüksəlişinin təməli
olan və hələ uzun illər xalqımızın
rifahının yaxşılaşdırılmasında
xüsusi rol oynayacaq “Azəri” və “Çıraq”la
yanaşı “Günəşli” yatağı da kəşf
olundu və ölkə neftçilərinin qüvvəsi ilə
istismara cəlb edildi. Bu gün “28 May” NQÇİ-nin əməksevər
kollektivi qəhrəman sələflərinin ənənələrini
əzmlə davam etdirirlər.
“28
May” Neftqazçıxarma İdarəsinin
rəisi Rövşən Qarayev deyir ki, ulu
öndər Heydər Əliyevin qalibiyyətli neft
strategiyasının reallaşması ilk
növbədə neft sənayesinin modernləşməsinə,
eyni zamanda ARDNŞ-in öz
inkişafının keyfiyyətcə yeni
mərhələsinə yüksəlməsinə səbəb olmuşdur.
Hazırda bu uğurlu
siyasəti Prezident İlham
Əliyev layiqincə davam etdirir.
Ölkə başçısının diqqət və
qayğısı sayəsində neft sənayesinin
maddi-texniki bazası gücləndirilib,
mütərəqqi texnologiyaların tətbiqinə diqqət xeyli artırılıb.
İdarə rəisi ilə söhbətimizin
davamında o bildirdi ki, dəniz neftinin flaqmanı olan
NQÇİ-nin kollektivi 2012-ci ilin yanvar-dekabr aylarında 4 995
800 ton plana qarşı faktiki olaraq 5 010 541 ton neft hasil
etmiş, dövlət tapşırığının
öhdəsindən 100,3% gəlmişdir. Bu dövr ərzində
dövlətə 4 992 006,985 ton “qara qızıl” təhvil
verilmiş, qaz hasilatı 6 021 939 min m3 təşkil
etmişdir. Mədənçilər keçən ilin
müvafiq dövrünə nisbətən qaz
satışını 37 456,892 min m3 artırmağa müvəffəq
olmuşlar. Yerin təkindən hasil edilmiş qazın 1 072 027
min m3 səmt qazı, 4 949 912 min m3 isə təbii qaz
olmuşdur. İl ərzində “28 May” NQÇİ-nin əməkçiləri
dövlətə 5 634 563,036 min m3 “mavi yanacaq” təhvil
vermişlər.
Rövşən müəllim qeyd edir
ki, hesabat dövründə NQÇİ-nin istismar fondunda 277
(2011-ci ildə - 269) quyu olmuşdur ki, bunun da 258-i fəaliyyətdə
olan quyu fondunu təşkil etmişdir. Müqayisə
üçün deyək ki, ötən il fəaliyyətdə
olan quyu fondu 249 quyu təşkil etmişdir. Fəaliyyətdə
olan quyulardan 173-ü qazlift, 85-i isə fontan üsulu ilə
istismar olunmuşdur. Nəticədə yanvar-dekabr aylarında
qazlift üsulu ilə 3 669 729 ton, fontanla 1 340 812 ton “qara
qızıl” çıxarılmışdır.
Söhbətdən məlum olur ki,
2012-ci ildə fəaliyyətsiz fonddan istismara 3 quyu daxil
edilmişdir. Fəaliyyətsiz fonddan istismara daxil edilən
quyulardan 9 285 ton neft hasil olunması nəzərdə tutulduğu
halda xeyli çox - 26 753 ton neft alınmışdır ki, bu
da plandan təxminən üç dəfə çoxdur.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə
fəaliyyətsiz fonddan daxil olan quyuların sayı 2 quyu az
olsa da, əldə edilən səmərə demək olar ki, bərabər
olmuşdur.
Yanvar-dekabr aylarında qazmadan 7-si neft,
4-ü qaz quyusu olmaqla 11 quyu alınmış, faktiki olaraq fəaliyyətdə
olan quyu fonduna 12 təzə quyu daxil edilmişdir. Təzə
quyulardan hasilat 121 145 ton nəzərdə tutulmasına
baxmayaraq mədənçilərin intensiv fəaliyyəti nəticəsində
faktiki 211 103 ton “qara qızıl” təşkil etmişdir ki,
bunun da 20 924 tonu kondensat olmuşdur. Keçən ilin
müvafiq dövrü ilə müqayisədə təzə
alınmış quyuların sayı 1 ədəd azalsa da,
lakin hasil edilən neft 81 698 ton artıq olmuş, proqnoz 174,3%
yerinə yetirilmişdir.
Rövşən
müəllim göstərir ki, fəaliyyətdə
olan quyu fondunu saxlamaq və neft hasilatını artırmaq məqsədilə
hesabat dövründə 31 geoloji tədbir həyata keçirilib.
Bu tədbirlər
nəticəsində 145 443 ton neft hasil olunmuşdur.
Ötən ilin yanvar-dekabr
aylarında “28 May” NQÇİ-də plan üzrə 160 texniki tədbir
əvəzinə 192 texniki tədbir həyata
keçirilmiş və nəticədə
nəzərdə tutulduğundan 959 ton çox - 20 959 ton neft
alınmışdır. Əvvəlki ilin
müvafiq dövrü
ilə müqayisədə 1 tədbir artıq keçirilmiş
və əldə olunan səmərə də
334 ton çox olmuşdur.
Quyularda hasilatın səviyyəsinin
saxlanılması məqsədilə geoloji-texniki
tədbirlərlə yanaşı əsaslı və cari təmirlərin aparılması da vacib amillərdəndir.
Bu
baxımdan 2012-ci il boyu
NQÇİ-də 74 əsaslı təmir planına qarşı
81 təmir və 66 yeraltı təmir planına qarşı
74 cari təmir işləri
aparılması təqdirəlayiq haldır. 11 aylıq
göstəricilərə görə bir əsaslı
təmirin orta dəyəri 130757,8 manat, bir yeraltı təmirin
orta dəyəri isə 9529,9 manat təşkil etmişdir.
Bildirilir ki, yataqların
əksəriyyəti istismarın son mərhələsində
olduğundan, lay təzyiqinin
saxlanması və layların neftveriminin
artırılması məqsədilə laylara
su vurulması üsulu
da tətbiq edilir.
2012-ci ildə bu məqsədlə laylara ötən ildəkindən 521 136 m3 çox - 2 769 916 m3 su vurulmuş və bunun
hesabına xeyli izafi neft hasil olunmuşdur.
İdarə
rəisi Rövşən Qarayev
vurğulayır ki, iki
min altı yüz nəfərdən
çox zəhmət adamını birləşdirən
əmək kollektivi keçən ilin əvvəlindən götürülmüş
yüksək templəri 2012-ci ilin sonunadək
aşağı salmayaraq illik
tapşırıqları layiqincə yerinə yetirməyə
çalışmış, 1 ton neftin maya dəyərini plan üzrə 40,76 manatdan
38,50 manata salmağa
müvəffəq olmuşdur.
İçməli su və qaz sərfində də xeyli
qənaət əldə edilmişdir. Beləliklə, açıq dənizdə il boyu üstünlük
təşkil edən küləkli, qasırğalı,
qışın qarlı-şaxtalı hava
şəraitində dəniz neftçiləri növbəti dəfə
bütün sınaqlardan üzüağ
çıxdılar. İstehsalat prosesində
qarşılaşdıqları cüzi
problemləri daxili imkanlar
hesabına uğurla yoluna
qoyan “28 May” NQÇİ-nin əməksevər
işçiləri yeni ilin
əvvəlindən neft-qaz
hasilatının sabitləşdirilməsi və daha da yüksəldilməsi
məqsədilə əzmlə çalışırlar.
İlqar
Məmmədli
İki
sahil.- 2013.- 30 yanvar.- S.24.