G.Ottinger: Bakı Moskva, Monte Karlo və Parisin sintezidir 

 

Avropa İttifaqının enerji məsələləri üzrə komissarının paytaxtımız haqqında söylədiyi dəyərli sözlər, Davos İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçirilməsi, dinamik inkişaf edən Azərbaycanın daha bir estafetə sahib olması ölkəmizlə dünya dövlətləri arasında möhkəmlənən əməkdaşlığın ifadəsidir

 

Müasir, qloballaşan dünyanın siyasi-iqtisadi mənzərəsinin yeniləşməsi əsrlər boyu mədəniyyətlərin, sivilizasiyaların mərkəzi kimi tanınan Azərbaycanın həyatında əsaslı dəyişikliklərlə müşahidə olunur. Müstəqillik əldə etdikdən sonra dövlətçiliyin möhkəmlənməsi ilə siyasi-iqtisadi sahədə nəzərəçarpacaq dönüşün yaranması, demokratik proseslərin güclənməsi, qanunların aliliyi, insan hüquqlarının müdafiəsi və qorunması sahələrində çox önəmli islahatlar aparılır.

 

“Biz əlbəttə, iqtisadi müstəvidə də transformasiyaya çox böyük önəm vermişik və veririk. Ona görə də iqtisadi sahəni inkişaf etdirmədən və güclü iqtisadiyyat qurmadan siyasi islahatlar mümkün deyildir. Ona görə də biz islahatları paralel olaraq həm siyasi, həm iqtisadi müstəvidə apardıq. Siyasi və iqtisadi islahatlar biri- birini dəstəkləmişdir və bugünkü Azərbaycan onu göstərir ki, biz düzgün yolu seçdik və düzgün işlər görürük” vurğulayan Prezident İlham Əliyevin bildirdiyi kimi, son on ildə ölkəmizdə inkişaf davamlı dinamikası ilə seçilir. Son illərdə iqtisadiyyatımız üç dəfə, yəni 300 faiz artmış, sənayedə liberallaşma prosesi sürətlənmiş, sosial problemlərin həllinə diqqət daha da çoxalmışdır. Ölkədə aparılan islahatlar nəticəsində səkkiz ildə yoxsulluq 6, avrozonada 10,8 faiz olan işsizlik səviyyəsi 5,2 faizə endirilmişdir. 13,8 faiz olan əhalinin pul gəlirləri ilə inflasiya arasında fərq 10 faizdən çoxdur. 2013-cü ildə dövlət büdcəsində sosial yönümlü gəlirlərin artması əməkhaqqı və təqaüdlərin yüksəldilməsinə, ipoteka kreditlərinin ayrılmasına imkan verəcək. Beləki 2013-cü ildə 1500-ə yaxın ailə ipoteka kreditləri hesabına mənzil problemlərini həll edə biləcək. SSRİ dövründən qalan əmanətlərin qaytarılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Bu günədək 2 milyon manatdan artıq əmanət hesabı üzrə birdəfəlik ödəniş həyata keçirilib. İxracı idxaldan bir neçə dəfə yüksək olan ölkəmizin ÜDM-nin 70 faizini təşkil edən strateji valyuta ehtiyatları 46, dövlət büdcəsi 25 milyard dollara çatdırılmış, qeyri -neft sektorunda artım 9,7 faizi təşkil edir. Ölkədə İKT-nin inkişafına göstərilən diqqətin bariz nümunəsi Prezident İlham Əliyev sərəncamı ilə 2013-cü ilin informasiya texnologiyaları ili elan olunması, kosmik sənayenin inkişafının nəticəsi kimi ilk peykimizin orbitdə yerləşdirilməsinə hazırlığın sürətləndirilməsidir. “Azərbaycan -2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsində də məqsəd bu günə qədər 3 dəfə artan iqtisadiyyatımızı qarşıdakı on ildə daha 2 dəfə artırmaq, ölkəmizi adambaşına düşən yüksək gəlirli ölkəyə çevirməkdir.

İqtisadiyyatımızın dinamik inkişafı mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Fərəhlə demək olar ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında iqtisadiyyatı, investisiya reytinqi almış ilk və yeganə ölkədir. Davos İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətinə görə 46-cı, MDB-də birinci yerdədir. Əsas reytinq agentliklərindən olan “Fitch” , “Standart & Poor’s”, “Moody’s” Azərbaycanın kredit reytinqlərini artırırlar.

Azərbaycanın dünya enerji bazarında güclənən mövqeyi demək olar ki, bütün beynəlxalq görüş və mərasimlərin ən aktual və dəstəklənən mövzularındandır. Beynəlxalq səviyyədə səslənən “XXI əsrdə inkişaf üçün böyük potensial vardır” söyləyənlər ilk növbədə bildirirlər ki, enerji təhlükəsizliyi müasir dünyada əsl insan dəyəridir, biz bunu dəstəkləyib davam etdirməliyik. BTC və BTƏ neft -qaz kəmərlərinin çəkilişi ilə xüsusilə də Avropa ölkələrinin yanacağa tələbatının 35-40 faizinin Azərbaycanın resursları hesabına ödənilməsi gələcəkdə bu göstəricinin 50-70 faizə çatdırılması ilə bağlı proqnozlar ölkəmizə marağı artırmaqdadır. Təsadüfi deyil ki, ötən illərin tarixi hadisəsi, Türkiyə ilə Azərbaycanın birgə tərəfdaşlığı ilə ərsəyə gələcək TANAP layihəsində iştirak etmək istəyənlərin sırası genişlənməkdədir.

Ölkəmizin artan iqtisadi, siyasi imkanları demokratiya və diplomatiya sahəsində də özünü büruzə verir. Xarici ölkələrdə 70-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərən Azərbaycanın 155 səslə BMT-nin Təhlükəsizlik Şurasının qeyri -daimi üzvü seçilməsi, qurumun sessiyasına sədrliyi dövründə siyasi və təhlükəsizlik baxımından əhəmiyyətli 3 qətnamənin qəbulu, MDB məkanından yeganə olaraq ölkəmizin Meksikada keçirilən “Böyük iyirmiliyin” (G-20) işçi toplantısında iştirakı, NATO-nun etibarlı və sadiq tərəfdaşı kimi alyansın Çikaqo sammitində Dağlıq Qarabağla əlaqədar qətnamənin qəbulu, Seulda keçirilən nüvə təhlükəsizliyə qarşı mübarizəyə həsr olunmuş zirvə toplantısında Prezident İlham Əliyevin məntiqi çıxışının dəstəklənməsi, dünyanın əksər ölkələrinin mövqeyini birmənalı olaraq birləşdirən və Qoşulmama Hərəkatında münaqişələrin yalnız ərazi bütövlüyü çərçivəsində həlli barədə ədaləti əks etdirən bəyannamənin qəbulu Azərbaycan xarici siyasətinin uğurları olmaqla ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin ifadəsidir.

Azərbaycanın dünya birliyində nüfuzunu artıran belə misallardan çox çəkmək olar. Azərbaycan həqiqətlərinin, iqtisadi inkişafının xarici ölkələrin mətbuatlarında yer alması, tanınmış ekspertlər, siyasi xadimlər və dövlət başçıları tərəfindən etiraf olunması artıq adi haldır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsində Cənubi Qafqaza həsr olunmuş dinləmələrdə regionun təhlükəsizlik mühitində Azərbaycanın müsbət rolu, onun sabitlik faktoru olması xüsusilə qeyd edilmiş, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilmişdir.

Aİ-nın enerji məsələləri üzrə komissarı Günter Ottingerin bildirdiyi kimi, Bakı Moskva, Monte Karlo və Parisin sintezidir: “Bakının müasir infrastrukturu, mədəniyyəti və sakinlərinin dinamikliyi xüsusilə vurğulanmalıdır. Keçmiş SSRİ-nin digər respublikalarından fərqli olaraq Azərbaycan yaxşı inkişaf yolundadır.”

Almaniyanın “C-Tour” nəşrində dərc olunmuş yazıda bildirilir ki, Bakıda heyrətamiz fıiravanlıq yaranıb: “Azərbaycanın digər ərazilərində də istehlak səviyyəsi durmadan artır, xalqın həyat şəraiti yaxşılaşır. Hökumət uğurlu iqtisadi strategiya seçib və Azərbaycan xalqı iqtidarı dəstəkləyir. Bakının infrastrukturu Qərb standartlarından heç də geridə qalmır, indi isə rayonları bu səviyyəyə yaxınlaşır.”

Azərbaycanın dinamik inkişafı BƏƏ-nin “Gulf News” qəzetində də işıqlandırılır. Ölkəmiz haqqında yazıda qeyd olunur ki, Azərbaycan təkcə enerji resurslarının zənginliyi ilə deyil, həm də yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər idman yarışları və digər tədbirlərlə də dünyanın diqqətini cəlb edir.

Beynəlxalq səviyyəli möhtəşəm tədbirlərə ev sahibliyi baxımından Azərbaycanı xoşbəxt ölkə adlandırırlar. Təkcə ötən il ölkəmizdə keçirilən mərasimlər çəkisi və əhəmiyyətinə görə diqqəti cəlb edir. “Eurovision-2012” nin təşkilini heyrətamiz adlandıran xarici qonaqlar Azərbaycanın sosial-iqtisadi inkişafını, beynəlxalq standartlara cavab verən infrastrukturunu, tarixi və mənzərəli güşələrini düşünülmüş siyasətin uğurlu nəticələri, təbiətin möcüsəsi adlandırdılar. Müasirliyi, gözəlliyi ilə qonaqları valeh edən “Grustal Hall”da yaradılan şəraitdən məmnun qalan iştirakçılar kimi ölkəmizə gələnlər də bu möhtəşəmlik qarşısında aciz qaldıqlarını etiraf etdilər.

Ötən ilin yadda qalan hadisələrindən bir də Bakıda keçirilən 23-cü Krans Montana Forumu oldu. Forumda iştirak edən dövlət başçıları, parlament nümayəndələri, tanınmış siyasətçi və ziyalılar, biznes dairələrinin təmsilçiləri bildirdilər ki, sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən qədim odlar diyarı Azərbaycanın bu sahədə təşəbbüsləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. 2011-ci ildə Brüsseldə keçirilən Krans Montana Forumunda Prezident İlham Əliyev bu təşkilatın ən ali təltifinə - “Prix De La Fondation” mükafatına, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, beynəlxalq səviyyədə keçirdiyi layihələrin əhəmiyyətinə görə fərqlənən Mehriban xanım Əliyevanın forumun Qızıl medalına layiq görülməsi ölkəmizə, xalqımıza etiram və hörmətin ifadəsi olmaqla beynəlxalq sorğularda ən təcrübəli siyasətçi, bacarıqlı dövlət başçısı nominasiyalarına görə siyahıya başçılıq edən Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsidir.

Mərasimdə çıxış edən Forumun təsisçiçi və prezidenti Jan Pol Karteron qeyri-adi nəticələr əldə edərək liderliyini saxlayan Azərbaycanın daha böyük məqsədlərə çatmaq niyyətlərinin reallığına şübhə etmədiyini, Heydər Əliyev Fondunun gördüyü işlərdən heyrətə gəldiyi bildirdi: “Biz bilirik ki, ölkəniz xüsusi əhəmiyyət kəsb edən oyunçuya çevrilir. Həm sosial, həm mədəni, həm də humanitar sahələrdə siz get-gedə dünyaya daha çox açılırsınız. Təbii ki, məqsəd sırf yaxşı, xeyirxah işlər görməkdən ibarət deyildir. Məqsəd ondan ibarətdir ki, burada iradə vardır, razılıq vardır. Biz bilirik ki, Azərbaycan Avropa İttifaqının enerji təchizatçılarından biridir. Biz görürük ki, bu qarşımızda o tarix yazılır. Artıq bizim əlimizdə məşəl yanır. Bu məşəl, alov artıq güclənir. Məhz belə hisslərlə, cənab Prezident, mən bildirirəm ki, bu Sizin fəaliyyətiniz sayəsində hasilə gələn işlərdir.”

Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkəmizin sürətli inkişafını bu sözlərlə etiraf edir: “Baxın indi Azərbaycana. Belə inkişaf kimin ağlına gələrdi.”

Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda da Azərbaycan haqqında xoş sözlər deyildi. Qeyd olundu ki, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. 62 ölkəni təmsil edən 600-dən artıq qonağın, on sabiq prezidentin, 11 Nobel mükafatçısının, məşhur elm xadimlərinin, dünya mədəniyyət elitasının iştirak etdiyi Forumda bir daha səsləndi ki, qitələri birləşdirən Azərbaycan sivilizasiyalararası dialoqun gücləndirilməsində, AŞPA-nın və İƏT üzvü kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. “Dünyada bir neçə ölkə vardır ki, hər iki təşkilatın üzvüdür. Avropadan Azərbaycana baxdıqda bəzi hallarda Azərbaycan Asiya ölkəsi kimi təqdim olunur. Asiya tərəfindən Azərbaycana baxdıqda Avropa ölkəsi kimi təqdim edilir. Yəni, deyə bilərəm ki, Azərbaycanda bu sintez- mədəniyyətlərin sintezi mövcuddur. Demək olar ki, bu bizim milli mənliyimizi şərtləndirən amillərdən biridir” söyləyən Prezident İlham Əliyev bildirir ki, güclü dövlət bizim ümummilli fikrimiz, ideyamızdır ki, bu təməlin əsasını da insana qayğı təşkil edir. Qeyd olunduğu kimi, Azərbaycan bu forumu təşkil etməklə ciddi uğura imza atmışdır. Forum dünyanı narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır. Bakıda müxtəlif dinləri təmsil edən ali rəhbərlərin iştirakı ilə keçirilən sammitlərdə də belə bir fikir səsləndi ki, Azərbaycan tolerant, multikulturalizm meyillərinin gücləndiyi iqtisadi inkişafı ilə fərqlənən ölkədir. Azərbaycanda tolerantlıq ideya yox, gerçəklikdir.

Tək ölkədə deyil sərhədlərimizdən kənarda belə bədxahlarımızı qısqandıran nailiyyətlərimizin Azərbaycana xas uğurlar adlandırılması da təsadüfü deyil. XXX London Yay Olimpiadasında qazandıqları 10 medalla vətənə dönən gənclərimiz qələbələri ilə Azərbaycan idmanının tarixinə daha bir ev sahibliyi şansının təməlini qoydu. 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu da siyasi sabitliyi, iqtisadi inkişafı ilə dünya dövlətləri arasında seçilən ölkəmizə inam və marağın ifadəsidir.

Hər il ənənəvi olaraq keçirilən Davos Dünya İqtisadi Forumunda ölkəmizin qüdrətinin nümunəsi kimi daha bir təşəbbüs səsləndi.

Forumda iştirak edən Prezident İlham Əliyevlə görüşdən, əlaqələrin son illərdə inkişaf edərək yeni mərhələyə daxil olmasından məmnunluğunu bildirən Forumun icraçı sədri Klaus Şvabın təklifinə əsasən Ümumdünya İqtisadi Forumunun aprel ayında Bakıda keçirilməsi qərara alındı. K. Şvab ümidvar olduğunu bildirdi ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcəkdir. Bu inamı şərtləndirən amillər isə yetərincədir. 2020-ci ilə qədər Azərbaycanın inkişaf konsepsiyası var. Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir. Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycan xalqının birmənalı dəstəyini və yüksək etimadını qazanmış, bütün sahələrdə xalqına arxalanır və ondan güc alır. Beynəlxalq aləm isə Azərbaycanın siyasi palitrasında Prezident İlham Əliyevə alternativ görmür.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2013.- 30 yanvar.- S.7.