Ramiz Mehdiyev: Təhsildə informasiya
texnologiyalarının tətbiqi korrupsiyaya qarşı
mübarizədə səmərəli alət olacaqdır
Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyasının məlumatı
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini
aidiyyəti qurumlardan tələb etmişdir. Prezident İlham Əliyev
tapşırmışdır ki, xüsusi olaraq təhsil sahəsində
bu mübarizəni daha səmərəli təşkil etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyasında bu məsələ müzakirə olunsun.
Komissiyasının 2013-cü il yanvarın 26-da təhsil idarəçiliyinə
məsul vəzifəli şəxslərin iştirakı ilə
geniş tərkibli iclası keçirilmişdir.
İclasda geniş məruzə ilə
çıxış edən Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyanın sədri
Ramiz Mehdiyev təhsildə olan problemlərə toxunmuş,
islahatların və xüsusilə korrupsiyanın
qarşısının alınması məqsədilə əlavə
tədbirlərin daim və davamlı şəkildə həyata
keçirilməsinin çox mühüm olmasını qeyd
etmişdir. O, təhsildə həm idarəçiliyin təşkili,
həm də məzmunun keyfiyyəti ilə bağlı
problemlərin olmasını vurğulamış və bu
halların aradan qaldırılması üçün təxirəsalınmaz
tədbirlərin görülməsinə ehtiyac olduğunu
vacib saymışdır.
Komissiyanın sədri ali təhsil
müəssisələrində dekanlıqların məsuliyyətinin
artırılmasını və şəffaflığın
təmin olunmasını, kafedraların, müdafiə
şuralarının fəaliyyəti, dərsliklərin keyfiyyəti
və müasir tələblərə uyğun olmaması,
kitabxanaların elektron xidmət potensialının və
universitetlərin internet səhifələrinin
aşağı səviyyəsi, müasir ixtisaslara tələbin
olması kimi məsələləri vurğulamış və
tədrisin keyfiyyətinin artması üçün bu istiqamətdə
təxirəsalınmaz tədbirlərin görülməsinin
zəruriliyini bildirmişdir.
Tələbələrin ərizə və
müraciətlərinin araşdırılmasından
danışan Komissiya sədri universitetlərin idarə edilməsində
tələbələrin ehtiyaclarının nəzərə
alınması, sosial şəbəkələrdə təhsillə
bağlı fikirlərinin təhlil edilməsi və buna
adekvat tədbirlərin həyata keçirilməsi ilə
bağlı məsələlərə toxunmuşdur. Bundan əlavə,
Komissiyanın sədri orta və texniki peşə təhsili
sahəsində çatışmazlıqların
qalmasını və bu barədə iradlarını iclas
iştirakçılarına çatdırmışdır.
İclasda xüsusi olaraq ali təhsil müəssisələrində
müəllimlərin maaşlarının
artırılması ilə bağlı fikirlərini qeyd edən
Komissiyanın sədri ödənişli təhsildən daxil
olan vəsaitlərdən müəllimlərin əmək
haqlarına edilən əlavələr üzrə vahid
qaydalara ehtiyac olmasını bildirmişdir.
Komissiya sədri, həmçinin
universitetlərdə fəaliyyət göstərən tələbə
gənclər təşkilatlarının fəaliyyətinə
toxunmuş, təşkilatların rəhbərliyinə
nüfuzlu gənclərin cəlb olunmasını və
onların fəaliyyətlərinin genişləndirilməsi
üçün zəruri şəraitin
yaradılmasını vurğulamışdır. Sədr
başqa universitetlərdən olan tələbə
köçürmələri və təkrar ali (ikinci) təhsilin
təşkili ilə bağlı məsələlər
üzrə də ciddi iradları səsləndirmişdir.
Komissiyanın sədri
çıxışında ümumtəhsil məktəblərinin
fəaliyyətində olan nöqsan və problemlərə
geniş yer ayıraraq, əmin olduğunu bildirmişdir ki,
qısa müddətdə görülmüş tədbirlər
nəticəsində bu sahədə dönüş
yaranacaqdır.
İclasda çıxış edən
Komissiyanın üzvü, Azərbaycan Respublikasının
baş prokuroru Zakir Qaralov təhsil sahəsində korrupsiya və
digər mənfi hallar barədə vətəndaşlar tərəfindən
daxil olan müraciətlər və bu sahədə aparılan
cinayət işləri barədə məlumat vermişdir. O
bildirmişdir ki, 2010-2012-ci illər ərzində Baş Prokurorluq tərəfindən
təhsil sahəsində qanun pozuntuları ilə bağlı
536, o cümlədən “161-Qaynar xətt” əlaqə mərkəzinə
daxil olmuş 429 müraciətə baxılmış, 72 cinayət
işi istintaq olunmaqla, bir sıra hallarda təxirəsalınmaz
əməliyyat tədbirləri keçirilərək təqsirli
şəxslər cinayət başında yaxalanmışlar.
Baş prokuror daxil olmuş müraciətlərin və
istintaq edilmiş işlərin ümumiləşdirilməsi əsasında
təhsil sahəsindəki mənfi halların
qarşısının alınması üzrə bir sıra
təkliflər vermişdir.
İclasda çıxış edən
təhsil naziri Misir Mərdanov ali təhsildə 2010-2011-ci təhsil
ilindən tətbiq edilən yeni maliyyələşmə
mexanizminin məqsədləri və səmərəsindən
danışmış, qeyd etmişdir ki, bu mexanizmin tətbiqi
nəticəsində maliyyə vəsaitlərinin
ayrılması prosesində şəffaflıq təmin
edilmişdir. Müəllimlərin işə qəbulu məsələsinə
toxunan nazir qəbulun şəffaf və obyektiv keçirilməsini
bildirmişdir. O, 2012-ci ildə Təhsil Nazirliyinə 7156
şikayət daxil olması, onlardan 1734-nün müsbət həll
edilməsi, 1924-ü ilə əlaqədar müvafiq izahat
verilməsi, 1247 müraciətlə bağlı aidiyyəti
üzrə tabe təşkilatlara tapşırıqlar verilməsi,
2251 müraciətin əsassız olması barədə məlumat
vermişdir. Nazir həyata keçirilən tədbirlər nəticəsində
ali təhsil müəssisələrində imtahanlarda əvvəlki
illərə nisbətən şəffaflıq və
obyektivliyin xeyli artdığını, şikayətlərin
sayının isə azaldığını bildirmişdir.
İclasda çıxış edən
Komissiyanın üzvü, Prezident Administrasiyasının
hüquq mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov korrupsiyaya qarşı
mübarizə sahəsində həyata keçirilən tədbirlər
barədə məlumat vermiş, bu tədbirlərin təhsil
sahəsini də əhatə etdiyini bildirmişdir. O, təhsil
idarəçiliyində korrupsiyaya şərait yaradan bir
sıra halları qeyd etmiş və bu halların aradan
qaldırılması ilə bağlı tədbirlərin
davam etdiriləcəyini
bildirmişdir. Komissiya üzvü, həmçinin
informasiya-kommunikasiya sistemlərinin təhsilə
inteqrasiyası ilə bağlı məsələlərə
toxunmuş, yeni fəaliyyətə başlayan Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnnovasiya mərkəzinin innovativ təcrübəsinin
bir neçə ali təhsil müəssisəsində və
orta məktəblərin yuxarı siniflərində tətbiq
edilməsi barədə təklif vermişdir.
Komissiyanın sədri sonda təhsildə
informasiya texnologiyalarının tətbiqi məsələsini
xüsusi olaraq vurğulamış, bu vasitələrin tədrisin
keyfiyyətinə və korrupsiyaya qarşı mübarizədə
səmərəli alət olacağını qeyd etmişdir.
İclasda, həmçinin
çıxış edən Dövlət İdarəçilik
Akademiyasının rektoru Urxan Ələkbərov və
Bakı Şəhər Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyeva təhsil sahəsində korrupsiya
hallarının qarşısının alınması üzrə
həyata keçirilmiş tədbirlər barədə ətraflı
məlumat vermişlər.
İclasın sonunda Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya müzakirə
edilən məsələlər barədə qərar qəbul
etmişdir.
İki
sahil.- 2013.- 30 yanvar.- S.2.