Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir,

müstəqil Azərbaycan və onun bugünkü nailiyyətləridir

 

Müstəqil Azərbaycanımızın adının ulu öndər Heydər Əliyevlə qoşa çəkilməsi səbəbsiz deyil. Bu fakt da inkaredilməzdir ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla bərabər qeyd olunan çox az sayda siyasi liderlər var. Dahi şəxsiyyət Heydər Əliyev uğurlu fəaliyyəti, düşünülmüş və məqsədyönlü siyasəti ilə dövlətçilik tarixmizə qızıl səhifələr yazıb. Azərbaycanın 23 ilə yaxın müstəqillik tarixini vərəqləsək, ümummilli lider Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinin miqyasının nə qədər böyük olduğunu görür və bu fikri iftixar hissi ilə qeyd edirik ki, müstəqil, müasir Azərbaycan ulu öndərin şah əsəridir.

 

Ölkəsini inkişafa aparan, irəli sürdüyü ideyalar gələcək üçün mayak rolunu oynayan liderlər əbədidirlər. Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları Azərbaycanın dünəni, bu günü və sabahıdır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır”, eyni zamanda “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, eyni zamanda sonrakı mərhələdə Azərbaycanımızın inkişaf yolunun əsas bələdçiləridir. Azərbaycanı qabaqcıl ölkələr sırasında görmək istəyi ulu öndərin düşünülmüş və məqsədyöndü siyasətinin ana xəttini təşkil edirdi. Dahi şəxsiyyət bu fikri də dönə-dönə qeyd edirdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Təbii ki, bu inama, əminliyə böyük əsas var idi. Müasir dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi məhz 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1980-ci illər baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir. 70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-ci illərin sonu 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması ulu öndər Heydər Əliyevin dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

1993-cü il 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz bu tarix Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı durumun aydın təsəvvürünü yaradır. Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan parçalanmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Xalqın sabaha ümidi yox idi. Belə çətin məqamda xalq öz xilaskarına üz tutdu. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Son on ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında 1993-cü ilin iyunun 15-də müstəqil Azərbaycanın tarixinin yeni səhifəsi açıldığını bildirərək bugünkü Azərbaycanla həmin dövrün Azərbaycanı arasında tarixi paralellər aparılır: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərcilk var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk.” Bu reallıq inkaredilməzdir ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasidiplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər ölkədə ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu daxili siyasətin nəticəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınması ölkəyə investisiya axınının sürətlənməsində də əhmiyyətli rol oynadı. 1994-cü ilin sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategityasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bu müqavilə Azərbaycana inamı artırdı, malik olduğu iqtisadi imkanları dünyaya təqdim etdi. İqtisadi imkanların günbəgün genişlənməsi güclü sosial siyasət üçünbaza rolunu oynadı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıldı. Məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığı təmin etməklə ölkənin hərtərəfli inkişafında mühüm rol oynayan sosial-iqtisadi layihələrin icrasını sürətləndirdi. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.

Təbii ki, Azərbaycanın qısa müddətdə mühüm uğurlara imza atması, inkişaf, tərəqqi yolunda inamla irəliləməsi bəzi qüvvələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılanırdı. Onlar hər vəchlə bu inkişafa mane olmağa səy göstərirdilər. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiyalara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi.

Dahi şəxsiyyət dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyini vacib amil kimi önə çəkərək bildirmişdir ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Ümummilli liderin bu çağırışı dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılması ilə müşaiyət olundu.

Sonra onların bir mərkəzdən idarə olunmaları üçün Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi təşəbbüsü ortaya qouldu. Məhz ulu öndər Heydər Əliyevin sərəncamı əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Məhz bu ənənəni də uğurla davam etdirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının qurultaylarının vaxtında keçirilməsinə səy göstərir, ötən dövr ərzində Azərbaycanın qazandığı uğurların geniş təhlilini verir. 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 20 illiyinin qeyd olunduğu ərəfəyə təsadüf edən Dünya Azərbaycanlılarının III qurultayında dövlət başçısı İlham Əliyev Azərbaycanın böyük uğurlara imza atdığını böyük fəxr hissi ilə qeyd edərək bildirdi ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Məhz bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Dahi şəxsiyyət Heydər Əliyevin apardıdığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. İnsan hüquq və azadlıqlarının qorunmasını dövlətin siyasətinin əsas tərkib hissəsi kimi qeyd edən ulu öndər Heydər Əliyev daim bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə səy göstərirdi. 2002, eyni zamanda 2009-cu ildə keçirilən referendum əsasında Konstitusiyaya edilən əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” sərəncamı bir daha bu sahəyə diqqətin bariz nümunəsi olmaqla yanaşı, ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsinin təsdiqidir. Belə ki, ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilkİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyiniinsan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini nəzərə alaraq 18 iyunun İnsan Hüquqları günü kimi qeyd edilməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı, dövlətin siyasətində bu amilin xüsusi yer tutduğunun bir daha şahidi oldular. Milli Konstitusiyanın qəbulundan sonra imzalanan əfv fərmanları, Amnistiya aktları da dövlətin siyasətində insan amilinə verilən dəyəri təsdiqləyir. Ölkədə vətəndaşlara bütün azadlıqlar verilib, onların hüquqları yüksək səviyyədə qorunur.

Daxili siyasətin məntiqi davamı kimi dəyərləndirilən xarici siyasət sahəsində qazanılan uğurlar da Heydər Əliyev siyasətinin nəticəsidir. Ulu öndərin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.

Təbii ki, bir yazıda ulu öndər Heydər Əliyevin Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini, Onun siyasətinin uğurlarını qeyd etmək qeyri-mümkündür. Heydər Əliyev irsi daim öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Heydər Əliyev Forndunun prezidenti Mehriban xanım Əliyevanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi fikirləri xatırlatmaq istərdim: “Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür... Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.”

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bütün bunlar onu deməyə əsas verir ki, tərəqqi, inkişaf, müasirləşmə, yeniləşmə dövlətimizin siyasətinin əsasını təşkil edir. Möhtərəm Prezidentimiz İlham Əliyev uğurlarımızı qeyd edərkən bu fikri də hər zaman bəyan edir ki, qazanılan uğurlarla kifayətlənməməliyik, hər zaman irəliyə baxmalıyıq.

 

Əhəd Abıyev,

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

 

İki sahil.- 2014.- 10 aprel.- S.5.