Enerji təhlükəsizliyi:
Azərbaycanın statusu yeni səviyyədə
Krım hadisələri qlobal miqyasda enerji məsələsini daha da aktuallaşdırıb. Avropanın qaz təminatında Rusiyadan ciddi surətdə asılı olması bu aspektdə daha aktual geosiyasi məzmun kəsb etməyə başlayıb. Bunun fonunda “Cənub dəhlizi” layihəsinin də əhəmiyyəti artıb. Artıq Qərb siyasətçiləri və ekspertləri bu barədə açıq danışırlar. Şübhəsiz, həmin məsələdə Azərbaycanın rolu ayrıca maraq doğurur. Bakı əvvəlcədən bu layihənin vacibliyini vurğulayırdı və ona dəstək verirdi. İndi baş verənlər rəsmi Bakının nə qədər haqlı olduğunu sübut edir. Lakin bu reallıq regionda başqa aktual geosiyasi məsələləri ön plana çıxarır.
“Cənub dəhlizi”: Azərbaycanın uzaqgörənliyi
Rusiyanın Krıma
müdaxiləsindən sonra Qərbin enerji ilə təminatı məsələsində
bir sıra suallar meydana çıxıb. Reallıqda məsələnin
digər tərəfi Vaşinqton və Brüsselin Moskvanın postsovet
məkanında aqressiv
davranışlarını cilovlamaq arzusu ilə bağlıdır. Bu səbəbdən söhbət yalnız iqtisadi-energetik mahiyyətli deyil.
Burada geosiyasi məqamın
da rolu mövcuddur.
Hazırda Qərb
siyasətçiləri problemi yeni energetik balans yaratmaq müstəvisində
təqdim edirlər. Onun iki
əsas prinsipi vardır: birincisi,
Avropanın qazla təminatında Rusiyanın
payını azaltmaq; ikincisi,
alternativ enerji mənbələri
hesabına Qərbin yeni böhrana
düşməməsinə nail olmaq. Bunlar bir-biri
ilə əlaqəlidir. Eyni zamanda, müəyyən ziddiyyətli məqamları
özlərində birləşdirirlər.
Məsələ
ondan ibarətdir ki, enerji faktoru müasir dövrdə son
dərəcə siyasiləşib və həmin sahəyə
aid hər hansı problemin
həlli Qərb-Rusiya münasibətlərinin bütün
tərəflərini əhatə edir.
Əlavə olaraq, postsovet
məkanında yerləşən təbii enerji
ehtiyatları ilə zəngin
ölkələr böyük geosiyasi güclərin mübarizəsinə cəlb
edilirlər. Konkret olaraq,
enerji məsələsi geosiyasi
maraqların yaratdığı gərginliyin mərkəzinə
düşmüş olur.
Bu aspektdə Krım hadisələrindən
sonra yeni enerji balansı yaratmaq xətti
özü ilə xeyli
mürəkkəb və qeyri-müəyyən məqamlar
daşımış olur. Son günlər
müşahidə edilən diplomatik fəallığın
fonunda bunu təsdiq edən
əlamətləri görə bilərik. Əvvəlcə onu vurğulayaq ki, Qərb Rusiyaya
qarşı yeni sanksiyaların tətbiqi
mərhələsinə keçir (bax: Evrosoöz sostavil “çernıe spiski” s zapasom
/ “Kommersantc”, 9 aprel
2014). Doğrudur, avropalı rəsmilər
bu addımları “aralıq tədbirlər”
kimi xarakterizə edirlər. Lakin məlumdur ki, bu cür sözlərin
arxasında enerji məsələsi ilə
bağlı narahatlıq da dayanır. Çünki Qərbin neft
və qazla təminatında Rusiyanın
payı 30 faiz təşkil edir! Bu, kiçik
rəqəm deyil.
Digər tərəfdən,
Moskva da cavab addımları atır. Onun
da müəyyən sanksiyalar
tətbiq etmək imkanları var. Ekspertlərin qənaətinə görə, “qlobal və iqtisadi
tarazlıq düşünüldüyündə Qərbin manevr etmək miqyasının məhdudluğu,
Rusiyanın enerjiyə bağlı qeyri-sabit
iqtisadiyyatı bu mərhələnin ən
diqqətçəkən məqamlarıdır” (bax: Hasan Selim Özertem. Kırımın ardına Batı ve
Rusyada enerji dengelerini konuşmak /
Uluslararası Stratejik Araştırmalar Kurumu (USAK), 4 aprel 2014).
Mütəxəssislər
həmin kontekstdə Qərb ölkələrinin daxilində Rusiyaya qarşı nə dərəcədə
sərt olmaqla bağlı vahid
mövqenin olmadığını da vurğulayırlar. Belə ki,
Almaniya, Türkiyə və
İtaliyanın Rusiyadan qaz
asılılığı böyükdür.
Onlar Moskva ilə “yumşaq davranmağa” üstünlük verirlər. Böyük
Britaniya isə daha sərt
tələblərlə çıxış etməyə meyllidir (bax: əvvəlki
mənbəyə).
Bütövlükdə
isə Qərbin enerji aspektində Rusiyaya münasibətinə Vaşinqtonun
mövqeyi ciddi təsir
edir. ABŞ artıq Avropanın Moskvadan olan enerji asılılığından xilas olmasını istəyir. Dövlət katibi Con Kerri
Krım hadisələrindən sonra enerji təhlükəsizliyi mövzusunda
qəti addımlar atmaqda qərarlı
olduqlarını bildirib (bax:
əvvəlki mənbəyə). Virciniya
ştatından olan senator
M.Verner isə aprelin
1-də Atlantik Şurasında etdiyi çıxışında
“Amerikanın üzərinə düşəni etməli olduğu”nu xüsusi vurğulayıb.
Bu deyilənlər Qərbin siyasi-diplomatik gündəminə enerji ilə təminatın alternativ
yollarını axtarmaq məsələsini
gətirib. Həmin kontekstdə Böyük
Britaniyanın xarici işlər naziri U.Heyqin Krım hadisələrindən
dərhal sonra dediyi
aşağıdakı fikir düşündürücüdür. Nazir vurğulamışdı: “...Avropanın
gələcək planlarında Türkiyə və Azərbaycan
vacib rol oynayırlar”
(bax: Gonul Tol, Alex Vatanka.
Restoring
Energy Security After Crimean / “The National
Interest”, 4 aprel 2014).
Alternativ
enerji marşrutları:
yollar Bakıda kəsişir
Burada
söhbət ilk növbədə
enerji məsələsindən
gedir. Vaşinqton da
Avropanın neft və qazla təminatında
Azərbaycanın rolunun
artmasını istəyir.
Bu kontekstdə “Cənub dəhlizi” adlanan layihənin aktuallığı çoxalıb.
Məlumdur ki, bu layihədə Azərbaycanın
xüsusi yeri vardır. İdeya Avropaya məxsus
olsa da, Bakı əvvəlcədən
onu dəstəkləmişdi.
Azərbaycan “Nabukko”dan fərqli
olaraq, bu marşrutun daha səmərəli olduğunu
bildirmişdi. İndi baş
verən hadisələr
göstərir ki, rəsmi Bakı bu məsələdə
tam haqlı imiş.
Üstəlik,
Azərbaycan Trans-Anadolu
qaz kəməri
(TANAP) layihəsinin təşəbbüskarı
və əsas maliyyəçisi olaraq həmin istiqamətdə konkret addımlar atdı. Hazırda mütəxəssislər “Cənub
dəhlizi”nin imkanlarını
qiymətləndirərək, bunun Qərbə, Türkiyəyə və Azərbaycana verə biləcəyi dividendləri
təhlil edirlər (bax: məs., Gonul Tol,
Alex Vatanka. Göstərilən məqalə). Onlar bu layihənin səmərəliliyini vurğulayırlar.
Ancaq burada diqqət yetirilməli olan vacib bir məqam
vardır.
Biz Azərbaycanın əvvəlcədən bu
cür təşəbbüskarlığının
Qərb tərəfindən
lazımi səviyyədə
dəyərləndirilməməsini nəzərdə tuturuq. Onu demək lazımdır ki, Bakı bu
kimi addımları ilə heç vaxt birtərəfli qərbpərəst mövqedə
olmayıb. Azərbaycan həmişə
qüvvələr balansını
gözləyib. Eyni zamanda,
öz maraqlarına uyğun gələn məqamlarda beynəlxalq hüquq çərçivəsində
hərəkət edib.
Buna görədir ki, hazırda Bakının yeritdiyi enerji siyasətini bütün böyük dövlətlər qəbul
edirlər.
Qərb
isə bu aspektdə heç də həmişə səmimi davranmayıb. Ermənistanın təcavüzkarlığının
qarşısının alınması
üçün Azərbaycanın
etdiyi müraciətlər
faktiki olaraq, cavabsız qalıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən
ABŞ və Fransa müxtəlif bəhanələrlə
erməniləri müdafiə
ediblər. İndi isə
Yerevan bütün hərəkətləri
ilə marginallığını
nümayiş etdirir.
Ermənistan Gömrük İttifaqına
daxil olmaqda israrlıdır. BMT-dəki səsvermədə
isə Ukraynanın ərazi bütövlüyünün
əleyhinə səs
verib.
Bunların
fonunda Qərbin Cənubi Qafqaz siyasətinə hansı düzəlişləri edəcəyi
maraq doğurur. Çünki artıq süni
manevrlər mərhələsi
başa çatıb.
Ermənistan ikiüzlülüyünü gizlədə bilməz.
Azərbaycan isə aktiv
fəaliyyəti ilə
regionun təhlükəsizliyi
üçün töhfələrini
verir. Qərb bunları görməli
və uyğun nəticələr çıxarmalıdır.
Burada
onu qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Rusiya ilə münasibətlərinə
böyük önəm
verir. Bütün sahələrdə
iki ölkə arasında əməkdaşlıq
inkişaf edir. Bundan sonra da həmin
prosesin intensivləşəcəyinə
şübhə yoxdur.
Kimsənin Azərbaycandan anti-Rusiya məqsədlərlə
istifadə etməsi imkansızdır. Ancaq Bakı
müstəqil xarici siyasətini də davam etdirməkdə qərarlıdır. Bu aspektdə ölkənin xarici siyasət kursunda balanslaşma xəttinin yeni mərhələyə qədəm
qoyduğunu deyə bilərik. Sevindiricidir ki, Azərbaycan
rəhbərliyi bu istiqamətdə çox dəqiq və səmərəli addımlar
atmaqdadır.
Bütün
bunlar Cənubi Qafqazda yeni geosiyasi
tarazlığın formalaşmaqda
olduğunu göstərir. Azərbaycan bu prosesdə aparıcı mövqeyə
çıxır. Onun əvvəlcədən
dəstəklədiyi enerji
layihələrinin faydalı
olduğuna indi bütün Qərb dünyası əmin olur. Növbə Vaşinqton və
Brüsselindir. Əgər onlar
ədalətli barışı,
qarşılıqlı faydalı
əməkdaşlığı və real inteqrasiyanı arzulayırlarsa, bu region istiqamətindəki siyasətlərinə
düzəlişlər etməlidirlər.
İkili
standart yalnız mənfi nəticələr
verə bilər.
Onu
da unutmaq olmaz ki, Azərbaycan
və Türkiyənin
regionda geosiyasi mövqeləri təbii olaraq möhkəmlənir. Bu da Rusiya, İran
və Türkmənistan
kimi dövlətlərin
Azərbaycan amilini xüsusi nəzərə
alması zərurətini
meydana çıxarır.
Bir sözlə, Cənubi Qafqaz məsələsi dünya geosiyasətində
yeni rol oynamağa başlayır.
İki
sahil.- 2014.- 12 aprel.- S.10.