2014-cü ilin birinci rübündə

iqtisadi inkişaf sürətlənib

 

Azərbaycanda davam edən iqtisadi inkişaf dinamikası 2014-cü ilin birinci rübündə daha da sürətlənib, güclü maliyyə-büdcə ehtiyatlarının artımı fonunda nəzərdə tutulan sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi tam təmin olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi artım sürətlənib, sosial tədbirlərə dövlət dəstəyi gücləndirilib, valyuta ehtiyatları artıb, iqtisadiyyata investisiya qoyuluşları yüksəlib, sahibkarlığa maliyyə dəstəyinin artırılıb və sosial infrastrukturun yenidən qurulması və digər proqramların uğurlu icrası davam etdirilib. Qeyd olunan dövr ərzində iqtisadi islahatların keyfiyyət və kəmiyyət baxımından dərinləşdirilməsi sərmayə iqliminin və azad biznes mühitinin yaxşılaşmasına və ölkəmizdə rəqabətqabiliyyətliliyin güclənməsinə səbəb olub.

 

Ümumi daxili məhsul

istehsalı 2,5 faiz artıb…

 

2014-cü ilin birinci rübünün sosial- iqtisadi göstəriciləri yeni maliyyə ilinin uğurlu başlanğıcından xəbər verir və Azərbaycanın davamlı inkişafının sürətləndiyini təsdiqləyir. Bu dövrdə ölkəmizdə iqtisadiyyatın çoxşaxəli inkişafı sayəsində ümumi daxili məhsul (ÜDM) 2,5 faiz artıb. Bu, dünya ölkələrinin iqtisadi vəziyyəti ilə müqayisədə ən yaxşı göstərici hesab oluna bilər. Beləliklə, artıq Azərbaycan ÜDM-i son 3 ayda daha 1,5 milyard manat artaraq 58,8 milyard manata çatmış olur. Bu, 75 milyard ABŞ doları həcmində milli məhsul deməkdir. Əsas məsələ ondadır ki, artıq ÜDM-in çəkisində qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının payı yüksəlməkdə davam edir. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 8,8 faiz artıb və bu, onu göstərir ki, Azərbaycan dövlətinin neft gəlirlərinin neftdən kənar sahələrin inkişafına yönəldilməsi ilə bağlı strateji planı öz müsbət nəticələrini verməkdədir. Qeyri-neft sektoru iqtisadiyyatda dominant rol oynamaqla, gələcək inkişafın əsas iqtisadi təməllərindən biri olacağını şərtləndirir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və həsr olunmuş iclasında qeyd etdiyi kimi Azərbaycan iqtisadiyyatı əvvəlki illərdə olduğu kimi dinamik inkişaf etməkdədir. Dövlət başçısının vurğuladığı kimi respublikamızda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət çox uğurludur, iqtisadiyyat hərtərəfli inkişaf edir.

 

Orta aylıq əmək haqqı

7 faiz artaraq 430 manata çatıb…

 

2014-cü ilin birinci rübündə iqtisadiyyatın və sosial sahənin bütün bölmələrində inkişaf dinamikası müşahidə edilib. Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərib. Pensiyaçıların və digər sosial qrupların sosial müdafiəsinin gücləndirilməsi, maaşların davamlı artımı, tələbələrin təqaüdlərinin artırılması, təhsil, səhiyyə və mədəniyyət işçilərinə dövlət qayğısının artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması istiqamətində işlərin davam etdirilməsi, əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıması, sosial siyasətin əsas istiqamətlərini təşkil edir. Birincü rübdə orta aylıq əməkhaqqı 7 faiz yüksəlib və 430 manata çatıb. Bu, ABŞ valyutası ilə 550 dollar səviyyəsindədir. Ötən dövr ərzində iqtisadiyyatın bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş verib. Əhalinin gəlirləri 4,5 faiz təşkil edib, inflyasiya 2 faizə yaxın olub ki, bu da, əhalinin gəlirləri ilə müqayisədə 2 dəfədən də aşağıdır.

Ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcək.

 

Valyuta ehtiyatlarının həcmi

53 milyard manatı ötüb…

 

Ölkəmizin milli inkişafı və ixrac coğrafiyasının ildən-ilə artması strateji valyuta ehtiyatlarının həcminin yüksəlməsinə səbəb olub və hazırda valyuta ehtiyatlarının həcmi 53 milyard manatı ötüb. Bu, çox yüksək göstəricidir və ölkəmizin milli iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan hazırda regionda ən az xarici borca malik ölkədir , xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir və da respublikamızın güclü iqtisadiyyatının olmasından xəbər verir.

Birinci rübdə Azərbaycanın milli valyutası olan manatın möhkəmlənməsi qeydə alınıb. Bir çox ölkələrin milli valyutası 2014-cü ildən başlayaraq dəyərini itirib, amma manat möhkəmlənib. Manatın möhkəmlənməsi əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcminin artmasına da təsir göstərib. İlk rübdə halinin banklardakı əmanətlərinin 20 faizdən çox artıb.

Onu da qeyd etmək lazımdır ki, 2014-cü ilin ilk rübü Avropada və dünyanin bir çox ölkələrində iqtisadi geriləmə ilə yadda qalib. Avropa Birliyii dövlətlərinin vahid valyutası olan avro, eləcə də dollar ucuzlaşıb. Avropanın maliyyə sistemindəki geriləmələr son 3 ayda Avropa iqtisadiyyatında iqtisadi fəallığln 2,3 faiz aşağı düşməsinə səbəb olub.

 

İlk rübdə 3 milyard 125,9 milyon

manatdan investisiya qoyulub…

 

Azərbaycanın mövcud maliyyə vəziyyəti, 20,063 milyard manat həcmində olan dövlət büdcəsinin gəlirləri iqtisadi, sosial, infrastruktur, bölgələrdə həyata keçirilən sosial layihələr, investisiyalar, sahibkarlığın və aqrar sahənin inkişafı ilə bağlı bütün tədbirlərin vaxtında və operativ şəkildə maliyyələşdirilməsini təmin edib. Hazırda ümumi daxili məhsulun 85 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Bu da Azərbaycanda azad iqtisadiyyatın əsas göstəricisi hesab oluna bilər.

Ölkədə uğurlu investisiya siyasətinin aparılması nəticəsində ilk 3 ayda bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 125,9 milyon manat vəsait yönəldilib ki, bu da 2013-cü ilin birinci rübü ilə müqayisədə 7 faiz çoxdur.İnvestisiyalar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir və güclü iqtisadi potensialımızın artırılmasına yönəlibdir. Sərmayə qoyuluşlarının strukturuna diqqət yetirsək daxili investisiyaların son illər daha çox artdığını görmək olar. Yəni, artıq ölkmizin iqtisadi qüdrəti yerli sərmayələrin illik artımının daha da genişqlənməsini şərtləndirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi respublikamızın maliyyə qüdrətinin yüksəlməsi dövlətin daxili investisiyaları artırması üçün əla zəmin yaradır. Eyni zamanda, dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlar da bəhrəsini verir. Onu da qeyd edək ki,yerli sərmayə qoyuluşları birbaşa qeyri-nfet sektoruna yönəldilir ki, bu da ümumi inkişaf mühüm töhfə verir.

 

Yeni sosial infrastruktur

layihələrinə start verilib…

 

2014-cü ilin ilk rübündə infrastruktur sahəsində də mühüm irəliləyişlər əldə olunub. Sosial infrastruktur layihələri paytaxtı və iri şəhərləri əhatə etməklə yanaşı, respublikamızın bütün bölgələrində geniş vüsət alıb. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. Azərbaycanda nə böhranın ən qızğın çağında, nə də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti yoxdur. Bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasətidir, müstəqil iqtisadi siyasətdir, bizim maliyyə vəziyyətimizdir və artıq həyat göstərir ki, bu, yeganə düzgün bir yoldur. Ötən dövr ərzində sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər infrastruktur layihələrinin çox əhatəli olduğunu göstərir. Dövlət büdcəsindən bu məqsədlər üçün kifayət qədər böyük məbləğlər nəzərdə tutulub və vaxtaşırı olaraq Prezidentin Ehtiyat Fondundan bu sahəyə əlavə vəsait ayrılır və bu tədbirlər ötən 3 ayda bir qədər sürətlənib.

 

Sənaye sektoruna xarici

investorlar cəlb olunur…

 

Məlum olduğu kimi 2014-cü il “Sənaye İli” elan olunub və strtateji prioritetlər müəyyənləşib. Sənaye ili çərçivəsində yeni sənaye müəssisələrinin inşası davam etdirilib, sənaye texnoparkları layihəsi ilə bağlı işlər sürətləndirilib, xarici sərmayəçilərin bu sahəyə cəlb olunması istiqamətində razılaşmalar əldə olunub. Dünya Bankı ilə texnoparklarla bağlı saziş imzalanıb və DB ölkəmizin bu sənaye layihəsinə 40 milyon dollar investisiya yatıracaq. Bundan başqa, Türkiyə, Cənubi Koreya, Malayziya və digər ölkələrin sərmayəsiləri sənaye layihələrinə investisiya qoymaq üçün hökumətə müraciət ediblər.

Sənaye ilə bağlı tədbirlər planına uyğun olaraq iri şəhərlərdə və bölgələrdə sənaye texnoparklarının, yüksək texnologiyalar parklarının yaradılması, sənayenin infrastrukturunun yenidən qurulması işləri davam etdirilir. Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 500-dək müəssisənin isə tikintisi isə davam etdirilməkdədir.

 

Ötən 3 ayda sahibkarlara 44,7

milyon manat güzəştli kredit verilib…

 

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Cari ilin ilk 3 ayında sahibkarlığa dövlət dəstəyi tədbirləri də sürətləndirilib, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına da 2400-dən çox yeni iş yeri yaradılib. Kreditlərin 76,5 faizi aqrar sektorun, 23,5 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Ümumilikdə, bu il sahibkarlığa 250 milyon manatdan artıq güzəştli kredit verilməsi nəzərdə tutulur. Birinci rübdə sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sədələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi prioritet məsələlər mühüm yer tutur. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev ötən ay ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Sənəddə nəzərdə tutulan müddəaların icra edilməsi bisnes mühitinin daha da yaxşılaşmasına və ölkəmizin beynəlxalq səviyyədə mövqeyinin güclənməsinə səbəb olacaq.

 

Qətiyyətli və cəsarətli enerji

siyasəti yeni mərhələdə…

 

2014-cü ilin ilk rübündə ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində də səylər artıb və TANAP, TAP və “Şahdəniz-2” layihələrinin icrasına başlanılıb. Avropanın ən böyük infrastruktur layihəlari olan bu layihələrin icrası ilə bağlı artıq tenderlər elan edilib, yaxın zamanlarda tikinti işləri start götürəcək. onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihələrin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi “bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Əsas rol oynayan da Azərbaycandır. Bütün riskləri Azərbaycan öz üzərinə götürübdür. Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik”.

 

Azərbaycanın beynəlxaq

nüfuzu güclənib…

 

Onu da qeyd etmək lazımdır ki, iqtisadi islahatlar ölkəmizin nüfuzunun yüksəlməsinə əlverişli zəmin yaradıb və mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Dünya İqtisadi Forumunu 2013-2014-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatına əsasən, Azərbaycan rəqabətqabiliyyətlilik indeksi üzrə mövqeyini daha da yaxşılaşdıraraq 148 ölkə arasında 39-cu pillədə qərarlaşıb. Əvvəlki hesabatla müqayisədə mövqeyini 7 bənd yaxşılaşdırıb.

Bu günlərdə Beynəlxalq Valyuta Fondu (BVF) «Dünya İqtisadiyyatının İnkişaf Perspektivləri» («World Economic Outlook») adlı yeni hesabatını dərc edib və sənəddə ölkəmiz ən yaxşı iqtisadiyyata malik ölkə kimi qiymətləndirilib.

 

Uğur uğur gətirər…

 

Dövlət başçısı müşavirədə bir neçə fundamental məsələyə toxundu. Ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, neft-yanacaq kompleksinin yenidən qurulması, qeyri-neft sektorunun çoxşaxəli inkişafının təmin olunması, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, milli sahibkarlığın ixrac potensialının gücləndirilməsi, sosial infrastrukturun tamamilə yenilənməsi və digər mühüm istiqamətlər üzrə yeni vəzifələr müəyyən olundu. Nazirlər Kabinetinin iclasında müzakirə olunan məsələlər və dövlət başçısının müəyyən etdiyi yeni həddəflər onu göstərir ki, Azərbaycan iqtisadiyyatının hazırkı uğurlu inkişafı qarşıdakı aylarda daha da sürətlənəcək və 2014-cü il əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalacaq. Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan 2014-cü ili regionda ən sürətli inkişafla başa vuran ölkələrdən olacaq.

 

Aydın HÜSEYNOV

 

İki sahil.- 2014.- 16 aprel.- S.7.