Zərifə xanım
Əliyeva: Şəfalı əlləri ilə
insanlara nur bəxş edən şəxsiyyət
Milli oftalmologiyanın banisi akademik Zərifə
xanım Əliyevanın keçdiyi
həyat
yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl
təcrübə məktəbi idi
Tarixlər, əsrlər biri-birini əvəz etsə də, ən ədalətli hakim olan zamanın hökmü dəyişməzdir. Həmişə belə olub , belə də davam edəcək. İnsanların biri-birini tanıması üçün əsas meyar əməlinin ona qazandırdığı dəyər, hörmət, səmimiyyət olub. Yaxşılıqları müəyyənləşdirən dəyərin qiymətləndirmə meyarı isə heç nə ilə müqayisə olunmayacaq qədər əlçatmazdır.
Yaşından
asılı olmayaraq böyük də, kiçik də
yaxşılıq gördüyü insanı qəlbən sevər,
ona əbədilik bağlanar. Yaxşılığı sənəti,
peşəsi ilə qazananlar isə ikiqat hörmətə
layiqdirlər. Əsl səxavət isə çətin
vaxtlarda ehtiyacı olanlara köməkdən ibarətdir. Bir də
deyirlər ki, el üçün çalışan həmişə
yaşayar.
Ulularımızın
bizə miras qoyduğu biri-birindən hikmətli kəlamları
əbəs yerə xatırlamadıq. Çünki
haqqında bəhs edəcəyimiz insan bu keyfiyyətlərə
layiq olmaqla əbədilik yaşamaq şansını əməli,
xeyirxahlığı, insanlara mərhəmət dolu ürəyinin
hökmü ilə qazanıb. Azərbaycan milli oftalmologiya
elminin banisi, akademik Zərifə xanım Əliyeva kimi.
...Müdriklər
söyləmişlər ki, el hörmətini pulla, var-dövlətlə
qazanmaq olmaz. Onu yalnız insanlara olan məhəbbətin, səmimiyyətin,
mərhəmətin qüdrəti ilə əldə etmək
mümkündür. İnsanlığa məxsus ən
ülvi keyfiyyətləri özündə birləşdirən,
içdiyi Hippokrat andına sədaqətini xəstələrinə
göstərdiyi nəvazişi ilə doğruldan, sadəliyin
fövqündə dayanan Zərifə xanım Əliyeva belə
zirvələri fəth edən nadir şəfalı əllər
sahiblərindəndir.
Azərbaycan
xalqının sevimlisi olan Zərifə xanımın
adını çəkməklə ömrünün mənasını
insanlara xidmətdə görən müdrik bir insan
haqqında zəngin təsəvvür yaratmaq
mümkündür. Bütün xəstələri
üçün sadəcə ağ xalatlı, şəfalı
əllər sahibi deyildi. Dünya işığından məhrum
olanlar üçün ümid yeri, həyat qaynağı idi
Zərifə xanım. Bütün canlıları yaşadan
Günəşsiz həyat yoxdur. Bənzərsiz insan, səmimi,
mehriban rəfiqə, sədaqətli həyat yoldaşı, cəfakeş
ana olan Zərifə xanım Tanrının bu qismətindən
məhrum olanlara Günəş nurunu şəfalı əlləri
bəxş edirdi.
Böyük şəxsiyyətlərin
fəaliyyətləri də əməlləri kimi fərqli
olduğundan onlar haqqında danışmaq, münasibət
bildirmək də asan deyil. Necə deyərlər, əlçatmaz
zirvənin ucalığını görmək
üçün ən azından bu məsafənin
yarısını qət etməlisən. Zərifə
xanım həyatda az ömür sürsə də, qısa
vaxtda belə xeyirxah əməlləri ilə
insanlığın əlçatmaz zirvəsini fəth
etmişdi. Əsl xanımlara məxsus davranışı ilə
seçilən, hamının sevimlisi, ən müsbət
keyfiyyətləri özündə birləşdirən Zərifə
xanım cəmiyyətdə, ictimaiyyət və
çalışdığı kollektiv arasında ehtiram
qazanan əsl ziyalılardan olub. Oftalmoloq Həyat Əfəndiyevanın
dediklərindən:
- Tibb İnstitutunu
yenicə bitirmişdim. İşə təzə başlayan hər
kəsin kollektivdə özünü tənha hiss etməsi məlumdur.
Zərifə xanım belə anlarda gənclərə ana nəvazişi,
təcrübəli həkim kimi qayğı göstərir,
bildiklərini həvəslə öyrədirdi. Mən onun belə
şəfqətindən bəhrələndiyim
üçün özümü həmişə ona borclu
bilirəm. Azərbaycanda milli oftalmologiya elmi ONUN adı ilə
bağlıdır. Zərifə xanımdan “yoruldum” kəlməsini
eşidən olmazdı. Tanrı ona elə bir səbr, peşəsinə,
insanlara vurğunluq bəxş etmişdi ki, başqa keyfiyyətlər
işinə bağlılıqla müqayisədə kölgədə
qalırdı.
O, həm də
maraqlı müsahib idi. Uşaqlıqdan həkim ailəsində
böyüdüyündən həyat yolunu seçməkdə
çətinlik çəkməyən gənc Zərifə ədəbiyyata,
musiqi və incəsənətə nə qədər
bağlı olsa da, atasının yolunu davam etdirməyə
üstünlük verdi. Çox səmimi dostluğu var idi.
Müxtəlif vaxtlarda təşkil etdiyimiz ad günlərini,
şadlıq məclislərini Zərifə xanımsız təsəvvür
etmək qeyri- mümkün idi. O, kollektivdə, cəmiyyətdə
olduğu kimi rəfiqələri arasında da fərqli keyfiyyətləri
ilə seçilirdi. “Həyat mübarizlər
üçündür” şüarı onun devizi, iş
prinsipi idi. Çətinliklə əldə etdiyi müvəffəqiyyət,
elmə gətirdiyi yeniliklər bu gün də
aktuallığını qoruyur. Daim elmin çətin
yolları ilə addımlamağı xoşlayırdı. Təki
sonda nəticə müsbət olsun. Elmə olan həvəsi,
peşəsinə vurğunluğu onu əbədilik qaliblər
zirvəsinə yüksəltdi.
Zərifə
Əliyevanın həyat yolu o qədər də hamar
olmayıb. Bəlkə də çətinliyə dözməyi
ona həyatın sərt üzü öyrətmişdi.
...İkinci Dünya
müharibəsinin qızğın dövründə, 1942-ci
ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan
sonra sevib-seçdiyi peşənin sirlərinə daha dərindən
yiyələnmək üçün Moskvadakı Mərkəzi
Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya
üzrə ixtisasartırma kursunda çalışır.
Əvvəlcədən elmi-tədqiqat işlərinə,
araşdırmalara, yeniliyə böyük həvəsi olan gənc
həkim kimi Azərbaycan Oftolmologiya Elmi-Tədqiqat
İnstitutunda həkim-ordinator işləsə də,
dünyada tətbiq olunan tibb elminin ən müasir
texnologiyalarını təcrübədə sınamağa
çalışırdı. Buna görə də 1950-ci ildə
aspiranturaya daxil olaraq oftalmologiya institutunda elmi işçi
kimi fəaliyyətini davam etdirir.
Tibbi kadrların,
xüsusilə göz həkimlərinin azlıq təşkil
etdiyi o dövrlərdə respublikada traxoma xəstəliyi
geniş yayılmışdı. Bu xəstəliyə
qarşı mübarizə təkcə oftalmologiyada deyil, səhiyyənin
bütün sahələrində problemlər yaradır,
respublika əhalisinin sağlamlığı üçün
mühüm əhəmiyyət daşıyırdı. Həyatın
çətin sınaqlarından çıxmaq üçün
qətiyyətin tələb olunduğunu bilən Zərifə
xanım bilik və bacarığını bu istiqamətə
yönəltdi. Yoluxucu, yayılma imkanları böyük olan
bu xəstəliklə mübarizə onu qorxutmadı. Xəstəliyin
yaranma səbəblərini elmi şəkildə öyrənmək
və profilaktik tədbirlərin aparılmasını sürətləndirmək
üçün tez-tez ucqar kəndlərə belə gedir, əhali
arasında olur, maarifləndirmə işlərinə
xüsusi diqqət yetirirdi. Nəhayət, bu sahədə
topladığı təcrübə onun elmi
axtarışlarının istiqamətini müəyyənləşdirdi.
Tədqiqatlarına əsasən
yazdığı “Traxomanın digər terapiya üsulları
ilə birlikdə sintomitsinlə müalicə” adlı elmi əsəri
ona elmlər namizədi adını qazandırdı. Daim
axtarışda olan gənc alim kimi qlaukoma xəstəliyinin
öyrənilməsi istiqamətində elmi işini davam
etdirdi. 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri
kafedrasına dosent vəzifəsinə dəvət olunur.
Oftalmologiya elminin ən
çətin sahələrinə, problemlərinə
müraciət etməkdən çəkinməyən
bacarıqlı alim kimi elmi axtarışlarının bəhrəsindən
zövq alırdı. Az araşdırılan, lakin aktual məsələlərdən
sayılan diaqnostika, qlaukoma və görmə orqanının
iltihabının müalicəsi kimi məsələlərə
xüsusi diqqət yetirirdi. Peşə ilə əlaqədar əmələ
gələn göz xəstəliklərinin
araşdırılması oftalmologiyada demək olar ki, yeni bir
sahə kimi onun diqqətini cəlb etdi.
Xəstəliyin tam
öyrənilməsi üçün mütəmadi sənaye
müəssisələrində olur, zəhərli maddələrin
görmə orqanlarına təsiretmə yollarını
araşdırırdı. Çoxillik təcrübə və
tədqiqatlarının nəticəsi olan “ Azərbaycanın
bir sıra kimya müəssisələri işçilərinin
görmə orqanının vəziyyəti” mövzusunda
yazdığı dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini
aldı. Əldə etdiyi nailiyyətlər onun vəzifədə
də yüksəlməsinə imkan yaratdı. O, əvvəlcə
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə
kafedra müdiri oldu.
Azərbaycanda görmə
orqanının peşə patologiyasının öyrənilməsi
üzrə ilk elmi-tədqiqat laboratoriyasının
yaradılması təşəbbüsünü qaldıran
da Zərifə xanım olur. Zərifə xanımın təşkilatçılığı
və iştirakı ilə yaradılan həmin laboratoriyada az
intensiv zəhərli istehsal sahələrində görmə
orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin
öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar
aparıldı. Dünyanın elmi ictimaiyyətinin
marağına səbəb olan “ Xroniki yod intoksikasiyası ilə
bağlı oftalmologiya” “Yod sənayesində gözün
peşə xəstəliyinin profilaktikası”, “Şin
istehsalında gözün peşə patologiyası” adlı
monoqrafiyalar həmin elmi axtarışların nəticəsi
kimi maraq doğurdu. Bu sahədəki misilsiz xidmətləri nəzərə
alınaraq Zərifə xanım oftalmologiya elmində ən
yüksək təltif olan M.İ.Averbax adına mükafata
layiq görüldü. O, həm də gözün zədələnməsinin
profilaktikası, görmə orqanlarında bədxassəli
şişlərin diaqnostikası və öyrənilməsinə
aid kitablar da yazmış, 1983- cü ildə AMEA-nın
akademiki seçilmişdir.
Belə yüksək
etimadı qazanmaq o qədər də asan deyildi. O, beş il ərzində
şin istehsalında çalışan 1.281 nəfər
üzərində kliniki müşahidə apararaq tədqiqatları
ilə oftalmologiya elminə yenilik gətirdi. Bakıda məişət
kondisionerləri zavodunda yaratdığı laboratoriya demək
olar ki, onun ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar
daha çox səmərə verirdi. Müəssisədə
çalışanlar arasında qadınlar çoxluq təşkil
etdiyindən daha artıq diqqət tələb olunurdu. Zərifə
xanım aydın başa düşürdü ki, istehsalatda
çalışan qadınlar həm də ana kimi ailənin
qayğısını çəkməli, cəmiyyət
üçün layiqli övlad yetişdirib, tərbiyə etməlidir.
Bunun üçün isə qadın fiziki cəhətdən
sağlam olmalıdır. Sadə, xeyirxah insan kimi həkimlik fəaliyyətinə
vətəndaş mövqeyindən yanaşan Zərifə
xanım çalışdığı kollektivdə
olduğu kimi zavodda işləyən qadınların da hamisi
idi. O, diqqət çəkmədən hər kəsin problemləri,
ailə vəziyyəti, yaşayış tərzi ilə
maraqlanır, onlara yardım göstərirdi. Kiminsə dərdinə
şərik olduğu, tələbatını,
ehtiyacını ödədiyi günü həyatının
mənalı anları hesab edirdi.
Qismətinə belə
xoşbəxtlik, el məhəbbəti qazanmaq nəsib olan Zərifə
xanım baharda, 28 aprel, 1923-cü ildə dünyaya gəlib.
İlin ən gözəl fəsillərindən sayılan
yazda da həyata “əlvida” deyib.
Zərifə xanım
Əliyeva həm də cəfakeş həyat yoldaşı
idi. Çətin və məsuliyyətli sahələrdə
çalışan, Azərbaycana rəhbərliyinin
bütün dövrlərində dövlət, siyasi xadim, xalqına
sədaqətlə xidmət edən ümummilli lider Heydər
Əliyev kimi böyük şəxsiyyətin həyat
yoldaşı olmaq asan deyildi. Zərifə xanım sədaqətli
ömür-gün yoldaşı kimi ulu öndərə həmişə
mənəvi dayaq olurdu.
Bunu Zərifə
Əliyeva adına Naxçıvan şəhər
poliklinikasında tanınmış oftalmoloqun həyat fəaliyyətinə
həsr olunmuş müzeyin açılış mərasimində
də etiraf edən ümummilli lider Heydər Əliyev xatirə
kitabında yazmışdı: “Mənim ömür-gün
yoldaşım mərhum Zərifə xanımın
adını daşıyan poliklinika ilə tanış olmaq,
onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək
məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç
vaxt çıxmayan, mənim üçün çox əziz
olan insanın həyat və
yaradıcılığını əks etdirən bu guşə
məni coşdurdu. Bunların hamısı onun insani keyfiyyətlərinin
böyüklüyünə, böyük elmi və həkimlik
xidmətinə layiqli abidədir.”
Maraqlı həmsöhbət,
sadə insan olan Zərifə xanım cəmiyyətə xeyir
verəcək prinsiplərini müdafiə edəndə inadkar
və mübariz olurdu. Kiminsə xatirinə dəyəcək
halların baş verməməsi üçün diqqətcilliyi
unutmurdu. Elə buna görə də gözlərə
işıq verdiyi kimi xoş sözləri ilə də
insanların sevincini artırırdı. Məqsədi ,
amalı xalqına xeyir vermək, insanlara mənəvi
yardım göstərmək idi. Azərbaycan xalqı
qarşısında ən böyük xidməti isə
Prezident İlham Əliyev kimi torpağına, vətəninə,
elinə-obasına, milli mənəvi dəyərlərə
bağlı övlad yetirməsidir .
Həyata sonsuz dərəcədə
vurğun olan, akademik, Əməkdar elm xadimi Zərifə
xanımın böyüklüyü onda idi ki, xəstə vəziyyətində
də insanlara qarşı səmimi, mülayim idi. Hamıya
ürək yanğısı ilə qayğı göstərir,
ürək-dirək verir, həyatın
qanunauyğunluqlarından qaçmağı
mümkünsüz sayırdı.
...Belə deyirlər
ki, gözlər qəlbin aynasıdır. Gözlərdən
qəlblərə uzanan yolun bələdçisi kimi Zərifə
xanım bir çox xəstəyə Günəş
işığını görmək səadətini bəxş
edib. Bu nurda daim yaşayan isə onun unudulmaz xatirəsi, xəstələrinə
bəxş etdiyi həyat sevincidir. Xeyirxah əməllərinə
görə nur içində uyuyanlar isə əbədilik
yaşam haqqına sahibdirlər.
Xuraman İsmayılqızı
İki sahil.- 2014.- 17 aprel.- S.7.