Tərəqqi təhsilə bağlıdır

 

Kürdəxanı qəsəbəsində yerləşən H.Ağaverdiyev adına

113 saylı tam orta məktəbin şagirdlərinin uğurları

Solmaz Məmmədovanın səyi nəticəsində artmaqdadır

 

Ölkəmizdə elmi-texniki tərəqqinin çox sürətlə inkişaf etdiyi bir dövrdə təhsildəki islahatlar təhsil alan şəxslərin müasir biliklə bacarıqlara yiyələnməsini təmin edir. Təhsilin kökü, mənbəyi, məbədi isə məktəbdir. Elm və təhsil, yüksək ixtisaslı kadr potensialı bu gün hər bir dövlətin hərtərəfli yüksəlişinin əsas təminatıdır.

 

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin uğurla apardığı təhsil siyasətinin nəticəsi olaraq ölkəmizdə təhsilin səviyyəsi sürətli inkişafdadır. Müasir dünyada istənilən rəqabətə tab gətirmək üçün ilk növbədə təhsilə və zəngin biliklərə arxalanmaq lazımdır.

Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən H.Ağaverdiyev adına 113 ¹-li tam orta məktəbin də bu sahədə xidmətləri böyükdür. Tarixini araşdırdıqda məktəbin təxminən 100 ilə yaxın yaşı olduğu məlum olur. Məktəbin müəllimlərinin sözlərinə görə, bu təhsil ocağının kənd əhalisinin maariflənməsində müstəsna xidmətləri olub.

1971-ci ildə məktəb üçün yeni bina inşa olunaraq istifadəyə verilmişdir. 113 ¹-li məktəb öz tarixi boyunca xalqımıza dəyərli töhfələri ilə xidmət etmişdir. Məktəbin təhsil tarixinə nəzər salanda xalqın layiqli övladlarının yetişməsində nəfəsini yandıran, gözünün nurunu verib, əvəzində zehinlərə işıq saçan, təhsil, elm, təlim-tərbiyə fədailərinin misilsiz və gərgin əməyinin danılmaz olduğunu görürük.

Belə insanlardan biri kimi Solmaz Məmmədovanı göstərmək olar. O, elə ilk təhsilini bu məktəbdə alıb. 1966-cı ildən isə həmin məktəbdə laborant kimi əmək fəaliyyətinə başlayıb. 1974-cü ildə Azərbaycan Pedaqoji Universitetinin İbtidai təhsil metodikası fakültəsini bitirən S.Məmmədova 113 saylı məktəbdə 1972-ci ildən müəllimə kimi əmək fəaliyyətini davam etdirib. 2005-ci ildən isə Solmaz xanım həmin məktəbin direktoru vəzifəsində çalışır.

Müdrik, məsuliyyətli, məktəbdə düzgün nizam-intizam yaratması ilə direktor olaraq öz işini, vəzifəsini şərəflə yerinə yetirir. Solmaz müəllimə məktəbin məzunlarının yaddaşlarında bugünkü gündə də dərin hörmət və ehtiramla qalır. Solmaz müəllimə bizimlə söhbətində qeyd etdi ki, indiki dövrdə dövlətimiz məktəblərə yüksək səviyyədə diqqət və qayğı göstərir. Əvvəllər təhsil obyektlərinin şəraiti qat-qat aşağı səviyyədə idi. Lakin buna baxmayaraq, cəfakeş, zəhmətsevər, fədakar müəllimlər də çox idi.

Solmaz Məmmədovanın bu təhsil müəssisəsində çox böyük zəhməti, fədakarlığı olmuşdur. O öz vəzifəsini məsuliyyətlə yerinə yetirmiş, qabaqcıl təcrübə əsasında gənc müəllimlərə öz tövsiyələrini vermişdir. Gənc kadrların yetişməsinə, kamilləşməsinə görə səylə çalışır.

Hal-hazırda 1604 şagirdi olan məktəbin sinif otaqları çox səliqəlidir. Sinif otaqları təzə parta, stolstullarla, dərs ləvazimatı ilə təchiz olunub. Otaqlarda hər bir fənnə aid lövhələr asılıb. Ümumi zalın divarında isə Milli Qəhrəmanlarımızın portretləri, 20 Yanvar, Xocalı faciəsi ilə bağlı fotolar asılıb. Gözlərimizlə şahid olduq ki, həmin təhsil ocağı həqiqətən də tərifə layiqdir. Şagirdlərin hamısı məktəbli formasında idi. Ötən il məktəbi bitirən şagirdlərdən 20-si ali məktəblərə daxil olub. Onlardan da 4-ü 550-dən artıq bal toplayıb. Bu il isə məktəbi bitirənlər arasında ali məktəbdə təhsilini davam etdirənlərin sayının çox olacağına ümid edən S.Məmmədova bu işdə şagirdlərinə əvvəlcədən uğurlar arzuladı.

Solmaz müəllimə məktəbdə ilk növbədə təhsilin keyfiyyətini yüksəltmək, təlim-tərbiyə prosesini daha da yaxşılaşdırmaq, nöqsanları aradan qaldırmaq və pedaqoji kollektivə düzgün istiqamət vermək məqsədilə öz işlərini dövlətimizin təhsil siyasətinə və təhsilin strategiyasına uyğun olaraq aparır. Onun göstərişi ilə kollektiv üzvlərinin əmək intizamı, təhsil alanlara mövzuların yeni yanaşmalarla, müasir təlim texnologiyaları vasitəsilə mənimsədilməsi, məktəbli geyiminə əməl olunması, gündəlik davamiyyət ciddi nəzarətdə saxlanılır. Bundan əlavə, məktəbdə dövlət tədbirlərinin keçirilməsi də yüksək səviyyədə təşkil olunur. Sentyabrın 15-dən Bilik Günündən may ayının 31-dək olan əlamətdar günlər, anım günləri münasibətilə tədbirlər keçirilir. Tədbirlərə rayon icra nümayəndəliyindən, kəndin bələdiyyəsindən, qəsəbə ağsaqqallarının nümayəndələri də tədbirlərimizə dəvət olunurlar. Solmaz Məmmədova onu da qeyd etdi ki, 113 saylı məktəbin şagirdləri arasında ulu öndərin anadan olmasının 91 illiyi ilə bağlı inşa müsabiqəsi keçirilib. Məktəbimizin qalibi isə şəhər birinciliyində iştirak edir. Bundan əlavə, Sabunçu rayon İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramında da məktəbimiz öz şagirdlərinin əl işləri ilə tədbir iştirakçılarının diqqətini çəkir. Bununla əlaqədar keçirilən tədbirdə məktəbimiz “Fəxri Fərman”la təltif olunub. Ötən tədris ilində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə məktəblər arasında keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqələrdə və bilik yarışmalarında iştirak ediblər. Ötən ilbu il məktəbin şagirdi Raqib İsmayılov ingilis dili fənni üzrə olimpiadalarda iştirak edərək yüksək nəticələr əldə edib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Kürdəxanı kəndinin 9 şəhidi var. Bu şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Solmaz xanımın təşəbbüsü ilə məktəbin ərazisində “And yeri” abidə kompleksi yaradılıb. “And yeri” məktəbimizin məzunları üçün, məktəbə yeni qədəm qoyan “birincilər” üçün and yeridir. Hətta məktəbin məzunları olan Kürdəxanı kəndinin gənc oğlanları hərbi xidmətə gedəndə bu abidəni ziyarət edərək and içirlər. Bundan əlavə, 20 Yanvar faciəsi, 26 fevral Xocalı soyqırımı ərəfəsində şagirdlərin iştirakı ilə “And yeri” abidə kompleksinin qarşısında tədbirlər keçirilir.

Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olan Solmaz Məmmədova ümumrayon tədbirlərində də yaxından iştirak edir. 27 saylı Sabunçu II seçki dairəsinin 19 saylı Məntəqə-Seçki Komissiyası məktəbdə yerləşir. 2005-ci ildə həmin məntəqənin sədri olan Solmaz Məmmədova ölkəmiz üçün xüsusi əhəmiyyətə malik seçki proseslərinin həyata keçirilməsində yaxından iştirak edir.

Prezident İlham Əliyevin sərəncamları ilə təhsilə və təhsil obyektlərinə olan təqdirəlayiq diqqət və qayğıdan 113 ¹-li məktəbə də pay düşüb. Belə ki, məktəb 2006-cı ildə əsaslı şəkildə, yüksək standartara uyğun təmir edilib. Məktəb lazımi tədris avadanlıqları və invertarları ilə təmin olunub. 2008-ci ildə isə məktəb üçün əlavə 15 sinif otağından ibarət korpus tikilib istifadəyə verilib. S.Məmmədova onu da vurğuladı ki, şagirdlərin sayının artması ilə əlaqədar məktəb üçün əlavə 18 sinif otağı olan II korpusun tikintisi üçün Təhsil Nazirliyinin tapşırığı var. Yaxın günlərdə II korpusun tikintisinə start veriləcək. Növbəti tədris ilində yeni tikiləcək korpus öz qapılarını sakinləri olan məktəblilərin üzünə açacaq.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2014.- 22 aprel.- S.15.