Xatirələrdə
yaşayan
Şərurlu Partizan
Tağı
Tağı Məşədi
Mahmud oğlu İsmayılov 1887-ci ildə İrəvan
quberniyasının Şərur – Dərələyəz qəzasının
Çomaxtur kəndində anadan olmuşdur. Onun Xorasan Ali
Ruhani məktəbində təhsil almış atası Məşədi
Mahmud İsmayıl oğlu dövrün uzaqgörən və
mütərəqqi şəxsiyyətlərindən
olmuşdu. O, yalnız Naxçıvan elində deyil, Cənubi
Azərbaycanın bəzi şəhərlərində
(Xorasan, Təbriz, Xoy və Makuda) yaşayan dövrün
mütərəqqi fikirli
maarifçi ziyalıları ilə yaxından dostluq
etmişdi. Məşədi Mahmud ali ruhani təhsilli olsa da,
onun Avropasayağı dəbdə
geyiminə işarə ilə tanıyanlar hörmət
və ehtiram əlaməti olaraq ona “Zaqraniçnı Mahmud”
deyərmişlər. Heç də təsadüfü
deyildi ki, Məşədi Mahmud oğlu Tağını
Çomaxtur kəndində olan molla məktəbinə deyil,
inqilabçı baxışlarına görə Qafqaza
sürgün edilmiş maarifçilərdən olan Vanya
Petroviçin qonşu Yenicə kəndində yenicə təşkil
etdiyi “rus –tatar” (“rus-azərbaycan”) məktəbinə qoyur.
Tağı ilk
gündən şagird qabiliyyəti və cəsarəti ilə
müəlliminin diqqətini çəkir. O, bu məktəbdə
rus dilində üç il təhsil alır. Ancaq Rusiyada
baş verən inqilabı hadisələrdən danışan
Vanya Petroviç Tağının mənəvi aləminə
ciddi təsir edir, onda yeni dünyagörüş
formalaşdırır.
Rusiyaya
qayıtmalı olan Vanya Petroviç bu müddətdə
hörmətini qazanmış Məşədi Mahmuda yaxın
adamlarının biri ilə Məşədi Mahmuda sifariş
yollayır: ”Tağıdan nigar qalma, o,mənimlə bizə
-Armavirə gedir”.
Tağının
Armavirdə Vanya Petroviçin inqilabçı dostları ilə
tanışlığı onun həyat tarixçəsində
haqsızlığa, ədalətsizliyə, mövcud
quruluşun qəddarlığına qarşı mübarizə
səhifəsi açır.
Fransızların
Rusiyadan “potrat” götürüb Armavirdə çəkilən
dəmir yolunda inqilabçı fəhlə dostları ilə
birlikdə işləyən Tağı qısa müddətdə
təşkilatda tanınmağa başlayır. O, burada əvvəlcə
“desyatnik”, az keçmir ki, mühəndis koməkçisi vəzifəsinədək
yüksəlir.
Dözülməz
iş rejiminə, aclıq və yoxsulluğa qarşı
üsyan qaldırmış zavod fəhlələrı ilə
həmrəy olan dəmir yolu fəhlələrinin həbsə
atılan dəstəsi arasında Tağı da var idi. O, həbsxanada
qaldığı iki ay müddətində başqa fəal
inqilabçı yoldaşları ilə birlikdə
ağır işgəncələrə məruz
qalmışdı.
Tağı şəhərdə
olan gizli inqilabi mərkəzin köməkliyi ilə bir dəstə
fəhlə ilə birlikdə həbsxananın daş
divarları arasından qaçmağa nail olur. Mərkəz
onu xəfiyyənin nəzərindən yayınması
üçün Tuapsedə çəkilən dəmir yolunda
fəaliyyət göstərən gizli təşkilata
yollayır. O, burada tuneldən
keçən dəmir yolunun çəkilişində mühəndis
işləyir. Tarixin
bu çağında rus hərbi hissələri Güney
Anadoluda qruplaşmış quldur erməni dəstələrii
ilə birləşərək sarı qamış, Ərdəhan,
Kars, İqdır və onlara yaxın kənd və mahallarda
türklərə qarşı dəhşətli
qırğınlar törətmişlər.
Çar
Türkiyənin şərqinə yeni ordu hissələri yerləşdirmək
və daxildə vuruşan hissələrlə Şərqi
Anadolunun kifayət sayda olan bölgələrini ələ
keçirmək üçün güclü hərbi birləşmə
yaratmağı planlaşdırmışdı. O, bu məqsədlə
Şərur rayonunun Şahtaxtı kəndindən Arazın
üzərindən
körpü salıb, Cənubi Azərbaycanın Poldəşt
kəndinə keçməklə oradan Ağrı
dağına doğru tez bir müddətdə Maku –Bayazid dəmir
yolunu çəkməyi qələbəyə gedən zəruri
plan hesab edirdi.
Tağı
İsmayılov artıq Armavirdə
dəmir yolu tikinti idarəsində xüsusi nüfuza malik
mütəxəssis kimi tanınırdı. Onun
Naxçıvanda yerləşdiriləcək hərbi hissənin
əsgərləri arasında geniş iş aparacağına
İnqilabi mərkəz inanırdı. Ona görə də mərkəz
Baş Tikinti İdarəsində yüksək vəzifədə
çalışan tərəfdarlarının köməyi
ilə yuxarılara Tağı İsmayılovun
tanınmış mütəxəssis olmasından başqa,
Şərurlu olmasını, yerli şəraiti
başqalarından yaxşı bilməsini və xüsusən
dəmir yolu çəkilişində insanları tez bir
zamanda səfərbər edəcəyinə
inandırır.
Bununla da Şərur
nahiyyəsinin jandarma rəisinə Tağı
İsmayılova hər cür köməklik etməyi əmr
edən yuxarı təşkilat çarın imzası ilə
yazılmış məktub ona verilir və o, təcili yola
çıxmaq göstərişi alır.
Bu hadisə
Tağı İsmayılovun mübarizə tarixində məsuliyyətli
yeni bir era açır. Bu tarixin bəzi səhifələrini
vərəqləməyə çalışaq.
Tağı
İsmayılovun oğlu filologiya elmləri doktoru, professor
Əjdər İsmayılovun söylədikləri:
“Atam öz
keçmişindən danışmazdı. Bu barədə
ancaq yaxın qohumların və başqa adamların xatirələrindən
öyrənirdim.
Əmim Hüseyn
İsmayılov keçmiş hadisələrdən söz
düşdükcə xatırlayırdı: “Atamı hər
gün Şərur jandarma idarəsinə aparıb oğlunu
harada gizlətdiyini, onu üzə çıxarmağı, gətirib
xoşluqla təhfil verməyi, yoxsa ələ keçirib
qandalla Sibirə yollamaqla hədələyirdilər. Atam hər
sorğuda: “Oğlumun harada olduğunu mən bilmirəm, bir
onu bilirəm ki, Rusiyaya, çörək dalınca gedib. O, nə
günahın sahibidi ki, onu Sibirlə hədələyirsiniz?
Yoxsa fəhləlik edib, çörək qazanmaq
günahdı?”
Atamın sorğu-sualı rəisi
özündən çıxarır: “Sənin çörək
dalınca gedən oğlun Armavirdə ölkəni
qarışdıran fəhlələrin bir dəstəsi ilə
həbsə atılıb. Ancaq o, başqa yoldaşları ilə
birlikdə həbsdən qaçıb və gizlənib.
Armavir çar polisi onun evinə qayıtdığını
güman edir. İnad etmə Tağını gizlətmə,
unutma ki, onu tez-gec yaxalayacam, onda cəzası daha ağır
olacaq”.
Rəisin
dilindən eşitdilən sözlər neçə illərdi
Tağı qağamın (əmim qardaşına “qağa” deyə
müraciət edərdi) varlığından-yoxluğundan xəbərsiz
olan ailəmizi nigarançılıqdan qurtardı. Buna
baxmayaraq, nə atam, nə anam
illərlə həsrətini çəkdikləri
oğullarının evə qayıtmağını istəmirdi.
Tağı
qağamın həbsə alıb sürgün ediləcəyindən
bütün qöhum-qardaş bərk təşvişə
düşmüşdü. Onlar əllərini yuxarıya
qaldırıb, Allahdan kömək istəməkdən
başqa xilas yolu bilmirdilər. Elə buna
görə də yaşlı əmiuşaqları bizə
toplaşar (adətən onlar əvvəllər də hər
gün bizə toplaşardılar), tayfanın ağsaqqalı
olan atamla birlikdə neçə gün, neçə həftə sübh namazını bitirənədək
neçə “rükət” namaz qılar, Allaha üz tutar,
sonra dağılışardılar.
Günlərin bir
gününda gecədən xeyli keçmiş Tağı
qağam gözlənilmədən qapını açıb
içəri girdi. Anam illərlə
üzünü görmədiyi oğlunun boynuna
sarıldı, sevincdən göz yaşı tökdü. Atam
onu bağrına basdı: “Şükür bizi yaradana,
üzünü gördüm, ümidsiziydim oğlum”-dedi,
ağladı. Mən sevincimdən nə edəcəyimi
bilmirdim, elə bil dünyanı mənə vermişdilər.
Ancaq göz yaşları içində boğulan atamın əlacsız-əlacsız
dedikləri bir anda sevincimizi kədərə çevirdi. O, qəhərlə
dedi: “Oğlum, qaç,
canını qurtar, uryadnik məni olmazın günü silistə
çəkir, onun əl altıları evimizi pusquya
alıblar. Səni tutub o soyuq yerlərə sürəcəklər,
qaç oğlum”.
Tağı qağam
çox sakit-sakit, arxayın-arxayın dedi: “Ata, yuxarılardan
mənim naməm var, uryadnik mənə ziyan verə bilməz.”
Biz sakitləşdik.
Anam çay qoyub, süfrə açdı. Təkrar evimiz
sevinclə doldu. Tağı qağam gətirdiyi
bağlamanı açdı, atama və mənə gətirdiyi
payları bizə verdi. Mənimki “çərkəzi geyim”
idi. O, anama gətirdiyi payı onun başına saldı: “Ana,
sənə də çarşaf gətirmişəm”-dedi. Anam
maraqla soruşdu: “Bu necə çadradır, oğlum?”
Tağı qağam
anamı bağrına basıb güldü: “Bu çarşaf
əsginasdı, puldu, ana. Hər dükan-bazara gedəndə nə
qədər lazımsa qayçı ilə arakəsmə haşiyələrdən
kəsirsən, xərcləyirsən. Bu iki “çadra”
neçə illər boyu xərcliyinizə kifayət edəcək.”
Tağı qağam
dedi ki, bu mənim zəhmət haqqımdı, bu əskinas
qızıl puldan çox qiymətlidi.
Səhər tezdən
anam mənim çərkəzi libasımı geydirdi,
Tağı qağamla mərkəzə, uryadnik idarəsinə
gəldik. Uryadnik Tağı qağamın kimliyini bilən
kimi yerindən qalxdı, coşub-daşdı, jandarmı
çağırdı: ”Qandalaqlayın, zirzəmiyə
atın!”-dedi. Tağı qağam çox sakit halda firencinin
cibindən bir kağız parçası çıxardı,
uryadnikə uzatdı. Orada yazılanları oxuyan uryadnik
ozünü yığışdırdı, əlini
qulağınının dibinə aparıb, cansız
kağız parçasındakı imzaya “çest” verdi. Tağı qağam barəsində
olan qovluq onun əmri ilə gətirildi.
Uryadnikin özü divar sobasının
qapağını açdı, onu alova atıb, qapağı
bağladı. Sonra bldim ki, həmin məktubda
yazılıbmış ki, iki gün müddətində
göstərilən sayda canlı qüvvə, araba, bel,
külüng, lom toplayıb Şahtaxtı körpüsündə
qardaşıma təhvil verilsin.
Tağı qağam
yüz nəfərdən artıq canlı qüvvə ilə
çarın planlaşdırdığı Şahtaxtı –
Maku – Bayazıd dəmir yolunun inşaatına başlayır.
O, həmkəndlilərimizdən Məşədi Kərimi, Məşədi
Hüseyni, Süleyman Kalba Muxtar oğlunu, əmioğlarından
Kalba Abbası, əmizadəsi Nəcəfov Qənbəri və
başqalarını birləşdirən gizli təşkilat
yaradır.
Təşkilatın fəal
üzvlərindən olmuş Məşədi Kərim
dayı ötən günləri qürurla xatırlayaraq yeri
gəldikcə deyərdi ki; Dəmir yolunun inşası
bütün günü vaxt itirmədən davam edirdi. Tez bir zamanda çəkdiyimiz yol Şahtaxtı ilə
üz-üzə Arazın o sahilində olan kəndlərdən
keçərək Makuya doğru uzanırdı. Tağı Məşədi
Mahmud oğlu bizimlə bir ərazidə çadır qurub
yaşayan əskərlər arasında da iş
aparırdı. O, açıq fikirli bəzi əskər və
komandirləri təşkilatımıza cəlb
etmişdi.
Çar
hakimiyyətinin yıxılması ilə dəmir yolunun
çəkilişi dayandırıldı. Rus ordusu hərbi
sursatı vaqonlara yükləyib, Rusiyaya qayıtmağa
hazırlıq aparırdı. Təşkilatımızla əlaqələri
olan komandirlərin təklifi ilə silahlar son vaqona
yığıldı. Qatar Şahtaxtı dəmir yolu
vağzalından çıxıb, rayon mərkəzində yerləşən
“Şəhriyar körpüsü”ndən keçər-keçməz
əskər yoldaşlarımız arxa vaqonu qatardan
ayırdılar. Tağı Məşədi
Mahmud oğlu həmin silahları təşkilatımızın
ayrı-ayrı kəndlərdə yaratdığı yoxsul kəndli
dəstələrinə payladı.
Tağı Məşədi
Mahmud oğlunun yaxın silahdaşlarından olmuş həmkəndlisi
Məşədi Hüseynin oğlu Sabir Məmmədov
atasından eşitdiklərini tez-tez xatırlayardı. O, deyərdi ki, Tağı dayının dəstəsindiə
otuz beş atlı var idi. Onun “Təbriz” adında ayaqları
xına rəngində, qarnının altından uşaq asan
keçən ağ, hündür atı hər zaman dəstənin
qabağında çapardı. “Təbriz”in yorğa,
rahat yerişi, yel kimi uçuşu var idi. Sədərək və Baş
Noraşen kəndləri arasından uzanıb keçən
dağ silsiləsi boyu Tağı dayının kəndimizin
qorxmaz, döyüşkən cavanlarını birləşdirən
dəstə bütün Şərur kəndlərindən gələn
dəstələrlə çiyin-çiyinə İngilis
bayrağı altında hücuma keçən Birinci Cahan
müharibəsi dövrü döyüş təcrübəsi
görmüş daşnak ordu hissələrinə ciddi
müqavimət göstərirdi. Ermənilər
topla, ingilis və rus silahları ilə
döyüşürdülər.
Xəbər gəldi ki, ermənilər rusun zirehli qatarı ilə Naxçıvana doğru
hücuma keçəcək. Tağı
dayı dəstəsi ilə gəlib, qatarın keçəcəyi
yolun üstündə ucalan “Vəli dağı” deyilən
dağda dəmir yoluna partlayıcı döşəyir,
bizimkilər pusquda düşməni gözləyirlər.
Zirehli qatar “Vəli dağı”na
çatır, “Böyük körpü”nü keçir,
rayonun içərisinə doğru irəliləyir. Bizimkilər körpününü partladıb, yenə
pusquya çəkilirlər. İşdən
xəbər tutan daşnaqlar hara gəldi pulemyotlardan atəşə
tuturlar, uçurulmiş körpüyə qayıdırlar.
Ataşə cavab görməyən düşmən
arxayınlaşır.
Körpünü bərpa etmək
üçün qatardan bir dəstə yenir. Onlar sakilikdən arxayınlaşcaq, iki dəstə
də qatardan bir-birinin ardınca yenir,
dağıdılmış körpüyə
yaxınlaşır.
Düşmən məqama çatcaq,
partizan komandirinin işarəsilə dəstə onları hər
tərəfdən güllə yağışına tutur. Gözlənilməz güllə-barandan
çaşan ermənilər yerdəki yoldaşlarını
xilas etmək üçün qatardan bizimkilərə
aramsız atəş açırlar, Ancaq təcrübəli
partizan komandirinin sıldırım qayalıq ərazidə
seçdiyi strateji mövqedən bizimkilər qatara doğru
qaçan erməniləri son nəfərinədək məhv
etmişlər. Qatardan atəş
açan daşnak bandası pusquya düşdüyünü
görüb, atəş aça-aça xilası
yaxındakı Araz çayını görünməz edən sıx yuluğun ağcı
meşəliyinə, boy-boy dayanmış qəmiş
talasına qaçmaqda görür. Onlar
xeyli itki verirlər.
Bizimkilər zirehli qatardan bütün hərbi
sursatı ələ keçirir,onu
partladır,oradan uzaqlaşırlar. Həmin
silah, patrondaş silahsız əhaliyə paylanılır.
Bu əməliyyat komandirə şöhrət
gətirir, rayonda onu “partizan Tağı” adıyla tanıyırlar. Tağı dayı düşmənlə
döyüş taktisasını rusiyada öyrənmişdi.
Bu hadisədən sonra İqdır
mahalında ruslarla bir yerdə türklərə qarşı
qırğınlar yaratmış milliyyətcə erməni
olan general Qaraxanovun (Qaraxanyanın) komandanlığı
altında daşnak ordusu Şərura hücum edir. Qaraxanyan Birinci Cahan müharibəsində
döyüş təcrübəsi qazanmış komandir idi.
Onun geniş ərazidə keçirdiyi hücum
əməliyyatında ağır ingilis toplarından istifadə
edilirdi. Bu qeyri-bərabər
döyüşdə müharibədən
çıxmış nizami ordu ilə üzbə-üz on gün
dayanmış təcrübəsiz şərurlu
döyüşçülərin
müqaviməti qırılır, onlar ata-ata geri çəkilirlər.
Hər dəstə öz kəndinə
qaçır, ailə-uşağı Arazın o sahilinə
keçirməyə çalışır. Qəddar
düşmən boşalan kəndlərimizi talayır, onlara od vurur.
Bu qaçaqaçda ermənilər Araza can atan
insanların bir qismini arxadan gülləbaran edir, kimlərsə
ailəlikcə coşub-daşan Arazın “allah-allah” deyən
sularına qərq olur.
Bu, torpaqlarımızi işğala gəlmiş
ermənilərin aprel 1918-ci ildə ingilis bayrağı
altında Qaraxanyanın komandasında olan daşnaq
bandasının Şərurda yerli türk əhalisinə
qarşı apardığı kütləvi
qırğının növbəti tarixi idi.
Şərur eli üzərinə İngilis
bayrağı altinda gələn daşnaq Yaponun yerli türk əhalisinə
tutduğu misli görünməmiş divan ermənilərin
türklərə qarşı apardıqları növbəti
soyqırımı tarixidi.
Yaponun komandanlıq etdiyi erməni daşnaq bandası
Göyçə gölünün sahillərində yerləşmiş
“Qızıl xaraba”, “At daşı”, Həsən kəndi və
başqa kəndlərimizdən başlayaraq, Dərələyəz
dərəsi boyu bütün kəndlərimizə od vurur, qaçıb canını qurtara bilməyən
əhalini süngüyə keçirir, Əmoğlu kəndinin
aşırımından Şərur rayonuna soxulmaq istəyir.
Döyüşçü
xatirlərindən
Qaçıb canını qurtararaq Şərur kəndlərinə
tökülüşən əhalinin verdiyi məlumatdan sonra
ayrı-ayrı atlı dəstələrdən ibarət silahlı igidlər dağın o
biri dərəsində olan Əmoğlu kəndinin
yaxınlığında dağın bu biri üzündə
yerləşən Yuxarı Yaycı kəndindən Xaçik
kəndinə doğru sıldırım qayalarla səngər
kimi əhatə olunmuş dərə boyu qayalar arxasınnda
mövqe seçib, düşmənı gözləməyə
başladıq.
“Zirehli qatar”ı ələ keçirdikdən sonra
“Partizan Tağı” adıyla ad çıxarmış
komandrimiz otuz beş nəfərdən ibarət
olan döyüşçüsünü bir qədər
yuxarıda dərənin hər iki tərəfində
sıldırım qayalar arxasında yerləşdirmişdi. Biz “Zirehli qatar”dan qənimət olaraq ələ
keçirdiyimiz dörd plomyotla pusquda dayanmışdıq.
Qan içən Yapon at üstündə
dərənin yuxarısında görsəndi. Onun
sağında – solunda atlı dəstə
dayanmışdı. Biz onu aydın
görürdük.
Yaponun işarəsi ilə daşnaq
bandası axınla dərəyə doluşdu, dərə
boyu aşağıya - kəndə doğru irəliləməyə
başladı. Yaponun dürbünlə vəziyyəti
izlədiyini aydın görürdük.
Komandirlərin
əməliyyatına əsasən bizim
döyüşçülər düşmən son dəstənin
mövqeinə yaxınlaşarkən atəş
açılmalıydı. Arxayınlıqla
kəndə doğru irəliləyən daşnaqlar gözlənilmədən
təxminən bir kilometr dərə boyu atılan güllələrin
yaratdığı vahimədən çaşıb
qalmışdılar. Onların
sığınmaqları üçün heç bir şərait
yox idi. Sıldırım qayalarla əhatə
olunmuş dərə Yuxarı Yaycı kəndindən bir
tayfanın mal-qarasının otlaq yeri idi.
Düşmən hara gəldi ata-ata geriyə
qaçmağa başladı. Bizim plomyotların
şaqqıldısı dərədə top səsi kimi əks
səda verirdi. Düşmənin az bir hissəsi
qaçıb canını qurtardı. Yapon
gözləmədiyi halda verdiyi itkidən sonra bir müddət
Şərura gəlməyə cəsarət etmədi. Onun hara çəkildiyi məlum olmadı.
“Partizan Tağı”nın döyüşçülərindən
Rüstəm Kərbəlayi Həsən oğlunun Xök kəndilə
Naxçıvan şəhəri arasında yerləşən
“Böyük düz” deyilən ərazidə Naxçvana
köməyə gəlmiş türk ordusuna birləşən
sınaqdan çıxmış şərurlu
döyüşçülərin ermənilərə
qarşı qanlı döyüşdə göstərdikləri
igidliklərə şahidliyi də
naxçıvanlıların ingilis-rus bayrağı
altında torpaqlarımızı qanlı meydana çevirən
silahlı daşnaq bandalarına qarşı apardıqları
mübarizə tarixi üçün olduqca qiymətlidi. Onun xatirələri bu günə kimi yaşayır.
Şərurlular elə bilirdilər ki,
Yapon “Yaycı dərəsi”ndə verdiyi ağır itkidən
sonra bir daha özünə gələ bilməz. Bu belə olmadı.
Banda
başçısı 1828-ci ildə rusların yaxın şərqdən,
Türkiyə və Cənub Azərbaycandan gətirib qədim
torpaqlarımızda yerləşdirdiyi ermənilərdən ibarət
kənd-kənd kifayət sayda seçmələrlə
silahlı daşnaq ordusu təşkil etmişdi. Biz bundan məlumatlı idik. Biz elə bilirdik
ki, Yapon ermənilərin məskunlaşdıqlrı
Xaçik kəndinin aşağısında dağın
döşündə yerləşən Havuş kəndindən
keçib,Şarurun mərkəzinə
basqın edəcək. Ancaq səhəri günu xəbər
gəldi ki,ermənilər dağın
arxasından aşıb, Kəngərli mahalının
Qarabağlar kəndini atəşə verdikdən sonra
Qabıllı, Qıvraq, Şahtaxtı və Xök kəndlərində
qaça bilməyən əhaliyə divan tuturlar. Rayon kəndlərinə hay düşdü.
Köməyə çatan Sədərək və
Yuxarı Yaycı döyüşlərində təcrübə
qazanmış Şərur atlı dəstələri
eməniləri Kəngərli kəndlərindən
çıxarıb, Böyük düz ərazisinə
doğru sıxışdırdılar.
Dağın arxasından ermənilərə
yeni qüvvələr gəlirdi. Biz qeyri-bərabər
döyüşdə məğlub ola bilərdik.
1918-ci ilin may ayında gavura qarşı döyüşdə
bizə Allahdan kömək gəldi. Arxamızdan atılan top
mərmisi ermənilərin mövqelərində partladı. “Allah-Allahla” deyərək hücuma keçən
türk suvarilərini görən ermənilər ilk həmlədə
dağa doğru qaçağa düşdülər.
“Qafqaz Müsəlman Ordusu”nun komandanı Nuru paşa Xök kəndinin
girəcəyində
hündür bir təpədə dürbünlə
döyüş meydanını izləyirdi.
Gəldikləri
dərə ilə geri qaçan daşnaqların
qabağını Partizan Tağının bölməsi kəsdi.
Türk ordusu ilə şərurlu igidlər
axşam çağına kimi davam edən qanlı
döyüşlərdə Yaponun ordusuna tarixi divan tutdular. Banda
bşçısı Yapon kiçik mühafizə dəstəsi
ilə dağı aşdı, canını qurtardı.
Ara
sakitləşdi. Nuru Paşa komandrimizi yanına
çağırdı, döyüşdə göstərdiyi
igidliyə görə onu üzəri qiymətli
daşlarla bəzədilmiş xəncər və “Türk
çapı” mükafatları ilə təltif etdi. Paşa
onu bağrına basarkən komandrimizin atəş içərisində
yandığını hiss etcək: ”Yavrum,
nədir bu hal, sən atəşdə yanıyorsun” –dedi.
Komandrimiz əlini qulağının dibinə aparıb: ”Paşam,Vətənə xidmət edirəm”-cavabını
verdi. O, müvazinətini itirib, səldirlədi. Paşa həyəcanla həkimi harayladı. İlk yardımdan sonra Paşanın əmrilə
komandrimiz iki at qoşulmuş xüsusi arabaya qaldırıldı
.Onun yeri rahatlandı, hədiyyə olan silahlar yanına
qoyuldu. Arabaya bir qədər ərzaq
yığıldı, iki türk əskərinin
müşaiyyəti ilə o,ailəsinə
yola salındı.
Nuru
paşanın xilaskar ordusu
Gəncə
istiqamətində yürüşə başladı
Partizan
Tağının oğlu filologiya elmləri doktoru, professor
Əjdər Tağı oğlunun (İsmayılovun)
Paşanın hədiyyə verdiyi silahlarla əlaqədar
dedikləri:” 1958-ci ildə atam dünyasını dəyişəndə
mən Azərbaycan Dövlət Universitetinin ikinci kursunda
oxuyurdum. Yay tətilində idim. Bir gün
anam cehiz sandığını açıb, oradan ipək
şala bükülmiş qəbzəsi yaşıl rəngli
daş-qaşla bəzədilmiş təxminən uzunluğu
45-50 santımlıq olan gümüş xəncəri və
“türk çapını“ qarşıma qoydu: ”Bunlar
Böyük düzdə erməni daşnaqlarına qarşı
döyüşdə Nuru paşanın atana verdiyi hədiyyələrdi”-dedi.
Anam
bükülünün arasında olan dəri qəbzəli xəncərə
işarə ilə: “bu da Həsənin nişanəsidi”- dedi
və qəhərləndi. Həsən mənim
böyük qardaşım idi. Onun 1939-cu
ildə fin – rus döyüşlərindən “qara
kağızı” gəlmişdi.
Anam dedi: “Əjdər,
atan bunları son gününə kimi qoruyub, saxladı. İndi o, yoxdu. Səndən
qorxuram, bunlardan xəbərdar olsalar, səni məktəbdən
qovarlar, səni həbsə atarlar, qorxuram, Həsəndən
sonra səni itirə bilmənəm. Gəl
bunları su quyusuna ataq, üstünü torpaqlayaq. Bunu sən,
mən bir də Allah bilir.“
Mən anamın
qorxu və səksəkə içərisində
yaşamasına razı ola bilməzdim. Buna mənəvi ixtiyarım yox idi. Ancaq mən anamın sözünə etiraz etmədiyimə
görə bu gün çox peşmanam. Necə
də olmayım, atamın mübarizə tarixinin şanlı
bir səhifəsini öz əllərimlə quyunun dərinliyində
“dəfn” etmişdim.”
1920 -ci ildə
Abasqulubəy Şadliniskinin komandanlığı altında
“Qarmızı Tabor” yaradılır və vaxtı ilə
silaha sarılmış el-obanın qeyrətli oğulları
vahid komandalıqda birləşirlər. Cəsur
“Partizan komandiri” Tağı İsmayılovun döyüş
sınaqlarından çıxmış dəsdəsidə
“Qırmızı Tabora” daxil olur və orada partizan dəstəsinin
komandiri kimi xidmətini davam etdirir.
”Qırmızı Tabor”un Şərur-Vedibasar
və Çanaxçı, Çüvə, Paşalı,
Söylən, İstisu istiqamətlərində erməni -
daşnaq bandalarına qarşı apardığı
döyüşlərdə Tağı İsmayılovun
bölməsi kəşfiyyat-partizan əməliyyatları
aparırdı.
Onun komandiri olduğu
partizan dəstəsi 1920-ci il iyulun 28-də
Dərələyəz dərəsindən Şərur
mahalına hücum edən daşnak quldur dəstəsinə
qarşı döyüşlərdə xüsusiilə fərqlənmiş
və bu döyüşlərdə Tağı
İsmayılov böyük qəhrəmanlıq nümunələri
göstərmişdi.
Tağı İsmayılov
Naxçıvanda Muxtar Respublikanın qurulmasında və
möhkəmləndirilməsində xüsusi xidmətləri
olmuşdu. 26 fevral 1926-cı ildə
Nax.MSSR IV Sovetlər qurultayının nümayəndəsi
olmuş Tağı İsmayılovun qurultayda çəkdirdiyi
şəkil ailəsi üçün müqəddəs
sayılan foto-şəkil əvəzsiz tarixi yadigardı.
Tağı İsmayılov 1929-cu ilin yanvar
ayında kənd təsərrüfatı kredit işçilərinin
III qurultayının nümayəndəsi kimi Moskvaya
getmişdi.
Sonralar
Tağı İsmayılov Şərur rayonunda
yaradılmış kommunal təsərrüfat idarəsinin, kənd
təsərüfat kredit bankının, istehlak cəmiyyətinin
ilk təşkilatçısı və rəhbəri olmuşdu.
1933-cü ildən 1955-ci ilədək
Noraşen rayon taxıl tədarükü idarəsinin
müdiri olmuşdu. Böyük Vətən müharibəsinin
ən qızğın çağında (1942-ci ildə)
dövlət, eyni zamanda Naxçıvan taxıl tədarükü
idarəsinin də (xalq əmlakını
dağıtdıqlarına görə bütün
işçilər həbs edilmişlər )
rəhbərliyini Tağı İsmayılova etibar
etmişdi. Müharibə
dövrü taxılı itkisiz saxladığına görə
(onu da xatırladaq ki,Ukraynadan və
Şimali Qafqazdan faşistlərin əlindən
qaçırılan taxıl da Noraşen tədarükuna təhvil
verilirdi. Hətta o illərdə kərçək
yığılan pambıq zavodunun nəhəng binalarında
da yer olmadığı üçün qaçırılan
məhsul tədarük məntəqəsinin açıq həyətinə
tökülür, üstünə brezent çəkilirdı)
Tağı İsmayılov 1943-cü ilin 22 fevralında
SSRİ Xalq Tədarük Komissarlığının
“Əlaçı tədarükçü” döş
nişanı almışdı. O, SSRİ Ali Soveti Rəyasət
Heyyətinin 1946-cı il 24 iyun tarixli fərmanı
ilə “1941-1945-ci illərin Böyük Vətən
müharibəsində rəşadətli əməyə
görə” medalı ilə təltif edilmişdi. Bundan sonra o,”Şərəf nişanı” ordeninə
layiq görülmüşdü.
Maraqlı cəhət odur ki,
Tağı İsmayılov bolşevik (kommunust)
partiyasının üzvü olmamışdı.
Təqaüdçü
Tağı Ismayılov 1958-ci ildə Çomaxtur kəndində
vəfat etmişdi.
Naxçıvan torpağı görkəmli elm xadimləri
yetirməklə yanaşı partizan Tağı kimi cəsur, mərd
mübariz, müqəddəs
amal uğrunda fədakar şəxsiyyətlərdə
yetirmişdir.
Cavid İsmayılov
İki
sahil.- 2014.- 22 aprel.- S.11-12.