SOSİAL-İQTİSADİ TƏRƏQQİNİN

ÜMUMBƏŞƏRİ YANAŞMALARI

 

Azərbaycan sosial və mədəni tərəqqisinə, habelə, rəqabət qabiliyyətliliyinə görə dünya xalqlarının diqqətini cəlb etməkdədir. Belə faktları beynəlxalq təşkilatlar tərəfindən aparılan müşahidə və sorğular bir daha sübut edir. Bütün bunlar Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən müəyyən edilən böyük siyasətin uğurlu davamından xəbər verir.

 

Lakin dünya ictimaiyyəti bilməli və qəbul etməlidir ki, Azərbaycan Respublikası sosial-iqtisadi sahədəki həmin misilsiz uğurları, 1 milyondan artıq qaçqın və köçkünün sosial-iqtisadi problemlərini tənzimləməklə həm də özünü Ermənistan dövlətinin riyakar işğalçılıq siyasətindən müdafiə edərək 80 faiz potensialı ilə qazanmışdır. Cəsarətlə demək olar ki, bax budur Böyük Siyasətin uğurları.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə demişdir ki, ölkəmizin qarşısında duran sosialiqtisadi problemlər mərhələlər üzrə, həm də çox böyük müvəffəqiyyətlə həll olunur. Lakin biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələlik müharibə yolu ilə deyil, sülh və danışıqlar yolu ilə həll edilməsinə üstünlük veririk.

Lakin bu da bir həqiqətdir ki, Dağlıq Qarabağ probleminin tezliklə həlli getdikcə artmaqda olan ümumdünya münaqişələrinin tənzimlənməsi yollarından keçir. Ona görə də hüquqazidd əməllərin sahibi olan ölkələr ən azı səbəb olduqları itki və tələfatlara, bəşəriyyətin sosial-rifahına mənfi təsir göstərə bilən əməllərə görə iqtisadi sanksiyalara məhkumdurlar. Hər bir ölkənin mövcudluğu şübhəsiz ki, onun daxilində olan ayrı-ayrı vətəndaşların birgə fəaliyyətindən, onların güzəranından, yaşayış səviyyəsindən asılıdır. Əgər hər hansı qanun pozuntusuna görə kimlərsə mühakimə olunursa, deməli, onda beynəlxalq hüquqazidd əməllərə yol verən ölkələrin də daha ciddi cəzalandırılması lazım gəlir. Deməli bütün hallarda əlavə xərc tələb olunur ki, bu da cəmiyyətimizin hər bir üzvünün xeyrinə ola bilməz. Bunlardan biri də təqsirkar ölkənin qarşı tərəfə vurduğu hər cür zərərə görə təzminatlar ödəməsi üzrə (konpensasiya, restitusiya, satifikasiya, reabilitasiyas. formasında) beynəlxalq qaydaların müəyyən edilməsindən ibarətdir. Belə arqumentlər yalnız xüsusi sertifikata malik olan ekspertlər (qiymətləndiricilər) tərəfindən, həm də “Beynəlxalq Qiymətləndirmə standartları”-nın tələblərinə müvafiq olaraq həyata keçirilməli və tətbiq edilməlidir. Fikrimizcə, məsələnin belə qoyuluşunu dünya birliyində müdafiə edən hər kəs Nobel mükafatına layiq görülməlidir. Çünki hazırda davam edən və səngimək bilməyən maliyyə-iqtisadi böhranın ən başlıca səbəblərindən biribudur. Azərbaycana gəldikdə isə bu ölkə böhranın acınacaqlı təsirindən uzaqdır, onun xalqı və Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq bütün bəşəriyyəti işgüzar əməkdaşlığa “hə”, münaqişəyə, müharibəyə, terrora və işğalçılıq siyasətinə “yox” deməyə çağırışlarında davam etməkdədir.

Müharibələr, münaqişələr və terror aktları nəticəsində baş vermiş itki və tələfatlara görə, günahkar tərəfdən təzminatların tələb edilməsi qaydası beynəlxalq təcrübədə tətbiq olunmaqdadır. Zərər vurulan dövrdə hakimiyyətdə kimin olmasına baxmayaraq günahkar dövlət zərərçəkənin məruz qaldığı bütün növ itki və tələfatlara görə hüquqisiyasi məsuliyyət daşıyır. Silahlı təcavüzlər nəticəsində əmələ gələn zərərlərin məbləği “Beynəlxalq Qiymətləndirmə Standartları”na uyğun hesablanır. Bu hesablamalar beynəlxalq sertifikatlı mütəxəssislər və ekspertlər tərəfindən təsdiqlənir.

Beynəlxalq hüquqdakı təzminatlar barədə müddəalar və XX əsrdə ayrı-ayrı dövlətlərin təzminat ödəmələri barədəki faktlar Azərbaycan Respublikasına qarşı Ermənistan tərəfindən həyata keçirilən əsassız ərazi iddiaları nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə onun ağır nəticələri və davam etdirilməsi səbəbindən baş verən və ilbəil artan zərərə görə Ermənistan dövlətindən Azərbaycanın təzminat tələb etmək hüququna malik olmasına bir daha əsas verir.

Ermənistanın hüquqazid və işğalçılıq siyasəti nəinki Azərbaycan Respublikasının, hətta bütün Qafqaz regionunun, habelə bu münaqişə dünya xalqlarının sosial rifahına mənfi təsir göstərir desək heç də yanılmarıq.

1993-cü ilin yayında öz xalqının çağırışı ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi strategiya təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi işğalçılığın qarşısının alınması, işğalçı tərəfin ifşa edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, region ölkələrinin kompleks inkişafı üçün məqsədyönlü strategiyanın əsasını qoymuşdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tamamilə yeni bir mənzərə yaratmışdır. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin bütün istiqamətləri, habelə qətiyyətli və cəsarətli addımları, dəqiq hədəflərə hesablanmış qərarları Ermənistanın təcavüzkar niyyətlərini ifşa etməkdə, işğalçı tərəfin hüquqazidd iddialarını puça çıxarmaqdadır. Dünyadakı mövcud ikili standartların təcavüzkar Ermənistanın maraqlarına uyğun olmasına baxmayaraq Azərbaycan tərəfinin çevik diplomatiyası bir sıra məqamlarda beynəlxalq təşkilatları və böyük dövlətləri fakt qarşısında qoymuşdur.

Məlumdur ki, Ermənistan təcavüzkar siyasətindən rəsmi sürətdə imtina etməyənə və işğal faktı aradan qaldırılmayana qədər Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasətinə qarşı öz mövqeyini dəyişməyəcəkdir. Odur ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən təcavüzkar Ermənistanın hərbi işğalı nəticəsində Azərbaycan Respublikasının məruz qaldığı maddi və mənəvi itkilərini “Beynəlxalq Qiymətləndirmə Standartları”na uyğun dəyərləndirilməsi, mövcud metodlarla hesablanması və beynəlxalq təşkilatlar qarşısında təqdimatların təşkili ilə bağlı Baş nazir Artur Rasizadəyə ünvanlanan (¹3/2593 saylı, 23 dekabr 2011-ci il tarixli) məktub tarixi əhəmiyyət daşıyır. Bu məktub təcavüzkar Ermənistanın məlum münaqişədə günahkar tərəf olduğunu əsaslandırmaq, Azərbaycana vurulmuş çoxistiqamətli zərərləri hesablamaq, işğalçı tərəfə qarşı iddialar irəli sürməkdən ötrü yeni bir fəaliyyət istiqamətinin yaranması və inkişaf etdirilməsi üçün hüquqi əsas verir. Odur ki, Nazirlər Kabinetinin bu məktub əsasındakı qəbul etdiyi müvafiq Sərəncam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan xalqının pozulmuş hüquqlarının bərpası və qorunması istiqamətində atılmış növbəti rəsmi addım kimi qiymətləndirilməlidir. Bütün bu hüquqi əsaslar imkan verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Azərbaycanın siyasi üstünlüyünü gücləndirmək istiqamətində olduqca cəlbedici və sübutedici faktlar, dərin mülahizələr əsasında yeni bir konsepsiya həyata keçirilsin.

Bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin qorunmasında maraqlı olan Azərbaycan Respublikası müharibə və münaqişələrin qarşısının alınmasına, beynəlxalq terrorçuluqla mübarizənin gücləndirilməsinə böyük töhfələr verməsinə baxmayaraq ikili standartlardan çox əziyyət çəkən regionlardan biridir. Odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana vurulmuş zərərin dəqiq, şəffaf və ədalətli hesablanmasının ortaya çıxaracağı arqumentlər dünyadakı ikili standartların dəf edilməsi üçünvacib olan bir istiqamət kimi özünü doğrulda bilər.

Bu bir həqiqətdir ki, dünyada münaqişələrin sayı ilbəil artır. Ən dəhşətlisi isə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində iki dövlət arasında müharibəyə çevrilmiş bu reallıqların uzun müddət davam etməsidir. Buna baxmayaraq, təcavüzkar tərəf münaqişə ilə bağlı daim saxta mülahizələr əsasında dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaqda davam edir. Ermənistanda fəaliyyət göstərən “Qaçqınlar və beynəlxalq hüquq” cəmiyyətinin saxta yanaşmaları işğalçı tərəfin uydurma mülahizələr əsasında cərəyan edən fəaliyyətinə bir nümunədir. Təəssüf ki, adıçəkilən cəmiyyətin hesabatında münaqişənin başlanması səbəbi və günahkar tərəfin kimliyinə rast gəlinmir. Qeyd edə bilərik ki, saxta ittihamlar, həqiqətə uyğun olmayan məqamlar əsasında təqdim olunan hər bir hesabatiddia özlüyündə ümumbəşəri dəyərlərə hörmətsizlik, beynəlxalq hüquq qarşısında məsuliyyətsizlikdir. Bu barədə beynəlxalq səviyyəli qanunlarda hərtərəfli və geniş şərhlər məvcud olmaqdadır.

Erməni təcavüzkarlığı və Ermənistan Respublikasının təcavüzkar siyasəti iki yüz ilə yaxındır ki, Azərbaycan xalqının torpaqlarını, onun maddiqeyri-maddi irsini xəyanət və hər cür riyakarlıq hədəfinə almışdır. XX əsrdə Qafqazda mövcud olan bütün münaqişələr erməni amili özünü büruzə vermiş, həm də aktiv tərəf və səbəbkar kimi mövcud olmaqda davam edir. Ermənistan dövləti Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldırmaqda, bu iddiaları iki xalq arasında münaqişəyə çevirməkdə və birtərəfli qaydada hərbi təcavüz həyata keçirməkdə təqsirkardır və bütün bu proseslərin ağır nəticələrinə görə məsuliyyət daşıyır. Eləcə də təcavüzkar dövlət olan Ermənistan münaqişə nəticəsində Azərbaycan və Ermənistanda zərər çəkmiş insanlar qarşısında da hüquqi məsuliyyətə məhkumdur. Çünki münaqişənin yaranması və ağır nəticələrlə başa çatmasında səbəbkardır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 14 dekabr 1974-cü ildə qəbul etdiyi 3314 (XXIX) saylı qətnamənin 5-ci maddəsində “Təcavüzün tərəfi” anlayışı aydın şəkildə ifadə olunmuşdur. Bu sənəd əsasında da silahlı təcavüz, onun törətdiyi münaqişələr, müharibələr, terror aktları və soyqırımların törədilməsi, eləcə də insanlığa qarşı yönəlmiş bütün cinayətlər habelə bütünlüklə işğalçılıq siyasəti Roma statusunun 5-ci maddəsinə əsasən Beynəlxalq Cinayət Məhkəməsinin yuridiksiyasına aid edilmişdir.

Azərbaycan ərazilərinin hərbi işğala məruz qalması, zəbt olunmuş torpaqlardan mənfəət əldə etmək imkanlarının itirilməsi, işğal altında saxlanılan torpaqlarda terrorçu düşərgələrin qurulması, bu ərazilərdə narkoplantasiyaların salınması və narkodəhliz kimi istifadə edilməsi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi blokadada saxlanılması və s. cinayət əməlləri BMT-nin Nizamnaməsinə və digər beynəlxalq konvensiyaların sülh, sabitlik, inkişaf və tərəqqiyə qarşı olan tələblərə uyğun gəlmir.

Məlumdur ki, bütün münaqişələrdə təcavüzkar və basqıya məruz qalan tərəflər var. Əksər hallarda bu münaqişələrin yaranmasında və inkişafında üçüncü tərəf mövcud olur. Üçüncü tərəf həmişə münaqişələri qızışdırmaqla öz maraqlarını təmin edir. Lakin istənilən halda münaqişə iştirakçıları - təcavüzkar və zərər çəkən tərəflər böyük tələfatlara və itkilərə məruz qalırlar. Son otuz ilin statistikası göstərir ki, Yer kürəsindəki millidini zəmində baş vermiş münaqişələrin sayı 10-12 dəfə artmışdır. Təhlillər sübut edir ki, dünyada baş verən münaqişələrin nəticələrinin aradan qaldırılması məqsədi ilə donor ölkələrin göstərdikləri yardımlar, dinc məqsədli - tərəqqi və inkişaf layihələrinə sərf olunan məbləğlərdən qat-qat çoxdur. Təcrübə göstərir ki, münaqişələri həll etməyin yeganə yolu dünya birliyinin təcavüzkar tərəfə qarşı sərt mövqe nümayiş etdirilməsi, siyasi-iqtisadi sanksiyaların tətbiqindədir. Əks mövqe təcavüzkar tərəfi ruhlandırır, münaqişənin həlli uzanır, bütövlükdə münaqişə regionunun inkişafı geriləyir. Buna misal olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticəsini göstərə bilərik. Beynəlxalq dərəcəli ekspertlərin ilkin hesablamalarına görə, Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddiasının ortaya çıxması, müharibəyə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri Azərbaycan Respublikasına ümumilikdə 500 milyarddan çox ABŞ dolları məbləğində ziyan vurmuşdur. Bu münaqişənin təcavüzkar tərəfə fayda gətirdiyini düşünmək də əsassızdır. Doğrudur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yaradan erməni millətçilərinin bir qismi siyasi hakimiyyət sərvətinə sahib olmuş, digər bir qismi qarət və talanlar hesabına mənfəətlər əldə etmişdir. Lakin məlum münaqişə sıravi ermənilərə yalnız faciə və fəlakət gətirmiş, Ermənistan dövləti isə regiondakı bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalaraq qaçılması mümkün olmayan sosial-iqtisadi böhrana yuvarlanmışdır. Nəticədə isə pis və çətin həyat tərzi ermənilərin bu ölkəni tərk etməsinə səbəb olan əsas amilə çevrilmişdir. Bütün bunlarla yanaşı Ermənistan silahlı təcavüz nəticəsində Azərbaycana qarşı hərbi cinayətlər törətmiş, əhaliyə və dövlətə böyük həcmdə maddi və mənəvi ziyan vurmuşdur. Beləliklə, işğalçı Ermənistan münaqişənin nəticələrinə görə, təkcə Azərbaycan xalqı və onun dövləti qarşısında yox, o cümlədən münaqişədən zərər çəkmiş Qafqaz regionunun qarşısında da hüquqi-siyasi məsuliyyət daşıyır. Odur ki, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin cinayət tərkibi barədə əsaslandırmaların dünya dövlətləri tərəfindən qəbul edilməsinə nail olunmaqla həm də mühüm strategiya kimi tədricən öz həllini tapmalıdır. Belə yanaşma hər bir insanın sosial rifahının yaxşılaşmasına əhəmiyyətli təsir göstərər.

 

Xanhüseyn Kazımlı,

Milli Məclisin deputatı,

Sosial Rifah Partiyasının sədri

 

İki sahil.- 2014.- 22 aprel.- S.3.