Ramiz Mirişli: Mahnılarıma

qonorar almamışam

 

Azərbaycanın xalq artisti, bəstəkar Ramiz Mirişlinin APA-ya müsahibəsi

 

- Ramiz müəllim, 80 yaşınızı təbrik edirəm. Görürəm, yaxşısınız, yenə başında, tələbələrin içindəsiniz...

- Mən həmişə başında olmuşam, hələ cavanlıqdan çalışıb-vuruşub, necə deyərlər, özümə gün ağlamışam, sənətimin üstündə əsmişəm, zəhmət çəkmişəm. O ki qaldı özümü necə hiss etməyimə, sən bu yaşda özünü necə hiss edirsənsə, mən də sənin kimiyəm (Gülür). Vallah, hə, noolub mənə?! İrandan, Türkiyədən, Avropa ölkələrindən zəng vurub təbrik edirlər. Bu, əlbəttə, adamı sevindirir, ruh yüksəkliyi yaradır. Türkiyədən dəfələrlə dəvət ediblər ki, Ramiz müəllim, gəlin burda yaşayın, çalışın. Deyirlər, siz gəlsəniz, burda ən zəngin bəstəkar olarsınız.

- Sizgetmirsiniz...

- Yox, getmək istəsəydim, neçə illər öncə təkliflərini qəbul edərdim. Həm burda oğlum var, bəstəkarlıqdan dərs deyir, onu qoyub gedə bilmərəm, həm də sən Allah, özünütərif kimi qəbul eləmə: mən pul düşkünü deyiləm, gözü-könlü tox adamam. Min manat prezident təqaüdü, 500 manat professorluq və müəllimliyə görə maaş alıram. Evim-eşiyim, maşınım var. Adama daha nə lazımdır? İnan, mənə təzə maşın vermək istəyirlər, qəbul etmirəm. Bir tərəfdən də maşını hara sürəcəyəm ki? Statistika Komitəsinin yanında yaşayıram. Evdən Milli Konservatoriyaya beş-altı dəqiqəlik yoldur. Mənə dövlət tərəfindən həmişə diqqət-qayğı olub. Nəinki mənə, ümumiyyətlə, Azərbaycan musiqisinə həmişə böyük hörmət olub. Prezident İlham Əliyev mədəniyyət və incəsənətə qayğı göstərir, Mehriban xanım Azərbaycan muğamına heykəl qoyub. Bizim muğam bu gün bütün dünyada səslənir. Bu, məni ancaq sevindirə bilər.

- Türkiyədə mahnıya görə ödənilən qonorarla Azərbaycanda ödənilən qonorarın fərqi nə qədərdir?

- Mən mahnılarıma görə heç vaxt heç bir müğənnidən qonorar almamışam. Bilirsiniz niyə? Çünki bu mahnılarımı pulla satsam, olacaq başqasının malı. Məsələn, günü sabah həmin müğənni məhkəməyə müraciət edib deyə bilər ki, filan vaxtı Ramiz Mirişliyə pul ödəyib mahnını almışam. Deməli, mən heç nəyə iddia edə bilmərəm. Mən teatr tamaşalarına, filmlərə mahnılar, nazirliyin dövlət səviyyəli tədbirləri üçün musiqilər yazıram. Aldığım qonorardan da narazı deyiləm. Yadıma düşdü, bir hadisəni danışım: adını çəkmirəm, müğənnilərdən biri efirdə demişdi ki, mahnılarımı 3-4 min manata alıram. Özü də xətrini istədiyim, mənə hörməti olan adamdır. Zəng vurub dedim ki, indiyə qədər mənim neçə mahnımı oxuyubsan, səndən pul istəmişəm? Dedi, Ramiz müəllim, nə danışırsınız, mən sizi nəzərdə tutmamışam. O ki qaldı, Türkiyə ilə Azərbaycanın fərqinə, əlbəttə ki, müqayisədən heç danışmağa dəyməz. Məsələn, Türkiyədə bir mahnının qiyməti 30-40 min manatdır. Düzdür, hərdən prodüserlər deyir ki, əvvəlki qiymət daha yoxdur, indi az pul verirlər, amma hər halda, fərq haqqında heç danışmağa dəyməz.

- İndi yazılan mahnılara qulaq asa bilirsiniz?

- İndi yaxşı mahnılar yazılır. Məsələn, bir görürsən, müğənnilər özləri mahnı bəstələyirlər. Bu, Türkiyədə var. Amma həmin müğənnilər üç-dörd mahnı bəstələyəndən sonra tükənirlər. Çünki akademik təhsilləri yoxdur. Təhsil olmasa, bəstəkarlıqda axıra qədər duruş gətirmək, həmişəyaşayar, adamların könlünü oxşayacaq mahnılar yazmaq mümkün olan deyil. Hər şeyi zaman həll edir. Necə deyərlər, zaman ələyib yaxşının yaxşı, pisin pis yerini göstərəcək. Bayağı mahnıların taleyinə fikir verin - bu gün var, sabah yoxdur. Tofiq Quliyevin, Səid Rüstəmovun, Cahangir Cahangirovun mahnıları bu gün də oxunur və hər ifaçı o mahnıları ifa edəndə onlara rəhmət oxuyur.

- Deməli, televiziyada, radioda səslənən mahnılardan narahat olursunuz. Daha doğrusu, buna narahat olmaq yox, əsəbiləşmək demək daha doğru olar...

- Bir görürsən, efirə elə adamları çıxarırlar, elə klipləri verirlər ki, o adamlar nə oxuduqlarını, niyə oxuduqlarını bilmirlər. Bir də müğənnilərin gündəm xətrinə bir-birinə atmacaları, dava-dalaşlarına baxa bilmirəm. İstedadı olan adam işini görməlidir, ciddi sənətlə məşğul olmalıdır. Görəndə özlərinə də deyirəm, danlayıram. Deyirlər, Ramiz müəllim, bir də olmayacaq.

- Siz uzun illər AzTV-nin musiqi redaksiyasına rəhbərlik etmisiniz. Necə bilirsiniz, əslində bugünkü kanalların musiqi zövqünün, seçiminin əsası o vaxt dövlət telekanalında qoyulmayıbmı?

- Mən Azərbaycan televiziyası radiosunun musiqi redaksiyasının baş redaktoru olanda bir istedadsız adamı efirə buraxmamışam. Daha doğrusu, onlar məndən nə isə xahiş etməyə ürək etməzdilər, yaxın gəlməzdilər. Vaxtilə istedadlı bilib efirə çıxardığım, gələcəyinə inandığım adamlar indi özlərini təsdiq etmiş sənətçilərdir. Məsələn, bir dəfə gördüm ki, bir nəfər qapının ağzında dayanıb, dedim, ay oğul, gəl görüm, kimsən, nə istəyirsən? Dedi, Ramiz müəllim, mən oğlan deyiləm, qızam, adım da Aygündür. Nağara çalırdı, bunun səsini, ifasını yoxladım, gördüm, hazır müğənnidir, dedim, sən oxuya bilərsən. Həmin qız indi Azərbaycanın əməkdar artisti, istedadlı müğənni Aygün Bəylərdir. Yaxud xalq artisti Mənsum İbrahimov kasıb uşaq idi, heç kimi yox idi, istedadına, qabiliyyətinə görə əlindən tutdum, kömək elədim.

- Sizə kömək edənlər kim olub?

- Xalamgilə getmişdim, gördüm, xalam oğlu kamança çalır. Kamançanın səsi mənim çox xoşuma gəldi. Naxçıvandan Bakıya gələndə anam musiqi ilə məşğul olmağımı istəmirdi. Xarici Dillər Universitetinə qəbul oldum ki, dil öyrənim. İki ay oxuyandan sonra dərslərdə otura bilmədim, darıxdım. Dedim, yox, bura mənlik deyil, axıra qədər oxuya bilməyəcəyəm. Sonra kamança üzrə təhsil aldım, ilk mahnılarımı da həmin vaxtlar bəstələməyə başladım. Mənim həyatımda Səid Rüstəmovun, Süleyman Ələsgərovun böyük zəhməti olub. Kamança çalmağım Süleyman Ələsgərovun xoşuna gəlmişdi. Dedi, səni birbaşa ikinci kursa götürürəm. Kirayə qalırdıq, sonra bizə yataqxana tikdilər. Mən, Oqtay Kazımi, Məmməd Quliyev, İslam Rzayev bir yerdə qalırdıq. Tələbə vaxtı hər çətinliyi gördüyüm üçün maddi qayğıları, çətinliyi heç vaxt özümə dərd etməmişəm. Mən o dövrdə yaşadıqlarımı uşaqlarıma, nəvələrimə danışıram, inanmırlar. Uşaqlıq dövrüm müharibə illərinə düşüb. O zamanlar çox çətin idi, Naxçıvanda qış sərt keçirdi. Məktəbə gedirdim, ancaq isti paltarım yox idi. Həyətimizdəki meyvə ağaclarının hesabına müharibə vaxtı birtəhər yaşayırdıq. Yadımdadır, böyüklərə 400 qramlıq, uşaqlara isə 200 qramlıq çörək verirdilər. Atam müharibəyə gedəndə, biz çox zülm çəkdik.

- Sizə böyük bəstəkar deyəndə xoşunuza gəlmir...

- Televiziyalar dəvət edirlər, efirdən birbaşa deyirlər ki, “Azərbaycanın böyük bəstəkarı Ramiz Mirişlidir qonağımız”. Deyirəm, sən Allah, mən bəstəkaram. Mən böyük bəstəkaramsa, bəs Qara Qarayev, Fikrət Əmirov kimdir?

- Yanınıza qohum-qonşu gəlir ki, filan məmura zəng vur, bizə kömək etsinlər...

- Olur, əlbəttə. Daha çox həkimlərə görə xahiş edirlər ki, imkanımız yoxdur, zəng vur, bizi pulsuz müalicə etsinlər. Bir dəfə ailəsi böyük olan bir imkansız adam yanıma gəldi ki, evimiz darısqaldır, evin qabağını artırmaq istəyirəm, “uçastkovuicazə vermir. Siz tapşırın, evin qabağını bir az artırım, rahat yaşaya bilək. Polisə icra hakimiyyətinə dedim, birdən elə bilərsiniz, bu xahişə görə isə alıb eləmişəm, mən seyid-peyğəmbər övladıyam, haram mənə yaraşmaz, qoy o ailə evinin qabağını bir az artırsın. Dedilər, Ramiz müəllim, bu söhbətdir edirsiniz? Siz bizim fəxrimizsiniz, sizin mahnılarınızla böyümüşük. Demək istəyirəm, sözüm olanda ağız açmaqdan çəkinmirəm. Bilirəm ki, sözüm yerə düşməyəcək.

 

İki sahil.- 2014.- 23 aprel.- S.20.